vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
22:45 | 3 iyun 2022 | Cümə Məqaləyə 814 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müharibənin 100-cü günü

“1000 kilometrdən daha uzun olan cəbhə xəttində döyüş gedir”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı Rusiya qüvvələrinin Ukrayna ərazisinin təxminən 20 faizini işğal etdiyini bildirib. Cümə günü bir neçə cəbhədə davam edən döyüşlərin 100-cü günüdür.

“Təsəvvür edin! 1000 kilometrdən daha uzun olan cəbhə xəttində daimi döyüş gedir”, – Zelenski Lüksembruq parlamentində dünənki virtual çıxışında deyib. O bildirib ki, Moskva qüvvələrinin nəzarət etdiyi Ukrayna əraziləri bütöv Niderland ərazisinə bərabərdir.

Zelenski Rusiyanın fevralın 24-də hərbi müdaxiləyə başlayandan bəri nə qədər ərazini ələ keçirdiyini deməyib. Moskva Ukraynanın Krım yarımadasını 2014-cü ildə ələ keçirib. Rusiyanın dəstəklədiyi separatçılar həmçinin Donbas bölgəsinin bəzi hissələrini ələ keçiriblər. İndi ən şiddətli döyüşlər də məhz Donbasda aparılır.

Ukrayna cümə axşamı qüvvələrinin ölkənin cənubunda Xerson bölgəsində 20 kiçik qəsəbə və kəndi geri aldığını bildirib. Bu arada isə Rusiya qüvvələri Ukraynanın Luqansk bölgəsində nəzarətində saxladığı ən son böyük şəhər olan Severodonetskə hücumu davam edir.

Luqanskın qubernatoru Sergey Qayday deyib ki, Rusiya şəhərin təxminən 70 faizinə nəzarət edir, küçələrdə ağır döyüşlər gedir.

Britaniyanın müdafiə nazirliyi bildirib ki, Rusiya şəhərin böyük hissəsinə nəzarəti ələ keçirib. Nazirlik bildirib ki, Ukrayna qüvvələri Severodonetskə əsas yola nəzarət edir, Rusiya isə “artilleriyanın ağır konsentrasiyası sayəsində davamlı olaraq irəliləyişlə əldə edir”.

Ukrayna rəsmisi deyib ki, Kiyev qüvvələri diqqəti Donbasda döyüşlərə cəmləşdirən Rusiya qüvvələrinin qismən qarşısını almaq üçün müharibənin başında Ukraynanın cənubunda itirilən əraziləri geri almağa ümid bəsləyirlər.

Zelenski bildirib ki, ölkəsi aldığı bütün yardımlara görə minnətdar olsa da, müttəfiqlər Ukraynaya silah tədarükünü artırmalıdırlar.

Ukrayna liderinin şərhləri ABŞ prezidenti Co Baydenin Rusiyanın işğalının dördüncü aya girdiyi bir vaxtda Birləşmiş Ştatların Ukraynaya 700 milyon dollarlıq “qabaqcıl raket sistemləri və döyüş sursatları”  paketi verdiyini söyləməsindən bir gün sonraya təsadüf edib. Ağ Ev rəsmiləri deyirlər ki, Ukrayna bu raketləri Rusiya ərazisinə atmayacağına söz verib.

“Bu yeni paket onları ərazilərini Rusiyanın irəliləyişlərindən müdafiə etmək üçün HIMARS (Yüksək Hərəkətli Artilleriya Raket Sistemi) da daxil olmaqla, müasir döyüş sursatları ilə silahlandıracaq” , – Bayden çərşənbə günü (mayın 3-də) verdiyi bəyanatda açıqlayıb. “Biz Ukraynanın azadlıq mübarizəsini dəstəkləmək üçün tarixi yardım göstərməkdə dünya birincisi olaraq qalmağa davam edəcəyik” .

Zelenski gündəlik müraciətində bildirib ki, HİMARS paketi Ukrayna üçün “üç mühüm xəbər” siyahısındakı bir elementdir.

Digər iki element Avropa İttifaqının Rusiyaya qarşı “altıncı sanksiya paketinin həyata keçirilməsi istiqamətində” addımlarıdır ki, bu da Zelenskinin sözlərinə görə, “əsasən neftlə bağlıdır”, həmçinin “daha çox səfirliyin” “tam hüquqlu fəaliyyətini” və Kiyevdəki işini bərpa etməsi faktıdır.

“Dünya Rusiya neftindən imtina edir” , – deyən Zelenski “Üstəlik, daha yaxşı və daha yüngül neft hasil edən digər ölkələr Rusiya tədarükünü əvəz etməyə hazırlaşır. Ona görə də işğalçı dövlət bu sahədə böyük gəlirlər itirir”  fikirlərini əlavə edib. Onun sözlərinə görə, Rusiya “gəlirlərin çox ağrılı şəkildə azalmasının müharibənin qaçılmaz nəticəsi olduğuna öyrəşməlidir” .

Bayden administrasiyasının rəsmiləri bildiriblər ki, yeni silah paketi Ukraynanın şərqində gedən münaqişənin hazırkı mərhələsinin “ehtiyaclarına uyğunlaşdırılıb” .

Müdafiə nazirinin siyasət üzrə müşaviri Kolin Kahl çərşənbə günü bildirib ki, ABŞ yeni raket sistemlərindən dördünü göndərir və Ukrayna qüvvələrinə onlardan istifadə etmək təlimi üçün təxminən üç həftə vaxt lazımdır. O, təlimin harada keçiriləcəyini söyləməkdən imtina edib, lakin sistemlərin Avropa qitəsində olduğunu söyləyib.

“HIMARS onlara 70 kilometrdən çox uzaqdakı hədəflərə qarşı daha böyük qarşıdurma əldə etməyə imkan verəcək”  – o, bildirib. “Hazırda onlara təqdim etdiyimiz haubitsalar təxminən 30 kilometr məsafəyə malikdir, HIMARS isə bundan iki dəfə çox məsafəyə malikdir, bu da onlara, daha az sistemlə belə, daha çox dayanmağa imkan verəcək. Fərqləndirici başqa bir xüsusiyyəti də qeyri-adi dərəcədə dəqiqlikdir”.

Çərşənbə günü Vaşinqtonda Dövlət katibi Entoni Blinkenlə birlikdə çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, bu münaqişənin necə və nə vaxt bitəcəyi bəlli deyil, lakin NATO sülh danışıqları baş tutanda Ukraynanı güclü mövqedə görmək istəyir. Blinken deyib ki, Rusiya münaqişəni yavaşlatmaq və ya dayandırmaq səlahiyyətinə malikdir.

Bayden çərşənbə axşamı “The New York Times” qəzetində dərc olunan məqalədə Rusiya ilə müharibə istəmədiyi haqda danışıb.

“Cənab Putinlə razılaşmasam və onun hərəkətlərini qəzəbli hesab etsəm də, Birləşmiş Ştatlar onu Moskvada devirməyə cəhd etməyəcək”, – Bayden deyib.

“Birləşmiş Ştatlara və ya müttəfiqlərimizə hücum edilmədikcə, biz Amerika qoşunlarını Ukraynada döyüşmək üçün göndərməklə və ya Rusiya qüvvələrinə hücum etməklə birbaşa olaraq bu münaqişədə iştirak etməyəcəyik. Biz Ukraynanı öz hüdudlarından kənara zərbə endirməyə təşviq etmirik və ya ona imkan vermirik”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov xəbərdarlıq edib ki, Ukraynaya reaktiv yaylım atəşi sistemlərinin tədarükü münaqişənin genişlənməsi riskini artıra bilər. Ukraynanın Qərb müttəfiqlərindən silah tələb etməsini “Qərbi döyüşə cəlb etmək məqsədi daşıyan birbaşa təxribat” adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü jurnalistlərə deyib ki, ABŞ-ın silah tədarükü sülh danışıqlarının yenilənməsini təşviq etmir.

Daha qabaqcıl silahların göndərilməsi qərarı Bayden administrasiyasının əvvəlki istəksizliyindən sonra verilib. Ağ Ev rəsmiləri çərşənbə axşamı jurnalistlərə bildiriblər ki, ABŞ-ın Ukraynaya göndərdiyi 11-ci silah tədarükü olan yeni silah paketinə raket sistemi, atəşə qarşı radarlar, hava nəzarəti radarları, əlavə Javelin tank əleyhinə raketlər və digər anti-tank raketləri daxildir.

ABŞ, həmçinin ukraynalılara mövcud avadanlıqlarını təmir etmək üçün daha çox helikopter, 200 mindən çox artilleriya mərmi və bir paket ehtiyat hissələri göndərir.