vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
13:10 | 15 iyun 2022 | Çərşənbə Məqaləyə 654 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna müharibəsinin kritik məqamı

Rusiya Azot zavodundakı döyüşçüləri silahı yerə qoymağa çağırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya qüvvələri Ukraynanın sərt müqavimətinə baxmayaraq, Severodonetsk şəhərinin böyük hissəsinə nəzarət edirlər. Qərb ölkələrinin isə Kiyevə əlavə silah-sursat göndərişlərini elan edəcəyi gözlənir.

İyunun 15-də Rusiya Severodonetskdə yerləşən Azot kimyəvi zavodundakı Ukrayna hərbçilərini silahı yerə qoymağa çağırıb, zavoda sığınmış dinc sakinlərə “humanitar dəhliz” vəd edib. Ukrayna hələlik, Moskvanın təklifinə cavab verməyib.

Britaniya hərbi kəşfiyyatı iyunun 15-də gündəlik bülletenində qeyd edir ki, hazırda Azot zavodunun yeraltı bunkerlərində yüzlərlə dinc sakin və ukraynalı döyüşçü var.

***

Britaniya Müdafiə Nazirliyi qeyd edir ki, Moskva işğalı planlaşdırarkən ukraynalıların belə sərt müqavimət göstərəcəyini “yəqin” gözləmirdi.

Məlumata görə, ukraynalıların qətiyyətini görən Rusiya urban hərbi taktikaya, artilleriyadan intensiv istifadəyə əl atdı, bu isə şəhərdə irimiqyaslı dağıntılara səbəb oldu.

Prezident Vladimir Zelenski iyunun 14-də gecə çıxışında deyib ki, Ukraynaya indi raket əleyhinə müasir silahlar lazımdır, tərəfdaş ölkələrin çatdırmaları yubatmasını heç cür əsaslandırmaq olmaz.

“Tərəfdaşlarımıza davamlı olaraq deyirik ki, Ukraynaya müasir raket əleyhinə silahlar lazımdır. Ölkəmizdə bu silahların sayı yetərli deyil, ancaq Ukraynanın indi bu cür silahlara böyük ehtiyacı var. Onların verilməsini yubatmağı əsaslandırmaq mümkün deyil”, – Zelenski deyib.

Prezident həftələrdir döyüş gedən Donbas regionunda “itkilərin, təəssüf ki, ağrılı” olduğunu vurğulayıb.

***

Rusiyanın Milli Müdafiənin İdarəolunması Mərkəzinin başçısı Mixail Mizintsev deyib ki, iyunun 15-də Moskva vaxtıyla səhər 8-də Azot zavodundan dinc sakinlərin çıxarılması üçün humanitar dəhliz açılacaq. Onun sözlərinə görə, zavoddan çıxarılanlar 60 km şimalda, Rusiyanın və separatçı qüvvələrin nəzarətində olan ərazidə yerləşən Svatovo şəhərinə aparılacaq.

Kiyev Mariupol şəhərinin mühasirəsinə başçılıq etmiş Mizintsevi insan haqları pozuntularında ittiham edir. Azov dənizi sahilindəki bu liman şəhəri də rusiyalıların əlindədir.

Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar daha öncə deyib ki, ölkəsi Rusiya işğalına qarşı döyüşdə Qərbdən istədiyi silahların yalnız 10 faizini əldə edib.

“Ukraynanın cəhdlərindən, ordumuzun peşəkarlığından asılı olmayaraq, Qərb tərəfdaşlarımızın köməyi olmasa, bu müharibəni uda bilməyəcəyik”, – Malyar televiziya ilə yayımlanan brifinqdə deyib. O da Qərbin silah göndərməyi sürətləndirməli olduğunu vurğulayıb.

Qərb ölkələri Ukraynaya müasir silahlar, raketlər vəd etsələr də, onların çatdırılması zaman alır.

***

İyunun 15-də Ukraynanın Müdafiəsi Kontakt Qrupundan onlarla müdafiə naziri Brüsseldə bu ölkəyə silahların göndərilməsini müzakirə edəcəklər. Elə bu gün NATO müdafiə nazirlərinin ikigünlük toplantısı da başlanacaq.

ABŞ müdafiə rəsmilərinin sözlərinə görə, müzakirələrə ABŞ-ın Müdafiə naziri Lloyd Ostin başçılıq edəcək.

NATO Ukrayna-Rusiya münaqişəsində hərbi iştirak edirmiş kimi görünməmək üçün danışıqlara qatılmır.

Severodonetsk şəhərinin tutulması Luqansk regionunun bütünlükdə Rusiyanın əlinə keçməsi deməkdir. NATO-nun aparıcı rəsmisi CNN-ə deyib ki, Ukraynada müharibə artıq kritik məqama çatıb.

“Artıq bir, yaxud digər tərəfin uğur qazanacağı məqama çatmışıq”, – rəsmi vurğulayıb.

“Ya rusiyalılar (Luqanska bitişik Donetsk vilayətindəki) Slovyansk və Kramatorska çatacaqlar, ya da ukraynalılar onları dayandıracaq. Əgər ukraynalılar orada, bu sayda qüvvə qarşısında cəbhə xəttini saxlaya bilsələr, bunun rolu həlledici olacaq”, – o bildirib.