vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
10:08 | 11 sentyabr 2024 | Çərşənbə Məqaləyə 166 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampla-Harris səhnədə çəkişdi

Respublikaçılarla-demokratlar isə kənarda dalaşdı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidentliyi yarışında Demokrat namizəd Kamala Harris və Respublikaçı namizəd Donald Tramp çox qızğın canlı yayım debatında daxili siyasətdən iqtisadiyyata, sərhəd təhlükəsizliyindən xarici siyasətə qədər bir çox mövzuda fərqli fikirlərini ortaya qoydular.

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, təxminən 1,5 saat davam edən “ABC News” kanalında canlı yayımlanan debat proqramında Demokratlar Partiyasının namizədi Harris və Respublikaçılar Partiyasının namizədi Tramp ilk dəfə qarşı-qarşıya gəldilər.

Canlı yayımın əvvəlində əl sıxan iki namizəd, ara-sıra qızğın keçən debat boyu fərqli siyasət təkliflərini sadaladılar və xüsusilə iqtisadiyyat, abort və sərhəd təhlükəsizliyi mövzularında bir-birindən ciddi şəkildə fərqləndilər.

 

Əsas mövzu: iqtisadiyyat

 

Proqramın əvvəlində əsasən Amerika iqtisadiyyatından bəhs edən iki şəxs, öz dövrlərində iqtisadiyyatı bərpa etdiklərini, lakin digər administrasiyanın ölkə iqtisadiyyatını məhv etdiyini iddia etdi.

Orta səviyyəli bir ailədən olduğunu deyən Harris, daha əvvəl açıqladığı iqtisadi proqramın təfərrüatlarını bir daha sadaladı.

Yeni qurulan şirkətlər üçün vergi endirimini 5 min dollardan 50 min dollara yüksəltməyi planlaşdırdığını qeyd edən Harris, uşaqlı ailələr üçün 6 min dollara qədər vergi endirimi gətirəcəyini bildirib.

Xüsusilə kiçik müəssisələr üçün ciddi təşviqlər və vergi endirimləri üzərində çalışdıqlarını izah edən Harris, mövcud kiçik müəssisələrin böyüməsinə kömək etməyi hədəflədiklərini və genişlənmək istəyən kiçik müəssisələrə aşağı faizli və ya faizsiz kreditlər verəcəklərini söylədi.

Tramp isə öz dövründə ABŞ tarixinin ən yaxşı iqtisadiyyatını yaratdıqlarını və Bayden-Harris cütlüyünün onu qısa zamanda məhv etdiyini iddia edərək, insanların çoxunun son 2 ildə inflyasiya ilə mübarizə aparmaq məcburiyyətində qaldığını bildirib.

Sədrliyi dövründə Çinə tətbiq etdiyi gömrük rüsumları ilə yüz milyardlarla dolların ABŞ-a qayıtmasına şərait yaratdığını ifadə edən Tramp, Baydenin hakimiyyətə gəldikdən sonra etdiyi ilk iş olaraq bu gömrük rüsumlarını qaldırdığını bildirdi.

Trampa cavab verən Harris, “Donald Tramp bizi Böyük Depressiyadan bəri ən pis işsizliyə düçar etdi. Donald Tramp bizə ötən əsrin ən pis ictimai sağlamlıq epidemiyasını yaşatdı”, – deyib.

Harrisə cavab verən Tramp bunun doğru olmadığını, onun dövründə iqtisadiyyat və məşğulluğun çox yaxşı məlumatlara malik olduğunu bildirib və “COVİD-19” epidemiyası zamanı yaxşı iş gördüklərini müdafiə edib.

“2025 Layihəsi” adlı Respublikaçı qrupun hazırladığı hesabatı Trampa xatırladan Harris, hesabatda yazılan maddələrin ABŞ-a böyük zərər vurma potensialına malik olduğunu, Tramp isə sözügedən qrupla heç bir əlaqəsinin olmadığını iddia edib.

Tramp çıxışının bir yerində “O, marksistdir, bunu hamı bilir. Atası marksist professor idi, qızına yaxşı dərs deyirdi”, – deyib.

 

Abort müzakirəsi

 

Müzakirənin ən qızğın tərəflərindən biri olan abort məsələsində Harris və Tramp bir-birinə zidd fikirlərini açıqlayaraq seçicilərinə mesaj verdilər.

Trampın qadınların abort haqqını əlindən almağa çalışdığını və buna haqqlarının olmadığını vurğulayan Harris, prezident olacağı təqdirdə bu mövzuda dəqiq addımlar atacağı mesajını verdi.

6-cı həftədən sonra abortun qadağan edilməsi lazım olduğunu irəli sürən Tramp bu mövzuda əvvəlki açıqlamalarını təkrarlayıb və abortla bağlı qərarların federal səviyyədə deyil, əyalət səviyyəsində verilməsi lazım olduğunu bildirib.

 

Sərhəd təhlükəsizliyi bölməsində “ev heyvanları yemək” haqqında müzakirə

 

ABŞ-da Demokratlar və Respublikaçılar arasında əsas müzakirə mövzularından biri olan sərhəd təhlükəsizliyi ilə bağlı ciddi müzakirələr aparan iki namizəd bir-birindən çox fərqli perspektivlər ortaya qoydu.

Bayden administrasiyasının müxtəlif ölkələrdən olan qeyri-qanuni mühacirləri asanlıqla sərhəddən keçirdiyini və bu insanların əksəriyyətinin cinayətkar olduğunu iddia edən Tramp, Ohayo ştatının Sprinqfild bölgəsində bəzi qeyri-qanuni mühacirlərin yerli sakinlərin ev heyvanlarını yediyi iddiasını səhnəyə çıxarıb.

Aparıcı iddianın səlahiyyətlilər tərəfindən rədd edildiyini xatırladanda Tramp iddiasını təkrarlayaraq, “Sprinqfilddə it yeyirlər. Oraya gələn qanunsuz immiqrantlar orada yaşayan sakinlərin ev heyvanlarını yeyirlər”, – deyib.

Bayden-Harris cütlüyünü sərhəd təhlükəsizliyində günahlandıran Tramp, Bayden administrasiyasının niyə 3,5 ildir vəzifədə olduğunu və Harrisin niyə bu axşam sadalanan işləri bu müddət ərzində etmədiyini soruşdu.

 

Xarici siyasətdə Ukrayna müharibəsi

 

Proqramın xarici siyasət bölməsində əsasən Rusiya-Ukrayna müharibəsi müzakirə edilsə də, namizədlər Qəzza və Yaxın Şərqdəki son vəziyyətlə bağlı da fikirlərini bölüşüblər.

Ukrayna müharibəsində Bayden administrasiyasını günahlandıran Tramp Harrisin müharibədən 3 gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apardığını, lakin uğursuzluğa düçar olduğunu iddia edib.

Trampın iddiasını təkzib edən Harris Putinlə danışıq görüşü olmadığını və dəfələrlə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdüyünü deyib.

Prezident seçiləcəyi təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində bitirə biləcəyini müdafiə edən Tramp, “Müharibənin bitməsini və milyonlarla insanın ölməməsini istəyirəm. Baydenin Putinlə necə danışacağı barədə heç bir fikri yoxdur. Mən sülh müqaviləsini bağlayacağam”, – deyib.

Ukraynadakı vəziyyətin əsl ünvanının Avropa olduğunu və bu ölkələrin NATO ittifaqı çərçivəsində daha çox ödəməli olduğunu bildirən Tramp, “Bayden və Harris, mənim kimi Avropadan NATO-ya büdcə artımını istəməyə cəsarətiniz yoxdur”, – dedi.

Tramp deyib ki, Bayden administrasiyası Rusiyanı Ukraynaya görə günahlandırıb, lakin Bayden yenə Rusiya ilə Almaniya arasında “Şimal axını-2” boru kəmərini təsdiqləyib və ABŞ-dakı “XL” boru kəmərini bağlayıb.

Harris isə ABŞ-ın “Rusiyanın işğalı qarşısında” demokratiya və beynəlxalq hüququ müdafiə etməli olduğunu bildirərək, Ukraynaya güclü dəstək verməyə davam edəcəklərini vurğulayıb.

 

Yaxın Şərq böhranı

 

Proqramın Qəzza ilə bağlı bölümündə hər iki namizəd açıq şəkildə İsraili dəstəklədiyi halda, Tramp İsrailə qeyd-şərtsiz silah dəstəyi verən Bayden administrasiyasının vitse-prezidenti Harrisi “İsrailə nifrət etməkdə” günahlandırıb.

İsrailə dəstəyin davam edəcəyini eyham edən Harris, hər şeyin “HƏMAS”ın 7 oktyabr qətliamı ilə başladığını bildirdi.

O gün baş verənləri izah edən Harris, “Mən o vaxt da, bu gün də demişdim ki, İsrailin özünü müdafiə etmək hüququ var. Bununla belə, fakt odur ki, qadın və uşaqlar da daxil olmaqla, həddən artıq çox günahsız fələstinli öldürülüb. Bu müharibə bitməlidir”, – deyib.

İsraillə HƏMAS arasında atəşkəsin yaradılması və məhbusların azad edilməsi lazım olduğunu qeyd edən Harris bunun üçün çox çalışdıqlarını bildirib.

 

“Biz iki dövlətli həll yolunu müəyyənləşdirməliyik”


Harris bölgədə sülh yolu ilə həll yolu ilə bağlı bunları deyib: “Biz iki dövlətli həll üçün bir yol çəkməliyik və bu həll çərçivəsində həm israillilər, həm də fələstinlilər üçün təhlükəsizlik olmalıdır. Qəzzanı yenidən qura biləcəyimiz və fələstinlilərin təhlükəsizlik, ləyaqət və imkanlara malik olduğu iki dövlətli bir həll olmalıdır. Öz gələcəklərinə layiq olduqları kimi qərar verməlidirlər”.

Digər tərəfdən Tramp “Qısa müddətdə HƏMAS-dan məhbusları necə xilas edəcəksiniz?” deyib. “Mən prezident olsaydım, bu (Qəzzada müharibə) heç vaxt başlamazdı. Mən prezident olsaydım, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi”, – dedi.

Harrisin İsrailə nifrət etdiyini iddia edən Tramp İsrailin baş naziri Benyamin Netanyahuya ABŞ Konqresindəki çıxışında Harrisin Konqresdə olmadığını xatırladıb.

 

“O prezident olarsa, İsrail 2 il ərzində yox olacaq”

 

Tramp: “Əgər prezident olarsa, İsrail 2 il ərzində yox olacaq”. O, iddiasını irəli sürdü və Harrisin ərəb xalqlarına və yəhudilərə də nifrət etdiyini iddia edib.

Bayden administrasiyasının İrana 300 milyard dollar vəsait ayırdığını və Tehranın bu pulu “HƏMAS” və “Hizbullah” kimi terror təşkilatlarına payladığını iddia edən Tramp, “Əgər prezident olsam tez razılığa gələcəm. Rusiya arasındakı müharibəni bitirəcəyəm. Əgər sseçkilərdə qalib gəlsəm, preident kreslosuna oturmadan ilk olaraq bunu edəcəyəm”, – deyib.

Canlı yayımın bağlanış nitqləri hissəsində Harris ölkə olaraq irəliyə baxmaq lazım olduğu bir dövrdə olduğumuzu və Trampın ölkəni geriyə aparacağını, Tramp isə 3,5 ildir hakimiyyətdə olan Harrisin , Baydenin siyasətini və administrasiyasının bu günə qədər heç bir şey etmədiyini deyib.

İki rəqibi ilk dəfə üz-üzə gətirən canlı yayımda Trampın cəmi 42 dəqiqə 52 saniyə, Harrisin isə 37 dəqiqə 36 saniyə danışdığı qeyd edilib.

Digər tərəfdən canlı yayımdan sonra hər iki tərəf gecənin qalibi olduqlarını açıqlayarkən, zalın kənarında toplaşan demokratlarla respublikaçılar arasında davanın çıxdığı bildirilib.