vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
11:59 | 30 iyul 2014 | Çərşənbə Məqaləyə 1317 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çox qanun çox quldurdur deməkdir»

Kaxa Bendukidze: «Ukrayna səfehlik üzrə bir neçə dünya rekordu vurub»

MÖVZU İLƏ ƏLAQƏLİ

Uğurlu biznesmen və keçmiş iqtisadiyyat naziri Kaxa Bendukidzeni «Gürcüstan islahatlarının atası adlandırırlar». Bendukidze Ukrayna səfərindən sonra təəssüratlarını bölüşüb. O, Ukraynada ilk növbədə hansı dəyişikliklərə ehtiyac olduğu barədə ölkənin «Arqument» qəzetində yazıb.

Avropanın dəyişən vaxtına düşmüşük

 

Bendukidze ukraynalılara müraciətlə yazır: «Bizim ölkələrimiz elə bir vaxtda təşəkkül tapır ki, bəşəriyyətin əsas beşiyi olan Avropada baxışlar sisteminin dəyişikliyi baş verib. Gəlin, məşhur personaj - pişik «Leopold»u yada salaq. O deyirdi ki, «gəlin, dost olaq». İndi Avropada məhz bu ideologiya zəfər çalıb. İsveçdən olan bir dostum demişkən, biz 500 il bir-birimizə bomba atmışıq, indi isə qanunlar atırıq».

Bendukidzenin fikrincə, «gəlin, Avropanı dinləyib, oradan vətəndaş cəmiyyəti təsisatlarını idxal edək» məsləhəti mənasızlaşıb.

«Yetkinliyi necə idxal etmək olar?» - deyə biznesmen soruşur.

Onun fikrincə, Böyük Sovet Ensiklopediyasını oxumaqla uğurlu insan olmaq mümkün deyil.

 

«Axırda qalanlar birinci olacaqlar…»

 

«İncildə deyilir: «Axırda qalanlar birinci olacaqlar. Ukrayna səfehlik üzrə bir neçə dünya rekordu vurub» - deyə Bendukidze yazır.

O xatırladır ki, Sovet İttifaqında Ukrayna adambaşına düşən ümumi daxili məhsula görə 5-ci yerdə idi, indi isə 9-cu yerdədir.

Biznesmen qeyd edir ki, Ukraynada keçmiş SSRİ-nin başqa guşələrində olduğu kimi müharibələr yox idi: «Azərbaycan inkişaf edir, çünki nefti var. Gürcüstan işğal və müharibə görüb. Müharibədən çıxan Moldova və Tacikistan da daha yaxşı inkişaf ediblər. Hətta dəhşətli korrupsiyası olan Rusiya da daha çox inkişaf edib».

Kaxa Bendukidze yazır ki, hətta Bolqarıstan da bu gün Ukraynadan 2,2 dəfə varlıdır və əgər Ukrayna islahatlara bu gün başlasa, bəlkə də Bolqarıstana 10 ildən sonra çatar.

 

Xalq populistləri niyə sevir?

 

Keçmiş nazirin fikrincə, ukraynalılar bir qayda olaraq populistləri seçirlər. Çünki bu adamlar daha çox şeylər vəd edirlər, lakin onları düzgün siyasi seçim adlandırmaq olmaz.

Bendukidze yazır ki, populistlər sonradan vədlərini yerinə yetirmək üçün vergiləri, pensiyaları düşüncəsiz və ağılsız şəkildə artırmalı olurlar. Bütün bunlar isə xalqın yoxsullaşmasına gətirib çıxarır.

Gürcü biznesmen yazır ki, hazırda Gürcüstanın büdcə kəsiri 9 faiz təşkil edir, halbuki vəziyyət Rusiya ilə müharibəni uduzandan sonra da belə acınacaqlı olmayıb. Gürcüstanın borcları 13 faizdən 45 faizə yüksəlib. Ukraynada isə bu rəqəm 48-dir.

Bendukidzenin fikrincə, Ukrayna bu templərlə inkişaf etsə, Moldova onu ötüb keçəcək və ukraynalılar iş üçün ora axışacaqlar.

 

Buenos-Ayres kurortdur…, hə, nə olsun?!

 

Biznesmen yazır ki, bu deyilənlər nağıl deyil. 100 il əvvəl Honkonqun sakinləri pul qazanmaq üçün Filippinə gedirdilər, indi isə filippinlilər daha yaxşı güzəran üçün Honkonqa axışır. 100 il əvvəl Argentina dünyanın üçüncü ən zəngin ölkəsi idi, hətta İsveçrəni geridə qoymuşdu.

«Bu gün isə Argentina böyük ölkə, gözəl Buenos-Ayres kurortudur, amma nə faydası?!» - Bendukidze qeyd edir. 

Gürcü biznesmen Ukraynanın ölkəni qızdırmaq üçün subsidiyalı qazdan istifadə etdiyini də vurğulayır. O yazır ki, Türkmənistandan başqa hətta qaz istehsal edən ölkələrdə də o, pulsuz verilmir. Məqalədə deyilir ki, bu mənada Rusiya, Moldova, Gürcüstan və Qırğızıstan daha səmərəli iqtisadiyyat qurublar. Onlar qaza subsidiya vermirlər.

 

İynəyə oturdulmuş narkoman

 

Onun nəzərincə, Ukrayna iynəyə oturdulmuş narkomanı xatırladır.

Bendukidze yazır ki, Gürcüstanın iqtisadiyyatı Ukrayna iqtisadiyyatından 9 dəfə kiçikdir və o, ildə 1,8 milyard kubmetr qaz istehlak edir. Ukrayna bundan 20 dəfə çox qaz istehlak edə bilərdi, üstəlik iqtisadiyyatı düzgün qurulsaydı, «Qazprom»dan heç bir asılılığı da olmazdı.

Gürcü biznesmenin fikrincə, sosial sahələr, məsələn, xəstəxanalar da iqtisadiyyat sayılır. Onun fikrincə, ukraynalılar hesablamalıdırlar: hər 1000 nəfərə neçə xəstəxana çarpayısı düşür.

Biznesmen düşünür ki, indi səhiyyənin inkişafı çarpayıların sayını ixtisar etməyə imkan verir. Axı indi adamlar aylarla xəstəxanalarda yıxılıb qalmırlar.

«Biz Gürcüstanda 2006-2012-ci illərdə çarpayıların sayını iki dəfə azalda bildik. Ukrayna isə çarpayıların ixtisar olunmamasına görə dünya çempionudur» - Bendukidze yazır.

 

Ukrayna Çindən güclüdür

 

Məqalədə daha sonra deyilir: «Dünyada 194 ölkə var. Ukrayna korrupsiyaya görə bu ölkələrin arasında 144-cü yerdədir. Biznesin asanlığına görə Ukrayna 112-ci yeri tutur. Vergi ödənişlərinə görə ölkə 164-cü yerdədir. Mətbuat azadlığına görə Ukrayna 131-ci yeri tutub.

Tutaq ki, Ukraynadan mal ixrac etmək lazımdır. Bunun üçün sizə 6 sənəd lazım olacaq. Gürcüstandan bu malı çıxarmaq üçün 4 sənəd tələb olunur. Bizdə firmanı iki günə açmaq olar, Ukraynada isə 21 günə. Bizdə mənzili qeydiyyata aldırmaq üçün iki gün lazım olur, Ukraynada 45 gün. Nə qədər çox qanun olsa, quldurların da sayı bir o qədər çox olur. Dövlət qulluğunda hər bir vəzifə özəl sektorda 5 işçi yeri deməkdir».

K.Bendikidze hesablayıb ki, Ukraynanın ixrac gücü Çininkindən çoxdur, lakin bu üstünlükdən istifadə olunmur. Halbuki Ukrayna iqtisadiyyatı öz açıqlığına görə indi də Çindən üstündür.

 

Avromaydanın düzgün seçimi

 

Onun fikrincə, bu, Avromaydan hərəkatının, Ukraynanın Avropa, yoxsa Rusiya siyasi seçimini etməsinin müsbət nəticəsidir.

Biznesmen yazır ki, slovaklar 5 il ərzində öz ölkələrini investisiya cənnətinə çeviriblər və ukraynalılar da bunu edə bilərlər.

Bendukidzenin qənaətinə görə, hazırda Ukrayna qədər çətin durumda olan başqa ölkə tapmaq çətindir. O yazır ki, hər şeyi olduğu kimi saxlamaq, «Naftoqaz»ı bir də oğurlayıb talan etmək mümkün olmayacaq.  Bu, Ukrayna dövlətçiliyini hazırkı vəziyyətində məhv etmək demək olardı.

Gürcü biznesmen Avromaydanı möcüzə adlandırır. Onun fikrincə, bu inqilab hələ başa çatmayıb və elitanı hakimiyyətə gətirməyib.

 

Ukraynanın Moskvanı tutmaq təcrübəsi var

 

Bendukidze yazır ki, Ukrayna böyük dövlətdir.

«Bir neçə ölkə var ki, onlar Moskvanı tutmaq təcrübəsinə malikdirlər - monqollar, fransızlar…Siz isə litvalılar və polyaklarla birgə Moskvanı iki dəfə götürmüsünüz…»

Kaxa Bendukidze düşünür ki, Kliçko və Poroşenko hazırkı vəziyyətdə Ukrayna üçün yaxşı seçimdirlər. O yazır ki, Poroşenko Rusiyanın iqtisadi blokadasının ən böyük qurbanı olsa da uzaqgörən addım artıb. Kliçko isə öz idman karyerasını qurub, indi isə siyasi karyerasını qurur.

«Vətənpərvərlik qan tökülməsindən sonra başlanır, bizim indi gördüklərimiz vətənpərvərliyin şad-xürrəm başlanğıcıdır» - deyə keçmiş nazir qeyd edir.

Bendukidzenin məqaləsində həm də deyilir ki, Vladimir Putin imperiya düşüncəli rus millətçisidir. Ona Krım yox, Ukrayna lazımdır.

 

Korrupsiyaya hamılıqla nifrət edilməlidir

 

Məqalədə deyilir ki, Gürcüstanda siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilir, bu isə onları az da olsa, pul kisələrinin asılılığından qurtarır.

K.Bendukidze yazır ki, dövlət aparatını ixtisar etmək lazımdır, çünki heç kimi yalnız vətənpərvərliklə, az maaşa işlətmək mümkün deyil.

Biznesmen məsləhət görür ki, Ukraynanın milli banka ümumiyyətlə ehtiyacı yoxdur və Ukrayna estonlar, litvalılar və bolqarlar kimi valyuta şurası strukturu yaratmalıdır. Bu, ona görə lazımdır ki, yeni ölkələr mərkəzi bank kimi mürəkkəb mexanizmlərdən öz xeyirləri üçün istifadə edə bilmirlər.

«Sizə isə normal, keyfiyyətli pul lazımdır. Sizə cinayətkar həlqəni qırmaq lazımdır. Siz hamınız korrupsiyaya nifrət etməlisiniz. Bu, baş verməsə, hər şey təkrar olunacaq. Və siz yoxsul ölkə olaraq qalacaqsınız» - Bendukidze yazır.