vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AKTUAL  
16:04 | 21 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 3205 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mənim üçün ədalət ən böyük müstəqillikdir»

«Baş redaktoram, lazım olsa korrektorluq da edərəm»

Səbuhi MƏMMƏDLİ, lent.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Yadımdadı, 15 il əvvəl bir qrup jurnalist yığılıb «Xalq cəbhəsi» adlı qəzet yaradanda, çoxları bunun müvəqqəti layihə olacağını deyirdi. Amma 20 noyabr 2001-ci ildən indiyədək, bir gün də olsa, nəşrini dayandırmayıb bu «müvəqqəti layihə».

İlk nömrəsi 20 noyabrda çıxsa da, qəzetin ad gününü 19-da qeyd edirlər. Bu da təsadüfi deyil. Qəzetin nəşrindən düz 10 il əvvəl Azərbaycanda böyük faciə yaşanmışdı. Qarabağ səmasında ermənilər tərəfindən içində dövlət adamlarının olduğu vertolyotu vurmuşdular. Ölənlərin arasında həmkarlarımız da vardı.

 

- Həmişə belə edirik. Qəzetin ad günlərini bir gün irəliyə çəkirik. Və bu ənənə 15 ildir ki, davam edir.

Elçin Mirzəbəyli deyir bunları. Qəzetin 4-cü, amma ən uzun ömürlü baş redaktoru. Əsasını Vüsalə Mahirqızının qoyduğu qəzetə qısa müddətdə Bəhmən Faziloğlu və Cavanşir Həsənli də rəhbərlik edib. Amma 2006-cı ildən etibarən «Xalq cəbhəsi»nin sükanı Elçin Mirzəbəylinin əlindədir.

 

*** 

 

- Bağışlayın, bir az gecikdim, amma sizi 11-də gözləyirdim.

Hövlnak içəri keçib kreslosunda əyləşir. Biz ondan beş dəqiqə tez gəlmişdik. 5 dəqiqə gecikmənin səbəbi də nə olsa yaxşıdır? Ölkənin tanınmış vəkillərindən biri Elçin bəyi məhkəməyə veribmiş; yazısına görə.

Elə söhbətə də yazı-pozudan başladıq. Bizim «Sonuncu dəfə nə vaxt yazı yazmısız?» sualına cavabı konkret oldu:

 

- Elə dünən. Mən nadir baş redaktorlardanam ki, demək olar günaşırı yazıram. Daha çox yaza bilərəm. Amma inanın, vaxtımın çoxu bu və ya digər media orqanlarına şərhlər verməyə gedir. Bax, indi sizdən ayrılacam, telekanallardan birinə verilişə dəvət ediblər, ora gedəcəm, sonra başqa bir iş çıxacaq.

 

- Bəs qəzetlə nə vaxt məşğul olursuz?

- Bütün günü nəzarətimdədir. Bilirsiniz, «Xalq cəbhəsi» formalaşanda elə bir oturuşmuş sistem də formalaşıb ki, hamı öz işini bilir. Baxın otaqlara, heç kim yoxdu. Ya tədbirlərdədirlər, ya da hansısa yazının dalınca gediblər. Sistem elədi ki, mən olmasam da işləyir.

 

- Bəs siz nə vaxt işləyirsiz?

- Bizdə belə əsaslı bölgü yoxdur. Mən baş redaktoram, lazım olanda korrektorluq da edə bilərəm, redaktə də. Şəkil də çəkə bilərəm. Qəzeti səhifələyə də. Hətta videoroliklər hazırlaya bilərəm.

 

*** 

 

Baş redaktor, sən demə, ixtisasca televiziyaçıdır. Peterburqda təhsil alıb. Qayıdıb İncəsənət institutunda dərs də deyib. Aralarında tanınmış telejurnalistlər olan xeyli tələbəsi də var. Amma tale onu qəzetə  gətirib çıxarıb.

Qəzet müstəqildir, həftədə beş dəfə oxucularla görüşür. Amma bütün hallarda partiyalığı da şübhə doğurmur. BAXCP-yə yaxınlığıyla yəni.

 

- Qüdrət bəy axırıncı dəfə redaksiyaya nə vaxt gəlib?

- Yadımda deyil. Ola bilər bir neçə ay əvvəl, buradan keçəndə maşını saxlayıb redaksiyaya girib, amma nə vaxt olduğun belə unutmuşam.

 

- Demək istəyirsiz qəzetin işinə müdaxilə etmir?

- İnanın, yox. Çünki buna ehtiyac da yoxdur. Götürün «Xalq cəbhəsi»nin son bir aydakı saylarına baxın, monitorinq edin. Görün BAXCP ilə bağı nə qədər material yerləşdirilib. Səmimi deyirəm, Qüdrət bəy də digər oxucular kimi, qəzeti hazır şəkildə oxuyur. Həm də aramızda bir etimad, etibar məsələsi var. Təbii ki, «Xalq cəbhəsi» qəzeti Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə eyni ideyaları bölüşən bir mətbuat orqanıdır. Ancaq qəzetin səhifələrinə diqqət yetirsəniz, Azərbaycanın bütün siyasi palitrasını görmək olar. Bir çox məsələlərdə, xüsusən də milli maraqlarımızda biz özünü müstəqil elan edən qəzetlərin çoxundan daha müstəqil görünürük. Əgər müstəqillik bir nəfər haqqında şantaj və böhtan xarakterli yazılar manşetə çıxartmaqdırsa, hansısa dairənin marağını ifadə etməkdirsə, bütün bunlardan sonra həmin şəxslərin fəaliyyətinə söykənərək mətbuat orqanı nəşr etdirməkdirsə, o zaman biz müstəqil deyilik. Yəni müstəqilliyin meyarları ilə atılan addımlar üst-üstə düşməlidir. Biz ədalət prinsiplərinin qorunmasında, Azərbaycan cəmiyyətinə və oxucuya münasibətdə ədalətliyik. Mənim üçün ədalət ən böyük müstəqillikdir. 
 

***

 

Qəzetin tirajından danışırıq. Deyir, qane etmir. Və əsas arqumentlərindən biri də odur ki, prezident yanında KİVDF olmasa, nəinki «Xalq cəbhəsi», heç bir qəzet ayaqda dura bilməz.

Deyir, alıcılıq qabiliyyəti də qaneedici deyil. Amma qəzetin tirajının azlığı məsələsini də, mətbuat orqanının üzərinə qoymaq olmaz. Bunun bir çox səbəbləri var.

 

- Buraya oxucu aktivliyi ilə yanaşı, bölgələrə qəzetlərin çatdırılması problemini də əlavə etmək olar. Bizdə yayım menecerliyi formalaşmayıb. Bundan başqa, reklam bazarı bərbad vəziyyətdədir. Bütün bunlar tiraja və kütləviliyə əsaslı təsir edir.

 

Rəhbərlik etdiyi qəzetin bir özəlliyindən danışır: 

- Bu qəzetdə hər gün ən azı bir neçə yazı olur ki, nəinki özəldir, hətta ümummilli mövzulara toxunulur. «Xalq Cəbhəsi» qəzetinin siyasi proseslərə yanaşma tərzi, ola bilər ki, bəzi insanlar tərəfindən qəbul edilməsin. Bu, təbiidir. Amma bütövlükdə «Xalq Cəbhəsi»nin simasına diqqət yetirəndə açıq-aydın görünür ki, bu, millətin, xalqın qəzetidir, öz ideyalarına bağlı olan mətbuat orqanıdır. O baxımdan, 15 il öncə «Xalq Cəbhəsi» necə yaranıbsa, o təməl prinsiplər – Bütöv Azərbaycançılıq, türkçülük, milli ideyalara sədaqət üzərində yolumuzu davam etdiririk. İnşallah, bundan sonra da belə olacaq. Qəzetimizin səhifələrinə diqqət yetirən insanlar açıq şəkildə görərlər ki, bu gün özünü müstəqil və tərəfsiz adlandıran əksər mətbuat orqanlarından biz daha tərəfsiz və daha müstəqilik. Bu müstəqillik ilk növbədə Azərbaycanın milli maraqlarına münasibətdə özünü büruzə verir. Mənə elə gəlir ki, əsas prinsip də budur. Millətin maraqlarına münasibətdə müstəqil olmaq, öz prinsiplərinə sədaqət nümayiş etdirmək və hər hansı bir xarici təsirə məruz qalmamaq ən böyük müstəqillikdir. 

 

***

 

Çap mediasının durumundan və perspektivlərindən danışırıq. Deyir, vəziyyət bütün dünyada belədir. Və bununla barışmaq lazımdır. Amma çap mediası bütün hallarda ölməyəcək.

 - Ola bilər, zamanla yeni çıxan texnologiya öz dəb dövrünü yaşayır, zaman keçdikcə bu prosesin özü tənzimlənir. Hesab edirəm ki, çap mediası yeni texnologiyalardan istifadə etməklə, özünün varlığını qoruyub saxlayacaq. Azərbaycanda istər internet mediası, istərsə də çap mediası üçün əsas problem bu deyil. Ən böyük problem oxucu  vərdişlərinin olmamasıdır, azərbaycanlılar oxumağı sevmirlər. Oxumaq bizim mədəni  həyatımızın tərkib hissəsinə çevrilməyib, mütaliə etməyi əksəriyyətimiz xoşlamırıq. Bu problemi aradan qaldırmaq üçün hamımız çalışmalıyıq.

 

***

 

Özüm keçmiş qəzetçi olduğumdan, amma uzun müddətdir ki, bu sahədən ayrıldığımdan mənə də maraqlıdır:

 

- Yenəmi gecə saat 12-1-ə kimi işdə olursuz? Bir zamanlar ondan tez bitməzdi günün nömrəsi.

- İndi də bəzən o vaxta kimi davam edirik. Amma nadir hallarda. Mən günün nəbzini hiss edirəm. Əgər günün sonuna önəmli nəsə baş verəcəksə, qəzeti saxlayıram. Amma adətən 11-dək bitir.

 

- Bəs qorxmursuz birdən  qəzeti tez bitirərsiz, «Pentaqonda islahatlar davam edir» sindromuna yoluxa bilərsiz?

- (Gülür) Bildim nəyə işarə edirsən, yox, elə bir qorxu yoxdur.

 

- Düzünü deyin, heç yaşadınızmı belə bir məqamı?

- Düzünü deyirəm, yox.

Pentaqonu bir kənara qoyaq, yaxşısı budu, həmkarlarımızı təbrik edək. 15 il sizə zarafat gəlməsin. Bir ömürdü. Və ən azı bir 15 il də arzulayaq «cəbhəçi»lərə». Əgər ona qədər çap mediasının başına bir iş gəlməzsə, 30-da görüşünədək.