vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MÜSAHİB  
13:41 | 28 iyul 2017 | Cümə Məqaləyə 3467 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ümidə bulaşmış ayaqqabılar...»

50 yaşın astanasında olan Elçin Mirzəbəyli: «Həyatımı düşüncəmdə, ürəyimdə yaşayıram»

Nigar İSFƏNDİYARQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Haqqında düşünəndə gülümsədiyim adamlar var mənim. Dostluğuna arxalandığım, insanlığına inandığım. Bir başqa cür sevdiyim, sözünü eşitməkdən, haqqında yazmaqdan zövq aldığım...

Müsahibim bu günlərdə 50 yaşı tamam olacaq, təqdimata ehtiyacı olmayan söz adamı Elçin Mirzəbəylidir. Tanrıdan verilən ömür payının əllinci mərtəbəsində salam verib salam almaq üçün sözə tutduq onu.

Görək nə dedi, siz də buyurun:

 

- İnsan ömrü... Harada başladığı və harada bitəcəyi bizdən asılı deyil. Amma vaxt bizimdi, fürsət bizimdi. Bəs o vaxtı necə, dəyərləndirmək bizdən asılıdırmı? Nə keçdi ki, başınızdan, dəyişdirmək iqtidarında olmadınız?

-  Vaxtı dəyərləndirmək bizdən asılıdır, dəyişdirmək isə Tanrıdan. Mən Tanrının işlərinə qarışacaq qədər böyüməmişəm, böyüməyəcəyəm də... Hərdən xırda-para etirazlarım olur. Bu da təbii qəbul olunmalıdır. Tanrı etirazlara dözə biləcək qədər səbirli, yaratdığını anlayacaq qədər mərhəmətlidir. Mən də onun mərhəmətinə sığınaraq etiraz edirəm, amma asi olmuram. Dilim dualıdır. Günə duayla başlayıb duayla bitirirəm. Ömrümün harada bitəcəyini düşünmürəm desəm, səmimi olmaz. Düşünürəm. Uzun müddətdir ki, məndə 49 yaş sindromu olub. Sevimli dayım, şair Vaqif Hüseynov məhz bu yaşda dünyasını dəyişib. Və o zamandan təhtəlşüur olaraq 49 yaşın narahatlığını yaşamışam. 50 yaşın bir neçə addımlığında günləri sayıram. Ümid edirəm, sərhədi adlayıb keçə biləcəyəm.


- Allah dayınıza rəhmət eləsin. Sizi bir müsahibə boyunca da olsa bu xofdan uzaqlaşdırmaq üçün mövzudan yayınaq. Biri var sözü sevmək, biri də var sözdən ötrü ölmək. Bu məqamın hansında olmalısan ki, oxucu sənin mənəviyyatına bələnmiş sözə qurban eləsin özünü?

- Sənin suallarının altında əzilməmək üçün gərək dağa söykənəsən... Kimsənin özünü sözə qurban verməsini istəmirəm. Mənəviyyata bələnəni söz öldürmür, yaşadır. Mən heç vaxt sözün sərkərdəsi, əsgəri olmaq istəməmişəm. Ən böyük arzum sözün loğmanı olmaq olub. Həm hər addımda öldürülən sözlərə yenidən can vermək istəmişəm, həm də o sözlərin yol tapacağı könülləri ovutmaq. Yaradıcılığımı fərqli dəyərləndirənlər var: Biriləri sərt realizm, başqa biriləri sərt modernizm kimi qiymətləndirir. Amma hər ikisinin önündə «sərt» sözü var. Cərrah bıçağı da sərtdir – naşı əlinə düşəndə öldürür, peşəkarın əlində isə həyat verir. Mən sözün aşiqlik və müdriklik məqamında olmaq istərdim. Əslində ilk baxışda aşiqlik və müdriklik bir-biri ilə ziddiyyət təşkil edir. Birinin səthi anlamından divanəlik, digərindən soyuqqanlılıq sıçrayır. Amma lap dərində bir-birilərinə sarılmış durumdadırlar.


- Bəlkə mənə elə gəlir, amma insanlara qoyulan adlar əslində onların fəaliyyətlərini istiqamətləndirir. Bu, sizə qoyulan adda özünü daha çox büruzə verib. Səhv eləmirəm ki?

- Bəlkə də... Amma o qədər gözəl adların altında dünyanın ən böyük rəzalətlərini görmüşəm ki, saymaqla qurtarmaz. Zənnimcə adı mərtəbəyə qaldıran insan şəxsiyyətidir. İnsan adı ilə böyüyür və adını böyüdür, yaxud əksinə. Adıyla, soyadıyla birgə bütöv olan tanıdığım insanların sayı da az deyil. Amma bunun yenə də şəxsiyyətlə bağlı olduğunu düşünürəm. Həmin şəxslər öz adlarını doğruldublar, ad onları şəxsiyyətə çevirməyib.


- Bu günlərdə sizin 50 yaşınız tamam olur. Necə bir ömrünüz olub Elçin bəy? Haradan başlamısınız ömür yoluna?

- Doğrularımla, yanlışlarımla birgə zəngin bir ömür yaşamışam. Qismətimə dəfələrlə «0»dan başlamaq düşüb. Başlamışam və bacarmışam. Həyatım rənglər toplusudur... Bütün ömrümü zamanın iti tərəfinin üzəriylə yürümüşəm. Buna görə də həyatımdakı rənglərin hər birinin belə bir neçə anlamı var. Məsələn, qırmızı rəng ömür palitramın həm çiçək rəngidir, həm qan rəngi... Ömür yoluma bir zaman ziyalıları, işıqlı mühiti ilə öyünən əyalət şəhərindən başlamışam. Bakıda və Sankt-Peterburqda təhsil almışam. Rejissor, kinoteatr direktoru, pedaqoq...,  jurnalist, siyasi şərhçi, aparıcı... İlk baxışda bir araya gətirilməsi çətin olan hətta bir qismini sadalamadığım çoxsaylı sahələrin içərisindən keçib gəlmişəm bu günə... Amma bir an belə ədəbiyyatdan, poeziyadan vaz keçməmişəm. Həyatımdan razıyam. Son şeirlərimdən birində yazdığım kimi: 


Bu mənəm e, mənəm, 
VətənHaqqına tamarzı adam.
Ürəyini parçalayan
Güllədən də razı adam...


Dopdolu bir ömür yaşamışam. Söhbət həyatımdakı maddi nemətlərin, hadisələrin zənginliyindən getmir... Mən həyatımı düşüncəmdə və ürəyimdə yaşayıram. Fikirlərimi, hisslərimi zənginləşdirmişəm. Doğmalarıma, Vətənimə olan sevgimi böyütmüşəm, qol-budaq atıb, nəhəng, kölgəsinə minlərlə insanın sığışa biləcəyi bir ağaca çevirmişəm.


- «Bu mənəm, mənim yolumdur, mənim imzam, mənim amalımdır» dediyiniz o gün hansı ildə olub? Bundan necə əmin olmusunuz?

- Buna çox zaman sərf etmişəm. Təxminən 30-33 yaşlarımda öz yolumu tapdığımı düşünürdüm. Amma son 10 ildə yazdıqlarım məni bir şair kimi yenidən dünyaya gətirdi... 

Qənaətimə görə, özümü yenidən kəşf etdiyim zaman kəsiyi 1997-1999-cu illərə təsadüf edir:


«Dünya yıxılıb ovcuma
Göydən atılan daş kimi,
Əllərim uçuq minarə,
Barmaqlarım bayquş kimi...»


yaxud


«Göydələnlər arxasında
Boynubükük minarələrindən,
Axşamlar bayquşlar qonan
Gecəqonlularından,
Ünvanını itirən bəndələrindən, 
Ümidini itirən dualarından
Xəbərin varmı sənin!
İtirirsən bu dünyanı 
Saatbasaat, anbaan.
Yatanlar ayılmaq istəmir yuxudan,
dünyaya sənsizlik dini gəlir,
Tanrım!
Ruhların intihar günü gəlir,
Tanrım,
Xəbərin varmı sənin?!
Bu dünyanın sabahları tükənir,
Tükənir, Tanrım,
bu dünyanın duaları...
xəbərin varmı sənin?!»


Bu şeirlərdən başlayaraq, yalnız özüm kimi yazdım... Nümunə gətirdiyim sonuncu şeiri rəhmətlik Vaqif Səmədoğlu da çox bəyənmişdi və «bu sənsən» demişdi...


- Siz siyasi fəaliyyətlə ədəbi fəaliyyətinizi uğurla davam edirənlərdənsiniz. Bu iki xətt arasında heç dava olubmu? Çatışma, savaş çıxıbmı?

- Çatışma, savaş çıxdığını xatırlamıram. Nə ədəbiyyatı siyasətə, nə də siyasəti ədəbiyyata yaxın buraxmamışam. Aralarında keçilməz bir sərhəd var – Mən! Onları mən seçmişəm və əgər seçdiklərim mənə qarşı çıxarlarsa deməli heç birinə layiq deyiləm. Düşünürəm ki, bu iki xətti paralel şəkildə, bir-birinə sayğı göstərmələrini saxlayaraq yaşatmağı bacarıram.


- «Başımın üstündə göydü deyirlər
Rəngi sisdə batır, buludda batır.
Bir parça ümid var ayağım altda –
Ayağım bir parça ümiddə batır...»

Bunu yazdıran hissin adı nədir? 


- Anın ovqatı... Bəzən ümid bataqlığa, palçığa, hətta adını çəkmək istəmədiyim ifrazata da çevrilə bilər. Təsəvvür edirsiniz, ümidə bulaşmış ayaqqabıları təmizləmək necə çətindir. Çox çətindir. Sən onu başının üstündə tutursan, hədəflənirsən, bir də görürsən ki, ayaqlarının altına düşüb. Sənin hədəfləndiyin, əlçatmaz hesab etdiyin ümid əslində ayaqqabılarını bulaşdırmaqdan başqa bir işə yaramırmış... İdealları ayaqları altına gömülən bütlər kimi...


- Mən Allahı sizin kimi sevən görmədim. Nədir aranızdakı?!

- Mənim təsəvvürlərimdəki Allah o qədər böyükdür ki, onu sevməmək mümkün deyil. Tanrını bir an belə unutmuram, unuda bilmirəm... Onun xırda-para işlərlə, məişətlə, insanların kiçik, yaxud böyük qayğılarıyla alış-verişi yoxdur. Mənim üçün Allah sevgidir, eşqdir, mərhəmətdir... Kainatın bütün gözəllikləri ONDA birləşib. 

Mənim Ona necə içdən dua etdiyimi görməmisiniz... Görsəydiniz, bəlkə də bu sualın cavabını özünüz tapardınız. Bütün varlığımla Tanrıya bağlıyam. Ona görə də dualarım göy üzündən asılıb qalmır.


- İstəyirəm bir az Anadan bəhs edəsiniz. Sizi dünyaya gətirən o xanımdan… Ömrün əllisində ona sözünüz varmı?

- Anam haqqında iki şeir yazmışam… Zənnimcə sonuncu şeirim anamı azacıq da olsa ifadə edir:


Hər dəfə
Səndən ayrılanda
Qaranlıq düşərdi -
Perrondakı
Solğun lampaların işığında
Saçlarının necə ağardığı
Daha aydın görünsün deyə…


***


Səndən sonra...
Alışdım qatar dayanacaqlarına,
Gözləmə salonlarına,
Sonu görünməyən yollara…
Ünvansız mənzillərdə
Edam olunan günlərimin
İniltisinə…


Heyf ki, mən anamın görmək istədiyi mənzilin bir addımlığında olanda onu itirdim. Ona demək istədiklərimi 1 ay öncə məzarı başında dayanıb demişəm. İkimizin arasında olan bir söhbətdir, hamı üçün deyil... Əgər ən çətin anlarımda Tanrıdan sonra anamı köməyə çağırıramsa, hətta onun yoxluğunda belə ruhunun hərarətinə sığınıramsa, bu artıq çox şeyi deyir... Mənim anam dünyanın ən məsum, ən səmimi qadını idi...


- Övladlarınıza necə?! Yeri gəlmişkən, sizi qayınata olmaq münasibətilə də təbrik edirik.

- Təşəkkür edirəm. Övladlarımla aramda sevgi bağı var, həm də çox güclü. Onların bütün çətinliklərdən alnıaçıq, üzüağ çıxacaqlarına, layiqli övlad olacaqlarına inanıram.


- «Kişi adam olmaq»… Necə düşünürsünüz bu, bir meyyardırmı, əsalətdən doğan məcburiyyətdirmi?! Ümumiyyətlə adamlıq cinsiyyət məsələsidirmi?

- Əsla yox! Əsalət də, adamlıq da cinsiyyətlə bağlı deyil. Kişi kişi olmalıdır, qadın isə qadın və hər ikisi də ADAM olmalıdır. Adamlıq Tanrının verdiyi ən böyük nemət və xarakter məsələsidir. Əsalət də həmçinin... Şəxsiyyət bütöv olmalıdır. Onun çatlarını bər-bəzəklə yamamaq mümkün deyil. Bir şey deyim sizə... ADAMLARIN səhvləri də, yanlışlıqları da Adam kimi olur. Bütöv olur yəni... Özlərini yandırır, başqalarını yox.


- Sonuncu dəfə nə vaxt ürəkdən sevinmisiniz və ya əksinə. Heç hönkürtüylə ağladığınız olubmu?! Göz yaşı nemətdir əslində, içərinin kiri-pası təmizlənir…

- Sonucu dəfə oğlumun toyunda sevinmişəm və kimsənin görməyəcəyi, duymayacağı bir yerə keçib hayqırmışam. Hönkürməmişəm, amma göz yaşlarım da dayanmayıb.


- 50 ildə almağı çox istədiyiniz amma heç cür qismət olmayan nə var?

- Çox şey var əslində... Bəzən başqalarına adi görünən arzular mənim kimi gecə-gündüz bilmədən çalışan insanlar üçün əlçatmaz olur. Mən arzularımın da bəzən ayaqqabılarımı kirlətməkdən başqa bir işə yaramayan ümidə çevrilməsini istəmirəm. Dilə gətirsəm ayaqlarım altına düşəcək. Buna görə də hətta heç vaxt əldə edə bilməyəcəklərimi belə Tanrıdan güc istəyərək əldə etməyə çalışacağam. Təəssüf ki, qürurlu adamları yüzillik ağac kimi kökündən qırılıb yerə yıxılanda sezir insanlar.


- Mən sizə QƏLƏBƏ arzu edirəm! Yeni yaşınızda qələbədən doğan sevincləri yaşamanız diləyilə Tanrı Sizi qorusun!

- Mən də sizə QƏLƏBƏ arzu edirəm. Həm də bütöv, tam qürurlu QƏLƏBƏ! Təşəkkür edirəm əziz bacım! (www.azadinform.az)