vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜSAHİB  
11:30 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 2713 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İki məsələ haqqında ciddi düşünməlidir»

Qüdrət Həsənquliyev: «Əgər hökuməti öz banklarımıza etimad göstərmirsə, niyə vətəndaş ...»

Söhbətləşdi: Elçin MİRZƏBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev «Xalq Cəbhəsi» qəzetinə müsahibə verərək, Rusiya-Azərbaycan münasibətlərindən, Qarabağ problemindən, ölkə iqtisadiyyatının durumundan və hökumətin ata biləcəyi addımlardan danışıb. VAXT.AZ həmin müsahibəni öz oxucularına təqdim edir.


– Qüdrət bəy, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun «Lider» televiziyasının sabiq əməkdaşı Anar Həsənovun sualına verdiyi cavab Azərbaycanda ciddi rezonansa səbəb oldu və artıq xeyli müddətdir ki, müzakirə olunur. Həm jurnalistin sualına, həm də Lavrovun cavabına müxtəlif rakurslardan yanaşanlar var. Maraqlıdır, siz bu sual-cavaba hansı rakursdan yanaşırsınız?

– Zənnimcə, sual-cavabdan daha çox məsələnin mahiyyətinə diqqət yetirmək lazımdır. Doğrusu, Lavrovun cavabının bu qədər rezonans doğurduğuna təəccübləndim. Bəzi insanlar elə bir yanaşma ortaya qoydular ki, sanki Lavrovun belə bir cavab verəcəyini gözləmirdilər. Əslində Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ortalıqdadır və hamı bilir ki, münaqişənin həll olunmamasının yeganə səbəbkarı Rusiyadır. Bu səbəbdən də, biz partiya olaraq hər zaman bəyan etmişik ki, Azərbaycan əgər münaqişəni sülh yolu ilə həll etmək istəyirsə, danışıqları Rusiya ilə aparmalıdır. Lavrov da «Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid məsələ deyil» deməklə əslində dolayısıyla onu nəzərə çatdırmaq istəyib ki, bizimlə danışmalı və razılığa gəlməlisiniz.

Sualın uğurlu, yaxud uğursuz olması barədə söylənilən fikirlərə gəldikdə isə, düşünürəm ki, məsələn, jurnalist Lavrova belə də sual verə bilərdi: «Rusiya öz suverenliyini qorumaq üçün Çeçenistanda antiterror əməliyyatı həyata keçirdi. Analoji addımı Azərbaycan da atarsa, buna Rusiyanın və beynəlxalq birliyin buna münasibəti necə ola bilər?» Misal üçün deyirəm. Sualı çoxsaylı və daha uğurlu variantlarda səsləndirmək olardı. Bununla yanaşı hesab edirəm ki, sualın qoyuluşunda bir problem axtarmaq lazım deyil. Bu hadisə mənə məşhur bir lətifəni xatırlatdı: Mollanın danasını oğurlayırlar. Bütün qonşular mollaya irad bildirirlər. Deyirlər ki, tövlənin qapısını möhkəm bağlasaydın, ayıq yatsaydın, işıqları yanılı saxlasaydın, həyətdə it saxlasaydın dananı oğurlaya bilməzdilər. Kəsəsi, hərənin ağzından bir avaz gəlir. Molla da sonunda dözə bilməyib deyir: «İndi nə deyirsiniz? Belə çıxır ki, dana oğrusunun heç günahı yoxdu?»

İndi Lavrov qalıb bir kənarda hamı düşüb jurnalistin üzərinə… Əlbəttə ki, sual uğurlu da ola bilər, olmaya da… Əsas məsələ Lavrovun konkret fakta olan münasibətidir. Bunu da biz hamımız bilirik. İndi bəzilərimiz özlərini elə aparırlar ki, guya, Rusiya vasitəçidir. Amma reallıqda isə bu konfliktin arxasında dayanan və indiyədək həll olunmasına imkan verməyən Rusiyadır.


– Səbəb nədir? Nə üçün Rusiyanın münaqişənin həll olunmasına imkan vermək istəmir?

– Düşünürəm ki, Rusiya münaqişənin həllinə imkan verməməklə hər iki ölkəni öz təsiri altında saxlamağa çalışır. Amma bu da çox yanlış siyasətdir. Bu yanaşma köhnə təfəkkürdən ayrıla bilməməkdən qaynaqlanır. Müasir, modern dünyanın nizamı tələb edir ki, ayrı-ayrı xalqlarla yaxın olmaq, onlardan dost münasibəti görmək üçün həmin xalqların sevgisini, etimadını qazanmaq, onlarla dost kimi davranmaq lazımdır. Amma Rusiya bu yolu seçməyib. Rusiya yalnız qorxutmaqla xalqları özünə tabe etdirmək yolu ilə gedir. Bu da XIX əsrə, XX əsrin əvvəllərinə xas olan bir siyasətdir. Bu da ona görədir ki, Rusiya özü modernləşə, yeniləşə bilmir. Bu siyasət isə sonunda Rusiyanın özü üçün ağır nəticələr doğuracaq. Rusiyanın etnik separatizmi dəstəkləməsi 20-dən artıq milli respublikanın, muxtar bölgənin yerləşdiyi bir ölkə üçün heç də xoşagələn bir siyasət deyil. Və Rusiyada yaşayan xalqlar da bunu görürlər. Ola bilsin ki, bu gün qorxurlar və bu səbəbdən səslərini çıxara bilmirlər. Lakin bir az tez, bir az gec bu siyasət Rusiyanın öz başında çatlayacaq.


– Lavrovla bağlı suala cavabınızda qeyd etdiniz ki, Rusiyanın xarici işlər naziri dolayısıyla onlarla danışmağın və razılığa gəlməyin vacibliyini bildirib. Nə istəyir Rusiya? Heç olmasa Rusiyanın istəklərinin konturları bəllidirmi?

– Sözün doğrusu, bəlli deyil. Mən dəfələrlə demişəm ki, bir millət vəkili olaraq, Rusiyanın nə istədiyindən məlumatsızam. Əgər mən millət vəkili kimi məlumatsızamsa, o zaman belə anlaşılır ki, vətəndaşlarımız tamamilə məlumatsızdırlar. Ayrı-ayrı ekspertlər, jurnalistlər bu barədə müxtəlif fərziyyələr irəli sürürlər. Amma Rusiya öz istəklərini heç vaxt açıq şəkildə dilə gətirməyib. Azərbaycanda rəsmi qaydada Rusiyanın nə istədiyini bəyan etməyib. Bu halda təbii ki, Rusiyanın nə istədiyin bilməyimiz də mümkün deyil. Amma qeyri-rəsmi sızan informasiyalarda belə söhbət gedirdi ki, Rusiya sərhədlərin birgə qorunması da daxil olmaqla Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında, Avrasiya İttifaqında görmək istəyir. Biz də söylədik ki, sərhədlərin birgə müdafiəsi istisna olmaqla – bu, artıq suverenliyin itirilməsidir – digər məsələlərdə Rusiya ilə yaxından əməkdaşlıq edə bilərik. Hətta bizim xarici işlər naziri səviyyəsində bu, dilə gətirilib, amma qarşılığında Rusiya tərəfindən hələlik bir açıqlama yoxdur.

Ona görə də mən hər zaman deyirəm, hökumətin borcudur ki, Rusiyanın bizdən nə istədiyi barədə Azərbaycan ictimaiyyətinə məlumat versin. Faktiki olaraq, hökumət özünü elə aparır ki, guya Rusiya vasitəçidir. Bir çox hallarda Dağlıq Qarabağ probleminin həllində göstərdiyi səylərə görə Rusiyadan razılıq ifadə olunur. Ona görə də cəmiyyət baş verənlərin mahiyyətini bütün gerçəkliyi ilə başa düşə bilmir. Hesab edirəm ki, biz ictimaiyyəti bu barədə məlumatlandırmalıyıq.


– 2017-ci ilin ilk günlərində yaşanan bu hadisələrdən sonra bu il ərzində problemin həlli ilə bağlı gözləntiləriniz nədən ibarətdir?

– Heç bir gözləntim yoxdur. 2 aprel hadisələrindən sonra müəyyən gözləntilər var idi, amma indi onlar tamamilə puça çıxıb. 2 apreldən sonra Rusiya yenə destruktiv mövqe sərgiləməyə başladı. Ermənistana təzyiq etmək əvəzinə bu ölkəyə «İsgəndər» və digər müasir raket kompleksləri verdi. Dolayısıyla Ermənistanı geri çəkilməmək üçün ruhlandırdı. Daha sonra isə Bordyujanın və Lavrovun məlum açıqlamaları və s. Bütün bunlar bir daha sübuta yetirdi ki, Rusiya bu münaqişədə tərəfdir. İndiki halda həll variantlarından biri budur ki, biz hər şeyi göz önünə alıb, yəni Ermənistana "özüm yansam da, səni də yandıracağam" deyib, böyük müharibəyə başlamalıyıq. Bunun üçün Azərbaycana ciddi hərbi müttəfiqlər lazımdı. Hələlik belə müttəfiqlərimiz yoxdur. Bildiyiniz kimi, Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. İndiki reallıqlar çərçivəsində Azərbaycanın ata biləcəyi yeganə addım Ermənistanın atəşkəsi pozmasından istifadə edib işğalçı orduya çoxsaylı canlı qüvvə itkisinə səbəb olan dəqiq zərbələr endirməkdir. Bu, hər atəşkəs rejimi pozulduqda, mütəmadi olaraq baş verməlidir. İşğalçı əsgərlər Azərbaycan torpaqlarında öldürülməlidir. Belə olduğu təqdirdə Ermənistan cəmiyyətində gərginlik xeyli arta bilər. Bildiyiniz kimi, müstəqillik əldə etdikdən sonra Ermənistanın əhalisi 30 faizdən çox azalıb. Yəni ölkə əhalisinin 1/3 bir daha geri qayıtmamaq şərti ilə Ermənistanı tərk edib. Bu, BMT-nin açıqladığı rəsmi statistik göstəricilərdir. Bu illər ərzində hər il Ermənistanı 60 mindən 90 minədək insan həmişəlik tərk edib. Bunun ən böyük, bəlkə də 90 faizi səbəbi Qarabağdakı müharibə və savaşın yenidən başlamaq təhlükəsizdir. 10 faizi isə sosial ədalətsizlik, qanunun aliliyinin təmin olunmaması, hüquqların tapdanması və s. problemlərlə bağlıdır. Ermənilərin 10 faizi bu səbəblərdən ölkəni tərk edirsə, 90 faizi uşaqlarının müharibədə ölməməsi üçün çıxıb gedir. Ona görə də Azərbaycan çalışmalıdır ki, hər gün heç olmasa bir neçə erməni əsgəri öldürülsün. Genişmiqyaslı hərbi əməliyyatlara başlamasaq da belə, qeyd etdiyim məsələ ilə bağlı Silahlı Qüvvələrimizin qarşısında vəzifə qoyulmalıdır. Şübhəsiz ki, bununla yanaşı ordumuz daha da gücləndirilməlidir. Eyni zamanda çalışmalıyıq ki, Azərbaycan daha da sivil və cazibədar bir ölkəyə çevrilsin. Çox yaxşı haldır ki, son zamanlar ermənilər ölkəmizə gələrək Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu barədə bəyanatlar verirlər. Xocalı soyqırımı abidəsi önündə baş əyirlər. Biz Azərbaycanı gözəl bir dövlətə çevirməliyik. Buna nail ola bilsək, hesab edirəm ki, bu, münaqişənin həllinə mütləq öz ciddi töhfəsini verəcək.


– Qüdrət bəy, bu müstəvidə Azərbaycan prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə bağlı fərmanına münasibət bildirməyinizi istəyərdim.

– Prezident bir məqamı çox gözəl tutub… Yəni, bu məcburi köçkünlərin sosial problemlərinin həlli ilə yanaşı, siyasi-psixoloji yükü böyük olan bir məsələdir. Hesab edirəm ki, bu, həm Ermənistana, həm vasitəçi ölkələrə, həm də dünya birliyinə ünvanlanan yeni bir mesajdır: Azərbaycan bundan sonra yalnız öz torpaqlarını azad edəcək. Bu, çox mühüm bir addımdır. Düşünürəm ki, Cocuq Mərcanlı kəndinin sakinləri də çox böyük həvəslə öz torpaqlarına qayıtmalıdırlar. Doğrudur, bunadək ərazi yaşayış üçün əlverişli vəziyyətə gətirilməlidir.


– Azərbaycanın daha cazibədar ölkəyə çevrilməsindən danışdınız… Siz və rəhbərlik etdiyiniz partiya 2008-ci ildən başlayaraq, dövlət idarəçiliyi sistemində geniş islahatların aparılması, Azərbaycanın parlament tipli respublikaya çevrilməsi ilə bağlı təşəbbüslə çıxış edirsiniz. Bildiyiniz kimi, MDB məkanında Gürcüstan, Qırğızıstan və Ermənistandan sonra artıq Qazaxıstan da parlament idarəçiliyi sisteminə keçmək barədə qərar qəbul edib… Nursultan Nazarbayeivin bu addımını necə dəyərləndirirsiniz?

– Mən Nursultan Nazarbayevi həmişə yüksək qiymətləndirmişəm. Baxmayaraq ki, Qazaxıstanda da həm demokratiya, həm də qanunun aliliyi ilə bağlı müəyyən problemlər var. Nursultan Nazarbayev səlahiyyətlərinin bir hissəsini parlamentə, bir hissəsini isə hökumətə verməsi barədə qərarını açıqlayanda maraqlı bir çıxış etdi. Dedi ki, vaxtilə ölkədə güclü prezident idarəçiliyinin olması dövlətçiliyin əsaslarının qurulub möhkəmlənməsinə xidmət etməliydi və xidmət də edib. Doğrudan da bir siyasətçi və dövlət xadimi kimi, Nazarbayev çox müdrik adamdı. Həm də sevindirici haldır ki, o, öz milli kimliyini dərk edən, soy-kökünə sadiq, türk xalqlarının birliyi istiqamətində çalışan bir adamdır. Bu hadisəyə həm də ona görə şad oldum ki, Qazaxıstan MDB məkanında Qırğızıstandan sonra parlament tipli respublikaya doğru addım atan ikinci türk respublikasıdır. Nazarbayev yaxşı başa düşür ki, qanunun aliliyinin təmin olunması, demokratiyanın inkişafı parlament idarəçiliyindən keçir.

Yaxşı xatırlatdınız, biz parlament tipli respublikaya keçidlə bağlı təşəbbüslə çıxış edəndə nə Gürcüstanda, nə Ermənistanda, nə də Qırğızıstan və Qazaxıstanda belə bir məsələ gündəmdə deyildi. Azərbaycanda Qazaxıstan və Qırğızıstandan fərqli olaraq, 1 milyon qaçqın var, torpaqlarımız işğal altındadır. İqtidar bu məsələ ilə bağlı mövqeyini belə əsaslandırır ki, indi ölkədə güclü mərkəzi hakimiyyətə ehtiyac var. Müharibə dövründə ölkə rəhbərinin əlində geniş səlahiyyətlərin olması həmişə məqsədəuyğun hesab edilib. Amma biz müharibə vəziyyətində olsaq da, uzun illərdir ki, atəşkəs elan olunub. Digər tərəfdən Gürcüstan nümunəsi də göz önündədir. Yəni, bu ölkə parlament tipli respublika modelinə keçib və inkişafdadır. Bu ölkənin çoxvektorlu iqtisadiyyatı var, turizm sektoru, kənd təsərrüfatı, sənaye inkişaf edir. Korrupsiyaya ciddi şəkildə zərbə vurulub. Doğrudur, yuxarı səviyyədə korrupsiya var və bunu heç kim inkar edə bilməz. Amma ən azı məişət səviyyəsində korrupsiya, rüşvətxorluq aradan qaldırılıb. Azərbaycan parlament tipli respublikanın – Xalq Cümhuriyyətinin varisidir. Bu addımı biz də atmalıyıq. Bu addımı atmaqla Azərbaycanı gələcəkdə qarşıdurmalarsız, sivil bir inkişaf yoluna çıxarmış olarıq. Düşünürəm ki, belə bir islahatın həyata keçirilməsi Azərbaycanın yaxşı mənada gələcəyini müəyyənləşdirmiş olar. Biz partiya olaraq, 2008-ci ildən bu məsələni daim gündəmdə saxlayırıq. Qazaxıstanın verdiyi qərar da bizim bu məsələdə haqlı olduğumuzun əlavə sübutudur.


– 2016-ci ilin sonlarında ölkədə iqtisadi islahatların aparılması ilə bağlı öz fikirlərinizi açıqlamışdınız. Artıq 2017-ci ilin ilk ayının sonlarını yaşayırıq… İqtisadi islahatların intensivləşməsi üçün nə edilməlidir?

– Mən hər zaman demişəm və yenə də təkrar edirəm, iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün investisiya lazımdır. Başqa cür iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Nə qədər qanun qəbul etmək mümkünsə edək, yenə də yeni zavodlar, emal müəssisələri tikmək, torpaqları münbitləşdirmək, kənd təsərrüfatını inkişaf etdirmək üçün pul lazımdır. Yəni iqtisadiyyatı inkişaf etdirmək üçün iqtisadiyyata pul qoymaq lazımdır. Bizdə hazırda büdcə vasitəsilə investisiya xərcləri faktiki surətdə qəpik-quruşdur. Bununla 10 milyonluq respublikanı inkişaf etdirmək mümkün deyil. Banklar kredit vermirlər, yaxud kreditlər həddən artıq yüksək faizlə verilir. Belə olduğu təqdirdə hansısa kiçik sahibkarın emal müəssisəsi yaratması, kənd təsərrüfatına pul qoyması çox çətin məsələdir. Qaldı xarici investorlar… Xarici investor isə bir olkəyə pul qoymamışdan ömcə o ölkəni öyrənir. Məsələn, mənim 5 milyon dollar pulum var və Türkiyəyə sərmayə qoymaq istəyirəm. Bundan öncə, şübhəsiz ki, Türkiyədəki durumla yaxından tanış oluram. Yəni, nə zamansa bu ölkədə bir məmur özbaşınalığı ilə qarşılaşsam, burada öz hüquqlarımı qoruya biləcəyəm, ya yox – bunu öyrənirəm. Ölkənin iqtisadi durumu, milli valyutanın sabitliyi haqqında məlumatları nəzərdən keçirirəm. Sahibkar investisiya qoyanda hansı müddətdən sonra nə qədər qazanc götürəcəyini də proqnozlaşdıra bilməlidir. Bunlar iqtisadiyyatın əlifbasıdır. Xarici investorlar da Azərbaycanı öyrənirlər. Və fikirləşirlər ki, nə məmur özbaşınalığı ilə qarşılaşa biləcəklərindən sığortalanmayıblar, nə də valyuta stabil deyil ki, onlar öz gəlirlərini hesablaya bilsinlər. Bu səbəbdən də xarici investorların Azərbaycana gəlib sərmayə yatırması da problemli görünür. Belə olduğu halda iqtisadiyyatı necə inkişaf etdirmək olar? Ölkəyə valyuta cəlb etməyin yeganə yolu neftin qiymətinin qalxmasından asılıdır.

Hesab edirəm ki, 2017-ci ildə Azərbaycan hökuməti milli valyutanın stabilləşməsi üçün ciddi addımlar atmalıdır. Necə ki, Rusiyada 1 dollar 83 rubladək yüksəlmişdi, indi 59 rubla qədər enib. İndi Mərkəzi Bank deyir ki, guya bizim manat üzür. Amma nə qədər üzəcək kimsəyə bəlli deyil. Yəni, manat üzüb hansısa bir nöqtədə dayanmalıdır. Sahibkarlar bilməlidirlər ki, manatın real kursu nə qədərdir. 1 dollar 3 manat olsun, 5 manat olsun, amma manatın real alıcılıq qabiliyyəti nədirsə, onu tapmaq lazımdır. Yoxsa Neft Fondunun pullarını gətirib xərcləyirik ki, manatın kursunu sabit saxlayaq. Onu da saxlaya bilmirik. Dəyərsizləşdirə-dəyərsizləşdirə gedirik. Bu o qədər sadə və bəsit bir məsələdir ki, bizim maliyyə-kredit siyasətini yürüdən şəxslər birdəfəlik başa düşməlidirlər ki, manatı sabitləşdirmədən hətta azərbaycanlı sahibkarın əlində olan valyutanı da prosesə cəlb etmək mümkün olmayacaq.


– İndi bəziləri insanlara irad da tuturlar ki, niyə pullarınızı yastığın altında saxlayırsınız. Biri deyir yastığın altında, o biri deyir döşəyin altında, başqa biri isə deyir ki, evinizdəki seyfdə gizlədirsiniz… Amma bu sözləri deyən adamların özləri də pullarını xarici banklarda saxlayırlar… Heç ölkəyə gətirib döşəyin də altında saxlamırlar.

– O pulları döşəyin altından çıxarmaq üçün əlverişli investisiya mühiti yaratmaq lazımdır. Buna çağırışla nail olmaq mümkün deyil. Türkiyədə də belə çağırışlar etdi. Hətta 1 dollarlıq əskinasların yandırılması aksiyası da keçirildi… Qanunlar qəbul etməklə, danışmaqla, çağırış etməklə problemi həll etmək olsaydı, nə vardı ki… Amma qanunlara icra olunmayacaqsa, real ictimai münasibətləri tənzimləməyəcəksə, onların heç bir əhəmiyyəti də olmayacaq. Bu səbəbdən də mən hətta büdcə müzakirələri zamanı da hökuməti manatın kursunu sabitləşdirməyə çağırdım. Manat sabitləşməyənə qədər kimin əlində nə vəsait var, evində saxlayacaq. Banklar da elə bir durumdadır ki, bir neçə bank istisna olunmaqla digərləri istənilən vaxt müflis ola bilər. Buna görə də insanlar qorxularından banklarda da pul saxlamaq istəmirlər. Neft Fondu yarandığı gündən deyirəm ki, fondun vəsaitlərinin bir hissəsi Azərbaycanın banklarında saxlanılmalıdır. Və hər zaman deyirdim ki, əgər Azərbaycan hökuməti öz banklarımıza etimad göstərmirsə və pulunu xarici banklarda saxlayırsa, niyə vətəndaş inanıb əlində olan vəsaitləri yerli banklarda saxlamalıdır. Hər dəfə deyirdim ki, həmin pulları gətirin verin Azərbaycan banklarına, banklarımız da sahibkarlara aşağı faizlərlə kredit versinlər ki, ölkə iqtisadiyyatı inkişaf eləsin. Elman Rüstəmov da hər dəfə cavab verirdi ki, biz onsuz da neft pullarını xərcləyirik, qoyuruq büdcəyə, büdcədən də müxtəlif sahələrə yönəldirik. Amma bu adam başa düşmürdü ki, büdcə vasitəsilə o pulu hökumət xərcləyir. Amma söhbət ondan gedir ki, müxtəlif intellektə, dünyagörüşünə malik, təşəbbüskarlıq potensialı olan sahibkar özü müəyyənləşdirməlidir ki, bu vəsaitlərlə nə etsin ki, həm krediti qaytarsın, həm gəlir əldə etsin, həm də biznesini genişləndirsin.

Digər tərəfdən büdcə vəsaitlərinin hesabına görülən işlərin hansı qiymətə və hansı keyfiyyətlə görüldüyünü də yaxşı bilirik. Təəssüf ki, bu illər ərzində neft pulları yerli banklara yerləşdirilmədi ki, Azərbaycan sahibkarı ucuz kreditə çıxış əldə edə, bunun müqabilində fabriklər, zavodlar, emal müəssisələri aça bilsin. Bu səbəbdən də neftin qiyməti aşağı düşdükdən sonra büdcə xərcləri 2 dəfədən çox, hətta 3 dəfəyə yaxın azaldı. Bu da istər-istəməz müxtəlif məsələlərə öz təsirini göstərəcək.

Bu səbəbdən də, hesab edirəm ki, 2017-ci ilin birinci rübündə, yəni ən geci martın sonlarınadək hökumət manatın kursunun sabitləşməsinə nail olmalıdır. Manatın real alıcılıq qabiliyyəti bilinməlidir. Bu bilindikdən sonra, idarəetmə təkmilləşdirilməlidir ki, xarici investorlar Azərbaycana investisiya yatırsınlar. Hökumət iki məsələ haqqında ciddi düşünməlidir: real sektora pul qoyulması və manatın sabitləşdirilməsi haqqında. Bu iki məsələni hökumət həll edə bilsə – mən əminəm ki, xalqımız çox işgüzar və təşəbbüskardır, sahibkarlarımız da kifayət qədər bacarıqlıdırlar – ölkə iqtisadiyyatının sürətli inkişafına nail ola biləcəyik. Yox, əgər bu iki məsələ həll olunmasa, ölkə durğunluq dövrünə qədəm qoyacaq.


– Təşəkkür edirəm, Qüdrət bəy. Fürsətdən istifadə edib doğum gününüzü də təbrik edirəm, möhkəm cansağlığı arzulayıram. Tanrıdan bir valideyn, bir vətəndaş və siyasətçi kimi bütün arzularınızın yerinə yetməsini diləyirəm.

– Çox sağ olun. Mən də xalqımızın bütün arzularının həyata keçməsini arzu edirəm.