vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
17:32 | 6 avqust 2018 | Bazar ertəsi Məqaləyə 3072 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Anarın olmadığı dünya

Onun xaçı çoxdan qırılıb düşmüşdü

R.NAZİMQIZI

06.08.18 - Onun xaçı çoxdan qırılıb düşmüşdü...

Anarın ölüm xəbəri məni təəccübləndirmədi. Belə olur bəzən. Adamın sağkən öldüyünü hiss eləyirsən. Anarla da belə olmuşdu.

Xüsusi tanışlığımız yox idi. Onu Rizvan Cəbiyevin ərköyün oğlu kimi tanımışdım adını ilk eşitdiyimdə. Fikirləşmişdim ki, yaxşı təşkilatçıdır, PR-çıdır. Repi heç vaxt sevməmişəm. Nə vaxtsa sevəcəyimi də düşünmürəm. Hərçənd, sevməklə bağlı düşünməməyi öyrətməliydi məni həyat. Öyrətməyib...

Səhv etmirəmsə, onu ilk dəfə (elə həm də son gün oldu o gün) təxminən ay yarım-iki ay əvvəl rəssam dostumuz Nazim Şahın emalatxanasında görmüşdüm. Dostlarla şeirdən danışacaqdıq, musiqi dinləyəcəkdik. Rəsmlərə baxdıq, Nazimin şeirlərini oxuduq, musiqidən danışdıq. Gitaraçı dostumuzun mizrab kolleksiyasından söz açdıq. Qəfildən Nazimə zəng gəldi. Kimləsə danışıb, “gəl, özümüzünkülərdi” dedi. Adət eləmişəm, belə hallarda dərhal soruşuram: “kim idi”. Sevmirəm. Sevmirəm gözləmədiyim adamlarla qarşılaşmağı. Planlarımın pozulmasına dəli oluram. Tanımadığım adamları görmək istəmirəm. Xüsusən dincəlmək istədiyim vaxtlarda...

Anarın gələcəyini eşidəndə əsəbiləşdim. Nazimə az qala qışqırdım ki, əvvəl bizdən soruşaydın. Amma “gəlməsin” də demədim. Dərhal məlum görüntülər yadıma düşdü. Və əlbəttə, onların yaratdığı səs-küy. Birdən düşündüm ki, bəlkə, adamın danışmağa, kimləsə görüşməyə, dərdini bölməyə ehtiyacı var. Açığı, mərhəmət hissi hər şeyə qalib gəldi. Xoşagəlməz hissiyyata, kənar rəylərə, dincəlmək istəyinə və sair və ilaxır.

Dörd-beş dönər alıb gəlmişdi. Görən kimi başa düşdüm ki, bu adam üçün hər şey bitib. Bəlkə də, lap çoxdan bitib. Sifətində ölümün kölgəsi o qədər güclüydü ki, dərhal qaçmaq istəyirdin. Qəfil ağlayıb, qəfil də gülürdü. Psixoloji durumu yerində deyildi. Mahnı da oxudu. Sevgilisindən, arvadından da danışdı. Yeni çəkəcəyi filmdən söhbət açanda üzünə işıq gəldi. İntihardan bəhs edəcəkdi. Daha doğrusu, intiharı lağa qoyacaqdı. Ki, adamlar ölməsin. Ölmək istəməsin. Deyirdi və absurd, xeyli də komik epizodlardan danışıb qəhqəhə çəkirdi...

Mən belə görüşləri sevmirəm. Həyatla öz ürəklərində çoxdan vidalaşmış adamlarla belə olur. Eyni söhbəti təkrar-təkrar danışırlar, yalnız keçmişdən söz açanda üzlərində xoşbəxt ifadə olur və bu ifadə tez bir zamanda da çəkilib gedir.

Bir neçə dəfə olub belə. Üzündə əcəlin izlərini gördüyüm adamları yarı yolda qoyub getmişəm. Dözməmişəm. Sağlar ölüləri sevmirlər. Qorxurlar onlardan. Ölülərin nə hiss keçirdiyini bilmirəm. Bəlkə də, heç nə hiss eləmirlər...

Həmin günü emalatxanadan mümkün qədər tez çıxıb qaçmaq istəyirdim. Bu dəfə həkim olmaq istəmirdim. Əksinə, xəstədən mümkün qədər uzaqlaşmaq istəyirdim. İçərişəhərin daşlı küçələrində Anarla yan-yana getmək əzablı idi. Heç kəsin bizi bir yerdə görməməsi üçün dua eləyirdim az qala. Və eyni zamanda özümdən zəhləm gedirdi. Özümü anlamırdım. Nə üçün bu qədər yaşamaq istədiyimi başa düşmürdüm. Anarın və Anarların olmadığı dünyada...

Həmin gün Nazimlə Anarı bir yerdə qoyub qaçdım. Qaçdım deyim, başqalarını ittiham eləməyim, hərə onsuz da öz xaçını daşıyır. Anar daşımaq istəmədi. Onun xaçı çoxdan qırılıb düşmüşdü. Fərqi yoxdur niyə. Amma var, lənət olsun, var!...