18:16 | 24 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 566 dəfə baxılıb
Şriftin ölçüsü
Bakıda yaşayan bir dostumla yazışırıq. Ukrayna savaşına çatanda söz gəlib Dostoyevskiyə çıxır. Yuxarıdakı sözlərini xatırlayırıq.
Bakıda yaşayan bir dostumla – Fərrux Şıxlinski ilə yazışırıq.
Ukrayna savaşına çatanda söz gəlib Dostoyevskiyə çıxır.
Yuxarıdakı sözlərini xatırlayırıq.
Məşhur rus televizyoçusu Nevzorov bir Youtube paylaşımında Dostoyevskini “Rus pravoslav faşizminin baş ideoloqu” adlandırır…
Gecə Lvovdakı bir arkadaşımla – Boqdanla danışıram telefonda.
Boqdana zarafatla Allahverdi deyirəm – Boq+Dan
Narahatdır Boqdan.
Ailəsini Polşaya göndərib, özü isə savaşa hazırlaşır getməyə…
XIX əsrin ikinci yarısında Rusiya siyasətində “Şərq məsələsi” ən mühüm mövzulardan biri idi. Burada əsas məsələ Osmanlı İmperiyasının zəifləməsi fonunda onun mirasına kimin sahib çıxacağı idi. Konstantinopol — həm strateji, həm də dini baxımdan — Rusiya üçün “pravoslavlığın müqəddəs paytaxtı” kimi görünürdü. Dostoyevski də bu mövzunu ilk dəfə 1877-də gündəmə gətirirdi.
“Yazıçının Gündəliyi” (Дневник Писателя) əsərində dəfələrlə Konstantinopol mövzusu qaldıran Dostoyevski yazırdı ki, Rusiya yalnız öz daxili gücünü deyil, həm də pravoslavlıq uğrunda mübarizə missiyasını yerinə yetirməlidir və bu mübarizənin son məqsədlərindən biri Konstantinopolun azad olunmasıdır…
Əsəri ilk dəfə aspirant vaxtı oxumuşdum.
Dünən axşam yenə yadıma düşdü.
İnsan nə qədər psixi sarsıntı keçirməlidir ki, belə sərsəm xəyallara dalsın, deyə düşündüm.
Ruslar İstanbula “Çarqrad” (Царьград) deyirlər, yəni “Şəhərlər Çarı” – Sən bir sevginin, arzunun, istəyin, inadın gücünə bax. Nə qədər çox istəməlisən ki, şəhərə “Şəhərlər Çarı” deyəsən.
Dostoyevski üçün Konstantinopol sadəcə şəhər deyil. Onun sevgi və arzusu “Üçüncü Roma” ideyası ilə bağlıdır. Rus ideoloqlarına görə, Bizans İmperiyası süqut etdikdən sonra onun dini və siyasi mirasını Moskva götürmüşdü. Yəni Bizansdan sonra Moskva artıq “Pravoslav dünyasının yeni mərkəzi” hesab olunurdu. Başqa sözlə, Konstantinopol Bizansın paytaxtı idi və pravoslavlığın əsas ocağı sayılırdı. Bizansın çöküşündən sonra rus düşünürləri inanırdılar ki, həmin müqəddəs missiya Moskvanın üzərinə düşür. Ona görə də Moskvaya “Üçüncü Roma” deyirdilər. Dostoyevski də bu ideyanı mənəvi, və mistik hədəf kimi qəbul edirdi.
Dostoyevski türk-müsəlman dünyasına söyləndiyi kimi romantik münasibət göstərmirdi, əksinə, o, Osmanlını Rusiya üçün təhlükə, Konstantinopolu isə ələ keçirilməli müqəddəs hədəf kimi təsvir edirdi. Amma bu baxış təkcə siyasi deyildi , ruzs yazıcının yaradıcılığındakı milli-mənəvi qatlarla da bağlı idi, Konstantinopolun alınmasını rus xalqının “tarixi missiyası” hesab edirdi.
Yazıçının romanlarında Konstantinopol – İstanbul mövzusu geniş işlənməsə də publisistik yazılarında bu, açıq şəkildə öz əksini tapır. “Yazıçının gündəliyi” əsərində Balkan müharibələri, slav xalqlarının taleyi və Konstantinopol məsələsi onun üçün “ümumrus idealı”na çevrilir. Bu mövzu Dostoyevskinin əsərlərində rus messianizminin, pravoslavlıq ideyalarının və imperiya təfəkkürünün bir növ mərkəz nöqtəsinə çevrilmişdi…
Dostoyevskidən fərqli olaraq Tolstoy tam fərqli mövqedə idi. Onun üçün Konstantinopol məsələsi müharibə üçün bəhanədən başqa bir şey deyildi. Tolstoy Rusiyanın Osmanlıya qarşı müharibələrini tənqid edir, dövlətlərin “müqəddəs missiya” adı altında qan tökməsini mənasız görür, insan həyatını və mənəvi dəyərləri siyasi iddialardan üstün tuturdu. Tolstoya görə Konstantinopol uğrunda müharibə nə rusların, nə də insanlığın xeyrinə idi; o, bunu hakimiyyətlərin iştahına və ambisiyalarına bağlayırdı.
Rus ədəbiyyatının iki önəmli ismi arasındakı fərq çox bariz deyilmi?
Dostoyevski Konstantinopolun alınmasını Rusiyanın tarixi missiyası hesab edərkən, Tolstoy pravoslavların bu hülayasını siyasi oyun, savaş üçün bəhanə sayırdı.
Dostoyevski milli-mistik yanaşması ilə Rusiyanın “dünyanın xilaskarı” obrazını müdafiə edərkən Tolstoy humanist mövqe tutaraq müharibəyə qarşı çıxır, Konstantinopolu sadəcə rus imperiya siyasətinin bir oyuncağı kimi görürdü.
İki böyük yazıcının dünyagörüşü necə də fərqlidir:
Dostoyevski qatı, mistik millətçi, pravoslav missiyasının təbliğatçısı;
Tolstoy isə pasifist humanist, hərbi-siyasi ambisiyaların tənqidçisi…
***
Rusların Konstantinopolu ələ keçirmə xülyası ilk dəfə rus tarixçisi Nikolay Danilevskinin 1867-ci ildə yazdığı “Rusiya və Avropa” əsərində dilə gətirilib. Qərbin fərdiyyətçi, aqressiv və kafir olduğunu deyən Danilevski pravoslav-xristian-slavyan “ümmətinin” Avrasiyanı qurmaqla dünyanı xilas edəcəyini yazırdı. Zənnimcə, Dostoyevski də elə məhz onun təsiri altına düşüb.
Danilevski kimi tarixçilər və rus radikal dinçi-faşist ideologiyasını qəbul edənlər rus xalqını Pravoslav aləminin qılıncı sayırlar. Bu ideologiyanın ən qatı tərəfdarı putinçi Çarqrad (Царьград) qrupudur. Qrupa aid “Tsargrad TV” (Царьград ТВ) kanalı bu radikal cərəyanın əsas təbliğatçısı və ruporudur. 2015-ci ildə rusiyalı iş adamı K. Malofeyev tərəfindən təsis edilmiş kanal ultrasağçı, millətçi, mühafizəkar və monarxist mövqelərdən çıxış edir. Kanal Rus Pravoslav Kilsəsi ilə sıx əməkdaşlıq içindədir.
İstanbulun ruslar tərəfindən ələ keçirilməsi bu gün utopiya kimi görünsə də bu balaca məsələ deyil. Türk Dünyası rusların bu sərsəmləmələrinə qarşı peydərpey cavab verməli, Rusiyanın bütün slavyanları bir dövlət ətrafında toplayıb paytaxtını Çarqrad elan etməsini kəskin şəkildə tənqid etməli, Avrasiya dövləti qurma ehtirasının rus ideoloqların qanına işləməsinə rəğmən “beşiyindəcə boğmalıdır”.
Bu fikirlərə günümüzdə avrasiyaçı, qatı putinçi Aleksandr Duqinin məqalə və kitablarında və bir vaxtlar Putinin yaxın silahdaşı olan Vladislav Surkovun yazılarında da rast gəlinir. Təəssüf ki, türk oxucu bunlardan bixəbərdir. Zərərli ideolji toxumları olan rusların “III Roma” hədəflərini Türkiyə ictimaiyyətinə çatdırmaq olduqca vacibdir. Zaman-zaman müxtəlif tv kanallarında bu məsələ haqqında xeyli danışmış, çətin olsa da “buzu” yerindən tərpətmişəm. Raskolnikovlar, Karamazovlar və digər “idiotları” əfkar-i ümumiyyənin zehnindən birdəfəlik silmək asan iş deyil.
Ancaq Türkiyədən də əvvəl bu həqiqətləri biz özümüz bilməliyik.
Əks təqdirdə sapı özümüzdən olan Tolstoyevskilərin şəksiz biat etmələrinin təhlükəli fəsadları başımıza yeni müsibətlər açacaq...