vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 5 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
İNCƏSƏNƏT  
AVLU 19:56 | 5 may 2025 | Bazar ertəsi Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AVLU

Hər bir heykəl ideya ilə başlar

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Türk memarlığında evlərin giriş qapısı həyətə açılır. Bəzən həyət binanın ortasında da olur. Bu sahəyə “Avlu” deyir türklər. Qərbdə isə tikilinin bu bölümü “Atrium” adlanır. Bəhs edəcəyim avlu Nizami adına Ədəbiyyat Muzeyinin üstü açıq həyətindədir. Qonaqlar muzeyin əsas qapısından giriş yapdıqları üçün buranı ancaq bu elm və sənət ocağında çalışanlar və özəl qonaqlar görürlər.

Memar Qasım bəy Hacıbababəyov bu füsunkar binanı 1860-da karvansara kimi inşa etmişdi. Sonralar “Metropol” oteli olan binada 1918-1920-də Cümhuriyyətimizin qurucu babaları yaşayıb, çalışmışlar. Bakının ən gözəl tikililərindən biri olan bu tarixi bina Ədəbiyyat muzeyi olaraq 1945-ci ildən fəaliyyət göstərir…

Fəvvarələr meydanındakı kafelərdən birində görkəmli alim, akademik Rafael Hüseynovla söhbət edirik. Telefonuna zəng gəlir əziz dostumun, “Gəlin muzeyə, görək heykəlin üç hissəsini necə birləşdirirsiz… Natiq də gələcək” deyir. Gözləri gülür, məşhur heykəltəraş, xalq rəssamı Natiq Əliyevlə dost olduğumu bildiyi üçün belə deyir: “Natiqin dünyanın bir çox şəhərlərində heykəlləri ucalır, səpələniblər Yer kürəsinin dörd bir tərəfinə. Ancaq onun bütün heykəllərinin modelləri sadəcə burada – Ədəbiyyat muzeyindədir”.

Muzeyə rəhbərlik edən Rafael Hüseynovun gördüyü çox saylı böyük işlərdən biri də bu modelləri bir yerə toplamaqdır…

Hər bir heykəl ideya ilə başlar. Sənətkar ideyanı kağıza tökər, sonra yapacağı heykəlin kiçik ölçülü maketini hazırlar. Bu, heykəlin ümumi formasını görmək və lazımi düzəlişlər etmək üçündür. Daha sonra heykəltəraş yaradacağı əsərin modelini düzəldər. Heykəlin orijinal ölçüləri böyüklüyündəki model gil, mum və ya plastilin kimi elastik materialdan hazırlanar.

Modeli hazırlamaq tökmə və qəfləmə (qəlibləmə) prosesinin əsasını təşkil edir. Heykəltəraş gildən istifadə edir, qəlib çıxarır və əsər poliesterə köçürülür. Son mərhələdə isə ərinmiş metal (məsələn, bürünc) yüksək temperaturda qəlibə tökülür. Soyutma sonrası polister model heykəldən “azad olur”, əsər ortaya çıxır. Və heykəl qoyulacaq yerə gətirilərək açılış gününü gözləməyə başlar…

Muzeyə vədələşdiyimiz saatdan əvvəl gəlmişəm. Rafael müəllimdən öncə Fəvvarələr Meydanı tərəfdəki özəl qapıdan içəri girirəm. Polis məni tanıyır, içəri buyur edir. Avluda qarşıma Aşıq Ələsgərin möhtəşəm bürünc əsərinin polister modeli çıxır. Sanki qarşımdakı böyük sənətkarımız Natiq Əliyevin​ Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən Aşıq Ələsgər heykəlinin modeli deyil, orijinalıdır.

Hündürlüyü 4 metr olan heykəlin modeli də möhtəşəmdir. Bir neçə gün əvvəl avlunun sol tərəfində, içində dolçalı qız heykəlciyi olan kiçik hovuzun arxasında başqa əsər dururdu. Rafael Hüseynov əsəri buraya qoymaqla ona daha göstərişli yer seçib. Çoxlu foto çəkirəm Günəş şüalarına, küləyə, yağışa, qara-qışa daha dayanaqlı poliester heykəllə çoxlu şəkil çəkirik. Artıq muzeyi məbədə çevirmiş Rafael müəllim də gəlmişdi…

Axşam Bakının yaşıllıqlar içindəki sakit bir guşəsində çay içirik. Rafael müəllim uğurlu keçən bir günün dadını çıxarır – kefi yerindədir, muzeyə növbəti gözəl eksponat qazandırıb. Mənə tərəf dönüb “Hovuzun içindəki dolçalı qızın adını Alagöz qoymuşam” deyir. – Bir az dayanıb təbəssümlə davam edir: “Niyə Alagöz, bilirsənmi?”. “Çərşənbə axşamı bulaq başında” ilə başlayırdım ki, tez müdaxilə edir. “Çərşənbə axşamı yox, çərşənbə günündə”, – düzəldir:

Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun keçdi sinəmdən,
Cadu qəmzələri qanıma düşdü.

***

Nazim Hikmət Azərbaycana 4 ya da 5 dəfə gəlib. Hər dəfə də ədəbi ictimaiyyət tərəfindən böyük sevgi ilə qarşılanıb. Belə səfərlərin birində xalq şairi Rəsul Rzanın evində qonaq olur. Həyat yoldaşı Nigar Rəfibəyli görkəmli türk şairinin şərəfinə gözəl süfrə açır. O axşam Nazim Hikmət gözəl səsi ilə öz şeirlərindən misralar oxuyur. Rəsul Rza isə Azərbaycan xalq poeziyasından nümunələr gətirərək gecəni poeziya ziyafətinə çevirir.

O günə qədər Nazim Hikmətin Aşıq Ələsgər yaradıcılığı ilə tanış olduğu bilinmir. Ancaq “Çərşənbə bayatısı” söylənəndə əziz qonaq ayağa qalxaraq müdaxilə edir:

“Çərşənbə günündə, çeşmə başında/Gözüm bir alagöz xanıma düşdü...bura qədər çox gözəldir, realdır, təsvir mükəmməldir…Ancaq “Atdı müjgan oxun keçdi sinəmdən/Cadu qəmzələri qanıma düşdü…burada Ələsgər b…kunu çıkarmış”…

O axşamla bağlı Rafael müəllimə deyirəm ki, bilmirəm, necə olar Nazim Hikmət “müjgan” sözünün klassik poeziyada “kirpik” mənasında işləndiyini bilməsin. Ehtimal ki, o, “müjgan oxu” ifadəsinin gözlərin, kirpiklərin cazibəsi ilə "vurmaq", sevgi və ehtirasla əlaqəli metaforik ifadə olduğunu da anlamışdır. Ancaq ev sahiblərinin qonaqpərvərliyi, bir az da içkinin təsiri ilə Hazim Hikmət bəlkə də gecəyə nəşə qatmaq üçün zarafatyana bir fikir söyləmişdir.

Akademik isə fərqli düşünür, fikrini belə izah edir:

“Səni, anlayıram ki, yumşaldırsan, yaxşı da eləyirsən. Ancaq Nazim o cür deyəndə prinsipial düşünüb. Nazim Hikmətin o iradında əski və yeni poeziya, bədiilik və gerçəklik anlayışlarına fərqli yüksəkliklərdən yanaşmaq, daha bər-bəzəksiz, daha aydın və duru ifadəetmə qaydalarına riayət məsələsi var”...

Rafael Hüseynov bir qədər dayanıb artıq bir şərqşünas-alim kimi ifadə edir düşüncəsini:

“Aşıq Ələsgərlə Nazimin deyişməsi həm də əski türk poetik təfəkkürü ilə klassik ərəb-fars poetikasının dəbdəbəli təşbihlər sistemi arasındakı fərqin göstəricisidir. "Kitabi-Dədə Qorqud" daha gerçəkçi bənzədir: "Qoşa badam sığışmayan dar ağızlım" deyir, ərəb-fars şeiriyyatının canına yatansa, daha təbii, daha birbaşa yox, dolayısı ilə "püstə dəhanlım" söyləməkdir”…

Gec idi artıq, mən ertəsi gün İstanbula qayıdacaq, Rafael Hüseynov isə Sloveniyaya ezamiyyətə gedəcəkdi.

İlıq bir Bakı axşamıydı, ayrılarkən üzümüzdə təbəssüm var idi – Aşıq Ələsgərin mükəmməl heykəlinin birəbir modeli Nizami adına Ədəbiyyat muzeyinin inventarına keçmişdi.

Heykəli yapana da, ona yeni can verənə də təşəkkürlər…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)