
32 gün müddətinə 7.04 faizlə
Nazirlik ən böyük 5 banka depozit qoydu
Nazirlik ən böyük 5 banka depozit qoydu
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
Hirkan meşəsi üzərindən də duman dağılacaq
İstehsalat planı 106,2 faiz yerinə yetirilib
Amma bəzi quyularda hasilat gözləniləndən aşağıdır
Nazir dövlət istiqrazlarından danışdı
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
Dövlət istiqrazlarına maraq kəskin artıb
Oliqarxların büdcəyə təzyiqləri məhdudlaşdırılır
Hərrac olacaq
Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar
Rusiyada HP-nin təqdimatı qubernatorların dərhal həbsi üçün əsas sayılır, Azərbaycanda isə...
Təzə qanun hazırlanır
Satışa 20 milyon manatlıq istiqraz çıxarılır
Baş prokurorluq qaldırdığı cinayət işində deputatın adı hallanır, şəfəqin batdığı üfüqdə həbs təhlükəsi görünür
Məmurlara nəzarət gücləndirilir; xəbərlər var ki, payızda antikorrupsiya həbslərinin yeni dalğası başlayacaq; kimlər hədəfdədi?
Hesablama Palatası 2025-ci ilin ilk yarısı üzrə dövlət büdcəsinin icrasına dair hesabatında bildirilib ki, müvafiq dövrdə vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına 1 milyard 395,4 milyon manat vəsait yönəldilib. Halbuki, “Büdcə sistemi haqqında” Qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait ayrılması nəzərdə tutulmur.
Palatanın məlumatında vurğulanıb ki, bu addım qanunvericilikdə təsbit edilmədiyi halda həyata keçirilib və gələcəkdə büdcə intizamının təmin olunması üçün belə halların aradan qaldırılması vacibdir.
Müraciət və sorğuları, o cümlədən fiskal siyasətin ilbəil aktuallığı və iqtisadiyyatımıza təsirinin artacağını nəzərə alaraq fikirlərimi dəyərli oxucularımla bölüşmək qərarına gəldim.
Obyektivlik naminə məsələyə hər üç tərəfin (Maliyyə Nazirliyi, Hesablama Palatası və “Büdcə sistemi haqqında” Qanun) prizmasından baxaq.
Büdcə xərcləmələrində maksimum səmərəlilik, şəffaflıq, vaxtında icra və makroiqtisadi sabitliyin təmini və inkişafı Maliyyə Nazirliyinin, o cümlədən fiskal siyasətin əsas prioritetlərindəndir. Müşahidələr və gedişat göstərir ki, Maliyyə Nazirliyinin yeni rəhbərliyi yeni önəmli strateji istiqamətlər müəyyən edib və həmin istiqamətlərdən bir neçəsi aşağıdakılardır:
1. Büdcə xərcləmələrində maksimum şəffaflığın təmin olunması. Bu istiqamətdə konkret olaraq addım atılıb. “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 avqust, 2025-ci il tarixli Fərmanı ilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılıb. Bu sistemin məqsəd və vəzifələri Fərmanda qeyd edildiyi üçün burada təkrara yol vermək istəmirəm;
2. Büdcə xərcləmələrinin növbəti dövrlərdə büdcə geridönüşlərinin artımında rolunun və töhfəsinin artırılması. Şəffaflıq və səmərəlilik xüsusilə infrastruktur və investisiya yönümlü layihələrdə növbəti dövrlər üçün vergi və ödənişlərin, yəni büdcə daxilolmalarının artımında rol oynayacaq. Daha sadə dillə desək, bir layihənin icrası nə qədər şəffaf olarsa, həmin layihənin icrası nəticəsində daha çox məşğulluq təmin olunar, gəlirlərin şəffaflaşması isə gəlir və mənfəət vergilərinin artımını təmin edər. Bu isə büdcə daxilolmalarının növbəti mərhələlərdə davamlı artımı, nəticədə büdcənin ilbəil daha səmərəli böyüməsi deməkdir;
3. Yuxarıda qeyd etdiyim 2 strateji istiqamətin təmini üçün konkret addımlar atılıb, müvafiq Fərman verilib, lakin sistemin qurulması və səmərəli işləməsi üçün vaxt və resurslar lazımdır. Bu vaxt ərzində isə Maliyyə Nazirliyi mövcud büdcə xərcləmələrinin maksimum səmərəliliyini təmin etmək üçün qənaət və mövcud vəziyyətin təhlilini həyata keçirməyə məcburdur ki, hazırda da bu istiqamətdə tədricən işlər görülür. Məhz bu qənaət nəticəsində büdcədə artıq vəsaitlər formalaşıb. Vergi ödəyicilərinin hər bir manatının səmərəli istifadəsini özünün prioritet fəaliyyət istiqamətlərindən birinə çevirməyə çalışan Maliyyə Nazirliyi “əgər əlimdə sərbəst vəsaitlər varsa, nə üçün daxili borclanma nəticəsində cəlb edilmiş vəsaitlər üçün faiz ödəməli və lüzumsuz büdcə xərclərinə yol verməliyəm ki” prinsipi ilə vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına 1 milyard 395,4 milyon manat vəsait yönəldir. Nəticədə bu qədər borc üçün ödəniləcək faizlərə qənaət edilir;
4. 3-cü bənddə qeyd etdiyim məsələ ilə bağlı atılmış addım və niyyət büdcə xərcləmələri və səmərəlilik baxımından müsbətdir, lakin “Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulmayıb. İndi də məsələyə müvafiq Qanunun prizmasından baxaq. Aydın olması üçün məsələyə bir az uzaqdan yanaşaq. Demək olar ki, bütün dünya ölkələrində büdcə kəsirləri var və qaçılmazdır. Büdcə kəsiri niyə qaçılmazdır? Çünki, il ərzində inflyasiya gedir, ölkə iqtisadiyyatının növbəti il ərzində böyüməsinə rəvac vermək üçün daha çox xərcə ehtiyac duyulur və sair (makro və mikroiqtisadi səbəblər 10-dan çoxdur). Büdcə kəsirinin bağlanması, yəni xərclərin gəlirlərdən daha çox olan hissəsini təmin etmək üçün daxili və xarici borclanmaya gedilir. Büdcə davamlı olaraq təkcə gözlənilən, planlaşdırılan deyil, həm də gözlənilməyən (fövqəladə hallar, müharibə, pandemiya, qonşu ölkələrdə böhranlar və sair) şoklara və xərclərə də hazır olmalıdır. Bu səbəbdən hətta büdcədə müvəqqəti olaraq formalaşan artıq vəsaitin borcların öncədən planlaşdırılmayan bağlanmasına yönəldilməsi nəzərdə tutulmur. Çünki, ehtiyac duyulduğu anda borclanmanın təmin olunmaması riski var. Məsələn, ölkədə devalvasiya, maliyyə böhranı, pandemiya, müharibə olarsa, hər kəs (istər özəl, istər dövlət qurumları) dövlətə borc verməkdən daha çox (böhran və şoklar zamanı bu borc vermək üçün vəsait və likvidlik çatışmazlığı riski də yüksəlir) özünü xilas etməyi düşünür, bir çox hallarda isə istəsə də dövlətə kömək etmək iqtidarında olmur, əksinə özləri batır. Bu səbəbdən büdcə davamlı olaraq artıq vəsait, yəni təhlükəsizlik yastığına sahib olmalıdır. Qanunda nəzərdə tutulmamasının səbəblərindən digəri də budur ki, büdcə xərcləri zatən nəzərdə tutulduğu, planlaşdırıldığı kimi icra olunduğu üçün əlavə vəsaitin yığılması ya olmaz, ya da qısamüddətli ola bilər. Palata “büdcə intizamının gələcəkdə təmini üçün” dedikdə bunu nəzərdə tutur;
5. Palatanın mövqeyi aydındır. Palata deyir ki, niyyətin və səbəbin nə olmasından asılı olmayaraq Qanunda nəsə nəzərdə tutulmayıbsa, mən öz yoxlama aktımda qeyd etməliyəm. Çünki, ola bilsin ki, müvafiq Qanunda müvafiq yumşalma, düzəliş (məsələn, büdcədə yığılan artıq vəsait illik büdcə xərlərinin minimum 2 və ya 3%-i həcmində olmalıdır, bundan artıq qalan hissə daxili borcların bağlanmasına yönələ bilər) edilə bilər. Açığı bu düzəlişin nə dərəcədə zəruri olacağı müzakirə və mübahisə mövzusudur. Səbəbini növbəti 6-cı bənddə qeyd edəcəm;
6. İndi konkret bu məsələyə Maliyyə Nazirliyinin prizmasından baxmağa çalışaq. Maliyyə Nazirliyinin müəyyən etdiyi strateji istiqamətlərə və bu istiqamətlərin həyata keçirilməsi üçün 2025-ci ilin 9 ayı ərzində atdığı fundamental addımlardan birinə 1 və 2-ci bəndlərdə toxunduq. Maliyyə Nazirliyi bu işlərin görülməsi üçün xərclərdə qənaət rejimini tətbiq etməlidir. Qeyd etdiyimiz kimi, bu strateji istiqamətlərin həlli üçün Nazirliyin rəhbərliyi sistem və kadr potensialını formalaşdırmalı və təkmilləşdirməli, mövcud kadr potensialının yanaşma tərzinin dəyişməsinə (fiskal siyasət təkcə büdcə xərcləmələrinin həyata keçirilməsinə nəzarət deyil, onun səmərəliliyi (bu gün dövlət qurumları elə lüks və lüzumsuz xərclərə yol verirlər ki, həmin xərcləri ölkənin ən böyük və rentabelliyi yüksək özəl holdinqləri belə özlərinə rəva görmürlər. Əlavə olaraq, həmin lüks xərclər növbəti illərdə daha yüksək təmir, xidmət və amortizasiya xərcləri deməkdir ki, bu da dövlət büdcəsinə əlavə yük formalaşdırır. Lüzumsuz bahalı və səmərəsi minimum olan bəzi tədbirlər də bu siyahıya aid edilə bilər), şəffaflığının təmini (səmərəlilik və şəffaflığın təminində Hesablama Palatası ilə də əməkdaşlıq və sinxron fəaliyyət önə çıxır) və ən əsası fiskal siyasət alətləri ilə makroiqtisadi sabitliyin təmin olunmasında rol oynamaqdır. Bütün bunların təmini üçün qısa müddət ərzində aparılan islahatlar, qənaət rejiminin tətbiqi vahid xəzinə hesabında sərbəst qalığın daha çox formalaşmasına səbəb olub ki, Maliyyə Nazirliyi də bu vəsaitdən faiz xərclərinin də azaldılması (daxili borcun bir hissəsinin bağlanması yolu ilə) məqsədilə istifadə edib. Qısaca desək, yaranan vəziyyət aparılan islahat və qənaət rejiminin nəticəsidir, növbəti illərdə bu qədər əlavə vəsaitlərin formalaşması ehtimalı aşağıdır (çünki sistem və şəffaflığın təminindən sonra xərclər plana uyğun şəkildə həyata keçiriləcək). Bu səbəbdən 5-ci bənddə qeyd etmişdim ki, Qanunda bu məsələnin nəzərdə tutulması üçün müvafiq dəyişiklik edilə də bilər, edilməyə də. Müzakirə və mübahisə mövzusudur. Maliyyə Nazirliyi bu dəyişikliyi istəyə bilər? İstəsə arqumentləri nə ola bilər? Növbəti bənddə baxaq.
7. “Büdcə sistemi haqqında” Qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait ayrılmasının nəzərdə tutulmamasının bir neçə səbəbinə 4-cü bənddə toxunduq. Burada ən önəmli məsələ, istənilən anda Maliyyə Nazirliyinin borclana bilib bilməməsi ehtimalının nə qədər yüksək və ya aşağı olmasıdır. Qısaca deyək ki, bəzi ölkələrdə bu ehtimal yüksək, bəzilərində aşağıdır. Xüsusilə neft fonduna malik resurs ölkələrində bu ehtimal yüksəkdir. Yəni, istənilən şok hadisəsi zamanı investorlar Maliyyə Nazirliyinin istiqrazlarını almaq iqtidarında və ya həvəsində olmasalar da, büdcə üçün lazım olan kəsiri (bu kəsir də böyük olmur, ölkəmizdə büdcə kəsiri ÜDM-nin 3%-i civarında müəyyən olunur) ən pis halda Neft Fondundan borclanmaqla da həyata keçirə bilər. Faizləri də Neft Fonduna ödəyər. Borc borcdur və hər ikisi də dövlətin qollarından biridir. Hətta ən pis halda belə, hər hansı daxili şok halında dövlət daxili borclanmaya gedə bilmirsə, xarici borclanmaya gedə bilər. Ölkəmiz resurs ölkəsidir, nefti və qazı bu borcu qaytarmağa maddi təminatdır və ən əsası, xarici borcun ÜDM-də payı 6%-in altındadır. Yəni, xarici borclanmanı istənilən zaman həyata keçirmək ehtimalı yüksəkdir. Deməli, ölkəmizin büdcəsi üçün istənilən anda borclanma imkanları ehtimalı yüksəkdir. Yuxarıda qeyd olunan islahat və strateji istiqamətlər və bu bənddə vurğulanan arqumentlər isə Maliyyə Nazirliyinin sərbəst qalıqdan daxili borcun azaldılması üçün istifadə edərkən ciddi maliyyə risklərinə yol vermədiyini bir daha göstərir. Əlavə olaraq nəzərə alaq ki, Maliyyə Nazirliyi həm də banklarda depozitlər də yerləşdirir və istənilən anda bu depozitlərdən də istifadə etmək imkanını əlində saxlayır. Büdcə üçün likvidlik riski məsələsi minimum olduğu üçün Maliyyə Nazirliyi daxili borcun azaldılması addımlarını atmışdır.
Gördüyümüz kimi, iqtisadiyyat, fiskal və monetar siyasətlər necə də mürəkkəbdir. Elə bir hal ola bilir ki, hər iki, üç və ya dörd tərəf də haqlı ola bilir. Konkret olaraq bu məsələdə, hər üç tərəf öz vəzifəsini maksimum yerinə yetirməyə, dövlətə daha çox səmərə və fayda gətirməyə çalışır, lakin ortada yenə də bir irad formalaşa bilir.
Önəmli olan niyyət, atılan addımda dövlətin zərər deyil, fayda görməsi, risk formalaşmamasıdır. Bunlar olduqda qeyd olunan məsələlər sadəcə texniki məsələlərə çevrilir.
Palatanın digər bir iradı olan qapalı hərraclar məsələsinə gəlincə. Burada Maliyyə Nazirliyi büdcə vəsaitlərinin yerləşdirilməsi üçün ciddi məsuliyyət daşıyır. Hərrac keçirmək xatirinə açıq hərraclar keçirib vəsaitlərin bir hissəsini riskə atmaq doğru olmaz. Lakin, Palatanın da iradında müəyyən həqiqət payı var. Bu səbəbdən təklif edirəm ki, hərraclarda vəsaitlərin yerləşdirilməsi risklərin idarə edilməsi çərçivəsində qurulmuş sistemlə təşkil olunsun. Yəni, banklarda baş verənləri ən yaxşı bilən Mərkəzi Bankdır. Maliyyə Nazirliyi də bank sistemində olan bankların prudensial hesabatlıqlarını təhlil edərək hər bir bank üçün müəyyən xətt aça bilər. Yəni, A bankı hərraclarda məsələn, 10 milyon manat, B bankı 100 milyon manat depozit cəlb edə bilər, C bankının isə qeyd etdiyim və etmədiyim göstəricilər çərçivəsində limiti məsələn 1 milyon manat ola bilər. Hər bank üçün həmin bankın aktivləri, gəlirləri, kredit portfeli, ROA, ROE və digər əmsallarına əsasən risk iştahası müəyyən edilir və həmin çərçivədə depozit cəlbinə icazə verilir. Bütün dünyada belədir. Hər kəsin (bankın da, şirkətin də, fiziki şəxsin də) öz imkanları, kredit ödəmə, borclanma, depozit cəlbetmə imkan və limitləri vardır və risklərin də səviyyəsi banklara görə təbii ki, dəyişir. Maliyyə Nazirliyi təyin etdiyi limitləri əlbəttə ki, Mərkəzi Bankla da məsləhətləşdir. Bu sistemlə Maliyyə Nazirliyi də öz risklərini yumşaldır, hərraclar da açıq keçirilir, hər bir bank da yalnız öz imkanları çərçivəsində depozitlər cəlb edə bilər.