vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 17 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
Siyasətin pərdəarxası 17:08 | 16 iyun 2025 | Bazar ertəsi Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siyasətin pərdəarxası

İsrail-İran müharibəsi sadəcə iki dövlətin kaprizi deyil

Elman SADIQOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın Şərq siyasətini anlamaq, öyrənmək dünya siyasətinin ən azı 60-70 faizini müəyyən dərəcədə də olsa dərk etmək deməkdir. Çünki, Yaxın Şərq böyük qüvvələrin maraqlarının toqquşduğu mürəkkəb və mürəkkəb olduğu qədər də həssas bir düyündür. Bu düyünü öyrənməyə çalışdıqca İran-İsrail müharibəsinin 2 ölkə arasında baş verən bir müharibə olmadığı açıq-aydın görünür. Hazırda mediada çirkli, səthi və bir çox hallarda yanıltıcı bol informasiyaları nəzərə alaraq İran-İsrail münaqişəsinin tarixinə və səbəblərinə qısa nəzər salmaq qərarına gəldim.

II Dünya müharibəsindən sonra dünyanın yeni düzənində çoxlu yenilik və dəyişikliklər oldu. Hamısını sadalamadan mövzumuza aid ikisini qeyd edək. Birincisi, dolların dünyanın rezerv valyutası olması və ABŞ-ın əsas hegemon dövlətə çevrilməsi, digər yenilik isə İsrail dövlətinin yaranması idi. SSRİ ilə yaxın münasibətlər qurmağa çalışan və bunu müəyyən dərəcədə bacaran Fransa bu dövrlərdə Avropada və dünyada öz hegemonluğunun itirilməsi ilə barışa bilmirdi. Fransanın ABŞ-a qarşı ilk atdığı provokativ addım təkcə 1965-66-cı illərdə bir unsiyası 35 dollardan 1.5 milyard dollarlıq qızıl almaq və öz qızıl ehtiyatını bununla 4,600 tona çatdırmaq oldu. Niyə provokativ? Çünki, 1944-cü ildə Bretton-Vuds sazişi ilə ABŞ qızılın bir unsiyasının qiymətini 35 dollar olaraq peq etmiş və dolları qarşılığında bu qiymətə qızıl satacağı vədini vermişdi. Fransa Prezidenti De Qolun atdığı addım digər ölkələri də 35 dollardan qızıl alışına sövq etdi. Qara bazarda qızılın bir unsiyası 41-42 dollara idi və ABŞ-dən alınan qızılı qara bazarda satmaqla ölkələr pul qazanmağa başladı. ABŞ-nin qızıl ehtiyatları 1945-ci ildəki 20 min tondan 1971-ci ildə 8 min 300 tona düşdü. 1971-ci ilin 15 avqustunda ABŞ Prezidenti Nikson qızılın sabit qiymətinin ləğv edildiyini və qiyməti bazarın tənzimləyəcəyini bildirdi (həmin dəyişiklik Nikson şoku kimi tanınır). Bununla Fransa Bretton Vuds sisteminə ciddi zərbə vurdu.

Bunun ardınca İran şahı Rza şah Pəhləvi OPEK ölkələrini istehsalı azaltmaqla neft qiymətlərini artırmağı təklif edir və neft qiymətlərinin artımına səbəb olur. 1973-cü ilin iyun ayında bir bareli 3.56 dollar olan neft ilbəil artaraq 1980-ci ilin may ayında özünün həmin dövrdə pik rekord həddi olan 39.5 dollara (dolların alıcılıq gücü ilə bu gün 156 dollar) çatdı. 1972-ci ildə Hörmüz boğazını da bağlayan İran şahı “bütün Qərbi velosipeddə gəzməyə məcbur edəcəyini” bildirmişdi. Bu məsələ o zaman ciddi neft hasilatına malik SSRİ və onun Avropadakı dostu Fransa tərəfindən dəstəklənirdi. ABŞ çox ciddi iqtisadi böhranla, hətta staqflyasiya ilə üzləşdi. 1976-cı ildə Nobel mükafatı alan, monetarist siyasətin qurucusu hesab olunan Milton Fridmanın proqramı ilə ABŞ vəziyyətdən çətinliklə və böyük maliyyə itkiləri ilə çıxdı.

Dünya və ABŞ iqtisadiyyatına 8 il böhran yaşadan Rza şah Pəhləvi öz taleyini həll etmişdi. Fransada mühacirət həyatı yaşayan Xomeyninin hakimiyyətə gətirilməsi həm hadisələri qabaqlamaq, həm də İranda öz nüfuzunu daha da artırmaq üçün ən yaxşı variant idi. (qısa yazmağa çalışdığım üçün təfərrüatlara toxunmuram).

1979-1980-ci illərdə formalaşan İran İslam Respublikasının əsas strateji hədəfinin İsraili məhv etmək olduğu elan edildi. Çünki, Britaniyanın layihəsi və dəstəyi ilə yaradılan İsrail Yaxın Şərqdə nüfuz sahibi olduqca Fransa Yaxın Şərqi itirəcək (Britaniya və Fransa son 500 ildir barışmaz rəqibdirlər. Onları bir dəfə Hitlerə qarşı müharibə birləşdirdi, hazırda da yalnız Rusiyadan çəkinmək amili birləşdirir). Ərəb ölkələri daha çox ABŞ və Britaniyanın (Səud ailəsinin Britaniyanın dəstəyi ilə hakimiyyətə gəlməsi, Haşimilərə verilən dəstək, neft amili, BP və ABŞ neft şirkətlərinin bütün neft ölkələrində əsas investorlar olması burada həlledici rolları oynayır) nüfuz dairələrində olduğundan Fransa İrana əsas dayağı kimi baxırdı. Fransanı güclü edən amillər bu yazının mövzusu olmadığından toxunmuram. Hamımızın bildiyi və üzdə olan, o cümlədən birləşdirici amil erməni lobbisi məsələsi idi. Lakin, İran kifayət etmirdi. Bu səbəbdən İran İsraili əhatə edən dövlətlərdə nüfuz dairəsini artırmağa başlayır. Livanda şiə amilindən istifadə edilərək “Hizbullah”, Fələstində isə ideologiyası sünni olan HƏMAS-ın islam amilindən və vahid düşmənə (İsrail) qarşı mübarizə siyasətindən istifadə edilərək maliyyələşmələri həyata keçirilir. Suriyada şiə məzhəbli Əsəd ailəsi hakimiyyətini dəstəkləyir. Yuxarıda erməni lobbisinin birləşdirici amil olması məsələsini qeyd etdim. Fransada, İranda, Livanda, Suriyada olan güclü erməni lobbisi həm də Fələstində mövcud idi. Fələstində böyük nüfuza malik erməni məhəlləsi də var idi və dövlət bu məhəlləni əsas güc mərkəzlərindən biri hesab edirdi.

Haşiyə: 1980-ci illərdə ABŞ ona 1970-ci illərdə yaşadılan böhranın bədəlini SSRİ-yə neftin qiymətlərini 10 dollara qədər azaltmaqla ödətdi. 1979-cu ildə Əfqanıstana qoşun yeridən SSRİ-nin hərbi xərcləri 1986-cı ildə ÜDM-sinin 6 faizini keçmişdi. Düşən neft qiymətləri iqtisadiyyatı neft-qaz ixracından asılı olan SSRİ-ni çökdürdü. Eyni ssenari Rusiya ilə bağlı baş verir (bu haqda digər bir geniş məqaləm var). Nüfuzu və imkanları zəifləyən Fransa isə qeyd etdiyim kimi öz mövqelərini daha çox Yaxın Şərq və Afrikada saxlamağa çalışırdı. 

Fransa Qafqazda da öz mövqelərini İran və Ermənistan vasitəsilə möhkəmlətmək istəyirdi. 1988-ci ildə Qarabağın öz ərazisi olduğunu rəsmən iddia edən Ermənistanı ən çox Fransa (Azərbaycanı informasiya blokadasına almışdılar), İran, Livan, Suriya, Fələstin, o cümlədən erməni lobbisinin güclü olduğu ABŞ dəstəkləyirdi. Qarabağda bu ölkələrdən gələn peşəkar muzdlular yüzlərlə azərbaycanlı əsgərləri və dinc əhalini qətlə yetirirdilər. Azərbaycanın səsi hər yerdə batırılırdı, beynəlxalq qəzet, jurnal, televiziyalara çıxışları məhdud idi və ölkəmiz sözün həqiqi mənasında informasiya blokadasında idi.

1994-cü ilin 10 may tarixində ermənilərlə atəşkəs elan olunur və həmin ilin 20 sentyabrında BP başda olmaqla neft konsorsiumu formalaşdırılır və Əsrin Müqaviləsi imzalanır. Britaniyanın Qafqaza gəlişi Fransanın əlini-ayağını kəsir. Fransa Minsk qrupunda qalmaqla Qafqazda nə vaxtsa söz sahibi olacağına ümid edir.

2000-ci illərin əvvəllərindən dünya yeni düzənə doğru addımlamağa başladı. 11 sentyabr hadisələrindən etibarən dünya bank və maliyyə sistemi, enerji sistemi daha ciddi nəzarət altına alındı. 2020-ci ildə 44 günlük Qarabağ müharibəsi ilə Yeni Dünya Düzəninin formalaşmasının növbəti mərhələsi başlandı. Ermənistana yeni reallıq və gerçəklikləri dərk etdirildi. Sonra kvazi İran gücləri adlandırılan “Hizbullah” və “HƏMAS” çökdürüldü. Livan tamamilə zəif və heç bir funksiya göstərməyən dövlətə çevrildi. Suriyada isə Əsəd hakimiyyəti devrildi. Fransanın Yaxın Şərq və Afrikadan əli-ayağı sürətli bir şəkildə kəsilməyə başlandı. Nəhayət 3 gün öncə İsrail-İran müharibəsi başlandı. Təsadüfi deyil ki, baş verən bu hadisələrin ciddiyyətini dərk edən Fransa öz qınına çəkilmiş, Britaniya isə İsrailə dəstək üçün Yaxın Şərqə hərbi qüvvə göndərir. 1980-ci illərdə SSRİ-yə ödədilən bədəl bu gün Fransaya da ödədilir. Bunlar baş verəcək dəyişikliklərin son fazasıdır? Xeyr. Hələ növbəti fazalar qarşıdadır.

Daha bir xatırlatma. Son 50 il ərzində Fransa bir neçə qlobal layihədə (xüsusilə son 15 il ərzində ABŞ və Britaniyanın Yaxın Şərq, İran, Rusiya və Suriya siyasətlərində) oyunpozanlıq edib. Ən son qlobal layihə Zəngəzur dəhlizi ilə bağlı proseslər gözümüz önündə baş verir. İran Qafanda, Fransa isə Gorusda konsulluqlar açdı. Bir orkestrin iki ifaçısı. İranın və Fransanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi isə Rusiyanın mövqelərinin zəifləməsindən istifadə edərək Qafqaza gəlmək istəyən Fransanın mövqeyi idi. Baxmayaraq ki, Zəngəzur dəhlizi əslində Ermənistanın özü üçün çox əlverişlidir.

Haşiyə: 2018-2020-ci illər ərzində ARB24, AzTv və digər kanallardakı çıxış və müsahibələrimi, məqalə və araşdırmalarımı izləyənlər hələ 2016-cı ildən konturları görünməyə başlayan 2030 konseptində əsas rollardan birini məhz Yaxın Şərq və Afrikanın oynadığı və oynayacağı fikirlərimi yəqin ki, xatırlayırlar. Həmin dövrlərdə səsləndirdiyim 2030 konsepti, “Brexit”in Azərbaycana birbaşa təsiri, tamamilə Yeni Düzənin formalaşacağı, yeni birliklərin yaranacağı, 2018-ci ildə zəif olan dövlət və regionların qısa müddətə güclənəcəyi, yeni dəhlizlər açılacağı ilə bağlı fikirlərimin burada təkrara ehtiyacı yoxdur. Beləliklə, yeni bir Avropa, yeni bir Şərqi Asiya (o cümlədən Çin), yeni Amerika (Tramp “Amerikanı yenidən qüdrətli edin” şüarı təsadüfi deyil), yeni Qafqaz, yeni Orta Asiya və ən əsası yeni Yaxın Şərq formalaşır. 

Yaxın Şərqi, onun dinləri, siyasəti və xalqlarının tarixilərini, iqtisadiyyatı və iqtisadiyyatının tarixini bacardığı qədər dərindən araşdırmağa çalışan bir şərqşünas və iqtisadçı kimi mürəkkəb və  kitablara sığmayacaq hadisələri maksimum qısa şəkildə əks etdirməkdə əsas məqsədim odur ki, İsrail-İran müharibəsini sadəcə iki dövlətin kaprizi və ya iradəsi kimi görməyək. Cəmiyyətimiz tarixini, səbəblərini bilmədiyi bu müharibə səbəbindən iki hissəyə bölünməsin. Yaxın Şərqi araşdırmayan, dərindən bilməyən, hadisələrin kökünü görməyən şəxslərin televiziya və mətbuatda yanlış təhlil və rəyləri yanlış nəticələr doğura bilər. Bir də ən əsası I Qarabağ müharibəsi dövrünü görməyən gənclərimiz isə ölkəmizin hansı böyük oyunların (təbii ki, kiçik bir yazıda o oyunların heç 1 faizi belə əks oluna bilməz) içindən çıxaraq bu günə gəlib çatdığını, dost və düşmənlərimizin kim olduğunu, “növbəti 30 ildə donuzlarımız Kürdən su içəcək və biz Yevlaxda oturacağıq” deyən erməniləri 1 günlük antiterror əməliyyatları nəticəsində məhz Yevlaxda təslim olmağa məcbur etdiyimiz günə qədər ölkəmizin keçdiyi yolu (1988-2023) öyrənməyə təşviq etmək idi...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)