vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BANK, BİRJA, SIĞORTA  
Neft ÜDM-ni azaldıb 00:55 | 14 aprel 2025 | Bazar ertəsi Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft ÜDM-ni azaldıb

ABŞ emal sənayesindəki vəziyyət niyə narahatlıq doğurur?

Elman SADIQOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni ticarət sisteminin formalaşması, iqtisadi yanaşmanın dəyişməsinin vacibliyi ABŞ üçün zəruri bir addım olduğu üçün yeni tətbiq olunan tariflər fonunda yeni ticarət və iqtisadi əlaqələrin formalaşmasının təmin edilməyə çalışılmasını öncəki bir sıra məqalə, çıxış, müsahibə və açıqlamalarımda qeyd etmişdim. Bu tarifləri zəruri edən 1.8 trilyon dollarlıq (ÜDM-nin 6.5 faizi), 1.2 trilyon dollarlıq ticarət kəsiri və 36.6 trilyon dollarlıq borclardan əlavə həm də ABŞ-nin son 50 ildə azalmağa doğru gedən emal sənayesi idi. Digər göstəricilər haqqında dəfələrlə fikir bildirdiyim üçün bu dəfə sırf emal sənayesinin mövcud vəziyyətinə toxunaraq Trump administrasının narahatlığını daha aydın anlayacağıq.

Bunun üçün ilk növbədə ABŞ-nin 1944-cü il Bretton-Vuds sazişindən indiyə qədər emal sənayesinin göstəricilərini əks etdirən birinci qrafikə nəzər salaq. Həmin qrafikdə Bretton-Vuds sazişinin formalaşdırdığı ticarət qaydalarının qüvvədə olduğu dövr, sonra isə Reyqan-Tetçer dövründə tətbiq olunan neoliberal düzən və 2016-cı ildən indiyə qədərki dövr ayrıca işarələnib. Bu qrafikdə ABŞ-də emal sənayesinin ÜDM-də payı əks olunur. Göründüyü kimi Bretton-Vuds dövründə ABŞ-də emal sənayesi nisbətən yüksəlib, sonra isə 1970-ci illərin yüksək neft qiymətlərinin yaratdığı staqflyasiya böhranı dövrlərində emal sənayesinin ÜDM-yə payı azalmağa başlayıb.

Reyqan-Tetçer dövründə tətbiq olunan neoliberal ticarət düzənində isə bu eniş daha da sərtləşib. Diqqət edək ki, kəskin eniş məhz 1970-ci illərin böhran illərində başlayıb. Qırmızı rənglə diqqətə çatdırılır. İkinci kəskin enişə keçid fazası isə 2015-2016-ci illərdən başlayıb. Onsuz da trend kəskin şəkildə davamlı enişdə idi. 2016-2020-ci illərdə Tramp, 2020-2024-cü illərdə Bayden administrasiyalarının tətbiq etdikləri tariflər iqtisadiyyat üçün müəyyən müsbət siqnallar versə də, məsələlərin həlli, o cümlədən emal sənayesinin ÜDM-də payının azalması trendini dəyişmək və ya heç olmasa zəiflətmək mümkün olmadı. Yəni, tədrici müalicələrin effekti olmadı. ABŞ korporasiyaları ucuz işçi qüvvələri səbəbindən Çin, müəyyən hissəsi də Vyetnam olmaqla digər ölkələrdə öz filiallarını açaraq emal sənayelərini, istehsallarını ABŞ-dən həmin ölkələrə köçürməyə davam etdilər. Açığı vaxtilə ABŞ administrasiyalarının sözlərinə baxmayan həmin korporasiyaların hazırkı vəziyyətdə kəskin etiraz səsləri yüksəltmək imkanları məhduddur. Çünki ABŞ-nin emal sənayesi sahəsində dünyanın əsas iqtisadi güc mərkəzlərinə uduzmasını öz siyasətləri ilə “təmin ediblər”.  Əslində Almaniya, Yaponiya kimi ölkələr də öz emal sənayelərinin bir hissəsini Çin, Vyetnam və digər biznes mühitinin münbit olduğu və ucuz işçi qüvvəsinə malik ölkələrə köçürüblər. Lakin, bu transfer ABŞ-də olduğu qədər sürətli olmayıb.

Aşağıdakı 2-ci qrafik isə Çin (28 faiz), Yaponiya (21 faiz), Almaniya (19 faiz) və ABŞ-nin (10 faiz) emal sənayelərinin ÜDM-də paylarını əks etdirir. ABŞ 10 faiz göstərici ilə kifayət qədər geridədir. Bəs emal sənayesinin bu vəziyyəti Tramp administrasiyasını niyə narahat edir?

İlk növbədə emal sənayesi dayanıqlı məşğulluq deməkdir. Dayanıqlı məşğulluq isə artan büdcə daxilolmaları, azalan dövlət borcu, rifahın artması deməkdir. Başqa bir araşdırmamın nəticəsini qeyd edim ki, emal sənayesinin inkişafı ilə məşğulluq, məşğulluğun artmasının isə büdcə daxilolmalarının, ÜDM-nin artması və dövlət borcunun azalması arasında müsbət korelyasiyalar var. Uzun olmaması üçün həmin araşdırmanı bura əlavə etmirəm. Deməli 4-cü Sənaye İnqilabı, texnoloji inkişaf, robotlaşmanın, süni intellektin tətbiqi ilə artma ehtimalı olan işsizliyin məhz emal sənayesinin inkişafı ilə kompensasiya olunması təkcə ABŞ-ni deyil, dünyanın bir çox ölkələrini düşündürür və düşündürməlidir!  

Bir də belə bir sual ortaya çıxır ki, hazırda ABŞ-də işsizlik səviyyəsi 4.2 faizdir ki, bu da tam məşğulluq hesab edilən 5 faiz həddən də aşağıdır. ABŞ niyə məşğulluğu bu qədər cidd-cəhdlə artırmaq istəyir? Cavab: İşsizlik səviyyəsi iqtisadiyyatdakı vəziyyət haqqında müəyyən təsəvvür yaradır, lakin hər şey demək deyil. Çünki, hər dövlətin büdcə xərcləri, büdcəyə olan tələblər, iqtisadi böyümənin təmin olunması (ABŞ-ni güclü və hegemon iqtisadiyyata çevirən və digər bir çox ölkələrdən fərqləndirən o faktdır ki, ÜDM-si davamlı artıb və son 90 ildə ortalama artımı 2 faiz ətrafında saxlaya biliblər. Bu önəmli amildir) üçün müəyyən həcmdə büdcəyə ehtiyacı var.

Məsələ burasındadır ki, mövcud büdcə daxilolmaları büdcə xərclərini ödəyə bilmir (1 trilyona çatan hərbi xərclər, təxminən bir o qədər də borclara xidmət və sair). Digər tərəfdən ABŞ xüsusilə pandemiya və post-pandemiya dövründə kütləvi miqrasiyanı (green card və sair xətlərlə) kifayət qədər azaltmışdı. Çünki, emal sənayesinin payı azalırdı. Son 25 il ərzində emal sənayesində itirilmiş iş yerlərinin sayı 5 milyon olmuşdur. ABŞ miqrasiya siyasətini növbəti illərdə sürətləndirəcək. Lakin, yeni iqtisadi formasiya bacarıqlı kadrlar tələb etdiyi üçün bu dəfə kəmiyyəti keyfiyyətlə əvəzləmək istəyirlər. Yəni kütləvi miqrasiyanı ABŞ-yə daha kütləvi beyin axını siyasəti ilə əvəz etmək istəyirlər. Əgər emal sənayesini artırmağa nail olsalar miqrasiya zamanı həmin sənayenin də işçilərə olan tələbləri nəzərə alınacaq. Qısaca, iqtisadi inkişafın sürəti demoqrafik artım sürəti qabaqlayanda işçi qüvvəsinə tələb yaranır, miqrasiya siyasəti ilə bu problemi həll etməklə ölkə artan iqtisadi tsiklə keçid edir. Artan məşğulluq, artan istehsal, artan istehlak deməkdir, artan istehlak da yenə istehsalın və məşğulluğun artımını tətikləyir. Əksinə, iqtisadi inkişafın sürəti demoqrafik artım sürətindən geri qaldıqda işsizliyin artması və artan işsizlərin dövlət üçün yükə çevrilməsi, yükə çevrilən əmək ehtiyatlarının isə sosial ödənişlərlə təmini artan büdcə xərcləri (həm də büdcənin investisiyadan sosial büdcəyə meyl etməsi) mənfi çevrə formalaşdırır. ABŞ-ni ən çox narahat edən məqamlardan da biri budur ki, mövcud məşğulluq səviyyəsi artan büdcə xərcləri fonunda lazımi büdcə daxilolmalarını təmin edə bilmir.

Əslində araşdırma nəticəsində bir çox məqamlar ortaya çıxsa da, yazının uzun olmaması üçün burada qısaca olaraq ABŞ emal sənayesinin Bretton-Vuds sazişindən indiyə qədərki trendinə, mövcud vəziyyətə, digər ölkələrlə müqayisəsinə və mövcud vəziyyətin yaranma səbəblərinə, ən əsası isə Tramp administrasiyasının əsaslı narahatlığının köklü səbəblərinə nəzər salmağa çalışdım.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)