
Rutte Türkiyəni tərifləməkdən doymadı
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
Qarabağda müharibə başlayır?
Postsovet məkanındakı canlanma nələrə işarədir?
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif: “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”
Rusiyadan Putinin “Rustavi 2” telekanalında təhqir edilməsinə reaksiya
Saakaşvilinin çağırışı gürcü polisini hərəkətləndirdi
Çavuşoğludan “S-400” açıqlaması ...
Əsl zənginlik təmas və sadəlikdir ...
Tramp Putinə işləyir, ya yox?
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
Rusiya ekspertləri Vladimir Putinin 2019-cu il ismarıcını analiz edirlər
Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünümü yaxınlaşdırır?
Bu ilhaqa haqq qazandırmaq deməkdir
“Son təxribatının” arxasında dayanan güclər ...
Kasıblıqla axmaqlıq arasında əlaqə var desələr, nə düşünərdiniz?
Pulun olmamasının təhsil almaq, normal yaşamaq, iş tapmaq kimi problemlərə səbəb olduğu bilinən acı həqiqətlərdir. Lakin son zamanlar alimlər bu məsələni daha dərindən araşdıraraq yoxsulluğun insanın əqli qabiliyyətlərinə təsirini elmi yollarla sübut ediblər.
Nüfuzlu “Science” jurnalında dərc olunmuş araşdırmaya görə daimi maliyyə sıxıntıları insanın intellekt səviyyəsini aşağı salır. İnsan beyni pul çatışmazlığı problemini sürəkli düşündükdə yaradıcılıq və problem həll etmə qabiliyyəti zəifləyir. Hətta onun şəxsi inkişafını ləngidir, idrak funksiyasını azaldır, IQ səviyyəsinin 10-13 bənd aşağı salır. Təbii ki, hamımız bu və ya digər dərəcədə pul çatışmazlığı yaşaya bilərik, amma problem çox aktual olanda, bu, bizim yaradıcı düşüncə resurslarımızı tükədir və ciddi fəsadlara səbəbiyyət verir.
Eldar Şafir tanınmış psixoloq, davranış iqtisadiyyatı üzrə tanınmış mütəxəssis, Prinston universitetinin professorudur. Şafir insanların qərarvermə proseslərinə yoxsulluq, məhdud resurslar və stressin necə təsir etdiyini araşdırır. O, “Scarcity” (“Qıtlıq”) adlı məşhur kitabında maddi çatışmazlığın insan düşüncəsini necə daraltdığını izah edir.
Professor Şafir Hindistanda fermerlərlə maraqlı bir eksperiment aparıb. Bu fermerlərin maliyyə vəziyyəti ildə bir dəfə – şəkər qamışı məhsulu yığımı zamanı yaxşılaşır. Qalan vaxtlarda isə onlar yoxsulluq içində yaşayırlar. Eksperiment zamanı məlum olub ki, məhsul yığımında – yəni pulları olanda – fermerlər əqli testləri daha uğurla yerinə yetirirlər. Halbuki məhsul yığımı olmayan dövrlərdə onların bu tapşırıqları yerinə yetirmək üçün daha çox vaxtları olurdu.
Bu, bir daha sübut edir ki, yoxsulluq insanın zehni fəaliyyətini əhəmiyyətli dərəcədə zəiflədir. Şafir bu fenomeni belə izah edir: hər bir insanın psixoloji “keçiricilik qabiliyyəti” (yəni gün ərzində neçə problem həll edə biləcəyi) məhduddur. Maddi sıxıntılar isə bu “kanalı” tutaraq digər məsələlərə yer qoymur.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə yoxsulluğun insan sağlamlığına təsiri:
– Depressiya: Yoxsul insanların depressiyaya düşmə riski 2.5 dəfə daha yüksəkdir;
– Yuxusuzluq: Yoxsul ailələrdə yuxusuzluq hallarının yayılması 40 faizdən çoxdur;
– Qidalanma: Sağlam qida almağa gücü çatmayan insanların 70 faizi gündəlik tələbatdan az vitamin A, D və B qrupu qəbul edir;
– İdman fəaliyyəti: Aylıq gəliri 1000 dollardan az olan ailələrdə idmanla məşğul olanların faizi sadəcə 18 faizdir.
ABŞ-da aparılmış bir başqa çalışmaya görə,
– maliyyə stresindən əziyyət çəkən şəxslərin 80 faizi gündəlik qərar vermə qabiliyyətinin zəiflədiyini bildirir;
– IQ azalması və stress arasında əlaqə: Stress səviyyəsinin yüksək olduğu zaman insan beyninin “prefrontal korteks” hissəsi – yəni qərarvermə və planlama mərkəzi – zəif fəaliyyət göstərir.
Alimlər problemin kökünü iki istiqamətdə axtarırlar:
1. İrsi faktorlar və uşaq tərbiyəsi – Yoxsulluq içində böyüyən uşaq artıq kiçik yaşlardan qənaət etməyə məcbur olur, bu isə onun analitik və yaradıcı qabiliyyətlərini boğur.
2. Sosial təsir – Əgər insan əvvəllər varlı olub sonradan kasıblayıbsa belə, cəmiyyət ona kasıb stereotiplərini tətbiq edir. Yoxsul insanlar daha çox borc alır, az qənaət edir, siqaret çəkir, sağlam qidalanmır və idmanla məşğul olmur. Onlar gələcək haqda düşünməkdə çətinlik çəkir, çünki beyin ancaq “indiki vəziyyəti” həll etməklə məşğuldur.
Təəssüf ki, yoxsul adama maddi yardım göstərməklə problemi həll etmək olmur. Əgər insanın düşüncə tərzi artıq “yoxsul zehniyyətinə” uyğunlaşıbsa, onu dəyişmək çox çətindir. Yalnız davamlı maliyyə sabitliyi və sosial yüksəliş sayəsində bu insanlar tədricən yaradıcı, analitik və məhsuldar olmağa başlaya bilərlər…
Beləliklə, elmi araşdırmalar və statistik göstəricilər sübut edir ki, yoxsulluq insanın yalnız həyat şəraitini deyil, həm də zehni sağlamlığını, düşünmə qabiliyyətini və qərarvermə prosesini zəiflədir. Problemin birdəfəlik deyil, davamlı sosial və iqtisadi dəstək proqramları ilə həll olunması vacibdir. İnsanların həyat keyfiyyəti artdıqca, onların intellektual və yaradıcılıq potensialı da bərpa olunur.
***
Bu oxuduqlarınızı qış aylarında qeydlər halında yazmışdım. Ancaq onlar kompüterimin hansısa bir uzaq köşəsində yaddan çıxıb unudulmuşdu… Ta ki, Yekatinburqda rus polisinin bir azərbaycanlı ailənin başına açdığı vəhşiliyə qədər…
Səfərovların qürbətdə qarşılaşdıqları bu alçaq qəddarlığı eşidəndə düşündüm ki, yoxsulluq insanı təkcə axmaqlaşdırmır, həm də qəddarlaşdırır, acımasız və qaniçən edir.
Və düşündüm ki, yoxsulluq insan psixikasına və idrak qabiliyyətinə necə mənfi təsir etdiyini daha geniş miqyasda anlamaq üçün müasir Rusiya cəmiyyəti nümunəsi olduqca ibrətamizdir.
Bəzən yoxsulluq sadəcə maddi çətinlik deyil, insanın düşüncə sistemini çürüdən, gələcəyə inamını məhv edən bir ruhi aclıq kimi. Və bu aclığın simvollarından biri də bugünkü Rusiyadır.
Qıtlıq zehniyyətinin canlı portretidir şimal qonşumuzda…
Rus xalqı əsrlərlə çarpışdı. 1917 inqilabı imperiyanı yıxdı, amma Qırmızı Terrorla xalqı əzən yeni rejim qurdu. Stalin repressiyaları milyonları Sibirə sürgün etdi, İkinci Dünya müharibəsi bir nəsli torpağa gömdü. Ardınca gələn “soyuq müharibə”, sonra isə Sovet İttifaqının dağılması, inflyasiya, xaos, işsizlik... Və indi — Ukrayna ilə müharibənin, sanksiyaların, beynəlxalq təcridin yaratdığı yeni bir iqtisadi təlatüm. Rusiya xalqı sanki bu gün də keçmişin qaranlığında qalıb.
Amma ən böyük dağıntı nə bombalarla oldu, nə də siyasətlə — beyinlərdə oldu. Yoxsulluq artıq genetik kod kimi miras qalıb: daha az təhsil, daha az planlama, daha çox qorxu. İnsanlar gələcək haqda düşünmək istəmir, çünki sabaha çıxacaqlarına inamları qalmayıb.
Rəqəmlər də bu mənzərəni təsdiqləyir:
– Alkoqolizm Rusiyanın bəlasına çevrilib. Bəzi bölgələrdə kişi ömrü 60-a belə çatmır. Araq yoxsulluqla birlikdə soyuduculara yox, birbaşa qəlblərə axır;
– Uşaq cinayətkarlığı və narkomaniya kabus kimi böyüyür. Kiçik yaşlı uşaqlar artıq cinayət törədir, sintetik narkotiklə tanış olur. Əlində oyuncağı yox, iynəsi olan bir nəsil böyüyür;
– Demoqrafik kollaps açıq-aşkardır. Gənclər ölkədən qaçır, doğum nisbəti isə ölüm statistikasının kölgəsində itib;
– İşsiz, ümidsiz və gücsüz bir işçi qüvvəsi ölkənin belini qırır. Dövlət nə qədər sərvətə sahib olsa da, xalq yoxsul olduqca inkişaf mümkün deyil.
Və nəhayət, geridəqalmışlıq, cahillik, depressiya, psixoloji çöküş – Rus insanının portreti budur.
Bəli, yoxsulluq insanı sadəcə axmaq etmir, yavaş-yavaş düşünə bilməz hala salır.
Yoxsulluq insanı həm də qəddarlaşdırır, o, insan beyninin “mərhəmət kanallarını” tıxayır. Və bu tıxanma sadəcə fərdi deyil — bütöv cəmiyyətləri geri salır.
Əgər bir ölkənin insanları ancaq bu günü yaşamaq üçün yaşayırsa, sabaha dair nə planı, nə arzusu, nə də gücü qalırsa – o zaman yoxsulluq sadəcə maddi deyil, mənəvi işğala çevrilmiş deməkdir. Və Rusiyada bu işğal çoxdan baş verib…