
Kasıblıq insanı axmaqlaşdırır
Yekaterinbuq qətliamı sonrası düşüncələr
Yekaterinbuq qətliamı sonrası düşüncələr
Uşaq doğuşu statistikası 90-cı illərin səviyyəsinə çatır
ABŞ-da yaşayan həmyerlimiz «Twitter»ə necə çıxdı?
Silikon Vadisindəki texnologiya rəhbərlərinin, embrionlara IQ testi etməyi vəd edən yeni genetik test xidməti üçün 50 min dollara qədər pul ödədiyi bildirildi.
Silikon Vadisinin qabaqcıl texnologiya rəhbərlərinin, ABŞ-ın ən ağıllı uşaqlarını yetişdirmək üçün minlərlə dollar xərclədiyi yeni bir xəbər diqqət çəkir.
“Wall Street Journal”a (“WSJ”) görə, valideynlər və “texnologiya futuristləri” embrionlara İQ testi etməyi vəd edən yeni bir genetik test xidməti üçün 50 min dollara qədər ödəniş edirlər.
Yüksək səviyyəli xidmətlər üçün 500 min dollara qədər haqq alan Cenifer Donnelli, “WSJ”yə verdiyi açıqlamada, zəkalı tərəfdaşlarla uyğunlaşaraq “ağıllı uşaqlar” əldə etmək istəyən texnologiya rəhbərlərinin sayında nəzərəçarpacaq artım müşahidə etdiyini söylədi: “Hazırda danışdığım bir, iki, üç texnologiya CEO-su var və hamısı da Sarmaşıq Liqasını (ABŞ-ın ən yaxşı 8 universitetinin birliyi) üstün tutur”.
“WSJ”nin xəbərinə görə, “Nucleus Genomics” və “Herasight” kimi startaplar, müştərilərə süni mayalanma üçün hansı embrionların istifadə olunacağını seçməkdə kömək məqsədilə genetik testlərə əsaslanan İQ proqnozlarını təqdim etməyə başladılar. San-Fransisko Körfəz Bölgəsində bu xüsusi xidmətlərə tələb yüksəkdir, testlərin qiyməti isə “Nucleus”da təxminən 6 min dollar, “Herasight”da isə 50 min dollara qədərdir.
Ötən ay “Herasight”la bağlı bir paylaşımda “Möhtəşəm” cavabını verən İlon Mask, bu ideyaya olan marağını açıq şəkildə göstərmişdi.
ABŞ Milli Sağlamlıq İnstitutlarına görə, hal-hazırda yalnız kommersiya məqsədilə təqdim olunan poligenik embrion testi (“polygenic embryo screening/PES”), embrionları kompleks xəstəliklər, xüsusiyyətlər və diabet, xərçəng, psixi pozğunluqlar kimi yayılmış xəstəliklərlə əlaqəli risklər, eləcə də boy və IQ kimi xüsusiyyətlər üzrə qiymətləndirir.
Testləri tənqid edənlər etik məsələlər barədə suallar qaldırırlar. Potensial problemlər arasında hansı xəstəliklərin test ediləcəyinin nəzarəti, bunları kimin seçəcəyi, nəticələrdəki qeyri-müəyyənliyin nə qədər qəbul ediləcəyi və xidmətin yalnız ödəyə bilənlər tərəfindən istifadə olunub-olunmayacağı yer alır.
“Stanford Universiteti” Hüquq və Biosəhiyyə Mərkəzinin direktoru Hank Qriili “WSJ”yə bildirdi: “Bu ədalətlidir? Çox insanlar bu barədə narahatdır”.
Mövcud vəziyyət elə bir elmi fantastika ssenarisinə oxşayır: zənginlər genetik olaraq üstün kast yaratmaq üçün idarəçiliyi ələ keçirir və qalanımız proletarlar olur.
“Harvard Tibb Fakültəsi”ndən statistik genetika üzrə mütəxəssis Saşa Qusev isə əlavə etdi: “Məncə, özlərini ağıllı və uğurlu hesab edirlər və 'yaxşı genlər' daşıdıqlarına görə mövqelərində olmağı haqq etdiklərini düşünürlər”.
İndi uşaqlarına da eyni şeyi edə biləcəklərinə inandıqları bir alətə sahibdirlər, deyilmi?