
İstanbulu fəth edən toplar
Türklərin işi tarixi yaratmaq olub, yazmaq deyil
Türklərin işi tarixi yaratmaq olub, yazmaq deyil
Elazığ Türkiyənin ən qədim şəhərlərindən biridir. Tarixi miladdan əvvəl 4000-ci ilə qədər uzanır.
Səlcuq İmperatorluğunun hökmdarı Alp Arslan 26 avqust 1071-ci il Malazgirt döyüşündə Bizans İmperatorluğu üzərində qələbə çalaraq türklərə Anadolunun qapısını açır.
Türklərin Elazığa yerləşməsi də məhz o tarixi zəfərdən başlayır.
Bizə çox doğmadır Elazığ.
Adət-ənənələri, folkloru, musiqisi, mətbəxi və məncə, ən çox da şivələri ilə Azərbaycanın qərb bölgələrindən, ələlxüsus da Naxçıvandan fərqi yoxdur…
Mert Sanaç əslən Elazığlıdır.
Gənc, uğurlu bir iş adamıdır.
Dostumdur.
O mənə “Ağabey”, mənsə ona “Milli Damad” deyirəm.
Milli Kürəkənimizdir bizim, həyatını gözəllər gözəli bir azərbaycanlı xanımla – ailə dostumuz Nigarla birləşdirib.
Bu, sağlam və sevgi üzərinə qurulmuş izdivac sonrası dost məclislərində Mert hər dəfə “Mən Nahçıvanlıyım” deyir, biz də ürəkdən gülürük.
Bir neçə gün əvvəl Mert məni İstanbul valiliyinin Elazığ axşamına dəvət etdi.
İşim var, gələ bilməyəcəm dedim.
Bir az sonra yenə zəng elədi, Elazığ millətvəkili də dəvət edir səni dedi.
“Vallahi işim var, incimə” deyib üzrxahlıq etdim…
Yenə zəng elədi: “Bəs Cihat Paşa da gəlsə, onda necə?”.
“O zaman axan sular durar”… Gələcəm dedim…
Dost olduğumuzu bildikləri üçün məni salonda Cihat Yaycının yanına buyur etdilər.
Bir-birindən ləziz Elazığ yeməkləri gecəyə xüsusi bir gözəllik qatacaq, bölgənin qastronomi mədəniyyəti ilə yaxından tanış olma fürsəti olacaqdı.
Amma Türk Ordusunun əfsanə Komutanlarından Cihat Paşanın adı, şöhrəti bizi rahat söhbət etməyə qoymadı… bölgə mətbəxinin ləzzətlərindən doğru-düzgün dada bilmədim.
Salondakılar tək-tək yaxınlaşıb məşhur həmvətənlilərinın əlini sıxır, onunla xatirə şəkli çəkirdilər. “Mavi Vətən” doktrininin müəllifi olmaq belə bir şan və şöhrətdir…
“Mavi Vətən” doktrinası Türkiyənin dəniz yurisdiksiyası ərazilərini (ərazi suları, kontinental şelf və müstəsna iqtisadi zona) qorumaq və bu ərazilərdə hüquq və maraqlarını müdafiə etmək strategiyasıdır. Bu da Türkiyənin Şərqi Aralıq dənizi və Egey dənizindəki enerji resursları və dəniz yurisdiksiyası sərhədləri ilə bağlı suverenlik iddialarını xüsusilə vurğulayır. Məhz bu səbəbdən də generalın adı Türkiyə tarixinə çox önəmli bir hərb xadimi və strateqi kimi keçmişdir.
Yaxından, uzaqdan, masa arxasında, ayaqüstə o qədər şəklini çəkdilər ki, kadrların çoxuna mən də düşdüm. Ömrümdə qısa zaman dilimində bu qədər çox kadra düşdüyümü xatırlamıram. Sonuncu dəfə 2001-ci ildə Kosovada, Mamuşa qəsəbəsində prezident Süleyman Dəmirəllə yanaşı durarkən obyektivlərin massiv şaqqılltısına məruz qalmışdım…
Masaya gah plovu gətirirlər. Cihat Paşa boşqabıma bir neçə qaşıq plov çəkir. Ömrümdə ilk dəfə idi ki, bir general mənə yemək çəkirdi. Çox alicənabdır və çox da diqqətcildir bu gözəl insan…
Masamıza yaxınlaşan qonaqlar Cihat Yaycıyla salamlaşıb qucaqlaşmağa davam edirlər. “Paşam, bu nə böyük sevgidir belə” deyirəm. “Əsgər millətik biz, ondandır” deyə cavab verir. Ürəyimdə razılaşmıram əziz dostumla, mən nə generallar görmüşəm bu son otuz ildə. Heç birinə qarşı belə sevgi seli olmayıb…
Cihat Paşa həm də yazardır, yeddi kitab müəllifidir, müthiş mütaliəsi var, böyük intellektualdır. Bu məziyyətləri onu xalq nəzdində daha populyar və sevimli edir. Çox da gülərüzdür, nə sorsam təbəssümlə cavab verir. Yavərinə (adyutantına) deyirəm general daha sərt olmamalıdırmı. “Amma sizi sevir, Azərbaycanı və Qarabağı sevir. Ona görə siz yanında olanda üzü gülür”, – gənc yavəri deyir…
Məclisin sonunda otel lobisinin sakit bir köşəsində Mert, mən və Cihat Paşa söhbət edirik. Ayrılarkən “Gələcək çox tez gələcək” kitabımı imzalayıb Cihat Yaycıya hədiyyə edirəm. Necə sevinir, necə təşəkkür edir, təsəvvür edə bilməzsiniz...
Evdə Paşayla axşam çəkilən şəklimizi paylaşdım.
Hazırda Amerikada yaşayan Qüdrət Qulu (Qüdrət Quliyev, 1995–1997-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri) ona xas kübarlıqla mənə yazdı ki, Paşamızın ismindəki Yaycı kəlməsinin mənasını bilmək olarmı. Arxasınca da əlavə edir: “Azərbaycanla bərabər Anadoluda Yaycı adlı məskənlər var”.
Gecə yarısını keçir. Cihat Paşaya səhər zəng edəcəm deyirəm öz-özümə.
Ancaq mən Sayın Bakanın (Qüdrət Bəyə uzun illərdir elə deyirəm) sualının cavabını bilirəm.
Qeyri-təvazökarlıq olmasın deyə düşündüm ki, bildiklərimi əvvəlcə Cihat Paşaya danışım...
“Yaycı”larla bağlı eşitdiklərim:
“Yaycı” soyadının mənşəyi qədim türk tayfalarına qədər uzanan tarixə malikdir.
Oğuz-türk boylarına mənsubdurlar Yaycılar.
Azərbaycanda, xüsusilə də Naxçıvan bölgəsində “Yaycı” adlı kəndlər var.
Bu yaşayış məntəqələrində yaşayanlar da eyni tayfalara məxsus olublar.
Yaycılarla bağlı bildiklərim sadəcə bu qədərdir. Ona görə də Cihat Yaycı Paşanın soyadı böyük ehtimalla yuxarıdakı türk tayfasının adından gəlir. Nəsil və ya əcdad mənsubiyyəti də bu oğuz tayfaları ilə bağlıdır deyə bu qənaətə gəldim dünən gecə.
Cümhuriyyət dövründə 1934-cü ildə Soyadı qanunu çıxanda bir çox ailələr soyadlarını Osmanlı İmperiyasındakı tayfa, icma adlarından istifadə ediblər…
Bu sabah bütün bu bildiklərimi olduğu kimi Cihat Yaycı Paşaya yazdım.
Onu yazdığı cavab məktubu mənim üçün gözlənilməz olmadı.
O cavabı olduğu sizə təqdim edirəm:
“Tamamilə elədir. Azərbaycandan gəlmişik… Qars, Elazığ, Maraş, Kilis ve Kərkük xəttinə yerləşmişik. Şəcərəmizdə də elə yazar. Kərkükdə də Yaycı köyü vardır.
Var olun əziz dostum!”…
Mən də elə bilirdim Mert bey həyat yoldaşına görə naxçıvanlı olduğunu deyir.
Məgərsə Elazığda Naxçıvandan köç etmiş ailələr var və Mert de o ailələrdən birinin övladıdır…
Qüdrət Bəy də indi güman ki, məmnun qalacaq, uzaq Amerikada məmləkətinin tarixinə bir qədər fərqli baxıb, onun qədim tarixi ilə qürurlanacaq…
Elazığ deyəndə ağlıma ilk olaraq Almas İldırım gəlir.
Bakının Qala kəndindən başlayıb Türkiyənin şərqinə qədər uzanan 44 illik bir həyat.
Almas İldırımın (1907 – 1952) qısa mühacir həyatının əsas bölümü Türkiyənin bu bərəkətli və gözəl bölgəsində – Elazığda keçsə də son nəfəsinə qədər o, Azərbaycanla, Bakı ilə, Xəzərlə yaşamış, Vətən həsrəti ömrünü pərişan etmişdir.
Məşhur şeirində belə deyir şair:
Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gür səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy…
Hökm etsə bu sərsəm gediş dursa oy…
Almas İldırımın Vətən nisgilinin dərinliyinə, Xəzər sevgisinin gücünə baxın ki, 26 yaşından əvvəlcə bələdiyyələrə, daha sonra valiliyə məktublar yazaraq Elazığdakı vulkanik Gölcük gölünün “Hazar” olaraq dəyişdirilməsini istəyir. Nəticə almayınca Ankaraya, Atatürkə müraciət edir.
1937-ci ildə Atatürkün Elazığı ziyarəti vaxtı gölün ətrafını gəzərkən gölün adının dəyişdirilərək “Hazar” olmasını uyğun görür.
Zənnimcə, Bolşevik işğalından sonra Azərbaycanla Türkiyə arasındakı ilk təmas, ilk mədəni körpü məhz Almas İldırım tərəfindən başladılmışdır. Bunun da mərkəzi Elazığ olmuşdur.
Bu baxımdan da Elazığ bizim üçün çox dəyərli və əzizdir.
“Azərbaycan, mənim bəxtsiz anam oy” deyən Almas İdırımı bağrına basaraq Xəzərin sahilində ona uşaqlığının Xəzərini xatırladan, yaşadan Elazığa xalqımız çox minnətdardır…