vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 12 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜBHƏM  
“Günah keçisi” anlayışı ... 14:57 | 12 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 145 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Günah keçisi” anlayışı ...

... Yaxud başqalarını ittiham etməyin tarixi

QİSMƏT

1840-cı ildə Şotlandiyanın Sent-Kilda arxipelaqında dəhşətli bir fırtına qopdu. Bura dünyanın ən böyük quş dəstələrinə sahib olmaqla fəxr edən, amma dünyanın ən çətin yerlərindən biriydi. Buradakılar dünyadan təcrid olunmuş şəkildə yaşayırdılar. Böyük fırtınada onların zəif gəmiləri azğın dalğalara tab gətirmədi, xeylisi öldü. Bir-iki gün sonra cəsədləri sahildə göründü, onların arasında bir quş da vardı, məlum oldu ki, onun canı hələ çıxmayıb. Bu, artıq nəsli tükənmiş, uça bilməyən iri quş növlərindən biri olan, pinqvin cinsinə aid Böyük Auk idi. Yerlilər quşu tutdular, kilsəyə apardılar. Qərar verdilər ki, adaya fırtınanı gətirən heç vaxt görmədikləri bu “uğursuz” məxluqdur. Beləcə, Britaniyadakı sonuncu Böyük Auk quşu məhkəməyə çıxarıldı, cadugərlikdə ittiham edildi, günahkar sayıldı, daş-qalaqla öldürüldü. Fırtınalı havada dənizə çıxmaqlarında, gəmilərinin yararsız olmasında problem görmədilər. Qorxudan, qəzəbdən və cahillikdən, həmişə olduğu kimi, kənarda bir günahkar tapdılar, hər şeyi ona yükləyib rahatlaşdılar.

Öz günahımızı, səhvlərimizi, çatışmazlıqlarımızı, zəifliyimizi özümüzə etiraf etməkdənsə, onu başqa insana, əşyaya, məkana köçürməyin, problemi həmişə başqasına atmağın, özgəsində görməyin tarixçəsi çox qədimləri gedir. Ancaq bu mövzu sosial media erasında yenidən aktuallaşır: virtual daş-qalaq, onlayn-donos növləri, özü kimi düşünməyənləri linç etmək canfəşanlığı kimi... geniş vüsət alan patologiyalar çağdaş psixologiyanın və sosiologiyanın yeni mövzularıdır.    

Bunun üçün “günah keçisi” anlayışına baxmalıyıq. Əhdi-Ətiqdə bütün qövmün günahlarının bir keçiyə yükləndiyi, sonra həmin keçinin hamının yerinə uçurumdan atıldığı “Kəffarə” günündən bəhs edilir. (Holman Hantın bu mövzuya həsr edilmiş kədərli bir tablosu var.)

Ancaq anlayışın tarixçəsi başqadır. Bu anlayışı məşhur protestan teoloq Vilyam Tindeyl “Bibliya”nı tərcümə edərkən tapıb. Müqəddəs kitabda yeraltı tanrısı Azazelə təqdim edilən bir keçidən söz açılır, Tindeyl tərcümədə ibranicə olan Azazel sözüylə oynayaraq “ez ozel”, yəni “ayrılan keçi” ifadəsini tapıb. İngiliscə, günah keçisi – “scapegoat”, dörd əsr sonra Corc Oruel “1984” romanında bir hərf artırmaqla bu söz oyununu davam etdirir, qəhrəmanlardan biri deyir ki, məni “qaçış keçisi” (escape goat) kimi istifadə etmək istəyirlər. Yeri gəlmişkən, Tindeyl ingilis ədəbiyyat kanonunda Şekspir qədər hörmətli sayılır, deyilənə görə, Müqəddəs kitabın ingiliscə bəzi hissələri unudulmaz edən onun ecazkar tərcüməsidir.

İnsan tarixən hər şeyi özündən uzaqlaşdırmağa, günahı başqasına atmağa meyllidir; Çində xəstəlikləri çərpələnglə göyə sovurmaq inancı var, Hindistanda bütün pis şeyləri şüşələrə üfürüb basdırmaq ayini. Orta əsrlərdə Avropada “günahçəkənlər” vardı, onlar yeyib-içmək, bir az da pul müqabilində ölülərin o dünyaya getməmişdən qabaq günahlarını özlərinə çəkirdilər. 

Mark Edmunson “Linç çağı: Sosial mediada super eqo” kitabında sosial media dövründə geniş yayılmış mizantropluq, virtual qurbanvermə ayinləri, özünü daim başqalarının həyatına, düşüncələrinə əsasən mövcud etmək, özünə öz potensialından böyük talelər uydurmaq məsələsini araşdırır. Müəllif yazır ki, sosial media fasiləsiz şəkildə təsdiq gözləyən, “keşf et”ə düşmək istəyən, yəni qəhrəman olmaq istəyən, ancaq “önə çıxart” kimi teqlər nəticəsiz qalanda özündən başqa hamını günahkar çıxaran, ancaq qəribə şəkildə “həmişə haqlı” bir insan tipi yaradıb.

Edmunson kitabın mərkəzinə Ziqmund Freydin “Super eqo” anlayışını qoyub. Xudmani bir arayış. Freyd insan şüurunu şərti olaraq üç mərtəbəyə bölürdü: ən altda bütün seksual, cismani arzularımızın deposu olan İD var; ən üstdə başımızdan danlağı əskik olmayan ata və ya ictimai-siyasi, mədəni-əxlaqi hökmlər verən senzor kimi SUPER-EQO oturub; ortada isə altdakı ilə üstdəki arasında vasitəçilik edən, onları tənzimləyən EQO var. Müəllif deyir ki, Freyd özünün ən məşhur kitab olan “Sivilizasiya və onun narahatlıqları”nda Super-eqonun təhkükələri ilə bağlı xəbərdarlıq etmişdi.

Get-gedə böyük əksəriyyətə elə gəlir ki, hamı onun kimi düşünməlidir; onun kimi düşünməyən varsa, ona hücum çəkmək lazımdır. Get-gedə, deyəsən, “məncə, mənə görə” sözləri sıradan çıxır, əksəriyyət öz fikrini, seçimini mütləqləşdirir, kateqorik hökmlərlə danışır. Bu, yeni növ infantilizmdir, yəni Freydin 95 il qabaq dedikləri özünü doğruldur, təəssüf ki.

Corc Oruelin dediyi kimi: “İnsanın güzgüdəki sifətin özünə aid olduğunu qəbul etməsi xeyli çətin işdir.”


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)