vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜƏLLİF  
08:43 | 8 avqust 2018 | Çərşənbə Məqaləyə 28632 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Niyə müsəlmanlarda xeyriyyəçi az olur?

Avropa ölkələrində insan azadlığını görənlər, bunları öz ölkələrinə arzulayıblarmı?

Murad KÖHNƏQALA

Əksər insanlarımız sivil dünyanın ölkələri, inkişafı haqda ürəkaçan xəbərlər oxuyandan sonra onların dərhal öz ölkəsində, Azərbaycanda olmasını arzulayırlar. Hərdən yazılarında qışqıraraq, niyə bizdə də Avropadakı kimi olmadığını kədərli nidalarla qeyd edirlər.

Əlbəttə, bizim kimi yenicə qalxınan dövlətlərin vətənpərvərləri yaşadığı yurdu abad, firavan, qanunları sivil və işlək görmək istəyirlər. Lakin kimdəsə gördüyümüz gözəl nəticəni, uğuru spontan arzulayaraq, dərhal göydən həyata keçirmək mümkün deyil. Gərəkən işləri reallaşdırmaq üçün mütləq müəyyən zaman tələb olunduğunu unutmamalıyıq.

Qumilyov deyirdi ki, dövlətlər də insan kimidir, doğuluşu, uşaqlıq dövrü, gənclik çağı, qocalığı və ölməyi var. İndiki çağımızda tərəqqi yolunu tutan istənilən dövlət ilk növbədə vətəndaşlarını tərbiyələndirməli, bunun üçün insan kapitalına investisiya qoymalıdır. İnsanın tərbiyəsi isə, boş yer buraxılmadan, lap körpəliyindən, uşaq bağçasından başlanmalıdır. İnsana, heyvana, təbiətə sevgi ilə böyüyən uşaq heç vaxt pişiyi incitməyəcək, itə daş atmayacaq, ağaca əl qaldırmayacaq. Belə bir düzənin tərbiyələndirdiyi insandan həm yaxşı dost, həm layiqli vətəndaş, həm də vicdanlı məmur olacaq.

Yəni, bütün müsbət xüsusiyyətlər insanlara elmi biliklərlə paralel, erkən yaşlardan təlqin edilməli, ilkin uşaqlıq “travma”sı kimi onların düşüncələrinə həkk olunmalıdır.

Bu yaxınlarda sosial şəbəkələrdə yayılmış “Tehranın varlı uşaqları” adlı videoya baxdım. Həmin video-rolikdə İrandakı zəngin mollaların övladlarının Avropa ölkələrindəki həyat tərzindən söz açılır. Var-dövlət içərisində yaşayan həmin gənclərin ən şıdırğı fantaziyası dəbdəbəli restoranlarda yeyib-içməkdən, alkoqol və narkotik vasitələr kullanmaqdan, bahalı maşınları qışqıra-qışqıra sürməkdən o tərəfə keçmir.

Görünən budur ki, o gənclərin hər birinin fəxr elədiyi, ilham aldığı şey, valideynləri vasitəsilə mənimsədikləri haram pullardır. Onlar öz varlıqlarını çoxulduzlu otellərdə ağnamaqla, avtomobillərini qızıldan düzəltdirməklə, bədənlərinin müxtəlif yerlərindən asdıqları daş-qaşlarla göstərməyə çalışırlar. Həmin videoda “kabura”sı brilyant qaşlarla örtülmüş smartfonlardan tutmuş, qızıl butulkalara, qızıl-brilyantla bəzədilmiş heyvan boyunduruğuna qədər hər şey vardı. Təbii ki, belə insanların üst-başına bir damcı da olsun mənəviyyat dammayıb. Çünki, onların tərbiyəsinin təməlinə xeyirxahlıq adına bir şey qoyulmayıb. Heç bir zəhmət, beyin işlətmədən hazırdan zəngin sərvətə malik olan bu tiplər öz varidatlarını xeyriyəçilik, mədəniyyət, insanlıq üçün deyil, əksinə, kasıbları qıcıqlandırmaq üçün göyə sovurmağa hər an hazırdılar.

Düşünürsən, görəsən, onlar yaşadıqları ölkədə, heç olmasa, bircə dəfə rəsm sərgisinə, muzeyə, teatra gediblərmi? Avropa ölkələrində gördükləri insan azadlığını, barı, öz ölkələrinə arzulayıblarmı? Əlbəttə, yox! Çünki mənsub olduqları ölkənin insanları məzlum halında yaşamasaydılar, ataları bu qədər sərvət toplaya bilməzdi.

Mənəviyyatsız insanların nə vaxtsa yaşadığı ağır günləri, müsibətləri başqalarına da arzuladığını çox görmüşük. Ancaq uşaqlığından mədəniyyət dərsi almış adam özünün çəkdiyi əzabı, ona tanış ağrıları başqasına rəva görmək istəməz, əksinə, oxşar bəlaya düşənlərə yardım əlini uzadar.

Dünyada insanlığın kamillik pikində yaşayan çoxlu sayda xeyriyyəçi var. Məsələn, ata-anasını erkən itirmiş, yetimlər evində böyümüş, varlanandan sonra kimsəsiz uşaqlara yardım fondu açan tanınmış və tanınmamış isimlər çoxdur. Onlar bu addımı, özlərinin yaşadığı uşaqlıq acılarını başqalarına arzulamadıqları üçün atırlar.

Yazının bu yerində ilk yadıma düşən dünyaca tanınmış xeyriyyəçi ulduz mələklərdən bir neçəsinin adını çəkmək istərdim: Maykl Cekson, Madonna, Anjelina Coli, Şarliz Teron, Kseniya Alferova, Stella Makkartni (Pol Makkartninin qızı), Elton Con, Leonardo Di Kaprio...

Fikir vermişəm, bizim əksər kişilər məşhur Hollivud ulduzu Anjelina Coli haqda ağız suyu axıdaraq danışarkən, yaxud yazarkən yalnız onun gözəlliyindən, uzağı, aktrisa məharətindən basıb-bağlayırlar. Onları maraqlandırmır ki, bu gözəl varlıq 2001-ci ildə Kambocada film çəkilişi zamanı yerli əhalinin ağır güzəranına acıyaraq çəkilişdən sonra həmin ölkəyə qayıtmış və ilk cəhddə bir neçə kimsəsiz uşağı öz himayəsinə götürmüşdü. Anjelina bu hadisədən sonra övladgötürmə işinə əsaslı girişərək özü ilə onlarla yetim uşağı Amerikaya gətirmiş, şəxsi hesabına kimsəsizlər evi açmışdı. Sonradan Anjelinanın bu xeyriyyəçiliyini onun eks həyat yoldaşı məşhur aktyor Bred Pitt də dəstəkləmişdi.

Birini də deyim, söhbəti bağlayaq. Rusiyalı aktyor Konstantin Xabenskiy beyin xərçənginə tutulmuş sevimli həyat yoldaşı Anastasiyanı 2008-ci ildə itirir. Konstantin həmin ildəncə beyin xərçənginə tutulanlara yardım fondu açır və təkcə 2013-cü ilə qədər 130 uşağın həyatını xilas edir. Xabenski bir müsahibəsində belə deyir: “Uşaqlar xəstəliklərindən xəbərsiz olduqlarına görə gözlərində kədər görünmür. Ancaq onların analarının baxışları dözülməz olur. Mən o anaları sevindirməkdən mənəvi zövq alıram”.

Murad KÖHNƏQALA


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)