vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:05 | 6 dekabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1496 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya Azərbaycanın müttəfiqidirmi?

Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Moskvaya səfər etdi. Ceyhun Bayramov Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdü. Görüşdən əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayımladı. Bəyanatda belə bir cümlə var idi: “Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı, eyni zamanda müttəfiqidir”.

Rusiya Azərbaycanın müttəfiqidirmi?

Rusiya Azərbaycanın “müttəfiqidirsə” Qarabağdakı erməni separatçılarını niyə tərksilah etmir? Rusiyanın Qarabağdakı hərbi kontingenti əksinə erməni separatçılarıyla əməkdaşlığı genişləndirir. Digər tərəfdən Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı məntəqələri erməni dilində adlandırması Azərbaycanda böyük etiraz yaradıb. Rusiya Ermənistanla Qarabağı birləşdirən yoldan xarici ölkə vətəndaşlarının keçidinə də şərait yaradıb. Bu Azərbaycan qanunlarına ziddir. İran kəşfiyyat strukturlarının nümayəndələri Ermənistandan Qarabağa keçir və rusiyalı hərbçilər buna şərait yaradırlar. Qarabağdakı Rusiya hərbi kontingentində xidmət edən rusiyalı hərbçilər Qarabağın Azərbaycana aid olmadığını güman edirlər. Bunu Ermənistanla Qarabağı birləşdirən yolda xidmət edən rusiyalı hərbçilərin orada azərbaycanlı jurnalistlərin suallarına verdikləri cavablarından da anlamaq olar. Qarabağdakı rusiyalı hərbçilərin geyimlərində və hərbi texnikada “Z” işarəsi Ukraynada işğalçı müharibədə istifadə olunur. Bu işarənin Qarabağda da istifadə olunması Azərbaycan cəmiyyətində narazılıq doğurub. Eyni zamanda Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Azərbaycan cəmiyyətində neqativ qarşılanır. Bütün bunlara görə  “Rusiya Azərbaycanın müttəfiqidir” fikri inandırıcı deyil.

Buna baxmayaraq, müxtəlif səbəblərdən rəsmi Bakı Moskva ilə müxtəlif mövzuları müzakirə etmək məcburiyyətindədir. Ceyhun Bayramov və Sergey Lavrov arasında dekabrın 5-də keçirilən görüşün yekunlarına əsasən Azərbaycan və Rusiya arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr planı imzalandı. Bundan başqa, Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş poçt markasının təqdimetmə mərasimi keçirildi. Görüşdən sonra keçirilən ortaq mətbuat konfransında Ceyhun Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiya şirkətlərinin iştirakını alqışladığını bildirdi. Bu il ərzində işğaldan azad edilən ərazilərə Rusiya biznes nümayəndə heyətlərinin missiyaları həyata keçirilib. Ceyhun Baymarov mətbuat konfransında “Şimal-Cənub” layihəsinin də müzakirə olunduğunu bildirdi. Ceyhun Bayramov bu layihənin və tranzit marşrutunun potensialı böyük olduğunu vurğulasa da, İran-Azərbaycan münasibətlərindəki artan gərginlik “Şimal-Cənub” layihəsinin yerinə yetirilməsində suallar yaradır. İki ölkə arasında siyasi münasibətlər gərgindirsə, həmin iki ölkənin ortaq layihələr reallaşdırlması çətinləşir. Buna görədir ki, İran rəsmiləri son zamanlar “Şimal-Cənub” xəttinin Ermənistandan keçməsi ilə bağlı fikirlər söyləyirlər. Halbuki, bunun praktik zəmində reallaşması problematikdir. Ermənistandan tranzit yolların çəkilməsi üçün milyardlarla dollar xərclənməlidir, həm də bu böyük zaman tələb edir. Azərbaycanda isə yollar hazır vəziyyətdədir. Buna baxmayaraq, “Şimal-Cənub” layihəsinin tam gücüylə işləməsi üçün İran-Azərbaycan münasibətlərindəki gərginliyin azalmasını gözləmək lazım gələcək. Bu gərginlik səbəbindən Lavrovun səsləndirdiyi "3+3" formatında görüşün təşkili də çətindir.

Ceyhun Bayramovla Sergey Lavrovun müzakirə etdiyi əsas mövzu bölgədə sülhün yaradılması ətrafında oldu.

Birincisi, Lavrov Azərbaycanın bir sıra dövlət strukturlarının sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazidə ekoloji vəziyyəti araşdırmaq üçün sülhməramlı kontingentə müraciəti mövzusuna toxundu. Böyük ehtimalla bu mövzunun müzakirəsini Ceyhun Bayramov təklif edib. Çünki Azərbaycan Qarabağda həm yolu, həm də ermənilərin yaşadıqları məntəqələri nəzarətə götürmək üçün indidən çalışmalara başlamalı və bölgədəki rusiyalı hərbçilər buna mane olmamalıdırlar. Lavrovun bu məsələyə münasibəti belə oldu ki, Azərbaycanın dövlət strukturları Qarabağda Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə iş aparır və guya rusiyalı hərbçilər bununla fəal məşğul olurlar. Bu ümumi cavabdır. Lavrov həqiqətən Azərbaycanı Rusiyanın “müttəfiqi” saysaydı, belə deməliydi: “Qarabağ Azərbaycan ərazisidir və Azərbaycan dövlət strukturlarının orada araşdırma aparmaq hüququ var, rusiyalı hərbçilər onlarla əməkdaşlıq edəcək”.

İkincisi, Ceyhun Bayramovun mətbuat konfransında  “Azərbaycan Qarabağ ermənilərinin digər vətəndaşlarla eyni hüquqlara malik olacağına təminat verir” cümləsi Lavrova növbəti mesajıydı ki, rəsmi Bakı bölgəyə heç bir status verməyəcək və bu mövzunu heç kimlə müzakirə etməyəcək.

Üçüncüsü, Sergey Lavrov tərəflərin sülh müqaviləsinin Alma-Ata bəyannaməsinə əsaslanmasına razı olmasının yekun işi yüngülləşdirəcəyini bildirdi: “Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunub. Praqada tərəflər sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir”. Ceyhun Bayramov buna cavab olaraq bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsinin mümkünlüyünü və  BMT Nizamnaməsi və Alma-Ata bəyannaməsi irəli getmək üçün yaxşı əsas olduğunu bildirib. Bu o deməkdir ki, ilin sonuna qədər Azərbaycan və Ermənistan liderlərinin görüşmə ehtimalı böyükdür. Ermənistanın baş naziri Nikol Paşinyan “Fransa prezidenti Emmanuel Makron da iştirak etsin” israrından imtina etsə, Avropa İttifaqının rəhbəri Şarl Mişelin iştirakı ilə üçlü görüş ilin sonuna qədər Brüsseldə reallaşa bilər.

Rəsmi Bakı sülh sazişinin Alma-Ata bəyanatın əsasında müzakirəsinin əleyhinə deyil, sadəcə problem ondadır ki, Ermənistandakı siyasətçilər Alma-Ata bəyannaməsini fərqli kontekstdən izah etməyə çalışır, bəziləri Alma-Ata bəyannaməsinin “Dağlıq Qarabağın müstəqilliyinə” mane olmadığını iddia edirlər. Ona görə də rəsmi Bakı sülh sazişinin Alma-Ata bəyannaməsi ilə yanaşı BMT Nizamnaməsi əsasında imzalanması gərəkliyini bildirir. Bu ikisi bir arada olarsa, Azərbaycana qarşı ərazi iddiası tam ortadan qaldırılar. Ancaq rusiyalı rəsmilər Alma-Ata bəyannaməsi haqqında danışarkən, BMT Nizamnaməsini xatırlamırlar. Əslində iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması üçün sülh sazişinə müvafiq bəndin əlavə edilməsinə ehtiyac var.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)