vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 31 yanvar 2023
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜSAHİB  
12:11 | 29 dekabr 2022 | Cümə axşamı Məqaləyə 3680 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”

Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”

NURƏDDİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkəmizin Qarabağ və Şərqi Zəngəzur əraziləri özünün tarixi-mədəni zənginliyi ilə seçilir. Otuz ilə yaxın işğal dövründə ermənilər tərəfindən bu ərazilərdəki maddi-mədəniyyət nümunələrimiz dağıdılıb, talan olunub, orada qanunsuz “tədqiqat işləri” aparılıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması həmin ərazilərdə tarixi-arxeoloji irsin yenidən tədqiqat olunması üçün də fürsət yaradıb.

Müsahibimiz AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru tarix üzrə elmlər doktoru, professor Abbas Seyidovdur. Direktor əvvəlcə institutun fəaliyyəti haqqında söz açdı.

– Müəssisəmiz əvvəlcə Arxeologiya, Etnoqrafiya İnstitutu adlanırdı. Ötən il “antropologiya” sözü qurumun adına əlavə olunub. İnstitutumuz uzun müddət AMEA Tarix İnstitutunun nəzdinə bir sektor kimi fəaliyyət göstərib. 1993-cü ildə isə ayrıca institut olub. Gələn il institutun 30 yaşı tamam olacaq. Bununla bağlı tədbirlər planı hazırlanıb. Yubiley münasibətilə, həmçinin beynəlxalq səviyyəli konfrans keçirməyi planlaşdırırıq.

İnstitutun əsas fəaliyyət istiqamətləri Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsindən ibarətdir. Hazırda antropoloqlarımız arxeoloqlarımızla birlikdə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, erməni vandalları tərəfindən vəhşicəsinə öldürülmüş soydaşlarımızın məzarlarının aşkarlanması və tədqiqi istiqamətində də iş aparırlar. Artıq həmin ərazilərdə bir neçə kütləvi məzarlıq aşkar olunub.

 

– Məlum olduğu kimi, Azərbaycanda çoxlu sayda alban abidləri var. Albanşünaslıq Elmi Mərkəzi tərəfindən bu istiqamətdə hansı işlər görülür?

– Azərbaycanın şimal bölgələrində, Qarabağda çoxlu sayda alban-xristian məbədləri var. Ermənilər həmin abidələri saxtalaşdırmaq üçün onların üzərindəki alban xaçlarını götürərək öz xaçlarını yerləşdiriblər. Qeyd edim ki, alban abidələrinin üstündəki xaçlar erməni xaçlarından fərqlənirlər. Bu abidələrin tədqiqi ilə bağlı institutun əməkdaşı, tarix üzrə elmlər doktoru Məhəbbət Paşayevanın “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” adlı kitabı işıq üzü görüb. Kitabda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində keçən əsrin son illərinə qədər aşkar edilmiş və bir qismində elmi tədqiqat işləri aparılmış yüzdən artıq alban memarlıq abidəsi haqqında tarixi arayış verilib.

 

– Qarabağ və Şərqi Zəngəzurun azad olunmasından sonra həmin ərazilərdə arxeoloji tədqiqat işləri aparılırmı?

– Torpaqlarımızın azad olunmasından sonra Ağdam şəhərində yerləşən Üzərliktəpə abidəsində geniş arxeoloji qazıntı işləri aparılıb. Azərbaycanda cəmi 2-3 Orta Tunc dövrünə aid şəhər yeri var. Bunlardan biri də Üzərliktəpədir. Havalar soyuduğuna görə burada qazıntı işlərinə ara verilib. Gələn ilin yazından etibarən qazıntı işləri davam etdiriləcək.

Bildiyiniz kimi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Avtomobil yolunun 31-ci kilometrliyində Füzuli kurqanları (onlara Yedditəpə kurqanları da deyirlər) aşkar edilib. Ölkə başçısının göstərişlərinə əsasən 1, 2 və 3 saylı kurqanlarda institutun əməkdaşları – tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov və tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Həsənovun rəhbərliyi ilə arxeoloji qazıntı işləri aparılıb.

Zəngilan rayonu ərazisində “Şəhri Şərifan” adlı Orta əsrə aid şəhər yerində, Ağdam şəhərinin yaxınlığında yerləşən Boyəhmədli kurqanında və Şahbulaq qalası yaxınlığındakı Alban dövrünə aid siklop tikililərdə genişmiqyaslı arxeoloji qazıntı işləri aparmaq istəyirik.

Şuşa şəhərində hotel tikintisi zamanı xanlıqlar dövrünə aid abidələr aşkar olundu. Orada da bizim arxeoloqlarımız qazıntı işləri apardılar. Nəticədə bir neçə maraqlı tapıntımız oldu. Bilirsiniz, Qarabağın hər tərəfi tarixi abidədir. Ona görə də Qarabağda tikinti işləri zamanı abidələr aşkar olunur. Demək olar ki, hər həftə bizə bununla bağlı məlumatlar daxil olur. Biz qısa müddətdə reaksiya verərək Qarabağ üzrə arxeoloqumuzu həmin əraziyə göndəririk. Planlaşdırılır ki, gələn il bizim əsas tədqiqat obyektimiz Qarabağ olsun. Ümumiyyətlə, Qarabağdakı abidələrin əksəriyyəti dağlarda, dərələrdə yerləşir. Ərazilər minalardan tam təmizlənməyib. Hələlik ANAMA əməkdaşlarının tam olaraq təmizlədiyi ərazilərə ekspedisiyalar təşkil edirik.

 

– Vətən müharibəsindən sonra Azıx mağarasından bir sıra maddi mədəniyyət nümunələrinin götürülərək Bakıya gətirilməsi barədə xəbərlər yayılmışdı...

– İşğal dövründə ermənilər Azıx mağarasında xarici ölkələrin “alimləri” ilə birlikdə arxeoloji qazıntı işləri aparıblar. Bu zaman mağara dağıntıya məruz qalıb. Erməni vandalları mədəni təbəqəni dağıtmaq üçün mağaranın içində qumbara da partladıblar. 2016-cı ildə orada aparılan saxta qazıntılarla bağlı kitab nəşr edilib. Bu kitab da azərbaycanlı alimlərin vaxtilə apardığı qazıntı işləri əks olunan mənbələrdən köçürmə idi. Biz Azıx mağarasında yeni üsullarla tədqiqatlar apararaq yeni kitab çap etmək istəyirik.

Ermənilər qazıntı zamanı tapdıqları materialları qutulara yığaraq Azıx kəndində saxlayıblar. Qüdrətli Ordumuz Vətən müharibəsi zamanı onları qovanda ermənilər həmin qutuları orada qoyaraq qaçıblar. Azıx kəndindəki evlərin birindən əsgərlərimizin aşkar etdiyi və Azıx mağarasından tapılan 89 qutu material institutumuza gətirilərək fonda təhvil verilib. Hələlik onların üzərində tədqiqat işləri aparılmır. Gələn il ölkəmizdən və xaricdən arxeoloqların iştirakı ilə beynəlxalq ekspedisiya tərəfindən Azıx mağarasında tədqiqat işləri aparılmasını nəzərdə tuturuq. Artıq bu istiqamətdə danışıqlar gedir. Tədqiqat işlərinə Koreya, Yaponiya, Polşa, qardaş Türkiyə, Qazaxıstan və Gürcüstandan arxeoloqlar dəvət etmək istəyirik. Azıx mağarasının dərin tədqiqata ehtiyacı var.

 

– Bəs Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əməkdaşlığınız varmı?

– Biz Dövlət Xidməti ilə faktiki olaraq birgə işləmirik. Sadəcə, bəzi işlərimiz bir nöqtədə birləşir. Məsələn, hər hansı abidənin dövlət qeydiyyatı barədə ilk olaraq institutumuz tərəfindən vəkalət verilir. Daha sonra Dövlət Xidməti tərəfindən həmin abidə qeydiyyata alınır.

 

– İndiyədək xarici mütəxəssislərlə müştərək fəaliyyətiniz olubmu?

– Bəli, ABŞ, Fransa, Yaponiya, Koreya, Almaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Özbəkistandan olan arxeoloqlarla birgə işlər aparırıq. Gələn il yenə də onlarla işləməyi planlaşdırırıq.

 

– Arxeoloji qazıntı zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin mühafizəsi necə təşkil olunur?

– Arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət nümunələri əvvəlcə institutun arxeoloji fonduna gətirilir. Burada yuyulur, təmizlənir, nömrələnir, fotoları çəkilir, dövrü müəyyən olunur. Hazırda institutun arxeoloji fondunda bir milyondan artıq maddi mədəniyyət nümunəsi var.

Onu da deyim ki, Qarabağ və Şərqi Zəngəzurda yeni aşkar edilmiş arxeoloji materiallar Bakıya gətirilməyəcək, orada yaradılacaq muzeylərdə sərgilənəcək. Regiona səfər edən turistlər həm qazıntı yerləri və həm də muzeylərlə tanış olacaqlar.

 

– Siz həm də peşəkar musiqiçi kimi tanınırsınız. Bu sahəyə marağınız necə yaranıb?

– Bir dəfə Şərur rayonunun Şahtaxtı kəndində toy mərasimi zamanı bir aşıq saz çalırdı. Sazın səsi hələ də qulağımdan getmir. Həmin gündən sonra musiqiyə həvəsim yarandı. Bu həvəs nəticəsində Naxçıvan şəhərindəki Uşaq-gənclər musiqi məktəbində təhsil almışam. Həmçinin ölkənin tanınmış incəsənət xadimləri ilə bir sıra tədbirlərdə musiqi alətində ifa etmişəm. Evimizdə saz, tar, ud, qaval və digər musiqi alətləri var. Onlardan tar, ud və sazı professional olaraq ifa edirəm. Amma uzun müddətdir ki, musiqi ilə məşğul olmuram.