vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 mart 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
RƏY, REPLİKA  
Küçə jarqonu ilə danışan “millət vəkili” 10:41 | 12 mart 2026 | Cümə axşamı Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Küçə jarqonu ilə danışan “millət vəkili”

Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?

Tunay ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Türkiyəyə qardaş deyir. Qardaşlıq isə bərabərlik deməkdir – ağa-kölə münasibəti yox.

Əziz qardaşlarım, bəri gəlin. Gəlin bu məsələni açıq və cəsarətlə danışaq, birdəfəlik bağlayaq ki, bizi bir-birimizə salmaq istəyənlərin bütün oyunları elə burada dağılsın və bir daha heç kimin ağlına da gəlməsin ki, Türkiyə ilə Azərbaycanın arasına nifaq sala bilər.

Türkiyə Böyük Millət Məclisinin deputatı Ömər Faruk Gergerlioğlu öz “X” hesabında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi “tag” edərək ona küçə polemikasını xatırladan bir üslubda müraciət edib.

Əziz türk qardaşlar, hamımız yaxşı bilirik ki, millət vəkili artıq yalnız öz adından danışan bir insan deyil. Ona milyonlarla insan səs verir ki, parlamentdə onların səsi olsun, onların sözünü ifadə etsin.

Bu səbəbdən də millət vəkili hansısa “bloger”, “tiktoker” və ya “influencer” deyil ki, onun dediklərinə “şəxsi fikiridir” deyib keçəsən. Millət vəkili danışanda artıq təmsil etdiyi insanların adına danışır.

Məhz buna görə də Türkiyə Böyük Millət Məclisinin deputatı Ömər Faruk Gergerlioğlunun sosial mediada qardaş ölkənin prezidenti haqqında belə bir üslubla paylaşım etməsi sadəcə bir şəxsin fikri kimi qəbul edilə bilməz.

Bu səbəbdən də sadə bir sual ortaya çıxır:

Türk xalqı bu cür müraciət formasını qəbul edirmi və bunu onaylayırmı?

Gergerlioğlu isə paylaşımında Azərbaycan Prezidentini ittiham edərək ölkədə guya xalqa zülmdən danışmağa çalışır. Bu sözləri görəndə mən də maraqlandım və düşündüm: görəsən bu insanın Azərbaycan xalqına sevgisi nə vaxtdan başlayıb?

Ona görə də internetdə bir az araşdırma apardım. Qarabağ mövzusuna baxdım – Gergerlioğludan bir cümlə, bir mövqe, bir sitat tapmadım. Xocalı soyqırımı ilə bağlı araşdırdım – yenə də Azərbaycan xalqının dərdinə şərik olan bir fikir görmədim.

Bu halda ortaya təbii bir sual çıxır. Əgər siz həqiqətən Azərbaycan xalqının dərdinə yanan bir siyasətçisinizsə, bəs bu illər ərzində harada idiniz? Qarabağ işğal altındaykən harada idiniz? Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqının yanında hansı mövqeni göstərmisiniz?

Azərbaycan xalqının hansı dərdində qapımızı döyüb bizimlə həmrəy olduğunuzu xatırlaya bilərik?

Əziz türk xalqı, əziz qardaşlarım, indi isə gəlin əsas mövzuya keçək. Cənab Gergerlioğlu İlham Əliyevi İsraillə münasibətlərə görə ittiham etməyə və bu mövzu üzərindən istehza etməyə çalışır. Amma gəlin əvvəl bir həqiqəti dəqiqləşdirək: Azərbaycan və Türkiyə qardaşdır, bir millətdir, amma iki ayrı və müstəqil dövlətdir.

Azərbaycan xalqı və Azərbaycan siyasəti tarix boyu Türkiyənin nə daxili, nə də xarici siyasətinə qarışmayıb. Bunun səbəbi sadədir: biz Türkiyə dövlətinə və türk xalqına böyük hörmətlə yanaşırıq. Ona görə də Türkiyənin kiminlə dost, kiminlə rəqib olacağı barədə heç vaxt hökm verməmişik.

Bəs Azərbaycan Türkiyəyə nə vaxtsa deyibmi ki, Suriyada niyə hərbi əməliyyat aparırsan? Deyibmi ki, niyə ərəb ölkələri ilə belə yaxın münasibətlər qurursan? Türkiyənin Fələstin siyasətinə görə bir dəfə çıxıb ittiham irəli sürmüşükmü?

Halbuki hamımız bilirik ki, Fələstin dünyada “erməni soyqırımını” tanıyan ilk ölkələrdən biridir və Qarabağ münaqişəsi dövründə Ermənistanın mövqeyinə yaxın çıxışlar edib. Xocalıda azərbaycanlı uşaqlar qətlə yetiriləndə belə bu mövqe dəyişməyib.

Amma buna baxmayaraq, Azərbaycan heç vaxt çıxıb deməyib ki, Türkiyə niyə Fələstini dəstəkləyir. Biz heç vaxt deməmişik ki, Fələstində ölən uşaqların taleyi bizi maraqlandırmır. Əksinə, Azərbaycan dövləti və Azərbaycan xalqı hər zaman Fələstin xalqının yanında olub, ona həm mənəvi, həm də humanitar dəstək göstərib. Bununla bağlı kifayət qədər faktlar və sənədlər mövcuddur.

Gergerlioğlu elə danışır ki, guya Türkiyə İsraillə müharibədədir və Azərbaycan da Türkiyənin yox, İsrailin tərəfindədir. Halbuki Türkiyə İsraillə müharibədə deyil — müharibə İsrail ilə Fələstin arasındadır.

Amma bir məqamı da açıq demək lazımdır. Azərbaycanın bu məsələlərdə susması heç vaxt qorxudan olmayıb. Azərbaycan heç kimdən qorxmur. Biz bunu qardaşımıza olan sevgimizdən və hörmətimizdən etmişik.

Azərbaycan Türkiyəni qardaş bilir. Amma qardaşlıq başqa şeydir, ağa-nökər münasibəti başqa. Biz qardaşlığa imza atmışıq, heç vaxt ağa-kölə münasibətinə imza atmamışıq.

Heç kim özündə belə bir haqq görməsin ki, Azərbaycanın nə daxili, nə də xarici siyasəti haqqında hökm versin. Azərbaycan Türkiyəyə necə sayğı göstərirsə, eyni sayğını da öz dövlətinə və öz xalqına göstərilməsini gözləyir.

Əziz türk milləti, şanlı türk milləti, böyük türk milləti, qürurumuz və qan bağımız olan qardaş türk milləti.

Gergerlioğlu iddia edir ki, guya Azərbaycanın bəzi millət vəkilləri onu Türkiyə iqtidarına şikayət edib və toxunulmazlığının qaldırılmasını istəyiblər. Açığı, bu xəbərin doğru olub-olmadığını bilmirəm. Çünki bu iddia məhz Gergerlioğlunun öz dilindən çıxıb və bu adam artıq məndə etibarını çoxdan itirib.

Amma əgər doğrudan da belə bir şey baş veribsə, burada bir məsələni açıq deyirəm: Gergerlioğlunun dediyi bəzi sözlərlə tam razıyam.

“Başqa bir ölkənin millət vəkili digər ölkənin siyasətinə qarışmamalıdır.”

– Bəli, Gergerlioğlu, burada haqlısan. Tam razıyam.

“Bir millət vəkilinə barmaq silkələmək olmaz.”

– Bəli, burada da haqlısan. Çox doğru deyirsən.

“Dövlətlər bir-birinin daxili işinə qarışmamalıdır”.

– Bəli, bu da yüz faiz doğrudur.

Amma onda sual yaranır: bütün bunlar doğrudursa, bəs sən özün niyə Azərbaycanın daxili və xarici siyasəti haqqında hökm verirsən?

Gergerlioğlu deyir ki, o 86 milyonun millət vəkilidir. Mən də bu məsələni məhz həmin 86 milyonun vicdanına buraxıram.

Çünki mən türk xalqının vicdanına və ədalət hissinə inanacaq qədər inanıram. Mən bunu təsadüfən demirəm — mən beş il Türkiyədə yaşamışam və türk insanının mərdliyini öz gözlərimlə görmüşəm.

Bir məqamı da qeyd etmək istəyirəm. Azərbaycan siyasətində və mediasında bir ənənə var: Türkiyə Respublikasının Prezidentinin adı çəkiləndə onun qarşısında həmişə “Sayın” və ya “Cənab” ifadəsi işlədilir. Bu, sadəcə diplomatik qayda deyil — bu, qardaş dövlətə və türk xalqına göstərilən hörmətin ifadəsidir.

Gergerlioğlu isə Azərbaycan Prezidentini sosial mediada “tag” edərək nə “Sayın”, nə də “Cənab” deməyi özünə borc bilmir. Üstəlik bunu küçə ritorikasını xatırladan bir üslubla edir.

Biz Türkiyənin Prezidentinə “Cənab” deyəndə bunu qorxudanmı edirik? Azərbaycan heç kimdən qorxmur. Biz bunu ədəbimizdən edirik, əxlaqımızdan edirik, mədəniyyətimizdən edirik.

Çünki hörmət göstərmək zəiflik deyil – mədəniyyətin və dövlətçilik ənənəsinin göstəricisidir.

Ona görə də qərarı mən yox, türk xalqı versin. Qoy həmin 86 milyon qərar versin: bu cür ədəbsiz və siyasi etikadan uzaq davranan bir insan doğrudanmı onların səsini təmsil edə bilər?