vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜTALİƏ  
10:41 | 25 sentyabr 2024 | Çərşənbə Məqaləyə 500 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lütfün anatomiyası

Tanrı niyə üzümüzə baxmır?

İlqar KAMAL

Futbolda olan bəzi məqamlar var ki, qoldan-moldan daha çox ləzzət eləyir adama; tutalım, udan komandanın oyunçularının uduzanları təsəlli etməsi; yıxılanı əlindən tutub qaldırmaq, əzilənə görə topu auta vurmaq və sair və ilaxır. Bu xırda jestlər göstərir ki, qayəsi atıb-aldatmaq olan bir oyunda da insanlıq etmək olar və bu, çox yaxşıdır.

Bir də hansısa insani kampaniyalara qoşulmalarını sevirəm futbolçuların. Təsəvvür edin, Kriştiano fanatlarını kitab oxumağa səsləsin, çıxıb desin, öldürməyin insanları. Yoxsa Balotelli demiş, futbolçu qol vurar də, bunun harası evrika?

Üsul elmində belə bir bəhs keçir: Təsəvvür edin, ağa quluna deyir su gətir, qul gətirmir, ağanın onu cəzlandırmağa haqqı varmı, var. Bəs deməsə necə? Sussuzdur, amma demir su gətir. Qul da bilir ağanın susuz olduğunu, amma su gətirmir. Cəzalandırılmağa əsas varmı? Bəlkə də yoxdur, amma gətirsə... mükafata haqqı var! Niyə? Çünki vəzifədən ziyadə, borcdan artıq bir iş görüb ağası üçün.

Düşünürəm ki, kainat da, həyat da, hətta Tanrı da belədir: borcdan artıq edilənləri mükafatlandırır, əsasən. Ailəyə baxmaq borcdur. Sanmıram kimsə hesab günü sırf bunlara görə mükafatlandırılsın. Borca görə nə mükafat?

Hünər borcdan artıq nələrsə etməkdir. Tarix də məhz belələrini yadda saxlayır – vəzifədən ziyadə iş görənləri. Yəni Rəsulzadələri, Tağıyevləri, Poladları, Mübarizləri...

Fəzlin də, lütfün də mənası elə budur axı. Lütf edirsiz, yəni borcunuz deyil, borcdan artığını edirsiz.

Ailə yalnız borclar əsasında idarə olunmağa başlayanda dağılır; Məsələn, qadının bəyinə süfrə hazırlaması borcdursa, corab toxuması lütfdür. Kişinin evə çörək alması vəzifədirsə, gül alması lütfdür.

Ağrıyla əzabın fərqi nədir, elə isə?

Öz ağrınsa ağrıdır, əzizinin ağrısısa əzabdır.

Ailənin dərdini çəkmək borcdursa, həqiqətin dərdini çəkmək lütfdür.

Siz heç Allahın dərdini çəkənlər gördünüzmü?

Yalnız borcla-vəzifəylə xilas etmək olmayacaq bu dünyanı, vəzifədən ziyadə iş görənlərə ehtiyac var - hətta elə vətən məsələsində də. Məncə, Mübarizi də, Poladı da bir gecədə sevdirən məhz bu cəhətləriydi.

Allahın bizi yaratması həmdə ona görə qiymətlidir ki, bu Onun borcu deyil, lütfüdür. İşin içində lütf var deyə belə gözəldir. Quru borc əsasında görülən iş çiçək ətri verə bilməz.

Tanrı üzümüzə baxmır...

Bəlkə, lütfümüz yoxdur deyə belədir? Bəlkə, həyatımız yalnız arvad-uşaqdan, qarşılıq güdən addımlardan, quru vəzifə-borclardan ibarətdir deyə belədir? Bəlkə, tez tez “əşşi, nə işimə?” dediyimizdəndir?

Lütfdə eşq var, eşq! Borcsa sadəcə borcdur...

Xırda da olsa olsun, kiçik də olsa olsun, qoy lütf olsun, qoy eşq olsun...

bunlarsız Tanrı da darıxar...

Şair nə deyib,

Bu uzun kiprikləri, ilahi,

nə qədər suvarmış göz yaşları...