vaxtlı-vaxtında oxuyun! Bazar, 26 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ƏDƏBİYYAT  
Bəy nökərliyindən Xalq yazıçılığına 12:34 | 26 oktyabr 2025 | Bazar Məqaləyə 198 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəy nökərliyindən Xalq yazıçılığına

Azərbaycanın ilk pianoçu xanımı ilə ailə həyatı quran, təqiblərə məruz qalan görkəmli ədib

Məcid RƏŞADƏTOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan SSR Xalq yazıçısı, ədəbiyyatımızın dəyərli qələm sahibi, akademik, ədəbi-publisistik, elmi-nəzəri yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə ədəbi tariximizdə xüsusi yeri olan görkəmli yazıçı Mirzə İbrahimov 1911-cı ildə Cənubi Azərbaycanda anadan olmuşdu. Uşaqlıq illərindən həm maddi, həm də mənəvi çətinliklər yaşayan Mirzə İbrahimov ən böyük sarsıntını anasını itirən zaman almışdı. Düzdür, yazıçı o zaman çox balaca idi, cəmi 3 yaşı var idi. Lakin ailədə ananın vaxtsız ölümü, sözün əsl mənasında, yazıçının qayğılı uşaqlığını məhv etmişdi...

Anasını itirdikdən bir neçə il sonra atası onu və böyük qardaşını götürüb Bakıya yollanır. Burda da çox ağır faciə baş verir. Neft buruqlarındakı fontanda qəza baş verir və Mirzə İbrahimov atasını itirir. O zaman 7 yaşı olan yazıçı çox ağır böhran keçirir. Bu ağır günlərdə böyük qardaşı ilə çox çətinliklərə sinə gərirlər, ac, susuz günlər keçirirlər. Amma onların taleyinə yazılan bədbəxtlik, sözün həqiqi mənasında, faciə zənciri bitmək bilmir ki, bilmir. Bakının mərkəzi küçələrində iflic həyatı yaşayan, qardaşı ilə iş tapmaq, çörək pulu qazanmaq üçün yola çıxan balaca Mirzə ata-anasından sonra yenə ağır sarsıntı yaşayır. Zabrata çatanda qardaşı vəfat edir. O, həm aclığa, həm də yolun yorğunluğuna dözə bilmir...

Xatirələrində də qeyd olunur ki, Mirzə İbrahimov uzun illər bəyin yanında nökər olub, onun qoyunlarını otarırmış... Bəyin bir oğlu, üç qızı varmış. Mirzə onların həyətindəki balaca əl evində, betonun üstündə ac-susuz yatırmış. Bəyin balaca qızı öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib ona verirmiş. Bəyin süfrəsinin artıqlarına möhtac olan Mirzə İbrahimov beləcə böyüyür, dərələrdən, təpələrdə qoyun otarmaqdan fürsət tapdıqca oxuyur, elm öyrənir, habelə ədəbiyyata, maarifə böyük maraq göstərir. İllər beləcə gəlib keçir...

Aradan uzun illər keçir. Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işləyirmiş. Bir gün katibə gəlib Mirzəyə bəyə deyir ki, yanına çadralı bir xanım gəlib, qucağında da bir uşaq. Mirzə İbrahimov qadını qəbul edir və gözlərinə inana bilmir. Bu, bir vaxt ona pendir-çörək verən bəyin balaca qızıymış! Qız dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb. Həyatları beləcə məhv olub. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Bu hadisə ən ağır illərdə, 40-cı illərdə olur. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir...

Özü danışırmış ki, balaca və zəif olduğum üçün heç kim məni nökər də götürmürdü. Zabratdakı bəy razılaşanda o qədər sevinibmiş ki, Xalq yazıçısı adını alanda da, ən yüksək vəzifələrə təyin olunanda da bu qədər sevinməmişdi...

Mirzə İbrahimov mahir piano ifaçısı Sara xanım Pirimova ilə evlənmişdi. Qadın uzun müddət razılıq vermirmiş. Elçiliyi Səməd Vurğun edib. Deyib, bəsdir də, ay Sara bacı, yazıçını bu qədər incitmə. Sara xanımın barmağına nişan üzüyünü Nigar Rəfibəyli taxıb. Onlar Rəsul Rza ailəsi ilə də yaxın olublar...

Onların ailə həyatı ilə bağlı bir xatirəni yazıçının qızı Sevda İbrahimova danışır: “Atam anamı çox sevirdi. Anam rəhmətə gedəndən sonra bağdakı yatağını yığışdırmağa qoymadı. Hər gedəndə o çarpayının üstünə qızılgüllər səpərdi”.

Mərkəzi Komitədə iclas vaxtı Mir Cəfər Bağırov deyir ki, Üzeyir Hacıbəyli də, Səməd Vurğun da xalq düşmənidir. Bu zaman Mirzə İbrahimov etiraz edir:

– Üzeyir Hacıbəyli necə vətən xainidir ki, “Koroğlu” operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqif” dramını yazıb?!

Bağırov əsəbləşir: - Əyləş, sən də onların tayısan!

Dəfn günü Mirzə İbrahimovu məzara qoyanda bir qadının səsi gəlir: “Umer naş papa!” Mirzə İbrahimovun qızı maraqlanıb ki, bu kimdir. Qadın deyib ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onu “ata” deyə çağırardıq.

Mirzə İbrahimov hər zaman evdə deyirmiş ki, yazılarımın qonorarı bizə bəs edir, maaşımı yetim uşaqlar üçün uşaq evlərinə köçürürəm...

Mirzə İbrahimov ədəbiyyatımıza "Həyat" pyesi, Azərbaycan mövzusunda bir çox hekayələr – “Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, eləcə də “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı” povestlərini, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanlarını bəxş edib...