
Son ayların maraqlı kitabları
Bəlkə kimlər üçünsə maraqlı olar
Bəlkə kimlər üçünsə maraqlı olar
Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur
Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür
Bu gün böyük yazıçımızın haqqa qovuşduğu gündür
Üç müəllif tanışdır
Osamu Dazai – “İnsanlığımı İtirərkən” əsərinin təhlili
Poeziya keçmişdə zamanda indini tapmaq sənətidir
Realiti-şouların, Tik-Tokun bu qədər dəbə minməsinin səbəbi ...
“Hamı əzbər bilir”, “hamı sevir”, “sadə dildə yazıb” fikirləri yaradıcı meyar deyil
“Poeziya – ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir”
... Yaxud insan necə dəyişilir?
Taleyin dramatik təqdimatını nümayiş etdirən əsər niyə qadağan edilmişdi?
... Yaxud Lenin babasının xələfləri
Dəli dahilər, yoxsa dahi dəlilər?
Ən güclü şeirlər canlı təsəvvür oyadanlardır
... yaxud uşaqlarımız nə oxuyur?
Gecə kəndin ateistlərinin başçısı öldü. Ateistlər səhər tezdən yığışdılar ölənin həyətinə. Hamı çaşıb qalmışdı, nə edəcəyini bilən yox idi. Hərə bir söz dedi, heç kim bir iş görmədi. Meyit qaldı ortada: nə yuyan oldu, nə kəfənləyən. Kəndin dindarları yolun kənarındakı iri qovaq ağacının altında oturub uzaqdan həyəti seyr edirdilər, ara-sıra hüzrə qatılmaq istəyənlərin yolunu kəsib, getməyə imkan vermir, geri qaytarırdılar.
– Ora getmək olmaz, – deyirdilər, – kafirin yasına qatılmaq günahdır!
Beləcə, saat-sata calandı, ateistlər bir qərara gələ bilmədilər. Günortaya yaxın kəndin girişindəki təpənin başında adam göründü. Əlləri arxasında, başı aşağı, enirdi təpədən. Məscidin axundu idi, gələn. Yas düşən həyətin yolunu tutub aram addımlarla yeriyirdi. Dindarlardan biri qaçıb uzaqda onu haqladı, yanına düşüb bərabər yeriyə-yeriyə: “Ağa, getmə o həyətə, qatılma o kafirin yasına, – dedi, – el-oba səni daş-qalaq eləyər!” Axund əlinin işarəsi ilə onu özündən kənarlaşdırıb, yoluna davam etdi. Başqa biri qaçıb yaxınlaşdı:
– Ağa, sən nə edirsən, nə tez unutdun onun elədiklərini?! Allaha həqarət edirdi...
– İnsan nədir ki, yaradana həqarət edə bilsin? – Axund zəhmli baxışları ilə adamı özündən uzaqlaşdırdı.
– Dini inkar edirdi, ağa, yadından çıxıb? – üçüncü dindar özünü yetirdi.
– Dinin, imanın işi cahilləri doğru yola yönəltmək, bəd əməllərdən çəkindirməkdir, onlarla savaşmaq deyil.
– Axı müqəddəs kitabda Allah buyurur ki, kafirlərlə savaşmaq...
– Kitabda insanlara haqqa tapınmaq, mərhəmətli olmaq, savab işlər görmək, haramdan uzaq durmaq, kin bəsləməmək, qeybət etməmək buyurulur, qalanını sizin kimilər öz mənfəətləri üçün düzüb-qoşublar, – axund adamın sözünü kəsdi.
Dindarlar hamılıqla tökülüşüb darvazanın qabağında axundun yolunu kəsdilər. “Buraxmarıq səni bu həyətə, – dedilər, – Allahı, dini düşünmürsən, özünü düşün. Adamın özü də, dəstəsi də hər görəndə səni ələ salıb təhqir edirdi...”
– Məni təhqir ediblər də, siz niyə əl-ayağa düşmüsünüz? – axund təmkinini pozmadan onların arasından keçib həyətə girdi, ateistlərə: “Başınız sağ olsun”, – deyib isti su istədi. Qoltuğunda gətirdiyi kəfəni, pambığı, söyüd çubuqlarını bir kənara qoyub, iki nəfəri məscidə – tabut gətirməyə yolladı. Məzar qazdırmaq üçün məsciddən qəbiristanlığa adam yolladığını deyib, evin arxasında yuat yeri hazırlatdı. Su isinən kimi papağını kənara qoyub qollarını çırmaladı, dodağının altında nələrsə pıçıldaya-pıçıldaya meyiti yuyub kəfənlədi, tabuta qoydurdu. Ateistlərə əli ilə cənazənin yanında bir tərəfdən toplaşmağı işarə edib, irəli keçdi. Cənazə namazını qılıb, tabutu çiyinlərə qaldırtdı. Qabağına düşüb, Quran oxuya-oxuya qəbiristanlığa üz tutdu...
Bütün kənd qəbiristanlığa yığışmışdı. Ateistlər sakitcə axundun tapşırıqlarını yerinə yetirirdilər. Dindarlar ara-sıra kənardan söz atıb, bu işə qarışdığı üçün axundu qınayırdılar, sadə camaat dinib-danışmadan baş verənləri seyr edirdi. Dəfn başa çatanda axund üzünü qəbiristanlığa toplaşanlara tutub dedi:
– Bizim borcumuz, hər kim olursa-olsun, öləni bu dünyadan hörmətlə yola salmaqdır. O tərəfdə haqqı nədir, cəzası nədir, onu sorğulayan bilər. Əgər ateistlər dediyi kimi o dünya yoxdursa belə, bu, bizim bu dünyada borcumuzu yerinə yetirməyimizə əngəl olmamalıdır...
Qəbiristanlıqdan çıxanda çevrilib çaş-baş qalmış dindarlarla ateistlərə baxdı axund: “Lazım olsam, məni məsciddə axtarın, bu gecə evimdə qalmayacağam”, – deyib getdi...
O gecə kənddə hamı bu hadisədən danışdı. Allahdan ümidini heç vaxt üzməyən, elmin də, imanın da yerini-yatağını həmişə hörmətli tutan qara camaat deyirdi ki, əgər axund belə lazım bildisə, düzgünü elə bu imiş. Dindarlar kəndin çayxanasına yığışıb axundu qınayır, kafirlərin tərəfini tutmaqda suçlayırdılar. Ateistlər ölənin evində toplaşıb axundun böyüklüyündən danışır, indiyə qədərki əməllərinin peşmanlığını çəkirdilər...
Səhər tezdən ateistlər qalxıb məscidə getdilər ki, axunddan həm özlərinin, həm də ölənin adından üzr istəsinlər, bir də başqalarının inancına həqarət etməyəcəklərinə söz verib, halallıq alsınlar. Çatıb gördülər, məscidin qapıları taybatay açıqdır. Camaatın qınağına səbəb olmamaq, dindarların qəzəbinə tuş gəlməmək üçün içəri ayaq basmayıb, kandardan axundu səslədilər. Nə qədər çağırdılar, hay verən olmadı. Axırda naəlac qalıb ehmallıca içəri keçdilər. Gördüklərindən yerlərindəcə donub qaldılar. Gecə kimlərsə gəlib axundu öldürmüşdülər...