vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
MÜSAHİB  
16:22 | 13 iyul 2024 | Şənbə Məqaləyə 1958 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Doğrudan, “dərzi öz söküyünü tikmir?”

“Mən artıq əsəri oxuyandan və rol bölgüsünü görəndən beynimdə geyimləri ölçüb-biçirəm”

Həmidə NİZAMİQIZI

Üzərində “sex rəisi” sözləri yazılan qapını astaca döydüm. “Buyurun” kəlməsini eşidib içəri keçdim. Mənzərə gözlədiyim, daha dəqiqi, arzuladığım kimi idi. İşıqlı və böyük otaq. Geniş oval masa üzərində rəngbərəng parçalar, 2-3 cansız maneken, üzəri iynələnmiş, yəni tikiş prosesində olan paltarlar, parça rəfi, iri ütü, heç vaxt heç bir dərzidə görmədiyim qayçı (sonradan bəlli oldu ki, bizim iddialı dərzi xanım onu xüsusi sifarişlə Amerikadan gətirdib və ondan başqa heç kimdə yoxdur), tikiş maşını, metrə, üskük, saplar...

Həvəsləndim. “Arşın mal alan” deyib, rəngarəng parçalar içərisində bir avaz oxuyacaqdım ki, birdən yadıma düşdü ki, Akademik Musiqili Teatrda, yəni peşəkarlar arasındayam. Üstəlik, hər şeyi öz arşını ilə dəqiq ölçüb-biçən dərzi ilə üz-üzəyəm. Kiridim.

Söhbətə başlamazdan öncə “Dərzi öz söküyünü tikmir” atalar misalı yadıma düşdü. Amma qarşındakı xanımın sadə, səliqəli, dəbli geyimi bu misalı heç yaxına buraxmır. Zövq və dəb anlayışları arasında “Mənə yaraşan elə dəbdir” prinsipi ilə yaşadığı aydın sezilir.

***

Gəlin, onu yaxından tanıyaq. Nübar Hüseynova Akademik Musiqili Teatrın geyim sexinin rəisidir. 1999-cu ildən bu teatrda çalışır. Dəbə, modelyerlik peşəsinə, dərzilik sənətinə maraq onda ta uşaqlıdan yaranıb. Elə bu sevgi və maraqla da illərdir ki, bu işlə məşğul olur. Teatrın, demək olar ki, bütün səhnə geyim-kecimi onun əlindən çıxır.

– Uşaqlıqdan bu sahəyə həvəsim vardı. Deyim ki, teatrın dəlisi idim, məni cəlb elədi, gəldim, yox. Sadəcə, modaya, populyar olan bu sahəyə marağım vardı. İstəyirdim ki, tikdiyim paltarları hamı görsün. Həmin dövrdə Yüngül Sənaye İnstitutunda parça və geyim üzrə rəssam-modelyer ixtisasına yiyələndim. Bir müddət bu istiqamətdə başqa müəssisədə çalışdım. Sonra da, necə deyərlər, ömrümü teatra bağladım.

 

– Teatrda çalışmaq ilk mərhələdə çətin olmadı ki?

– Teatrda çalışacağımı deyəndə həyat yoldaşım olacaq insan yaxşı qarşılamadı. Dedi sən hara, teatr hara? Baxmayaq ki, təhsillidir, üstəlik sənətə bağlıdır. Amma ilk illərdə razılaşmırdı. Tikməyi sevirdim deyə çox da mane olmadı. Heç mən burada işə başlayanda indiki ştatlar da yox idi. Eləcə, biçici, dərzi və s. vardı. Teatrın əsaslı təmir-bərpasından sonra ştatlar da dəyişdi. Bir ildir ki, tikiş sexinin rəisiyəm. Amma heç bir fərqi yoxdur. Əsas odur ki, mən sevimli işimi görürəm.


– İş prosesiniz necə olur, haradan başlayır?

– Eskiz təqdim olunur. Sözsüz ki, bu mərhələ bizə qədər quruluşçu rəssam və rejissor arasında müzakirə olunur. Biz isə təqdim olunan eskiz əsasında işləyirik. Amma mən işimə fərqli prizmadan yanaşıram. Məsələn, səhnələşdiriləcək yeni əsərlə maraqlanır, tapıb oxuyuram. Obrazlar və onların xarakterlərini özüm üçün saf-çürük etməyə başlayıram. Yəqin ki, bu da modelyerliyimdən, rəssamlıq bacarığımdan irəli gəlir.


– Bəzən rejissor, quruluşçu rəssam elə qəliz, texniki baxımdan elə müşkül iş istəyə bilər ki, bunu icra etmək mümkünsüz olsun?

– Bəzən olur və elə əsas müzakirələrimiz də bu zaman başlayır. Peşəkarların müzakirəsi və mübahisəsi ümumi işə xidmət edir deyə daim müsbət nəticələnir. Bilirsiniz, teatrda işləyən hər kəs – dərzi və ya adi səhnə maşinisti – gərək ilk növbədə teatral olsun. Onu sevsin, az da olsa, hiss eləsin. Bu mənada, birgə işimiz hər zaman yaxşı olur.


– Teatr dərzisinin nə kimi özəllikləri olmalıdır?

– Baxın, bu gün şəhərimizdə kifayət qədər modern, bütün avadanlıqlarla və vəsaitlərlə təmin olunmuş atelyelər, moda evləri var. Amma onların heç birində teatr geyimləri tikən dərzilərin özəllikləri yoxdur. Mən sizi əmin edirəm ki, nə qədər gözəl tikiş tikənlər olsa da, bizimkilər onlardan mütləq fərqlənirlər.


– Nübar xanım, parçanın rəngindən materialınadək seçim elə də asan olmur. Üstəlik, səhnənin işıq, fərqli rakurslardan aydınlanması məsələsi də var.

– İndi mən deyənə gəldiniz (gülür). Parçanın işıq düşdüyü zaman verdiyi effektlə paltarın tikildiyi ifaçının bədən ölçülərinədək hər şeyi yüz ölçüb, bir biçirik. Səhnə başqa bir cazibədədir və bu zaman hər detal düşünülməlidir.


– Görürəm, əlinizin altında “Əliqulu evlənir” tamaşasının eskizləri var...

– Bəli, libretto müəllifi Xalq artisti İlham Namiq Kamal, quruluşçu rəssamı Nabat Səmədova, geyim üzrə rəssamı isə mənəm. Nabat xanımın çəkdiyi eskizlər əsasında geyimləri tikirik.

***

Bayaqdan bizə mane olmadan səssiz-səmirsiz çalışan xanımları söhbətə cəlb etmək üçün Nübar xanıma onlarla bağlı da suallar verirəm. Amma nə tikiş maşınında cınqırı belə çıxmadan işləyən dərzi, nə də buxarlı ütü ilə zərif parçaları sürətlə ütüləyib asan biçici bizə məhəl qoymur. Düzü, bir neçə məqamda gah buxarlı ütünün fısıltısı, gah da maşının tıqqıltısı ürəyimi üzdü. Hər dəfə elə bilirdim ki, ya xanımın maşının iynəsi sındı, ya da bayaqdan gözüm qalan mavi uzun don yandı...

Sözsüz ki, səriştəli qızlar nəyi necə etdiklərini yaxşı bildiklərindən Nübar xanım çox rahat söhbətini edir. Mənim ani nigarançılığıma dodaqaltı gülməyi də unutmur.

***

Bu məqamda əməkdaşları, onların işlərini xəbər alıram:

– Beş nəfər xanımıq. Hərə öz işini biləndə, çətinlik olmur. Üstəlik, çox mehriban dolanırıq. Yəqin bu da ondan irəli gəlir ki, ümumilikdə bizim teatrımızda mehribanlıq hökm sürür. Bəlkə də, məni buraya bağlayan elə bu amildir.

Müsahibimdən iş zamanı əlindən çıxan hansısa xəta və bununla bağlı ona olan münasibəti soruşuram:

– Özünü tərifləmək kimi olmasın, elə bir hal yaşanmayıb. Olanda da tez qızlarla düzəldirik. Biz cəld işləyirik. Deyilən vaxtdan 3-5 saat yox, 5-10 gün əvvəl hər şeyi tikib, hazır edirik. Bunu kollektivdə hamı təsdiqləyər.


– Parçaları haradan alırsınız? Hamımızın bildiyi bazarlardan, yoxsa xaricdən sifariş verilir?

– Bəzən sifarişlə də alırıq. Xüsusilə, aksesuarları. Məsələn, “Leyli və Məcnun” tamaşasının.


– Hə, o tamaşanın ən yaddaqalan məqamı həm də geyim və aksesuarları idi.

– Biz hər incə detala fikir veririk. Yəni parçanın qalınlığı, oyun zamanı aktrisanın əynində duruşu, templi səhnələrdə xüsusən qısa ətəklərin yarada biləcəyi maneələrin hamısını gözdən keçirdirik.


– Amma bəzi tamaşalarınızda bunun əksi olan geyimlərə də rast gəlirik.

– Siz gördüyünüzü biz də görür və tez bir zamanda aradan qaldırırıq. Məsələn, gözəl parça və ya ondan tikilən geyim tamaşanın sonrakı hissələrinə və ya mizana uyğun olaraq hər hansı elementin əlavəsindən sonra (deyək ki yağış yağanda və ya külək effekti veriləndə) görünüşünü dəyişib qeyri-estetik mənzərə də yarada bilir.


– Fərqliliyi yaratmaq üçün seçim də çətin olur, yəqin.

– O qədər... Bəzən bir parçanı neçə dəfədən sonra seçirik. Ona qalsa, dükan-bazar geyimlərlə doludur. Mən artıq əsəri oxuyandan və rol bölgüsünü görəndən beynimdə ölçüb-biçirəm. Xüsusən, qadınların boy, bədən ölçülərinə, hətta xarakterlərinə uyğun parçalar seçirəm. Sağ olsunlar, hər zaman da razılıq edirlər.


– Aktrisaların səhnə geyimi ilə bağlı narazılıqları olurmu?

– Artıq psixoloq olmuşuq (gülür). Gəlib parçaya, geyimə baxanda, əhvallarının dəyişdiyini hiss edirəm və çox sevinirəm. Aktrisa geyinir, başlayır obrazına girib replikalarını deməyə. Aha, deməli, bəyəndi. Mən illərdir məhz o andan ləzzət alıram və bütün yorğunluğum çıxır... Yəni eskiz var və biz ona əsaslanırıq. Bəzən rəssamdan icazə alaraq o geyimi geyəcək aktyorun, aktrisanın da istəklərini reallaşdırmağa çalışırıq.


– Aktyorlarla işləmək çətindir, yoxsa aktrisalarla?

(Gülür). Məncə, aktrisalarla. Kişi geyimləri o qədər də maraqlı olmur axı. Kostyumdur, uzağı bir az dəyişiklik edə bilirsən. Amma xanımlarda çox şey dəyişir – ayaqqabıdan baş aksesuarınadək. Onlarla iş daha maraqlı olur. 


– Ola bilməz ki, tikdiyiniz hər hansı geyimə vurulub onu sınaqdan keçirməyəsiniz. Yaxud da, birini də özünüzə tikməyəsiniz...

– Olur, qadın deyiləm? (gülür). Elə birinci özüm baxıram ki, məsələn, filan aktrisa ilə bədən quruluşum bənzərdir. Mənə olursa, deməli, onun da əynində yaxşı oturacaq və sair. Çox vaxt tikdiyim paltara vurulub “Bu nə qəşəngdir, gərək birini də özümə tikim” dediyim məqamlar da olur. İnanırsınız, bu, söz olaraq da qalır. Nə zamanım olur, nə də həvəsim. Elə bil paltarı tikə-tikə onu əynimdə təsəvvür edib, zövqü alıram. Beləcə, marağım azalır.


– Teatrda olduğunuz müddətdə sizin üçün nələr dəyişdi?

– Təcrübə sayəsində insanları tanımağı öyrəndim. Özüm öz yerimi bildiyimdən hər kəsin də yerini bilir və dil tapıram.


– Öz aramızdır, sizin otaqda da çox sözlər danışılıb. İllərdən bu yana, Allah bilir, boğçada nə söhbətlər var...

(gülür) Elə o boğça bağlı qalsa yaxşıdır. Bir də adamın yanında söz danışarlar da. Onlar danışır, mən tikirəm. Nəyimə lazımdır? Qoşulmuram. Əksinə, xəbər alanda da deyirəm bilmirəm, eşitməmişəm, görməmişəm. Özü də intriqa təkcə teatrlarda olmur ki,   elə həyatda da elədir. Hər zaman orta xətti saxlamağa, qalmaqalı yatırmağa çalışıram.


– Sənət adamları həssas olurlar, yoxsa tələbkar?

– Fərqli xarakterli insanlarla işləyirik. Həm də bilirik ki, onlar səhnəyə çıxacaq, rol oynayacaq. Onların ovqatını korlaya bilmərik. Aktyor səhnədə özünü rahat hiss eləməlidir. Bunun başlıca səbəblərindən biri də geyimdir. Çünki geyim özümüzə güvənin, görkəmimizdən məmnuniyyətin ilk mərhələsidir...


– Aktrisalarla, ümumən sənət adamları ilə dostluq edirsinizmi?

– Yox, həyat tərzim başqadır. Adi həyatda da yaxın rəfiqəm yoxdur. Mənim üçün ailəm var, doğmalarım var.

***

Söhbətin bundan sonrakı hissəsində teatrın mətbuat katibi Fəridə Rüstəmova da iştirak etdiyindən bir növ “qadın müzakirə klubu” formatına keçdik. Sonda hamılıqla razılığa gəldik ki, qadınları anlamaq çətindir. Amma həm də mümkündür...

Söhbət zamanı qəhrəmanımızın timsalında bir daha onu da yəqin etdim ki, “Dərzi öz söküyünü tikmir” və ya “Aləmi bəzər, özü...” kimi deyimlərin ünvanları, əslində, peşəsinə vurğunlardır. Çünki onların ən sevdiyi iş başqalarının gözəl geyimindən zövq alaraq daha yaxşısını tikmək üçün daim çalışmaqdır.  Dəb isə yəqin bunun davamıdır. Dünya dəbinin ikonası sayılan Koko Şanelin fikrincə, dəbdən düşən paltarlar deyil, elə dəbin özüdür...