vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MÜTALİƏ  
01:24 | 16 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 751 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məktəbli analar

Kim deyir ki, yol həmişə böyüklərindi?

İlqar RƏSUL

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gündən məmləkətdə dərslər başlandı. Həm də analar üçün. Şirin-şəkər balaları ilə axşamlar dərsləri hazırlayıb, səhərlər məktəbə gedən analar üçün yəni. Mənimçün dünyanın ən maraqlı tamaşalarından biri də səhər anaların kiçik yaşlı uşaqları yanlarına salıb məktəbə aparmalarıdır...

Yolumun üstündə məktəb var. Orta məktəb. Səhərlər işə gedərkən ordan keçəndə anaların uşaqları məktəbə aparmasını seyr edirəm. Cavan analardı hamısı (bəzilərinin özünün anası əlində tutub harasa aparacaq qədər uşaq analar). Biri uşağını əlindən tutub aparır. Birinin uşağı yanında, birininki özündən azca qabaqda yeriyir. Heç bir Ana uşaqdan qabaqda yerimir ki, gözünün önündə olsun balası. Uşaq geriyə qalar, nəsə bir şey olar ­– qorxusu həmişə var anaların canında. Bunları seyr edirəm və düşünürəm: Kim deyir ki, yol həmişə böyüklərindi? Məktəb yolları daha çox uşaqlarındı sən demə. Hərdən gözümə uşağı məktəbə gətirən atalar da dəyir. Amma çox az. Belələri  olursa, uşağı həyət qapısından məktəbə ötürüb tez də çıxıb gedirlər. Amma analar...

Analar aparıb uşağı ya müəllimə verir, ya sinfə salır, qayıdıb evlərinə dağılışmazdan əvvəl məktəbin yaxınlığında iki-bir, üç-bir topalaşıb söhbətləşirlər. Gah müəllim haqda nəsə eşidirsən yanlarından ötəndə, gah da hansısa valideyn haqda. Hamısı da cəmi beş-altı addımlıq cümlələr, səninçün əvvəli-sonu olmayan fikirlər yəni. Bir dəfə qızını məktəbə ötürüb qayıdan ata aralıdan analara baxıb öz özünə – yığışıblar yenə, qeybətləşirlər səhərin gözü açılmamış – deyərək getdi. Analarınsa bu deyiləndən xəbərləri olmadı. Olsaydı da çətin ki, əhəmiyyət verəydilər. Elə şən, xoş, gözlərində işıq söhbətləşirdilər ki, sanki keçmiş sinif yoldaşları idilər, 30 ildən sonra rastlaşmışdılar...

Əslində hər səhər məktəbə doğru olan bu axında analar uşaqlardan daha çox məktəbli görünürlər. Adama elə gəlir ki, indicə uşaqlar onları məktəbə qoyub qayıdacaqlar oynamağa. Hətta o qədər məktəbli yəni...

Bəzən də adama elə gəlir ki, məktəb uşaqların iş yeridir, onlar analarını çölə, bir-biri ilə oynamağa buraxıb işləməyə gedirlər ora. Belə düşünəndə daha maraqlı görünür məktəb yolları və bu yollarla məktəbə doğru uşağının əlindən tutub gedən analar. Axşamdan balası ilə birgə bütün tapşırıqları oxumuş, yazmış, bir sözlə, hər gün dərsə hazır olan məktəbli analar...         

Yolumun üstündə məktəb var. Orta məktəb. Hər səhər işə gedərkən ordan keçəndə anaların uşaqlarının əlindən tutub, yanına, arxasına düşüb məktəbə getmələrini seyr edirəm. Belə anlarda bəzən içimdən arzu keçir: Kaş mənim də bir məktəbli Anam olaydı... 

İlqar RƏSUL


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)