vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
15:32 | 17 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 1134 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baydendən Poroşenkoya vida mesajı

«Xırda maraqları və ziddiyyətləri bir kənara qoyub, daha yüksək amallar uğrunda çalışmaq gərəkdir»

AZƏR, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Ştatların vitse-prezidenti Cozef Bayden öz postunda sonuncu səfərini Ukraynaya edib. Əvvəlcə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşən C. Baydenə Ukrayna üçün elədiklərinə və dəstəyə görə təşəkkür elan edilib. Görüş zamanı Donbasdakı vəziyyət, eləcədə də ölkədəki islahatlar müzakirə olunub. «İslahatların davam etdirilməsi Ukraynaya beynəlxalq dəstəyi təmin edəcək. Bilirsiniz ki, sizdən başqa heç kim bu çətin missiyanı başa çatdıra bilməyəcək. Xırda maraqları və ziddiyyətləri bir kənara qoyub daha yüksək amallar uğrunda çalışmaq gərəkdir. Bu, hamıya - deputatlar, hakimlər, KİV və geniş ictimaiyyətə aiddir. Sizlərin hər biri tarixin çağırışlarına cavab verməli və zamanın sınağından çıxa biləcək birləşmiş, demokratik Ukrayna qurmalısınız», - deyə Bayden Poroşenko ilə birgə mətbuat konfransında vurğulayıb. O, həmçinin Ukrayna hökumətinin iqtisadi uğurlarını yüksək qiymətləndirib. Əlavə edib ki, bu sahədə hələ çox işlər görülməlidir. Vitse-prezident rəsmi Kiyevi bu istiqamətdə Beynəlxalq Valyuta Fondu (BVF) ilə işlərini gücləndirməyə çağırıb.

Bir faktı da qeyd edək ki, Barak Obamanın administrasiyasında Bayden Ukrayna məsələsinə məsul idi. Ukraynaya simpatiyasını gizlətməyən Bayden dəfələrlə Kiyevdə olub. 2015-ci ildə Ukraynada səfərdə olarkən Ali Radada çıxış edib və ölkə rəhbərliyini 2004-cü ildə baş verən inqilabdan sonra buraxılan səhvləri təkrarlamamağa çağırmışdı. «İslahatlar keçirildi, sonra isə istiqaməti dəyişdi. Biz islahatlar və dəyişikliklər istəməyən oliqarxların hakimiyyətdən uzaqlaşdırıldıqlarını, sonradan isə yenidən hakimiyyətə qaytarılmalarının şahidi olduq. Biz islahat istəyən islahatçılardan siyasi qisas alındığının şahidi olduq». O bir neçə dəfə Poroşenko komandasını və Ukrayna parlamentini sözün əsl mənasında islahatlar keçirməyə, korrupsiyaya son qoymağa və qohumbazlıqdan imtina etməyə çağırıb. Onun qənaətincə, belə olarsa, bütün dünya Ukraynanı dəstəkləyəcək, onu Rusiya ilə apardığı müharibədə müdafiə edəcək. Baydenin bu sözlərini ekspertlər o zaman Obamanın prezidentliyinin son ilində sonuncu şans kimi qiymətləndirmişdilər. Bu səbəbdən də vəzifəsindən getməkdə olan vitse-prezidentin indiki səfərini bir çoxları görülən işlərin yekunu kimi dəyərləndirirlər. Ekspertlər onu da qeyd edirlər ki, mövzu ilə bağlı Davosda da müzakirələr keçirilə bilər. Belə ki, C.Bayden Kiyevdən Davosa yollanacaq. Burada Ukraynadakı vəziyyətlə bağlı qeyri-rəsmi müzakirənin keçiriləcəyi gözlənilir. Həmin tədbirdə ABŞ-ın bir sıra nüfuzlu siyasi xadimləri, o cümlədən sabiq müdafiə naziri Robert Geytsin də iştirak edəcəyi bildirilir. Bir sıra ekspertlər hesab edir ki, Geyts Poroşenkonun komandasına ABŞ-ın yeni administrasiyası üzvləri ilə körpü qurmağa kömək edə bilər.

Ukrayna Xarici Siyasət Assosiasiyasının prezidenti Vladimir Handoqiy qəfil səfəri təbii hal sayır və hesab edir ki, Bayden sadəcə, vidalaşmağa gəlib. «Obama da artıq Avropanın başlıca ölkələrini gəzib. Bayden Kiyevə tərəfdaşları ilə görüşmək üçün gəlib və gələcək ABŞ prezidenti barədə fikirlərini bölüşəcək. Mənə elə gəlir ki, bu səfər sadəcə protokol xarakteri daşıyır».

Səfərlə bağlı ukraynalı ekspertlərin fikirləri fərqlidir. Onlar hesab edirlər ki, Bayden Poroşenkonun komandasına Donald Tramp administrasiyası ilə münasibətləri qurmaq yolları, onun detalları barədə ətraflı məlumat verəcək.

Yeri gəlmişkən, respublikaçılar Trampın seçkiqabağı kampaniyasının ən qızğın dövründə yaşanan qalmaqallı bir insidenti hələ də yaddan çıxarmayıblar. Belə ki, bəlli olmuşdu ki, Trampın seçki qərargahının rəhbəri Pol Manafortun adı Ukraynanın Regionlar Partiyasının «qara buqalteriyası»nda hallanıb. Manafort istefaya getdi, Tramp isə bundan sonra Petro Poroşenko ilə BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçirilən toplantısında görüşməkdən belə qaçdı. İndi həm Tramp, həm də Ukrayna tərəfi qalmaqaldan uzaq dayanmağa çalışır və bildirirlər ki, Ukrayna və ABŞ arasında münasibətlər dəyişilməz olaraq qalacaq.

«Vitse-prezidentin səfəri Birləşmiş Ştatların Ukraynaya verdiyi önəmin, eləcə də Ukraynanın müstəqilliyi prosesinə şəxsi dəstəyinin göstəricisidir. Səfər həm də iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunub», - deyə ABŞ tərəfinin yaydığı məlumatda vurğulanıb.

Ukrayna tətbiqi siyasi tədqiqatlar Mərkəzi – «Penta»nın rəhbəri Vladimir Fesenko hesab edir ki, Ukrayna məsələsi ABŞ xarici siyasətində prioriteti olaraq qalacaq. Lakin Tramp administrasiyasının bu məsələnin həllinə baxışını dəyişə bilər. Məsələn, politoloq Vadim Karasev hesab edir ki, «Ukraynanı postsovet məkanın uğurlu inkişaf etmiş modelinə çevirmək emosiyaları öz yerini sərt praqmatizmə verməli oldu». Başqa bir politoloq Turi Romanenko isə bildirib ki, Tramp Poroşenkonun komandasına Ukraynanın Rusiya ilə böhranlı vəziyyətdən çıxmaq barədə təkliflər paketi hazırlamağı təklif edib: «Əgər belə təkliflər daxil olmazsa, onda razılaşmalar Ukraynanın iştirakı olmadan imzalanacaq».

Onun sözlərinə görə, yeni ABŞ administrasiyası ilin sonuna kimi ən böyük əhəmiyyət kəsb edən iki münaqişə - Suriya və Ukrayna münaqişələrinin həll etmək niyyətindədir. Ekspert hesab edir ki, Ukrayna tərəfinin gözləmə mövqeyi mənfi nəticələrə gətirib çıxara bilər. Onun qənaətincə, Donbasdakı münaqişəli vəziyyətin Ukraynanın iştirakı olmadan necə həll etməyin yolunu ukraynalı oliqarx Viktor Pinçuk WSJ nəşrinə olan müsahibəsində açıq şəkildə göstərib. Həmin şəxsin açıqladığı həll variantında isə Ukraynanın Donbasda münaqişəyə son qoyulması üçün kompromislərə getməsi nəzərdə tutulub. Bura isə Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlük planından əl çəkilməsi, Krımın kimə məxsus olması məsələsinə uzun müddət toxunmamaq, Donbasda yerli idarəetmə orqanlarına seçkilərin keçirilməsi və təhlükəsizliklə bağlı məsələlər nəzərdə tutulub. İstisna deyil ki, oliqarxın məqaləsi Vaşinqton tərəfindən buraxılan bir mesajdır. Lakin istənilən halda, Ukrayna tərəfi bu kompromislərə getməz. Artıq Kiyev bu təklifə münasibət bildirib və onun heç müzakirə belə olunmayacağını bəyan edib. Hətta oliqarxı «Rusiya ssenarisini» reallaşdırmaq cəhdində günahlandırıblar. Beynəlxalq münasibətlər üzrə Kral İnstitutunun məsləhətçisi Ceyms Şerr «Chatham House»da yerləşdirdiyi məqaləsində qeyd edir ki, oliqarxın müəyyən etdiyi güzəştlər yeni bir dinamika yaradır. Bu, Ukraynanın əvvəlcə de-fakto, sonra isə de-yure Rusiyaya tabe etdirilməsi olacaq.