vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
09:07 | 3 iyul 2014 | Cümə axşamı Məqaləyə 1352 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gözəgörünməz şeyxin şiə qanına susamış ordusu

«Səddamın keçmiş zabitləri İŞİD-lə qardaşlaşırlar»

Hazırladı F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 10-da qəfildən İraqın ikinci ən iri şəhəri Mosulu ələ keçirən, ardınca minlərlə əsiri güllələyən və başlarını kəsən «İraq və Şam İslam Dövləti» (İŞİD) adlı qatı radikal islamçı hərəkat dünyanın bir nömrəli mövzusu olaraq qalır.


Təkcə ona görə yox ki, bu hərəkat İraqın yaşayış məntəqələrini bir-birinin ardınca ələ keçirməkdə davam edir və İŞİD-in tükürpədici zorakılıqları barədə hər gün videokadrlar yayılır. Həm də ona görə ki, indiyədək qlobal təhlükəsizlik üçün bir nömrəli təhdid kimi «əl-Qaidə» terror şəbəkəsi hesab edilirdisə, indi onun yerini İŞİD tutub və bu başkəsənlər ordusu dünya üçün ciddi təhlükəyə çevrilir.

Xüsusən də İŞİD-in Azərbaycan da daxil olmaqla bir çox ölkələri «fəth edib» yeni qurduqları «xilafətin» tərkibinə qatmaq planları nəzərə alınarsa. İŞİD-in hətta ən yaxın tərəfdaşlarının belə sifətini görmədiyi lideri, «yeni xəlifə» elan edilən əl-Bağdadi artıq audiomüraciətlə çıxış edərək bütün müsəlmanları cihada çağırıb. O, özünü dünya müsəlmanlarının tək lideri hesab edir və İŞİD bildirir ki, bütün müsəlmanlar əl-Bağdadinin əmrinə tabe olmalıdır.

Fransanın nüfuzlu «Atlantico» İŞİD-in nə təşkilat olduğu barədə Paris Siyasi Araşdırmalar İnstitutunun professoru, Yaxın Şərq üzrə ekspert Fredrik Anseldən müsahibə götürüb.

Həmin müsahibənin tərcüməsini təqdim edir:

***

 

- Son vaxtlar İŞİD durmadan hamını onun barəsində söz açmağa məcbur edir. Lakin Qərb KİV-lərinin əksəriyyəti onun mövcudluğu haqda bu yaxınlarda xəbər tutdular. Bu hərəkat necə formalaşdı? Və doğrudanmı onun meydana çıxması belə gözlənilməz oldu?

- Yox, bunu gözlənilməz adlandırmaq olmaz. Ancaq İŞİD doğrudan da qonşu Suriyada üç ildən çoxdur davam edən amansız müharibənin dağıntıları altında gizlənmişdi və Bəşərə Əsədə qarşı döyüşən əsas qüvvələrdən biri idi. İŞİD şiələrə qarşı fövqəladə ölçülərdə düşmənçilik əhval-ruhiyyəsində olan radikal islamçı qruplardan ibarətdir. Onlar şiələri daxili düşmənləri, İslam yolundan dönmüş kafirlər hesab edirlər. Bununla belə İraqda 2003-cü ildən bu yanan hakimiyyət (Kürdüstanı çıxmaqla) şiə çoxluğun əlindədir və onlar hakimiyyəti bölüşdürmək niyyətində deyillər.

Mahiyyətcə Suriyada olduğu kimi İraqda da İŞİD sünnilərin hökmranlığı uğrunda mübarizə aparır və qatı şəriət qaydalarını tətbiq etmək istəyir. Hərəkat artıq ələ keçirdiyi ərazilərdə bu qaydaları tətbiq edir. Bundan başqa, İŞİD Suriya və İraq ərazilərinin bir hissəsini ələ keçirərək bunu dindarların böyük icmasının-xilafətin yaradılması yolunda növbəti addımlardan biri hesab edirlər.

 

- Bir çox hallarda hərəkatı «əl-Qaidə»nin Yaxın Şərqdəki qolu kimi təqdim edirlər. Əslində məsələ nə yerdədir?

- İŞİD yaraqlılarının bir hissəsi doğrudan da «əl-Qaidə» ideologiyasını dəstəkləyir. Lakin burada çox mühüm fərq var. İŞİD teokratik, eyni zamanda əraziyə malik dövlət qurmaq istəyir. «Əl-Qaidə» isə əksinə, həmişə səpələnmiş strukturlar halında fəaliyyət göstərib və şərtlərdən, imkanlardan asılı olaraq yerlərini dəyişdirib. Üsamə bin Laden özünü dəqiq müəyyən edilmiş məkanda lider kimi təsvir etmirdi, İŞİD isə bunu edir. Hərəkat Suriya və İraq ərazilərinin bir hissəsini ələ keçirərək orada öz hakimiyyətini qurub.

 

- Hərəkatın teoloji və ideoloji kökləri nədir? Bu hərəkat sırf dini xarakter kəsb edirmi?

- Onlar İslamın sünni təriqətində mövcud olan bütün dörd hüquq məktəbi arasında ən sərti olan hənbalilər məktəbinə mənsub olan sünnülərdir. Bundan başqa, onlar özlərini XIV əsrin radikal teoloqu İbn Taymiminin davamçıları da hesab edirlər və cihadı istisnasız olaraq hərbi və siyasi mənada başa düşürlər. Onlar cihadı şərt hesab edirlər. Nəinki xristianlara, yəhudilərə, frankomasonlara və bütün demokratlara, eləcə də şiələrə və şiəliklə bağlı olan digər dini cərəyanlara nifrət edirlər. Dünyəvi dövlət, qadın hüquqları, demokratiya, Fransa inqilabı kimi anlayışlar bu islamçılarda ikrah hissindən başqa heç nə yaratmır.

 

- Səddam Hüseynə ölüm hökmü kəsən hakim Rauf Abdulla Rəhman bu yaxınlarda İŞİD yaraqlıları tərəfindən ələ keçirildi və öldürüldü. Bu yeni xəlifətlə Səddam Hüseyn epoxasının xadimləri arasında hansı əlaqə var?

- İdeoloji yox, dini əlaqə var. İndiki situasiyada ən dəhşətlisi odur ki, münaqişə dini zəminə keçib. Səddam Hüseyn hər halda uzun müddət özünün dünyəvi və millətçi diktator imicini formalaşdırmış, «Müsəlman qardaşları» hərəkatına divan tutmuşdu. Lakin bu gün Səddamın keçmiş zabitləri İŞİD-lə qardaşlaşırlar, yaxud əksinə. Bütün bunların günahı sünnilərlə şiələr arasındakı parçalanmadır.

 

- Bu hərəkat sıx birləşmiş sünni koalisiyasıdır, yoxsa İraqdakı şiə hakimiyyətinə qarşı maraqları üst-üstə düşən hansısa konfederasiyadır?

- Bəli, hər şey onu xatırladır ki, İŞİD şiələrlə və indiki hakimiyyətlə döyüşən sünni ekstremistlərinin koalisiyasıdır. Kürdüstan faktiki olaraq müstəqildir və parçalanma İraqın qalan ərəb hissəsini əhatə edib. Hər necə olsa da dini mübarizə adı altında məkrli motivləri gizləmək olur. (virtualaz.org)