vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
10:40 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2855 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mirzoyevin bir ili

Özbəkistan prezidenti hakimiyyətə gəlməsinin ildönümündə kəskin devalvasiyaya start verdi

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Dərin iqtisadi və maliyyə çətinlikləri içində çabalayan Özbəkistan hökuməti vəziyyətdən çıxmaq üçün bir sıra zəruri addımlar atmağa məcbur olub. Əhalisinin sayına görə Mərkəzi Asiyanın ən böyük dövləti olan Özbəkistanın problemləri hələ mərhum prezident İslam Kərimovun dövründə başlamışdı. Milli valyuta – sum dəyərdən düşmüş, dollar qıtlığı yaranmışdı. Onun ölümündən sonra isə yeni prezident Şövkət Mirzoyev islahatlar aparsa da, nəticəsiz oldu. Böhran daha da dərinləşdi, ərzaq və digər məhsulların qiyməti kəskin artmağa başladı.

Nəticədə rəhbərlik milli valyutanın növbəti devalvasiyası barədə qərar qəbul etməyə məcbur oldu. Beləliklə, Özbəkistanın Mərkəzi Bankı (MB) dünəndən milli sumun kəskin devalvasiyasını edib. Mərkəzi Bank 1 dolları 8100 sum səviyyəsində müəyyənləşdirib. Bu da ötən həftə ilə müqayisədə 3889,65 sum yuxarıdır. Əvvəl 1 dollar 4210,35 sum olub. Bank sumu digər xarici valyutalara nisbətdə də devalvasiya edib. Avronun məzənnəsi 9645,48 sum səviyyəsində müəyyənləşdirilib ki, bu da əvvəlki məzənnədən 4878,601 sum yüksəkdir. Rublun məzənnəsi 68,731 sumdan 139,91 suma qalxıb. Sumun kəskin devalvasiyası Özbəkistan prezidenti Şövkət Mirzoyevin sentyabrın 2-də imzaladığı «Valyuta siyasətinin liberallaşdırılması üzrə ilkin tədbirlər» adlı fərmanından sonra baş verib. Qərarın müsbət tərəfi odur ki, ölkənin hüquqi şəxsləri dünəndən etibarən heç bir məhdudiyyət olmadan kommersiya banklarından dollar əldə edə bilərlər. Fiziki şəxslər isə azad şəkildə dollar, avro, rublu valyuta dəyişmə məntəqələrində ala və sata bilərlər. Lakin məsələ ondadır ki, onlar xarici valyutanı plastik kartlarına daxil etməlidirlər. Müsbət olan isə budur ki, kartları xaricdə məhdudiyyətsiz istifadə edə bilərlər.

Qəbul edilən qərar Özbəkistana necə təsir edəcək? Sözsüz ki, bu addımın mənfi tərəfləri ilə yanaşı, müsbət tərəfləri də var. Bu qərarın qəbul edilməsində daxili amillərlə yanaşı, xarici amillərin də güclü təsiri olub. Bəlli olduğu kimi, ölkə rəhbərliyi Avropanın maliyyə strukturları ilə kredit danışıqları aparır və onların da əsas tələblərindən biri devalvasiyaya gedilməsi idi. Yəni bu addımın qəbul edilməsi ondan qaynaqlanır. Son vaxtlar ölkə rəhbərliyi də Avropa və Qərbin əksər strukturları ilə sıx əməkdaşlıq xətti götürüb. Yeri gəlmişkən, sentyabr ayında həm də prezident Şövkət Mirzoyevin hakimiyyətə gəlməsinin bir ili tamam olur. Məhz ötən ilin əvvəlində İslam Kərimovun vəfatı ilə o faktiki olaraq ölkənin idarə etməyə başlayıb.

Bəs bu bir il ərzində ölkədə hansı dəyişikliklər baş verib? Ən əsası, çoxlarının proqnozlarının əksinə olaraq ölkədə hakimiyyət dəyişikliyi qan tökülmədən baş verdi. Ötən ilin dekabrında rəsmən prezident seçilən Mirzoyev dərhal bir sıra radikal islahatlara start verdi. Yeni prezident «yumşalma» və «liberallaşma» siyasəti yürüdərək həbsxanalardan siyasi baxışlarına görə həbs edilən məhbusları azad etdi. Mətbuat yumşaq formada hakimiyyəti tənqid etməyə başladı, əvvəllər qadağan edilən mövzular barədə açıq şəkildə danışılmağa başlandı. 2005-ci il Fərqanə hadisələrindən sonra ölkədən qovulan hüquq müdafiə təşkilatlarının, əcnəbi media orqanlarının ölkəyə dönüşünə icazə verilməsinə də başlanılıb. Konkret olaraq Human Rights Watch hüquq müdafiə təşkilatı və BBC kimi mətbu orqanlarının fəaliyyətinə icazə veriləcəyi gözlənilir. Onların nə vaxt ölkəyə dönmələrinə imkan veriləcəyi bəlli olmasa da, hər halda ölkə rəhbərliyi bu istiqamətdə yumşaq bəyanatlar səsləndirir.

Ən əsas məsələlərdən biri də qonşularla bağlı problemlər idi. İ.Kərimovun dövründə qonşularla münasibətlər müharibə həddində idi. Konkret olaraq Tacikistan, Qırğızıstan və Türkmənistanla bu gərginlik yaşanırdı. Yeni prezident isə «qonşularla sıfır problem» siyasəti yürüdərək problemləri danışıqlar yolu ilə həll etməyə üstünlük verir. Sentyabrın 6-da Bişkekə yola düşən Mirzoyev bundan əvvəl Türkmənistanda və Tacikistanda olub. Sərhədlərin delimitasiyası ilə bağlı qərarlar qəbul edilib. Bişkekdə iki ölkə arasında ən ciddi problem olan sərhəd məsələsi ilə bağlı sənədə imza atılıb. Halbuki, bu məsələ illər uzunu idi ki, Kərimov tərəfindən rədd edilirdi. Qonşuların da yeni prezidentə münasibəti müsbətdir. Onlar yeni rəhbərliklə münasibətlərin yenidən başlanmasını istəyirlər. Ən əsas məsələlərdən biri Rusiya ilə münasibətlərdir. İ.Kərimovun 25 illik hakimiyyəti dövründə Rusiya ilə münasibətlər yüksək səviyyədə olmayıb. Əvvəlki hakimiyyət Kremlin postsovet məkanında həyata keçirdiyi təşəbbüslərə o qədər də can atmırdı. Konkret olaraq Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatından çıxdığını elan etmişdi. Lakin indi münasibətlər bir qədər normallaşıb. Bu münasibətlərin normallaşmasında isə özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovun böyük rolu olub.

Ən əsas sahələrdən biri iqtisadiyyatdır. Əvvəlki illərdən yığılıb qalan problemlər çox ciddidir - inflyasiya, işsizliyin yüksək həddi milyonlarla insanı bir tikə çörək dalınca Rusiya və digər ölkələrə üz tutmağa vadar edib. Ekspertlər hesab edir ki, Mirzoyevin gəlişi ilə bir sıra pozitiv dəyişikliklər baş verməkdədir. İxrac rüsumları aşağı düşüb, valyuta gəlirindən əldə olunan vəsaitdən mütləq faiz tutulması aşağı salınıb. Kənd təsərrüfatında vəziyyət yaxşılaşıb. Daha çox diqqət ipək sənayesinə ayrılıb və əvvəllər fermerlər üçün gəlirsiz olan sahə artıq mənfəətli olub. Bütün bunlarla yanaşı, əhalinin böyük bir hissəsi ağır sosial-iqtisadi çətinlik içindədir.

Miqrantların da vəziyyətinin yaxşılaşdırılması istiqamətində müsbət addımlar atılıb. Bu kateqoriyadan olan insanlara qarşı münasibət də dəyişib. Onları fakt kimi tanıyıblar və artıq Rusiyada əlavə konsulluqların açılması istiqamətində addımlar atılıb. Bundan əlavə, hakimiyyət miqrantların ölkəyə göndərdikləri maliyyə axınına nəzarət etmək istəyir.

Bütün bunlardan çıxış edərək bu qənaətə gəlmək olar ki, Özbəkistan ciddi sınaqlar qarşısındadır. Hakimiyyətin mövcud problemlərin öhdəsindən gələcəyinə inam yaransa da, onları tam şəkildə həll edəcəyi ağlabatan deyil. Bir faktı da qeyd etmək gərəkdir ki, ölkədə ciddi din amili var. Müxtəlif radikal təşkilatların fəaliyyəti qadağan edilsə də, liderləri həbs olunsa və ya ölkədən qovulsalar da, problem ciddi olaraq qalır.