vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
23:20 | 4 iyul 2022 | Bazar ertəsi Məqaləyə 1007 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaraqalpaqda rus barmağı

Özbəkistana qarşı təzyiq imkanları arasında praktiki baxımından iki rıçaq daha əlverişli görünür

Asif NƏRİMANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya mediası Qaraqalpaq Respublikasından reportaj hazırlayıb: yerli əhalinin dilindən “Biz Qaraqalpaq xalqını qorumaq üçün Putinə müraciət etdik” iddiasını yazırlar. “Qaraqalpaqlar Özbəkistanın ən çox rusdilli xalqlarından biri hesab olunur” qeydini vurğulamağı da unutmurlar.

Özbəkistanda baş verənlər ilin əvvəlində Qazaxıstan hadisələri və Putinin Lukaşenkonun dili ilə “Özbəkistan dərs çıxarmalıdır” xəbərdarlığı fonunda gözlənilən idi, lakin hadisələrin inkişafını Mirziyoyev mümkün risklərə qarşı qabaqlayıcı gedişi müəyyən etdi. Qaraqalpaq Respublikasının 1993-cü ildə Özbəkistana birləşməsi haqda müqavilə 20 illik idi, müqaviləyə görə, qaraqalpaqların suverenliyi və referendum yolu ilə ayrılmaq hüququ saxlanılır, bu hüquqlar Özbəkistan Konstitusiyasında təsdiq olunur. 2013-cü ildə müqavilə bitəndən sonra Kərimov “müstəqillik” haqda eşidilən müəyyən səsləri inzibati resurslarla sakitləşdirdi. Bu səslər Kərimovun ölümündən sonra, xüsusilə 2019-cu ildə yenidən eşidilməyə başlandı. 2019-cu il Mirziyoyevin Ankara ilə daha yaxın təmaslar qurmağa başladığı, Türk Şurasına üzvlüyə razı olduğu tarixdir və həmin tarixdə “Qaraqalpaq Respublikasının mühacirət hökuməti” elan edildi, əsas fəaliyyət mərkəzi də Moskvadır.

Özbəkistana qarşı təzyiq imkanları arasında praktiki baxımından iki rıçaq daha əlverişli görünür. Özbəkistan İslam Partiyasını fəallaşdırmaq və qaraqalpaqların müstəqilliyi, yaxud başqa ölkə ilə birləşməsi haqından istifadə etməsini aktuallaşdırmaq.

Birinci kart Kərimovun dövründə tam olmasa da, böyük ölçüdə neytrallaşdırılıb, Mirziyoyev konstitusiyaya dəyişikliklə ikinci kartı da sıradan çıxarmaq istəyir və bu addımı Qazaxıstan hadisələrindən sonra edilən xəbərdarlıq, eyni zamanda, Ukrayna müharibəsi ilə dəyişən şərtlər daha da zəruri edir. Nukusda yaşananlar da Mirziyoyevin həmləsinin önünü kəsmək məqsədi daşıyırdı və Daşkəndin geri çəkilməsi buna nail olduqlarını göstərir. Hərçənd, prosesin hələ başlanğıcda olduğu ehtimalı daha böyükdür. Daşkənd “müdaxilə riskini” aradan qaldırmaq, Rusiya bu kartı saxlamaq uğrunda döyüşəcək.