
Kəlbətinlə çıxarılan Kələntər...
Qaldı “Yastı Salman”larla, “Lal Hüseynlər”
Qaldı “Yastı Salman”larla, “Lal Hüseynlər”
“Boz kardinal”ın daxildəki “Ohanyan xətti” necə darmadaöın edildi
Kommunist qafalıların müstəqilliyə patoloji nifrətləri olur
Hektarlarla torpaq, onlarla şirkət, yüzlərlə ev-mülk
Özünü “sürgündə olan Napoleon kimi” hiss edən Mehdiyev missiyasından əl çəkmədi
Ramiz Mehdiyev barəsində seçilən qərar barədə vəkil açıqlaması
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
Ramiz Mehdiyevi hansı cəza gözləyir?
... Yaxud səssiz işğalın “Mehdiyev modeli”
Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, korrupsiya və çirkli pulların yuyulması
Ramiz Mehdiyev haqqında həbs qərarı – 4 aylıq ev dustaqlığı
Biznesmenin köməkçisi hər şeyi danışdı
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri “Boz kardinal” ləqəbli Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub.
Vaxt.AZ xəbər verir ki, APA-nın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib.
Ramiz Mehdiyev nə vaxt hərəkətə keçib?
Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb. Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan və Rusiya münasibətlərində ciddi gərginlik yaranıb. Rusiyanın AZAL təyyarəsinin vurulması ilə bağlı üzr istəyib, təzminat ödəməkdən boyun qaçırması rəsmi Bakıda kəskin etirazlar doğurub. Rusiya ilə münasibətlərin gərginləşməsi hər iki ölkənin ictimai və media mühitində geniş müzakirə və tənqidlərə səbəb olub.
Ramiz Mehdiyev isə bu vəziyyətdən istifadə edərək, öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu, bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb.
Xatırlatmaq yerinə düşər ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik pik həddə olanda - bu il mayın 9-da İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə tədbir təşkil etmişdi. Bu hərəkətinə görə vəzifəsindən uzaqlaşdırılan, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş Saleh Səmədov Ramiz Mehdiyevin köhnə dostlarından və biznes ortaqlarından biri hesab olunur.
Ramiz Mehdiyevin hansı planı olub?
Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.
“Boz kardinal”ın planı necə ifşa olunub?
Məlumatlı mənbənin bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.
Görünən odur ki, 87 yaşlı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.
Ramiz Mehdiyev – Rusiyanın köhnə dostu
Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı həmişə bəlli olub. O, hələ sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. Ramiz Mehdiyev uzun illər öz imkanlarından istifadə edərək, Azərbaycan hakimiyyətində də Rusiyanın “dostları” olan məmurların vəzifə pillələrində, parlamentdə və mediada irəliləmələrinə şərait yaradıb.
Vətən müharibəsindən əvvəl isə Azərbaycanda rusiyapərəst məmurlar vəzifələrindən uzaqlaşdırıldı, Ramiz Mehdiyev də vəzifəsindən azad olundu.
Bunun ardınca Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilən Ramiz Mehdiyev orada da intriqalardan əl çəkmədi. AMEA-dan da siyasi məqsədləri üçün yararlanan Ramiz Mehdiyev elm mərkəzində dözülməz mühit yaratdı, az qala AMEA-nın bütün institutları onun istefasını tələb etdi. 2022-ci il fevral ayının 14-də AMEA-da keçirilən iclasda yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirdi. Fevralın 19-da AMEA-nın Ümumi Yığıncağı keçirildi və Ramiz Mehdiyevin istefası qəbul edildi.
Ancaq martın 17-də Ramiz Mehdiyevin Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada Ramiz Mehdiyevin binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya Prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib.
Yay aylarında isə Ramiz Mehdiyevin bir qrup sabiq məmurla Novxanıda görüş keçirməsi barədə mediada məlumat yayıldı. Görüşün məzmunu barədə məlumat olmasa da, görüş tarixi Rusiya Azərbaycan münasibətlərindəki gərginliyin pik vaxtına təsadüf etdiyini göstərir.
Qeyd edək ki, Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə törədilmiş qanun pozuntuları ilə bağlı cinayət işi var. Hesablama Palatasının 2020-2023-cü illəri əhatə edən yoxlamaları nəticəsində AMEA-da çoxlu sayda nöqsan və qanunsuzluqlar aşkarlanıb.
Baş prokuror Kamran Əliyev bu il oktyabrın 1-də jurnalistlərə açıqlamasında bildirib ki, AMEA-dakı qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.
“Həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib”, – deyə Baş prokuror vurğulayıb.
Mehdiyevlərin sərvəti
Ramiz Mehdiyevlə bağlı mediada yayılan qalmaqallardan biri onun kürəkəni, eks-deputat İlham Əliyevin Novxanı qəsəbəsindəki bağ evində qızı Fidan Əliyevaya toy etməsi idi. 2020-ci il avqustun 18-də, ölkədə sərt karantin rejiminin tətbiq olduğu vaxtda Mehdiyevin bağ evində 100-dən çox qonağın iştirakı ilə keçirilən mərasim aşkarlanandan sonra onun kürəkəni İlham Əliyev inzibati qaydada həbs edilmişdi.
Mediada yayılan məlumatlara görə, Mehdiyev ailəsinin yüzlərlə hektar torpaq sahələri, saysız-hesabsız daşınmaz əmlakı, bank və böyük şirkətlərdə əmlak payları var. Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”ndə 1/2 hissə pay uğrunda mübarizəsi bu yaxınlarda Ali Məhkəmədə onun məğlubiyyəti ilə başa çatıb.
Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuriyevna Mehdiyeva barəsində də məhkəmə iddiası qaldırılıb.
Qalina Yuriyevna Mehdiyeva barəsində məhkəmə iddiası qaldıran şəxs “Fireland Vineyards” MMC-nin (“Odlar Yurdunun Üzümlükləri”) qanuni təmsilçisi Elmar Çingiz oğlu Səidovdur.
Ramiz Mehdiyevin ailəsi, yəni həyat yoldaşı Qalina Mehdiyeva və oğlu Timur Mehdiyev onun külli miqdarda borclanmasına səbəb olublar.
Yeri gəlmişkən, təkcə Novxanı qəsəbəsində Ramiz Mehdiyevin ailəsinə məxsus 155 hektar torpaq sahəsi olub.
Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı rəsmi məlumatlara görə, Novxanı kəndində subsidiya alan cəmi 2 fermer təsərrüfatı olub. Onlardan biri Qalina Yuriyevna Mehdiyevaya, digəri isə Timur Ramiz oğlu Mehdiyevə məxsus olub.
2017-ci ildə açıqlanan məlumata görə, Qalina Yuriyevna Mehdiyeva sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Timur Ramiz oğlu Mehdiyev isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar.
“Bank BTB” ASC də Ramiz Mehdiyevin ailəsinə məxsusdur. Belə ki, bu bankın səhmlərinin 74.98%-i (49 829 ədəd) Nigar İsmayıl qızı Mehdiyevaya - Ramiz Mehdiyevin gəlininə məxsusdur.
Ramiz Mehdiyev dövlət mükafatlarından məhrum ola bilər
Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bu maddələr isə onun Təhlükəsizlik Şurasının üzvü statusundan, eyni zamanda fəxri adlardan və dövlət mükafatlarından məhrum ediləcəyi ehtimalını yaradır.
Ramiz Mehdiyev Azərbaycan Respublikasının “İstiqlal”, “Şöhrət”, “Şərəf” və Heydər Əliyev ordenləri ilə təltif olunub. O, həmçinin, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Həqiqi dövlət müşaviri, YAP Veteranlar Şurasının üzvüdür.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə ötən gün Ramiz Mehdiyevin partiyadan çıxarılacağını deyib.
AMEA Prezidenti İsa Həbibbəyli isə bununla bağlı sualı eşidən kimi telefonu qapadıb.
Hüquqşünas Şamil Paşayev bildirib ki, Ramiz Mehdiyev xüsusilə ağır cinayət törətməkdə ittiham edilir: “Ramiz Mehdiyevin xüsusilə ağır cinayət törətməkdə ittiham olunmasını nəzərə alaraq, onun fəxri adlardan və dövlət təltiflərindən məhrum edilməsinin zəruriliyi məhkəmə tərəfindən müəyyən edilə bilər. Belə ki, xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə onun Prezident sərəncamı ilə verilmiş adlardan və təltiflərdən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə Prezidentə təqdimat göndərilməsi haqqında qərar qəbul edir”.
Şamil Paşayev bildirib ki, digər dövlət orqanları tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilmə ilə bağlı isə məhkəmə özü qərar qəbul edir.
Ramiz Mehdiyev barəsində cinayət işi və ittiham olunduğu maddələr
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib.
Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.