vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
17:23 | 4 iyul 2022 | Bazar ertəsi Məqaləyə 1108 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Öncəgörən” Lukaşenko

Orta Asiya kimlər tərəfindən və niyə qarışdırılır?

Elçin XALİDBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Özbəkistana qarşı “xaos ssenarisi”nin geopolitik səbəbləri var: Cənubi Qafqaz, Xəzəryanı bölgə və Orta Asiyaya eyni vaxtda nəzarət edən supergüc həm Avrasiyaya, həm də bütün dünyaya hökmran olacaq...

Cənubi Qafqaz və Xəzəryanı bölgə kimi, Avropanı Çinlə birləşdirəcək geopolitik xarakterli iqtisadi-ticari marşrutun üzərində olan Orta Asiya ölkələrinin daxil xaosa sürüklənməsi Rusiyanın maraqlarına tamamilə uyğundur...

***

Orta Asiyanı məqsədli və planlı şəkildə yenidən qarışdırmağa çalışırlar. Türk coğrafiyasında siyasi-ictimai xaosun yaradılmasına cəhd göstərilir. Və böyük ehtimalla Orta Asiya üzərində nəzarət uğrunda geopolitik mübarizənin tərkib hissəsi olan bu proses yaxın gələcəkdə daha da dərinləşə bilər.

Təbii ki, Orta Asiyada baş verən yeni toqquşmalarda kənar təsirlərin rolunu axtarmaq qətiyyən yersiz deyil. Çünki, bu region da Cənubi Qafqaz kimi, nəhəng dövlətlərin maraqları daxilindədir. Və bu bölgə yaxın gələcəkdə Avropa ilə Asiyanı birləşdirəcək yeni iqtisadi-ticari marşrutun üzərindədir.

Onu da qeyd edək ki, Orta Asiyada yeni xaos məkanının yaradılmasına ilk cəhdlər buna qədər artıq edilmişdi. Həmin cəhdlərin xəbərçisi isə məhz “SSRİ 2” layihəsini reallaşdırmaq niyyəti artıq şübhə doğurmayan Rusiyanın əsas müttəfiqi Belarusun prezidenti Aleksandr Lukaşenko olmuşdu. Ötən ilin sonlarında Lukaşenko bildirmişdi ki, Orta Asiya ölkələri yeni ittifaq dövlətinin tərkibinə daxil olacaqlar. O, bu sırada Qazaxıstan və Özbəkistanı xüsusi olaraq, qeyd etmişdi.

Onun həmin açıqlamasından az sonra - bu ilin ilk günlərində Qazaxıstan qarışdırıldı. Qazaxıstanın şimal bölgəsində mərkəzi hakimiyyətə qarşı sosial şüarlar ilə qiyam törətməyə çalışıldı. Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) dərhal Qazaxıstana hərbi kontingent göndərdi. Belə təsəvvür yarandı ki, KTMT baş verəcəklərdən əvvəlcədən məlumatlı idi və hazır vəziyyətdə gözləyirdi.

Ancaq “Rus NATO-su” Qazaxıstanda uzun müddət üçün yerləşə bilmədi. Halbuki, Rusiya siyasi dairələri, eləcə də, Lukaşenko KTMT qoşunlarının Qazaxıstanda illərlə qalacağını açıq mətnlə iddia edirdilər. Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev isə buna imkan vermədi. Rəsmi Astana qısa müddət ərzində qiyamın qarşısını aldı və KTMT qoşunlarının dərhal Qazaxıstandan çıxarılmasını tələb etdi. Və bununla da Rusiya-Belarus İttifaqının “SSRİ 2” layihəsi üzrə ilk cəhdini yerinə yetirdiyi şübhə doğurmayan KTMT qoşunlarının Qazaxıstan “sərgüzəştləri” sona çatdı.

Ancaq məsələnin ən maraqlı tərəfi odur ki, son illərdə Orta Asiya ölkələri Rusiyadan uzaqlaşıb, Qərbə üz tutmağa çalışırdılar. Türk Dünyasının inteqrasiya prosesinə xüsusi maraq göstərirdilər. Xüsusilə də, Qazaxıstan və Özbəkistan Rusiya ilə siyasi cəhətdən məsafə saxlamağa daha həvəsli görünürdü. Və bu iki türk dövlətinin tamamilə nəzarətdən çıxması isə Rusiyanın bütövlükdə Orta Asiyanı itirməsi ilə nəticələnə bilərdi.

Hələ Qazaxıstandakı iğtişaşların ilk günlərində Lukaşenko Özbəkistanın gələcəyi ilə bağlı da “proqnozlar” vermişdi. O, bildirmişdi ki, oxşar hadisələr Özbəkistanda da baş verə bilər. Rəsmi Daşkənd isə Belarus prezidentini Özbəkistanın daxili işlərinə qarışmaqda suçlayaraq, sərt reaksiya vermişdi.

Nə qədər qəribə də olsa, Belarus prezidenti ilin əvvəlində verdiyi “proqnozu” bu dəfə məmnunluqla təkrarlayıb: “O vaxt mən, indi baş verənlər haqda xəbərdarlıq edəndə Özbəkistan rəhbərliyi narazı qalmışdı. Özbəkistanın az qala yarısı olan Qaraqalpakıstan artıq ayağa qalxıb. Özbəkistanı qarışdırırlar və orada indi qəliz situasiya yaranıb”.

Lukaşenko bu qəliz situasiyanın səbəbləri barədə də danışmağı unutmayıb. O, bildirib ki, hazırda baş verənlər Orta Asiyanın dünya hegemonluğu uğrunda mübarizədə yeni poliqona çevrilmək üzrə olmasının ilkin əlamətləridir. Bir tərəfdə ABŞ və Avropa Birliyi, digər tərəfdə isə indiyə qədər Orta Asiyaya böyük yardımlar etmiş Çin dayanır. Və ona görə də, Orta Asiya uğrunda amansız toqquşmaların olacağı qaçılmazdır.

Əlbəttə ki, Lukaşenkonun dedikləri qərəzlidir və konkret məqsədlər güdür. Ancaq reallıqdan da tam uzaq deyil. Hələ illər öncə dünyada hansı süperdövlətin hegemonluq edə biləcəyini təhlil edərkən, yazmışdıq ki, bu, Cənubi Qafqaz, Xəzəryanı bölgə və Orta Asiyaya kimin nəzarət edəcəyindən birbaşa asılıdır. Çünki, bu üç regiona nəzarət bütün Avrasiya üzərində hegemonluq vəd edir. Avrasiyaya nəzarət edən süperdövlət isə bütün dünyaya hegemonluq etmək şansı qazanacaq. Və bu savaşın artıq həlledici mərhələyə yaxınlaşdığı qətiyyən şübhə doğurmur.

Sadəcə, bu savaşda ABŞ-la Avropa Birliyi və Çinin iştirak etdiyini vurğulayan Belarus prezidenti nə qədər qəribə də olsa, Rusiyanı qeyd etməyi unudub. Halbuki hazırda Orta Asiya ölkələri Rusiyanın təsir dairəsinə daxildirlər. Orta Asiyanı ABŞ və Qərbin nəzarətinə buraxmaq niyyətindən çox-çox uzaq olan Kremlin bu ölkələrdə müxtəlif bəhanələrlə iğtişaşlar törətmək mexanizmləri heç kimdə şübhə yaratmır. Yəni, Orta Asiya hələ də Rusiyaya bağlı müxtəlif şəbəkələrin siyasi-ideoloji və sosial-iqtisadi manipulyasiya fəaliyyətinə davamsızdır.

Ona görə də, Rusiyanın Orta Asiya uğrunda geopolitik savaşda iştirakçı olmadığına yalnız sadəlövhlər inana bilər. Üstəlik, Kreml ABŞ və Qərbi Rusiya sərhədlərinə buraxmaq niyyətində də deyil. Bunun qarşısını almaq üçün istənilən radikal hərbi-siyasi addıma hazır olduğunu da qətiyyən gizlətmir. Və bu baxımdan, Orta Asiyada Özbəkistan böhranının arxasından məhz Rusiyanın çıxa biləcəyi qətiyyən istisna deyil.

Digər tərəfdən, ölkədaxili iğtişaşların törədildiyi Orta Asiya dövlətlərinin birmənalı şəkildə Rusiyadan uzaqlaşmaq həvəsində olan ölkələr olması da önəm verilməyəcək məqam deyil. Qazaxıstan Türk dünyasına inteqrasiya cəhdləri ilə yanaşı, ABŞ və Qərbə də yaxınlaşmağa çalışır. Özbəkistan isə KTMT-nın yaradıcılarından olsa da, bu hərbi-siyasi alyansdan çıxıb. Rəsmi Daşkənd hazırda Türk dünyasına inteqrasiya prosesinə fəal şəkildə qoşulmağa çalışır. Öz siyasi-iqtisadi tərəfdaşlıq münasibətlərini Qərbə doğru istiqamətləndirmək yolları axtarır. Yəni, hər iki Türk dövləti Rusiya ilə məsafə saxlamağa, Kremlin təsir dairəsindən uzaqlaşmağa can atır.

Digər tərəfdən, Özbəkistanda baş verən hadisələr daha çox Rusiyanın ənənəvi və imperialist xarakterli “parçala, hökm sür” ssenarisinə uyğundur. Bu Türk dövlətində etnik zəmində düşmənçilik “toxumu səpməyə” çalışırlar. Bununla da iki türk mənşəli xalq arasında dərin uçurumun yaradılmasına ümid bəsləyirlər. Və ssenarinin işə salınması ilə konkret məqsədlər güdürlər.

Birincisi, Orta Asiyada Türkiyənin liderliyi altında yeni inteqrasiya prosesi Rusiyaya qətiyyən sərf etmir. Bu inteqrasiya prosesi dərinləşəcəyi təqdirdə, Kreml bu regiona təsir mexanizmlərini itirəcəyini anlayır. Son vaxtlar maraqları daha çox toqquşmağa başlayan NATO üzvü Türkiyənin Orta Asiyaya yerləşmə ehtimalına Kremldə Rusiyanın sərhədlərində ABŞ və Qərbin peyda olma perspektivi kimi də yanaşırlar. Və Orta Asiyaya həmsərhəd Rusiya ərazilərində türk mənşəli muxtar qurumların kompakt olması da Kremli narahat edir.

Eyni zamanda, Cənubi Qafqaz kimi, Orta Asiya da Avropanı Çinlə birləşdirəcək iqtisadi-ticari marşrutun üzərindədir. Əgər, bu marşrut reallığa çevrilərsə, Kreml Rusiyanın iştirak etmə ehtimalı zəif olan yeni geoiqtisadi məkanla üzləşə bilər. Və bu halda, Kremlin geopolitik iradəsinin  Rusiya sərhədləri içərisinə sıxışdırılma təhlükəsi tamamilə realdır.

Ona görə də, Orta Asiyada bu prosesin iştirakçısı olan region dövlətlərinin daxili xaosa sürüklənməsi Rusiyanın da maraqlarına uyğun gəlir. Hər halda, Kremlin bu regionda Rusiyanın əleyhinə olan geopolitik prosesləri əngəlləmək üçün bu, ən sərfəli ssenari kimi görünür. Bu səbəbdən də, Orta Asiya uğrunda amansız mübarizə Özbəkistanda “Qazaxıstan variantı”nın tətbiqinə cəhd göstərilməsi ilə müşayiət olunur. Və bu baxımdan, yaxın vaxtlarda Orta Asiyanın kimlər tərəfindən niyə qarışdırıldığı açıq-aşkar ortaya çıxmağa başlayacaq.