vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
22:27 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 2288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rədd olsun çar»

Navalnının tərəfdarlarının Putinə orijinal ad günü «hədiyyə»si

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, Vladimir Putinin 65 illik yubiley ad günündə müxalifət lideri Aleksey Navalnı tərəfdarlarının Rusiya boyunca keçirdiyi kütləvi etiraz aksiyalarının gedişində 260 nəfər saxlanıb.

Şənbə günü keçirilən aksiyalarda Putinin doğma şəhəri Sankt Peterburqda onlarca etirazçı həbs edilib.

Polis «Putin oğrudur» şüarını qışqıran yüzlərlə nümayişçini dağıdarkən bir qadının ayağı sınıb.

Sosial mediaya postlanmış başqa bir şəkildə polisin saxladığı qadının başından qan axır.

Məqalədə deyilir ki, Sankt Peterburq şənbə günü etiraz aksiyası keçirilən 80 Rusiya şəhərindən yalnız biri idi.

Aleksey Navalnının özü aksiyalardan iki gün əvvəl icazəsiz etirazların təşkili ittihamı ilə 20 sutkalıq həbs edilib.

Bu, Rusiyada gələn il keçiriləcək prezident seçkisində Putinə rəqiblik etmək istəyən Navalnının mart ayından bəri üçüncü həbsidir.

Həbsxanadan tərəfdarlarına göndərdiyi mesajda Navalnı onları Kremldən əsl siyasi yarışın keçirilməsini tələb etməyə çağırıb.

Rusiyanın hökumət nəzarətində olan Mərkəzi Seçki Komissiyası bəyan edib ki, Aleksey Navalnı üstündə olan dələduzluq ittihamı ilə əlaqədar gələn ilin martında keçiriləcək seçkiyə namizədliyini verə bilməz.

Navalnının özü isə bildirib ki, MSK-nın bu qərarı onun seçkidə Putinlə yarışmasının qarşısını almaq məqsədi güdür.

Moskvada güclü polis patruluna və yağışa baxmayaraq minədək müxalifət tərəfdarı şəhərin mərkəzindəki Puşkin meydanına toplaşmışdı. Polis bu kütlənin Kremlə doğru yürüşünün qarşısını almağa çalışırdı.

Lakin «The Guardian» yazır ki, ötən şənbə keçirilmiş aksiyada bundan əvvəl mart və iyunda keçirilmiş anti-Putin nümayişləri ilə müqayisədə daha az adam iştirak edib.

Mitinqlərdə anti-Putin şüarlarından biri də «Rədd olsun çar!» idi. Etirazçılar artıq 18 ildir ki, hakimiyyətdə olan Putini istefa verməyə çağırırdılar.

«Mən bu gün bura haqlarımı tələb etməyə gəlmişəm - deyib 19 yaşlı Yevgeni Tarasov «The Guardian» müxbirinə, - Mən ədalətli seçkilərin keçirildiyi ölkədə yaşamaq istəyirəm».

«Oscar» mükafatına nominasiya edilmiş Rusiya kinorejissoru Andrey Zvyaqintsev bu etiraz aksiyasından əvvəl Kremli tənqid edən onlarca mədəniyyət xadimindən biri idi.

O internetə yüklədiyi videoda hakimiyyətə belə müraciət edirdi: «Siz nədən qorxursunuz? Açıq siyasi mübarizədənmi qorxursunuz? Sizin hərəkətiniz ikrah hissi doğurur».

Putin gələn il keçiriləcək seçkidə namizədliyini 4-cü dəfə - daha 6 il müddətinə prezidentliyə verib-vernməyəcəyi barədə hələlik qərarını bildirməyib, lakin bir çox təhlilçilər onun belə bir bəyanatı dekabr ayında verəcəyini gözləyirlər.

«The Guardian» yazır ki, Sankt Peterburqdan fərqli olaraq Moskvada polis etirazçılarla daha yumşaq davranıb.

Müxalifət aksiyalarında həbsləri müşahidə gedən OVD.info saytının məlumatına görə Rusiya paytaxtında cəmi üç nəfər saxlanıb.

Navalnı tərəfindən bu il Moskvada keçirilmiş bundan əvvəlki iki aksiyada minədək nümayişçi həbs olunmuşdu.

Lakin şənbə günü bütün Rusiya boyunca keçirilən aksiyalarda toplam 260 nəfər həbs edilib. Müxalifətyönlü Yevgeni Roytzmanın mer olduğu Yekaterinburqda 24 nəfər saxlanıb. Yekaterinburq Rusiyanın dördüncü böyük şəhəridir.

«The Guardian» yazır ki, millətçi baxışlarını gizlətməyən Aleksey Navalnı Rusiya hökumətinin korrupsiyasına dair apardığı təhqiqatlarla əlaqədar nəzərəçarpacaq tərəfdarlar ordusu yarada bilib.

O müxalifət lideri kimi ilk dəfə özünü 2011-2012-ci illərdə keçirilmiş anti-Putin aksiyaları zamanı göstərib.

Məqalədə deyilir ki, müxalifət liderinin kampaniya qərargahı şənbə aksiyalarının ərəfəsində ağır təzyiq altına salınıb. Navalnının qərargah rəisi Leonid Volkov etirazlara çağıran iki tvit postladıqdan sonra ötən cümə axşamı günü 20 sutkalıq həbs olunub.

Hakim məhkəmədə ondasn soruşub: «Siz ittihamları başa düşdünüzmü?» «Mən başa düşdüm ki, sizin vicdanınız yoxdur», - deyib Volkov hakimə.

Rusiyanın cənubundakı Rostov şəhərində bir yüksək rütbəli polis zabiti Navalnı kampaniyasının üzvlərini söyüşlü xəbərdarlıqla hədələyib.

Onun söyüş dolu hədələrinin səs yazısı Navalnı kampaniyaçıları tərəfindən internetdə yayılıb.

Kreml bildirir ki, Putin ad gününü dünya liderlərinə telefon zəngləri etməklə keçirib, sonra isə Rusiya Təhlükəsizlik Şurasının iclasına gedib.