«Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görülüb»
İlham Əliyev: «Təşkilat Komitəsinin fəaliyyətini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İdmançılardan humanist addım
İslam Oyunlarının qalibi pul mükafatını iki yerə xərcləyəcək
-
«Bakı bu dəfə də heyran etdi»
«Huffington Post»: «Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi sayəsində ölkədəki tədbirlərin böyük uğuru təmin olunub»
-
«Təsadüfi deyil ...»
İlham Əliyev: «O vaxt ağlımıza da gələ bilməzdi ki, idmançılarımız bu qədər medal qazanacaq»
-
Qalibiyyət qabiliyyətdən doğur
Azərbaycanın liderliyi ilə sona çatan IV İslam Həmrəyliyi Oyunlarınn bağlanış mərasimi
-
Bakının üzünü ağardan «Bakı-2017»
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarından alnı-açıq çıxdı
-
Sarı xətt qadağası ləğv olunur
Mayın 23-də saat 12-dən sonra
-
IX gündə qətiləşən liderlik
Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarının qalibi saymaq olar
-
8-ci gündə 10 medal
Azərbaycan liderliyini qoruyur
-
VII gün liderliyə yüksəldik
63 qızıl, 35 gümüş və 26 bürünc medalla siyahıya başçılıq edrik
-
6-cı günü 17 medalla başa vurduq
9 qızıl, 4 gümüş, 4 isə bürünc
-
50-ci olimpiya çempionundan gəldi
Prezident İlham Əliyev taekvandoçu Radik İsayevi bir gündə iki medal təqdim mükafatlandırdı
-
Gümnastikamızda qürurlu mərhələ başlayır
Federasiya prezidenti üzrə milli komandamızın üzvlərinə qızıl medalları təqdim edib
-
100-ə 1 medal qaldı
18-dən 9-u qızıl, 5-i gümüş, 4-ü isə bürünc
-
4 gündə 81 medal
IV İslam Həmrəyliyi Oyunlarının dördüncü günündə Azərbaycan idmançıları 13 medal qazanıb
-
Azərbaycan-Türkiyə şəksiz lider
Yarışların 3-cü günü iki ölkə toplamda 160 medal qazanıb
-
Medalların sayı 50-yə çatdı
IV İslam Həmrəyliyi Oyunlarında mayın 14-ə olan tam icmal
Mayın 23-də «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər.
Dövlət görüşdə nitq söyləyib. Modern.az İlham Əliyevin nitqinin tam mətnini təqdim edir:
- Əziz dostlar.
«Bakı-2017» İslam Həmrəyliyi Oyunları başa çatdı. Azərbaycan bu Oyunlarda növbəti qələbə qazandı. Bu parlaq qələbə münasibətilə bütün idmançıları, məşqçiləri, idman mütəxəssislərini ürəkdən təbrik edirəm və sizə yeni qələbələr, yeni uğurlar arzulayıram.
Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstəriblər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır.
Bizim son nailiyyətlərimiz də deməyə əsas verir ki, bu qələbə təsadüfi qələbə deyil. Azərbaycan idmançıları 2015-ci ildə Avropa Oyunlarında 56 medal qazanıblar və komanda hesabında ikinci yerə çıxa biliblər. Keçən il Yay Olimpiya Oyunlarında medalların sayı 18-ə çatdı. Bu, bizim Olimpiya Oyunlarında iştirakımızın tarixində ən böyük rəqəmdir və medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə idi. Yəni, bugünkü qələbənin çox möhkəm təməli var və bu, onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir, Azərbaycan dövləti inkişaf edir. Çünki ancaq inkişaf etmiş ölkələrdə idman həm dövlətə, həm xalqa böyük qələbə gətirir. Biz idmançılarımızla fəxr edirik. Mən bütün idmançılarımızı bu böyük qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm, onlara yeni uğurlar arzulayıram.
Bu Oyunlar, eyni zamanda, onu göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılan addımlar, apardığımız siyasət bu gözəl nəticəni bizə verdi.
Bu gün Azərbaycanda idman ictimai proseslərin inkişafında xüsusi yer tutur. İdmançılara cəmiyyətdə çox xoş münasibət var. İdmançılara olan hörmət göz qabağındadır və hər bir vətənpərvər Azərbaycan vətəndaşı idmançılarımızın uğurlarını alqışlayır, bu uğurlarla fəxr edir. Hər dəfə bizim bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər insan qürur hissi keçirir. Bu 10 gün ərzində idmançılarımız xalqımıza qələbə sevinci bəxş etdilər. Bu 10 gün ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, tribunalarda yarışları izləyən tamaşaçılar böyük coşqu, böyük sevgi ilə sizin qələbələrinizi alqışlayırdılar, sizinlə bərabər buna sevinirdilər, bu qələbə sevincini sizinlə bölüşürdülər.
İdman hər bir ölkənin ictimai həyatında xüsusi yer tutur və bu gün idmanın inkişafı, bax, bu gözəl nəticələrə gətirib çıxarır. Biz haqlı olaraq öz qələbələrimizlə fəxr edirik, eyni zamanda, sizin nümunəniz, bu Oyunlarda idmançılarımızın qələbələri, əminəm ki, yaxın gələcəkdə idman bölmələrinə uşaqların axınını daha da sürətləndirəcək. Çünki biz hər dəfə növbəti böyük idman qələbəsindən sonra görürük ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar, yeniyetmələr idman bölmələrinə üz tuturlar, sizin kimi olmaq istəyirlər, sizə oxşamaq istəyirlər. Gənc nəsil, uşaqlar görəndə ki, dövlət idmançıları qiymətləndirir, onları mükafatlandırır, onlara bütün şəraiti yaradır, əlbəttə, idmana daha da böyük maraq olacaq. Bu da nəticə etibarilə Azərbaycan gəncliyinin, xalqının sağlamlığına xidmət göstərəcək. Əlbəttə ki, biz idmançılarımızın uğurları ilə fəxr edirik və bu, bizim ölkəmizin şöhrətini artırır. Ancaq, eyni zamanda, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir. İdman sağlam həyat tərzidir və biz hamımız çox istəyirik ki, Azərbaycanda sağlam həyat tərzi yanaşması üstünlük təşkil etsin. Bu gün bu, belədir, dövlət siyasəti də məhz bu istiqamətdə aparılır və eyni zamanda, sizin qələbələriniz bizim siyasətimizi dəstəkləyir.
Bu Oyunların keçirilməsi əlbəttə ki, ölkəmiz üçün tarixi hadisə idi. Şadam ki, bu qələbəni şərtləndirən, qələbəyə aparan bütün qurumlar çox yaxşı işlədilər. Həm əvvəlki illərdə, həm Oyunlar ərəfəsində Mili Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçi korpusu, idman mütəxəssisləri, əlbəttə, idmançılar bir komanda, bir ailə kimi bir amala xidmət edərək, bu qələbəni mümkün etdilər. Bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda bütün idman qurumları çox sıx əlaqədə işləyirlər və hesab edirəm ki, uğurlarımızın təməlində bu amil dayanır. İdmançılar üçün isə biz bütün şəraiti yaratdıq. Bölgələrdə 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi, Bakı şəhərində isə istənilən beynəlxalq yarışı keçirmək üçün ən müasir və gözəl idman obyektləri fəaliyyət göstərir.
Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlmişdi. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır. Çünki Mehriban xanımın rəhbərliyi ilə üçüncü beynəlxalq mötəbər yarışma keçirilir – 2012-ci ildə «Eurovision» mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları, - o, birinci Oyunlar idi, Oyunların standartları yox idi və hazırlıq üçün bizim cəmi iki ilimiz var idi, - və bu dəfə İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilib. Əlbəttə, bu, onu göstərir ki, Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib. Mən Təşkilat Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm.
Eyni zamanda, Əməliyyat Komitəsi çox fəal işləyib. Bu Əməliyyat Komitəsi Avropa Oyunlarının da təşkilini təmin edibdir və xarici mütəxəssislər də bizə kömək göstəriblər. Oyunların açılış və bağlanış mərasimləri də çox möhtəşəm idi. Mən yaxşı bilirəm ki, Təşkilat Komitəsi bu iki möhtəşəm təqdimatla çox ciddi məşğul olub. Həm açılış, həm bağlanış mərasimi ölkəmizin imkanlarını, xalqımızın istedadını göstərir. Eyni zamanda, onu göstərir ki, Azərbaycan və Azərbaycan xalqı öz milli, dini dəyərlərinə sadiqdir, onları qoruyur.
Biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Göstərdik ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir.
Bizim uğurlarımızın təməlində Vətən sevgisidir və idmançılarımızı da qələbələrə aparan əsas amil budur. Biz görürdük ki, idmançılar necə sevinirlər, xalqımız necə sevinir. Bu on gün ərzində biz bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi birləşdirən bizim əqidəmizdir, tariximizdir və gələcəyə baxışlarımızdır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Azərbaycan müsəlman aləmində çox böyük rəğbətə layiq olan bir ölkədir.
Bakıda keçirilən Oyunlar sayca üçüncü İslam Həmrəyliyi Oyunlarıdır. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü isə Azərbaycanda keçirilib. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, İndoneziya müsəlman aləmində əhali baxımından ən böyük ölkədir. Müsəlman aləminin bu iki aparıcı ölkəsindən sonra üçüncü Oyunların, - halbuki bu Oyunların adı dördüncüdür, amma biz bilirik ki, cəmi üçüncü dəfə keçirilibdir, - Azərbaycanda keçirilməsi, əlbəttə, bizə olan böyük hörmətin və inamın təzahürüdür.
Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında çox sevinirdim ki, elə bil hamı mənə bir fikri çatdırmaq istəyirdi - hamı böyük minnətdarlıq hissi ilə təşkilati məsələlərin yüksək səviyyədə və peşəkarlıqla həll olunduğunu deyirdi. Əlbəttə ki, bu, bizi çox sevindirir. Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü, qüdrətini göstərir. Göstərir ki, biz istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil edə və eyni zamanda, öz standartlarımızı da tətbiq edə bilərik və bunu edirik. Avropa Oyunları bundan sonra ancaq Azərbaycan standartları əsasında keçiriləcəkdir. Bilirəm ki, bu standartlara çatmaq çətin olacaq.
Biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik. Əlbəttə ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə, bizim siyasətimizi göstərir. Çünki biz istəyirik ki, Azərbaycanda hər bir tədbir ən yüksək səviyyədə keçirilsin. Ona görə də ölkəmiz inkişaf edir, ona görə də Bakıya gələn bütün xarici qonaqlar şəhərimizə heyran qalırlar.
Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür. Bu Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacaq. Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri bizim gücümüzü daha da artırır. Yəni, bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır.
İdman yarışları, Olimpiya Oyunları, İslam Oyunları, Avropa Oyunları elə bir tədbirdir ki, bu tədbirlərdə həm idmançılar, həm ölkələr rəqabət aparırlar. İqtisadi, siyasi sahələrdə, beynəlxalq münasibətlər sahəsində bəzən birinciliyi müəyyən etmək üçün bəzi qurumlar, təşkilatlar çətinlik çəkirlər. Çünki müəyyən meyarlar olmalıdır. İdmanda isə hər şey açıq-aydındır. Azərbaycan birinci yerdədir, Azərbaycan qalibdir.
Əlbəttə, bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək. Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar.
Bax, bu Oyunların tarixi əhəmiyyəti məhz bundadır. Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq.
Eyni zamanda, Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. Təsəvvür edin, iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilir. Bu oyunlarda 100-dən çox ölkə iştirak edir. Heç bir başqa ölkə bax bu nailiyyətlə öyünə bilməz. Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bildik. Ölkəmiz həm Qərb dünyasında, həm müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır.
Bir məsələni də qeyd etmək istəyirəm. Bizim uğurlarımızı əldə edən idmançılar müstəqillik dövründə yetişiblər. Bir çoxları müstəqillik dövründə doğulublar, müstəqillik illərində bu nailiyyətlərə gəlib çıxıblar. Bu, bir daha onu göstərir ki, müstəqillik bizim ən böyük sərvətimizdir. Bizim xalqımızın çox böyük tarixi var. Ancaq müstəqillik tariximiz müasir dövrdə o qədər də böyük deyil. Biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayarıq və idman sahəsində, iqtisadi, sosial və digər sahələrdə görün, nə qədər böyük uğurlar əldə etdik. İdman isə ölkələrin gücünü, siyasətini göstərir, xalqların gücünü göstərir. Sovet dövründə heç vaxt bizim ağlımıza gələ bilməzdi ki, Azərbaycan idmançıları bu qədər medal qazanacaqlar, Olimpiya Oyunlarında bu qədər qələbələr qazanacaqlar, müsəlman aləmində birinci, Avropa ölkələri arasında ikinci olacaqlar. Bütün bunlar ancaq müstəqillik dövründə mümkün olub. Ona görə, bu qələbə bir daha onu deyir və göstərir ki, ancaq müstəqillik dövründə xalqımız uğurla inkişaf edə bilər. Ancaq taleyimiz öz əlimizdə olduğu təqdirdə Azərbaycan xalqı sürətlə inkişaf edə bilər.
Biz müstəqillik gününün ərəfəsindəyik. Bir neçə gündən sonra Respublika Gününü qeyd edəcəyik. Bu qələbə əlbəttə ki, müstəqilliyimizə, müstəqilliyimizin möhkəmlənməsinə verilən növbəti töhfədir.
Eyni zamanda, biz mübarək Ramazan ayının başlaması ərəfəsindəyik. İslam Həmrəyliyi Oyunlarının Ramazan bayramının başlaması ərəfəsində başa çatması, Azərbaycan üçün böyük qələbə ilə sonuclanması hesab edirəm ki, təbiidir. Bu, təsadüfi deyil, bu, təbiidir.
Bir daha qayıdıram çıxışımın əvvəlinə. Bütün bu qələbələri bizə idmançılar bəxş ediblər. Ona görə, mən onları bir daha təbrik edirəm, onları qucaqlayıram, bağrıma basıram və onlara yeni qələbələr, uğurlar arzulayıram.