Nonu ...
...Yaxud çadır həyatının təəssüratları
Səxavət MƏMMƏD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
O göydəki ulduzlar haqqı
Tanrı dərgahı kimi ...
-
Ermənilər Xocalının kəndlərindən gedir
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
-
“Kaleydoskop”
... Yaxud qırıq-qırıq görünən Ağdam
-
Ağdam qatarı Bakıdan gedir
Bu yolu keçməyə əzm var
-
Nur içində uyu, Komandir!
Xocalıların yaddaşında həmişə 46 yaşda qalan QƏHRƏMAN
-
Arzuya bax, İlahi
Tez-tez gəlin ...
-
Pənah Hüseyn və Akif Nağı saxlanıldı
Cəbhə xəttini keçdiklərinə görə …
-
“Videodakı başdaşı atama aid deyil”
Allahverdi Bağırovun qızı etiraz etdi: “Diqqətli olun!”
-
Aran Qarabağ silkələndi
6 ballıq zəlzələdən tələfat yoxdur, amma dağıntılar haqda xəbərlər gəlir
-
Ağdamda 6 bal gücündə zəlzələ olub
Yeraltı təkanlar hətta cənub zonada da hiss olunub
-
«Şəhərin illərlə yığılıb qalmış problemləri var»
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
-
«Yerinizə minlər doğulacaq»
Seyid Lazım Ağa - Ağdamın canlı rəmzi
-
«İmarət» - Fred Asifin qərargahı
«Qarabağ» FK-nın fan-klubu haranın adını daşıyır?
-
Məşhur çay evinin tikilməsinin tarixi
Və ya SSRİ-Yapon münasibətlərinin Ağdama xeyri...
-
Qara bağın ağ damı
Ağdamın işğalından 24 il ötür…
-
Kabus qatar
Qəribə tarixçəsi olan şeir
Ağcabədi rayonunun Səməd Vurğun adlı kəndində qalırdıq. Bizim yaşadığımız ev babamın dostunun evi idi. Evin qarşısından, yolun kənarı ilə kanal keçirdi. Yolun qarşı tərəfində, çəkil (qısır tut) ağaclarının altında isə 7 ailə alaçıq qurub, orada yaşayırdı. Günüm onların yanında keçirdi. Həm kəndçilərimiz idi, həm də yad deyildilər. İlk dəfə doğmalıq, yadlığı elə Səməd Vurğun kəndində öyrənmişdim. İlk dəfə yardımın nə olduğunu da orada nə olduğunu gördüm. Yolun kənarında yaşayanlara yardım verirdilər. Çoxlarının eşitdiyi, şahidi olduğum bir hadisə də orada baş vermişdi. Hansısa alman şirkəti, bəlkə heç şirkət də deyildi, yardımı verənlərin üstündə duran alman idi. 7 alaçığa yardım verərkən bir-bir kimin hansı alaçıqda qalmasını soruşur, dəqiqləşdirirdi. Səməd Vurğun kəndindən bir qadın da yardım alanların arasına qarışmışdı. Müəyyən olunanda ki, o qadın alaçıqda yox, kənd sakinidir, ona yardım vermədilər. Almanın üzünə qarşı qayıtdı ki, elə bil nemesdi. Hamı bu sözə gülmüşdü. Düzü o vaxt başa düşmədiyim üçün reaksiya belə verməmişdim.
Bir neçə ay orada qalası olduq. Məktəb yaşım çatıb, məktəbə getməliyəm. Ancaq hansı məktəbə buna qərar verə bilmirdi valideynlərim. Əslində bir dəfə qərar verib, Səməd Vurğundakı məktəbə adımı yazdırdılar, hətta bir gün məktəbə də getdim. Ancaq cəmi bir gün. Arxa sırada oturdular. Məni sinfə qoyub gedəndən sonra müəllim dedi, adı Səxavətdir, qaçqındır. Müəllim dərs keçir, danışır özü üçün, yazı taxtasına baxanda isə bütün sinif mənə baxırdı. Uşaqlar elə bil sirkdə hansısa canlıya baxırdılar. Süzürlər, süzürlər. Qarşımda isə 12 vərəqli dama-dama dəftər var idi. Zəng vuruldu, müəllim sinifdə çıxdı. Ayağa da durmadım, uşaqlar hamısı ayağa durub mənə baxırlar. Qapıdan içəri başqa sinfin uşaqları girir, boylanır, sinifdəki uşaqlar bir ağızdan deyirdi "qaşqındı". Artıq sataşmalar da başlamışdı. Qəribə hisslər idi. Onsuzda sakit olmayan bir tipim vardı. Dişim bağırsağımı kəsir, ancaq heç nə edə bilmirdim. Dəqiq bilirəm ki, stuldan dura bilmirdim. Qətiyyən qorxudan deyildi. Hər dəfə o "qaşqın" sözün eşitdikcə elə bil nəsə çiynimdən basırdı aşağı. Zəng vuruldu, müəllim yenidən sinfə girdi. Nə danışdı, nədən danışdı qətiyyən yadımda deyil. Heç o vaxt da yadımda deyildi. Bir tək istəyim, arzum vardı, zəng vurulsun, rədd olub gedim evə. Başqa da heç nə. Hər dəqiqəsi saatlara bərabər olan həmin dərs də yekunlaşdı. Zəng vuruldu. Çantamı götürüb sinifdən ildırım sürəti ilə çıxdım. Qaça-qaça məktəbin həyətindən çıxdım. Məktəbin həyətindən kanalın üstünə qədər qaça-qaça gəldim. Sanki azadlığa çıxmışdım. Evə bir qədər yol var idi. Sən demə oxuyacağım sinifdən xeyli uşaq da həmin yolu gedirmiş. Çalışırdım ki, ünsiyyət qurmayım. Ancaq arxadan uşaqların sataşmaqları vardı. “Qaşqın”, “ay qaşqın” deyirlər. Uşaqlardan biri bir qədər də irəli gedib, gəlib arxadan badalaq vermək istədi. Dizim yerə dəydi, əlimin altındakı daş ayağa qalxmağımla həmin uşağına dəyməyi bir oldu. Uşaqdan bir qışqırıq səsi çıxdı, elə bil ətin kəsirdilər. Fakt daş ətin olmasa da, başın dağıdıbmış. Başqa bir uşağın arxasınca düşüb itələdim kanala, dəqiq gördüm qamışlığın içərisinə düşdü, qamışlıq olmasa bəlkə də boğulardı. Onun kanala düşdüyünü görüb, evə qədər arxama baxmadan qaçdım. Evə çatan kimi dedim, məktəbə getməyəcəm. İlk başda danlanmağa başlandım. Bir qədər keçmişdi ki, həyətin yox, evin qapısı döyüldü. Başın yardığım uşaqla, kanala saldığım uşaqlar, valideynləri evə basqı ediblər. İlk dəfə idi o qədər qarğış, hədə-qorxu eşidirdim. Başınyardığımın özündən böyük sinifdə oxuyan qardaşı məni döymək üçün əldən ayaqdan gedirdi. Dəqiq xatirimdədir, bu məsələyə görə polis də gəlmişdi. Düzdür, o hadisəyə qədər də evdə çox eşidirdim "camaatımız hardadır ora getmək lazımdır" sözlərini. Bu hadisədən sonra daha çox eşitməyə başladım. Hara, necə heç kim bilmirdi.
Bir gün evdəki böyüklər söhbətinə qulaq şahidi oldum. Ağ salafan paket var idi. Onu göstərib deyirdilər, yaxşı paketdir, ancaq üstündəki yazısı olmaya, adam utanır. Elə bu söhbətə görə, paketin hər nöqtəsini nəzərdən keçirdim, ancaq üzərində yazı görmədim. Axırda soruşası oldum ki, bunun üstündə yazı hardadır? Aldığım cavab da çox sərt olmuşdu. Korsan? Görmürsən? Ağ salafan paket, üzərində qırmızı aypara və “Türk Kızılay” yazısı. Öz özümə deyinməyə başladım ki, burda utanmalı nə var axı. Çox sonralar anladım ki, bu paketi görən bilir ki, qaçqınsan, hətta öz pulunla belə almısansa da, o torbanın içərisindəkiləri yardım hesab edir. İndi düşünürəm, böyüklərimiz nələr çəkiblər, necə ayıb bildikləri, utandıqları şeylərlə sınağa çəkiliblər. Televizorda isə neft kontraktından danışırdılar, uğurlardan dəm vururdular. Elə o vaxtdan Cənubi Qafqazın lider ölkəsi sözünə allergiyam yaranmışdı. Bunları kim bağışlayacaq bilmirəm. Ancaq nə o dünyada, nə bu dünyada bağışlamayacağım dəqiqdir.
Məktəb hadisəsindən bir qədər sonra artıq qərar verdilər ki, köçməliyik. Adam nə qədər köç edər. Nə qədər sıfırdan başlayar, nə qədər də?
Bir traktor gəlib dayandı qapıda, olanlarımızı yığdılar lapetə. Düzəldik yola. Qarşıda qəribə mənzərə var idi. Yolun sağında meşə, solunda isə dümağ ərazi. Çadır şəhərciyi. Böyük bacım balacaya dedi, bacı bax, nə qəşəng ağappaqdı. Balaca da təsdiq edir. Xalamın aley eləyib, gör nəyə qəşəng deyir e, bunlar.
Gəlib 4-cü yüzlüyə düşdük. Lapetdəki əşyalarımızı tökməyə başladı. Qonşular da köməyə gəldi. Lapetdən televizorumuz düşəndə onsuzda qarayanız olub, günün də yandırıb qapqara uşaq qışqırdı ki, bunların televizoru var. Həmin uşaq gəldi yanıma, adın nədi? Dedim, Səxavət. Mamam sərt şəkildə dedi ki, heç kimə yaxın getmə. Məktəbdəki hadisədən sonra məni konkret qarabaqara izləyirdilər. Qorxurdular yenə nəsə olar. Ancaq bu uşaq məktəbdəki kimi deyildi. Səmimi idi. Adın soruşdum. Dedi, Nonu. Nonu adlı adam olar? Anası əsl adın dedi, unutmuşam, sonra da əlavə elədi ki, hamı elə Nonu deyir. Yadıma da gəlir, məktəbdə də ona Nonu deyirdilər. Öz adı ilə o qədər onu çağırmamışdılar ki, öz adına reaksiya vermirdi. Ayağımda ayaqqabımı görən Nonu dedi, soyun da onu. Dedim, niyə? Dedi, onsuzda uşaqlar hamısı ayaqyalın gəzir. Baxdım, düz deyirdi, uşaqların çoxunun ayağında ayaqqabı yox idi. Yoxluqdan yox, sadəcə olaraq uşaqlar geyinmirdi. Böyüklərin göz ağartmağından başa düşdüm ki, məni ayaqyalın görsələr, çırpılacam.
Əşyalarımız evimizə, üzr istəyirəm, çadırımıza tam yerləşdirilməmişdi ki, Nonu dedi, gedək balıq tutmağa? Nə balıq, burda harda balıq tuturlar? Qısa zamanda məhəllədəki insanlara qaynayıb qarışmağa başladım. Uşaqlar sənə qeyri-adi varlıq kimi baxmırdılar. Jilka, qurğuşun, qırmaq götürüb getdik kanalın üstünə. Nonu dedi, qarğını da kanalın qırağından kəsib düzəldəcəyik. Kanala doğru gedirik, bəzi yerlər var ki, orada çadırlar açılıb, hələ quraşdırılmayıb. Nonu dedi, bura da adamlar gələcək. Qarşımıza bir maşın çıxdı. Nonu dedi, bu da çörək maşınıdır. Bu maşınla çörək gətirib verirlər.
Gəldik, kanalın kənarına. Bizdən başqa da adamlar balıq tutmağa gəlmişdilər. Ən balacası biz idik. Nonu qarğı qırdı, bir neçə dəqiqə sonra artıq qırmaq hazır idi. Elə balığa yemi də kanalın kənarından həll etdi. Qurd çıxardı. Hazır. Artıq balıq tuta bilərik. Bir az oturmuşduq, dedi, bizimkilərə soruşsa deməzsən, girib çiməcəm. Bir qədər kənarda o kanalda üzməyə başladı. O çimib gələnə kimi əl içi boyda 5-6 balıq tutmuşdum. Bir qədər gözlədikdən sonra hava qaralmamış dedi, gedək evə. Yolda qohumlarından içməli su istədi. Gördüm suyu içmir. Qoluna, ayağına sürtür. Soruşdum, bu nədi? Dedi, kanal suyu duzludur. Evdə çimib çimmədiyimi bilmək üçün qolumdan dırnaqları ilə asta cızırlar. Yeri ağaranda bilirlər ki, kanalda çimmişəm. Ancaq içməli su ilə ayağı, qolu yuyanda elə edəndə ağarmır. Artıq ilk gün bir neçə şey öyrənmiş oldum Nonudan. 6-7 balıq mən, 3-4 balıq da Nonu tutub. Məhəlləyə çatanda gördüm bir uşaq stolda oturub. Soruşdum, o kimdir? Dedi, qaqa, onun gözləri görmür. Televizorda eşitmişdim. Balıq gözlərə xeyirdir. Balıqları gətirib o uşağın yanındakı adama verdim ki, ona bişirib verin, gözləri açılsın. Televizorda elə deyirlər. Əvvəl "yox" dedilər, sonra məhəllədəki adamlar dedi, uşaqdır, geri çevirmə. Həqiqətən də elə bilirdim ki, o uşağın gözləri açılacaq. Axı televizorda eşitmişəm. Uşaq ağlı. Mən o vaxt hardan biləydim ki, televizor yalan maşınıdır.
Çadırda ilk gün belə keçdi...
Bəzən oturub danışırıq. Deyirik, müharibədən 4 il keçib müharibə haqqında dünyaya səs salacaq film çəkilmir. Heç bu çadırlar haqqında da ciddi bir iş ortaya qoyulmayıb. Arada dostlar deyir ki, müharibəni yaz, çadırı yaz, onu yaz, bunu yaz. Hərdən həvəsə gəlirəm, istəyirəm, sonra niyə sualı hamısının üstündən xətt çəkir. Həqiqətən niyə?