«Onunla ilə heç bir müqaviləsi olmayıb»
Federasiyadan efiopiyalı ateltə cavab gəldi
Bir neçə il əvvəl Azərbaycanın Yüngül Atletika Federasiyasının transfer etdiyi efiopiyalı atlet, soyadını dəyişərək «azərbaycanlıya çevrilmiş» Lili Abdullayeva aldadıldığını və «idman qulu» kimi istifadə olunduğunu iddia edir. Virtualaz.org xəbər verir ki, bu barədə «The Guardian» qəzetinin Almaniyanın ARD telekanalı ilə birgə apardığı araşdırmada deyilir.
Onlarla medalı olan 26 yaşlı Lilini 2009-cu ildə türk məşqçi Azərbaycan üçün yarışmağa inandıra bilib. «Yarışları udsam, mənə yaxşı maaş, ev, bahalı maşınlar vəd elədilər. Ancaq heç birini görmədim. Mənə mükafat kimi verilən pulumu oğurladılar, aldadıb dopinqə məcbur etdilər. İndi hamıya məsləhət görürəm ki, buna getməsinlər», – idmançı danışıb.
Araşdırmada deyilir ki, Lily idman mənsubiyyətini dəyişən yeganə atlet deyil. Ötən il Rio Olimpiyası öncəsi bircə gündə atletlərin beynəlxalq qurumu olan IAAF 25 belə müraciət alıb. Çoxu elə bir aşkar səbəb də göstərə bilməyib. Ancaq Qətər, Bəhreyn, Azərbaycan kimi ölkələrin niyyəti medal siyahısını zənginləşdirmək idi. Lakin bayraqlarını dəyişən atletləri çox vaxt aldadırlar, mükafat kimi vəd olunmuş pulu vermirlər, pis şəraitli evlərdə yerləşdirilirlər.
Azərbaycan üçün yarışanda Layes kimi tanınan Liliyə ayda 300 dollar, yaxşı nəticə göstərərsə, aya 1000 dollar vəd olunub. İlk bir neçə ay ərzində o, Avropa üzrə gənc gümüş medalçıya çevrilib, ancaq əlinə o pullar gəlməyib, aya cəmi 150 dollar alıb. «Səkkiz aydan sonra məşqçimdən soruşdum ki, niyə mənə 1000 dolları vermirlər, federasiya prezidentinə şikayət edəcəyimlə hədələdim. Bunu deyən kimi pulu cibindən çıxarıb mənə verdi. Belə çıxdı, elə üçüncü aydan pulu cibində saxlayırdı», – Lili deyib.
Ancaq idmançı Azərbaycanın maraqları uğrunda yarışmaqda davam edib. Lili belə deyir. 2012-ci il London olimpiadasında udmaq istəyi məşqçilərinin ona həb verməsinə gətirib. Onun sözlərinə görə, 2011-ci ildə Stokholmda yarışlarda zədələnməsinə baxmayaraq, ona yarışmaq əmri verilib. Məşqçisi Mitin Sesak ona yaxınlaşaraq deyib ki, ağzını açsın və dilinin üstünə bir həb qoyub. İdmançı ondan bunun nə olduğunu soruşanda məşqçi deyib ki, «qorxanda sənə kömək edəcək, güclü olacaqsan».
Lili dərman qutusunun üstünü oxuyub, «tribulus testosterone» yazıldığını görüb və internetdə onun əks göstəriciləri barədə informasiya əldə edib, bir nəticəsi sonsuzluq imiş.
«Bu informasiya məni çox qəzəbləndirdi. Daha yaxşı həyat uğrunda çarpışırdım, ancaq gələcəkdə uşağa qalmaqla bağlı problem istəmirdim. Amma onların vecinə deyildi», – Lili deyib.
O, məşqçisi Mitinin Gürcüstanda təlim düşərgəsində ona bəzi iynələr də verdiyini deyir. Hazırda M.Sesak atletikadan ömürlük uzaqlaşdırılıb. Bu yasağı Türkiyə antidopinq qurumları qoyub.
Lili dörd ildən sonra Azərbaycanı tərk edib. 2013-cü ildə hökumət ona bir yarışmanı udduğuna görə 25 min dollar veribmiş. Ancaq iddiasına görə, Azərbaycan Atletika Federasiyasının prezidenti həmin pulun 7 min dollarını götürüb və bundan sonra ona maaş verməyi də dayandırıb.
Azərbaycan Atletika Federasiyası bu iddialara cavabında deyir ki, Abdullayeva həqiqətən də 2009-13-cü illərdə Azərbaycanda atlet kimi çalışıb: «Ancaq onun Azərbaycan Atletika Federasiyası ilə heç bir müqaviləsi olmayıb».
Federasiya atletin fərdi idman klubu üçün yarışdığını, bütün mükafat pullarını aldığını bildirir. Federasiya onun ittihamlarını «əsassız» adlandırır. Dopinqlə bağlı iddialara gəlincə, federasiya bildirir ki, Abdullayeva bütün digər atletlər kimi, Avropa və digər antidopinq agentliklərinin dopinq nəzarətindən keçib və nəticələr neqativ çıxıb.
«Onun atletika federasiyasının nüfuzunu zədələməyə yönəlmiş birbaşa iddialarını tamamilə qəbuledilməz sayırıq», – Federasiya vurğulayıb.