Maqnus FİDE-ni pat vəziyyətinə saldı
Dünya çempionunun tac uğrunda qarşılaşmalardan imtina etməsi federasiyanı seytnota düşürüb
RƏŞAD
MÖVZU İLƏ ƏLAQƏLİ
Maqnus Karlsenin çempionluq matçlarını oynamaqdan imtinasından sonra, Beynəlxalq Şahmat Federasiyası (FİDE) qərar qəbul edib ki, Çempionluq uğrunda rusiyalı Yan Nepomnyaşşi ilə çinli Dinq Liren qarşlaşacaq.
Bu bir neçə aspektdən düzgün deyil və ədalətsiz qərardır.
Sadəcə olaraq FİDE bu matçı başından edib vəziyyətdən çıxmaq istəyir. Ən əsası da çempion olmaq üçün rusiyalı Yana yaxşı fürsət yaradır. Şahmatsevərlər bilir ki, Liren Nepo üzərində qələbə qazanma şansı çox aşağıdır. Əslində Liren yaxşı şahmatçıdır, reytinqə görə də rəqibini üstələyir. Lakin Nepomnyaşşiyə qarşı oyunu alınmır.
FİDE bu matçı reallaşdırmaqla “xaltura” etmiş olur. "Filankəs oynamırsa, onun yerinə başqası oynasın məsələ həll olunsun".
Bir vacib nüansı da nəzərə almalıyıq ki, Nepomnyaşşi-Liren matçı sırf bir situasiyaya görə olub.
Misal üçün Nakamura bilsəydi ki, Maqnus imtina edəcək matç oynamaqdan, o sonuncu oyunda Lirenlə heç-heçəyə oynayardı. Ya da Teymur, sonuncu – 13-14-cü turlarda qələbəyə oynayardı. Fabiano ikinci dövrədə “all in” oynamazdı və s...
Vəziyyəti çoxları düzgün anlamayacaq. Amma bu sanki lotereyadır. Lirenin 2-ci olub matçı çıxması bu baxımdan ədalətsizlikdir. Heç kim bilmirdi ki ikinci yer matç oynama şansı verir.
Maqnus turnirdən əvvəl bəzi sözlər demişdi. Amma konkret rəsmi söz yox idi. Ancaq təxminlər idi.
Belə bir vəziyyətdə FİDE yenidən pley-off formatında Dünya Çempionatı təşkil etməlidir.
Maqnusdan başqa 16 ən güclü şahmatçının iştirakı ilə.
– Namizədlər turnirinin 8 iştirakçısı.
– 2022ci ilin Dekabrın 31-nə kimi ən yüksək reytinqli 8 şahmatçı (namizədlər turnirinin iştirakçıları xaric)
Dünya Çempionatının formatı, “nokaut” sistem olmaqla, 1/8 finaldan başlanmalıdır. Hər mərhələ 4 klassik oyundan ibarət olmalıdır. Bircə finalda 8 oyun.
Heç-heçə olarsa tay-breyk.
Belə bir turnirə sponsorlar tapılar.