«... Fiqu kimdi?»
«Bizdə Kamal, Bəxtiyar, Ədahim kimi futbolçular olan yerdə ...»
Anar ŞABANOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
Düz 18 il əvvəl sentyabrın 3-ü milli komandamız Tofiq Bəhramov adına Respublika stadionunda tarixinin ən yaxşı oyununa çıxdı. Həmin gün birinci hissədən sonra arenanın işıqları söndüyü üçün ertəsi ayın 4-ü təkrar oyun oldu.
Texniki məğlubiyyət almamağımızın səbəbkarı beynəlxalq futbol qurumlarında böyük nüfüzu olan AFFA-nın o zamankı prezidenti, mərhum Fuad Musayev idi. Komandamız nə ayın 3-ü, nə də 4-ü Portuqaliya kimi dünya nəhənginə uduzdu. Bu, sadəcə 3 hissəli oyun deyil, 3 pərdəli əsl tamaşa idi! Məncə, milli tarixində ən yaxşı oyunu məhz o matçda göstərib.
İndi «oyunçularımızın səviyyəsi aşağıdı» deyənlərə həmin qarşılaşmanı xatırladın. O zaman birinci dəstədə yarışan MOİK-də çıxış edən Ədahim Niftəliyev dünyanın ən yaxşı futbolçularından biri «Barselona»nın meqaulduzu Luiş Fiquya gözünü açmağa imkan vermirdi...
Qolun müəllifi, Fernando Koutu, Paulo Souza, Vitor Baya kimi dünya ulduzlarını «1 qəpiklik» edən gənc Zaur Tağızadə də Azərbaycan çempionatının birinci dəstəsində, elə həmin MOİK-də idi...
Dünyaşöhrətli müdafiəçilər doğulduğu Biləcəri qəsəbəsinin «o tay»ında, «ploşad»ında, «voyennıy qorodok»unda belə çoxlarının tanımadığı Bəxtiyar Musayevin qarşısında aciz qalmışdı. «Ulduz» rəqibləri «başına dolayıb» Zaura məhsuldar ötürmə verən «Baxa»dan heç cür top ala bilmirdilər...
Portuqalların baş məşqçisinin «bu futbolçu Madrid «Real»ında oynamalıdı» dediyi Emin Ağayev Zaurla Ədahimdən fərqli olaraq Azərbaycanın yox, Rusiyanin aşağı liqasında çıxış edirdi...
Kapitan Tərlan Əhmədov həmin Avropa çempionatının final mərhələsinin bombardirlərindən olan Nunu Qomeş, dünyanın ən yaxşı pleymeykerlərindən Ruy Koşta, Pedro Pauleta kimi «dünya ulduzları»nın qarşısında keçilməz səddə çevrilmişdi...
Dmitri Kramarenko soyadına layiq oyunu ilə rəqibi şoka salmışdı...
Kamal Quliyev keçidləri ilə Luiş Fiqunu xatırladırdı, sanki onların yerini dəyişmişdilər...
Bütün bunların səbəbkarı isə hələ oyundan bir gün əvvəl keçirilən mətbuat konfransında «Kto takoy Fiqu? Koqda u nas yest takiye iqroki kak Kamal, «Baxa», Adaim!» (Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?) deməklə komandamıza fantastik motivasiya verən rəhmətlik baş məşqçi Əhməd Ələsgərov idi. Ələsgərovun bu sözlərini eşidəndə əvvəlcə «Adam qocalıb, dünya futbolunu izləmir, hətta Fiqunu tanımadığından ağzına gələni danışır» deyib lağa qoymuşduq...
Vaxt çoxdan tamam olsa da, oyunu bitirməyən hakimin sayəsində son saniyələrdə Fiqunun qolu ilə məğlubiyyətdən xilas olan bu komanda həmin Avropa çempionatının yarımfinalına çıxdı və yalnız əlavə vaxtda Zidanın vurduğu penalti ilə AVRO-2000-də mübarizəni dayandırdı...
Həmin Azərbaycan millisi ilə indikini müqayisə etsək, indi futbolçularımızın qat-qat yaxşı şəraiti, maddi imkanı var. O zaman Zaur, Emin, Ədahim nəinki Çempionlar Liqasının qrupu, bəlkə də heç hansısa ölkənin yüksək liqasında oynamağı ağlına gətirmirdi. Amma bu futbolçuların böyük ürəyi vardı. Milli forma üçün canlarını qoymağa hazır idilər. Bütün futbolçular, məsələn, Emin Ağayev başı ilə «podkat»a gedirdi, amma mübarizəni uduzmurdu. Bu futbolçuların həm öz vətənpərvərliyi, həm baş məşqçinin verdiyi motivasiya istənilən rəqibi şoka salmağa imkan verirdi.
İndiki millinin isə nəinki futbolçularına, ən birinci elə baş məşqçinin özünə motivasiya lazımdı...
Elə ona görə də tarixdə Əhməd Ələsgərovun millisi qaldı!
P.S. Həmin oyunu xatırlayanda «Qarabağ»ın ən azı Bakıda «Çelsi», «Atletiko» və «Roma»ya baş ağrısı olacağına xal və xallar alacağına inanıram.