vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
20:12 | 7 oktyabr 2017 | Şənbə Məqaləyə 2376 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Niyə də yox?»un soku çıxdı ...

... Yaxud Azərbaycan millisi və AÇ-2020: Reallıq, yoxsa nağıl?

Elnur HƏMİDOV

Bir neçə gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində evdə Çexiya millisinə uduzan (1:2) yığmamız yenə alışdığımız 5-ci pilləyə düşdü. Seçmə mərhələnin ilk 3 oyununda 7 xal toplayaraq yüksək yerlərə iddia edən, hətta bir ara «niyə də yox?» şüarı ilə mundiala vəsiqəyə belə, ümid edən seçmə komandamız daha sonra keçirdiyi 6 oyunda cəmi 3 xal toplayaraq (o da San-Marino ilə ev oyununda) həmişə vərdiş etdiyimiz pillədə qərarlaşdı. Bu nəticə bizə istər-istəməz millimizin seçmə mərhələlərdə yeni-yeni çıxış etməyə başladığı 90-cı illəri xatırlatdı. San-Marino ilə oyunda qazanılan 6 xalı nəzərə almasaq, qərarlaşdığımız yer və xal eynən həmin illərdəki kimidi. Fərq yalnız indi bir qədər az top buraxmağımızdadır. Bəs bu illər ərzində dəyişən nədir? Bu milli ilə AFFA-nın iddia etdiyi kimi, AÇ-2020-yə vəsiqə uğrunda mübarizə apara bilərikmi? Çıxış yolu nədədir?

Bu məsələlərə aydınlıq gətirmək üçün Komanda.az futbol ictimaiyyətinə aşağıdakı suallarla müraciət etdi:


1. Sizcə, bu milli ilə 90-cı illərdə daimi olaraq məğlub olan komanda arasında ciddi fərq varmı?

2. Çıxış yolunu nədə görürsüz?

3. Bu komandanın AÇ-2020-yə vəsiqə qazanmaq potensialı varmı?


Kənan Məstəliyev, «Rekord.az» saytının baş redaktoru


1. Müqayisə yanlışdır. O milli ilə bunlar arasında böyük fərqlər var. Təbii ki, istedad baxımından əvvəlkilər daha güclü idilər. Ancaq hazırkı yığma daha peşəkar, daha möhkəm, daha soyuqqanlıdır və böyük oyun və turnirlərdə iştirak təcrübəsi daha çoxdur.

2. Çox sadə: ilk öncə baş məşqçi dəyişməlidir. Prosineçki bura gələndə daha həvəsli, işə daha çox can yandıran idi. «Bursaspor» məsələsində AFFA haqlı şəkildə yolunu kəsən kimi üzü döndü. Əsl qeyri-peşəkarlıq, etinasızlıq nümunəsi göstərdi bizə və türkün sözü, «xəyal qırıqlığına» uğratdı. İşin təməl dəyişməli olan yanı isə milli komandanın heyətinə tapşırıqla oyunçu salınmasıdır. Biz uşaq deyilik və klubunda az qala əvəzedici heyətin oyunçusu olan futbolçuları millinin əsas heyətində meydana buraxmaq üçün xüsusi «sifət»ə malik olmaq lazımdı. Prosineçki mübarizə apara bilmir, hətta deyərdim aparmaq da istəmir. Nəyinə lazımdı ki?

3. Bu komandanın AÇ-2020-yə vəsiqə qazanmaq üçün böyük potensialı var. Bir az ağlı başında, rasional məşqçi gəlsə, AFFA-dakı bəzi menecer «dostlarımız» barmaq eləməsələr, rahatlıqla çıxacağıq final mərhələsinə. Buna heç bir şübhəm yoxdur.


Saleh Arslan, «Korner.az» saytının baş redaktoru


1. Fərqlər də, oxşarlıqlar da çoxdur. Məsələn, o dövrdə də Dağıstandan futbolçu gətirib milliləşdirirdilər, indi də. Fərq ondadır ki, 90-cı illərdə millidə braziliyalılar oynamırdı. Məncə, oyun üslubu, nəticə baxımından indiki yığma bir az üstündü. Hər halda, komanda ən çox xalını qazanıbsa, müəyyən üstünlüyün olduğunu etiraf etməliyik. O başqa məsələdir ki, bu qədər maliyyə vəsaitinin müqabilində indikindən qat-qat üstün yığmalarımız olmalı idi. Yoxdursa, deməli, 10 ildən çoxdur sadəcə pul yeyilib, yuyulub.

2. Çıxış yolunu biz axtarmadıq, o, özü bizi tapdı - devalvasiya qismində. Futbolda maliyyənin azalması 10 ildir yağ-bal içində üzən AFFA-nı çıxış yolu tapmağa məcbur edir. Liqaların yaradılması, lisenziyalaşdırma işinə nəzarətin gücləndirilməsi və s. Bəlkə devalvasiyanın hesabına ayılarlar...

3. 2020-də meydana buraxmağa 11 futbolçunu bu gün sahədə görə bilirsizmi? Bir neçə gün əvvəl Çexiya ilə oyunda komandanın orta yaş hesabı 28-dən artıq idi. Rəşad Sadıqov yığmadan gedib deyə, həftələrdi «dizimizə-başımıza döyürük». Bir Rəşadın yerini doldura biləcək oyunçu tapa bilmiriksə, hansı final mərhələsindən, hansı gələcəkdən danışa bilərik?


Ağasəlim Mircavadov, futbol mütəxəssisi


1. Həmin milli çox güclü idi. Sadəcə, 90-cı illərdə şərait indiki kimi deyildi. Cəmi bir forma ilə çıxış edirdik. Heç nə yox idi. Ancaq yaxşı oyunçular var idi - Yunis Hüseynov, Samir Ələkbərov, Vidadi Rzayev, Mahmud Qurbanov, Aleksandr Jidkov və başqaları. Komanda oyunu cəhətdən də həmin milli güclü idi. Sadəcə, həmin vaxtkı Avropa milliləri ilə indikilər arasında fərq var. O vaxt millilər də çox güclü idi. Hər millinin heyətində 4-5 lider futbolçu çıxış edirdi. Fransa, İtaliya, İspaniya, İngiltərə yığmalarının çox güclü heyətləri var idi. İndi isə tam fərqlidir. Məsələn, mən bir neçə gün əvvəl İngiltərənin Sloveniya ilə oyununa baxdım. Məncə, həmin oyunda Sloveniya uduzmamalı idi. Demək olar, ingilislərlə eyni səviyyədə oynadılar. Yəni o vaxt Avropada futbol çox güclü idi. Biz isə SSRİ-nin tərkibindən yeni çıxmışdıq. Avropada təcrübəmiz heç yox idi. İndi isə uşaqlarda beynəlxalq təcrübə var, şərait də yaradılıb, geriyə qalır, ürəklə oynamaq. Millimizin Çexiya ilə oynuna gəldikdə isə, yığmada istək var idi. Qol fürsətlərimiz də oldu. Düzdü, bizim qapı qarşısında da təhlükəli vəziyyətlər yaşandı. Hələ Çexiyada 0:0 bərabərə qaldığımız matçda da standart vəziyyətlərdə çətinlik çəkirdik. Bakıdakı oyunda da bunun şahidi olduq. «İkinci mərtəbə»də oynaya bilmirik. Bunun üzərində çalışmaq lazımdı.

2. Çıxış yolunu yalnız uşaq futbolunun inkişafında görürəm. Bunun üçün də məşqçilərin futbol biliyi, bu sahədə savadı artırılmalıdır. Bu sahədə AFFA çox iş görür, kurslar təşkil edilir. Ancaq məşqçilər də öz üzərlərində işləməlidlər.

3. Bu barədə fikir bildirmək hələ ki, tezdir. Qarşıda Almaniya ilə oyunumuz var. Bundan əlavə, Robert Prosineçkinin millidə qalıb-qalmayacağı da bəlli deyil. Düzdü, futbolçular eyni olacaq. Amma motivasiyadan da çox şey asılıdı. Prosineçki qalsa da, ola bilsin, başqa bir planı oslun.


Şahin Diniyev, «Kəpəz»in baş məşqçisi


1. İndiki futbolçuların hazırlığı və təcrübəsi həmin illərdəki oyunçularla müqayisədə daha çoxdur. 90-cı illərdə millimizdə top qovan futbolçular təcrübəli olsalar da, onların beynəlxalq təcrübəsinin sıfır dərəcəsində olmasını, üstəlik şəraitin çox aşağı səviyyədə olmasını nəzərə alsaq, indikiylə böyük fərq olduğunu görərik. Bugünkü millinin funksional hazırlığı əvvəlkindən çox yaxşıdır. Müasir futbol da məhz funksional hazırlığın üzərində qurulub.

2. Bu, bir günün, bir ayın və ya bir ilin işi deyil. Bununla bağlı uzunmüddətli plan hazırlanmalıdır. Milliyə hardan gəlirlər? Aşağı yaş qruplarından, klublardan. Millini gücləndirmək üçün elə aşağı yaş qruplarının və klubların güclənməsi kifayətdir. «Qəbələ»nin, «Qarabağ»ın qrup mərhələsinə vəsiqə qazanması, yerli futbolçuların beynəlxalq təcrübəsinin artması ilə nəticələndi. Millinin az-çox uğurlu çıxışında bu klubların əvəzsiz rolu var. Bundan əlavə, klubların aşağı yaş qruplarında, əvəzedici heyətlərində görülmüş işlər millinin uğurlu çıxışında həlledici rol oynayır.

3. Real danışaq. İstək ayrıdır, reallıq ayrı. Bunlar heç vaxt üst-üstə düşmür. Məsələyə real yanaşmaq lazımdı. Nə qədər acı olsa da, etiraf etməliyik ki, nəinki bugünkü, hətta sabahkı millimiz də Avropa çempionatının final mərhələsinə çıxacaq gücdə deyil. Öz-özümüzü aldatmayaq. Hər birimiz bunu istəyirik. Ancaq istəklə reallıq fərqli şeylərdi. Əlbəttə, mübarizə aparırsansa, müəyyən məqsədin olmalıdır. Məqsədin olması yaxşıdır. Bu olmasa, heç oynamağa ehtiyac yoxdur. Lakin qəbul etməliyik ki, bu gün bizim futbol Avropa çempionatının final mərhələsində çıxış edən 24 ölkənin futbolundan geri qalır.