«Fikrimi yayındırmayın»
Qurban Qurbanov: «Onların gücünü Bakıda da gördük»
Topaz Premyer Liqasının 10-cu turunda evdə «Səbail»ə qalib gələn (1:0) «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. VAXT.AZ xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib.
- Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandılar. Həddən artıq çətin oldu. Futbol elə oyundur ki, burda meydanda 10 nəfər də, 9 nəfər də qala bilərsən. Çoxdandı belə oyun keçirməmişdik. Azlıqda qalsaq da, qalib gələ bildik. Bu gün həm 3 xal qazandıq, həm də yaxşı oyun göstərdik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram.
- Penalti verilməyən epizod barədə nə deyə bilərsiz?
- Düzü, heç vaxt hakimlik barədə danışmamışam. Sadəcə, bu gün Rəvan Həmzəzadənin idarəçiliyi mənə çatmadı. Həmişə bəyəndiyim hakimlərdən olub. Ancaq bu gün bir neçə maraqlı qərar verdi. İlk növbədə, Pedronun yerdə qaldığı epizodda simulyasiya olmamışdı. Elə həmin epizodda zədələndi. Məncə, orda ikili mübarizə idi.
- Pedronun zədəsi nə yerdədi?
- Ciddi zədə olduğunu düşünmürəm. Yəqin ki, bir-iki günə sağalar. Sabah vəziyyətinə aydınlıq gələcək.
- Jezniçakın vəziyyəti nə yerdədi?
- Onun yüngül zədəsi var. Risk edib, meydana buraxmadım. Vəziyyətinə tam olaraq sabah aydınlıq gələcək.
- Artıq 45 yaşınız var. Bir çox uğurlarınız var. Millinin baş məşqçisi olmasıyla bağlı təklif alsaz, nə cavab verəcəksiz?
- Bu gün hansısa fikir bildirməyim «Atetiko» ilə oyunöncəsi fikrimizi yayındıra bilər. Bu, böyük rezonans doğura bilər.
- «Atletiko» ilə oyundan sonra danışacaqsız?
- Buna oyundan sonra baxarıq (gülür). Açığı Prosineçkinin gedişi mənim üçün gözlənilməz oldu. İndi mənim hansısa fikir bildirməyim bir qədər hörmətsizlik olar. Qarşıda hələ vaxt var. Ən düzgün qərarı AFFA verəcək.
- Bəlkə, bu barədə təklif olub, siz razı olmamısız?
- Dediyim kimi, bu gün verəcəyim bir cavab yeni suallar doğuracaq. Gəlin, bu barədə hələ danışmayaq, qalsın sonraya. AFFA rəhbərliyinin qərarından sonra fikrimizi bildirməliyik. Hamımız Azərbaycan futbolunun gələcəyi üçün birgə addım atmalıyıq.
- Sizdən başqa, Qriqorçuk və Tsxadadzenin də namizədliyi barədə danışılır. «Qarabağ»ın baş məşqçisi yox, İcraiyyə Komitəsinin üzvü kimi bu mütəxəssislərdən hansını milliyə layiq bilirsiz?
- Bu barədə heç bir fikrim yoxdu. İcraiyyə Komitəsində də bu barədə müzakirə olmayıb. Sizdən xahişim odu ki, bu cür suallarla mənim fikrimi yayındırmayın. Bu gün komandada zədəlilərlə bağlı yetərincə problem var.
- «Atletiko» ilə oyundan nə gözləyirsiz. Nəzərə alaq ki, komandada yetərincə zədəli var...
- Bəli, bu gün komandada zədəylə bağlı, xüsusilə, müdafiədə yetərincə problemimiz var. Biz çalışırıq ki, yaxşı oyun göstərək. Bu gün mənə əsas ləzzət edən 3 xaldan çox, göstərilən gözəl futbol oldu. Bu cür vəziyyətlərdə məşqçinin də üzərinə əlavə məsuliyyət düşür. Kimin harda oynamasıyla bağlı ikiqat düşünməli oluruq. Rəqib də bizimlə oyuna yaxşı hazırlaşır. Bu, onlar üçün son şans ola bilər.
- Bakıda «Atletiko»dan xal aldız. Bu, sizin xeyrinizədi, yoxsa ziyanınıza?
- Rəqib peşəkardı. Onlar dəfələrlə bu cür oyunlar keçiriblər. Son 4 ildə 2 dəfə ÇL-də final oynayıblar. «Real», «Yuventus» kimi komandalara qarşı layiqli mübarizə aparıblar. Rəqibin heyətində yetərincə usta futbolçular var. Onların gücünü Bakıda da gördük.