SETA-nın xətalı planı
Türkiyədə məxfi tapşırıq əsasında Azərbaycan prezidenti və siyasi hakimiyyəti barədə məlumatlar toplanır
Türkiyə Nazirlər Kabinetinə qeyri-rəsmi bağlı olan və ölkənin ən nüfuzlu beyin mərkəzlərindən biri kimi tanınan SETA Fondu (Siyaset, Ekonomi, Toplum Araşdırmaları Vakfı) məxfi tapşırıq əsasına Azərbaycan prezidenti, siyasi hakimiyyət, yüksək çinli məmurlar barədə məlumatlar toplayır.
Vaxt.az-ın vətəninfo.az-a istinadən verdiyi məlumata görə, «qara məlumat»lar axtarışına SETA-nın tarixində ikinci dəfə rast gəlinən böyük məbləğdə maliyyə vəsaiti ayrılıb və Azərbaycan əleyhinə fəaliyyət göstərən müxtəlif «araşdırmaçı»larla intensiv iş qurulub. Hətta bu qruplara Türkiyədə təhsil alan və müxalifətyönlü bəzi azərbaycanlılar da cəlb edilib. SETA-nın araşdırma istiqamətləri və dövri fəallığı bir qayda olaraq Türkiyə XİN-in hazırkı və proqnozlaşdırılan prioritetlərinə görə müəyyənləşir. Türkiyə XİN-in prioritetlərində dəyişiklik olduqda, SETA-da da analoji meyl müşahidə edilir. Eyni zamanda ABŞ-da ofisi olmuş SETA hazırda əsasən Yaxın Şərqlə bağlı araşdırmalar aparır. Beyin mərkəzinin «Kim kimdir?» adlı hesabatlarında ayrı-ayrı ölkələr, orada hakimiyyətdəki maliyyə qruplarının siyahıları, müxtəlif vəzifəli şəxslər barədə ictimaiyyətə məlum olmayan və ya təfərrüatı bəlli olmayan məlumatlar dərc edilir. Bu hesabatlar əsasən subyektiv fikirlər toplusu olmaqla bir çox hallarda həqiqəti əks etdirmir, maraqlı qrupların mənafeyinə əsasən hazırlanır və media vasitəsi ilə çox geniş yayılır. Qurumun internet səhifəsində Suriya, Misir, Fələstin, İraq və digər ölkələrlə bağlı «Kim kimdir?» adlı hesabatlar yer alır.
SETA-nın əvvəllər Cənubi Qafqazla bağlı xüsusi fəallığı qeydə alınmayıb. Maraqlıdır ki, Gürcüstanda yeni qruplar hakimiyyətə gəlsə də, Ermənistanda müxtəlif yüksək çinli siyasi hakimiyyət mənsublarının qaranlıq fəaliyyəti araşdırılmamış qalsa da, SETA bölgədə yalnız «xüsusi tədqiqat» üçün Azərbaycanı seçib. Səhihliyinə şübhə edilməyən mənbənin sözlərinə görə, Türkiyədə təhsil alan azərbaycanlı mütəxəssislərdən bəzilərinin nisbətən obyektiv təsir bağışlayan məlumatları SETA tərəfindən qəbul edilməyib, onlardan daha qalmaqallı məlumatlar istənilib.
Hətta bəzilərinə əhalini inandıra, çaşqınlıq yarada biləcək uydurma, qurama hadisələr, ssenarilər düşünmək barədə məxfi tapşırıqlar verilib. SETA-nın Türkiyə xarici işlər nazirinin, baş nazirinin və prezidentinin «qardaş dövlət» olaraq qiymətləndirdiyi və hakimiyyət dəyişikliyinin baş vermədiyi, stabil, inkişaf edən Azərbaycanın «imicini ləkələmək» üçün sifariş alması ortaya maraqlı suallar çıxarır. SETA-nın bu araşdırmanı öz təşəbbüsü ilə aparması inandırıcı görünmür. Ən azı ona görə ki, bu qurumun fəaliyyətinin birbaşa Türkiyə Nazirlər Kabineti və XİN-i tərəfindən koordinasiya edilməsi Türkiyə ilə bağlı araşdırma aparan bütün tədqiqatçılara çoxdan bəllidir. SETA-da çalışan ekspertlərin hər zaman ölkə rəhbərliyini Türkiyə-Ermənistan sərhədini açmağa həvəsləndirməsi barədə də məlumatlar var. Hətta bir neçə il əvvəl SETA-nın Türkiyənin yüksək rütbəli məmurlarını buna inandırdığı, lakin son anda Azərbaycandakı ictimai rəydən ehtiyatlanaraq bu addımın atılmadığı qeyd olunur.
Xatırladaq ki, R.T.Ərdoğan Dağlıq Qarabağ münaqişəsi həll olmadan Ermənistanla sərhədlərin açılmasına tərəfdar olmadığını bir neçə dəfə bəyan edib və buna vəd verib. SETA-nın Azərbaycan əleyhinə sifariş yerinə yetirməsi Beynəlxalq Böhran Qrupunun uydurma yazılarını xatırladır. Görünür, bu faktlar arasında hansı bağlılıq olduğu yaxın vaxtlarda üzə çıxacaq.