ABŞ Yaxın Şərqdə çaşdı, yoxsa başqa səbəb var?
Biz «ərəblərdən daha artıq ərəb olmağa» can atmamalıyıq və ...
Hüseynbala SƏLİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Birinciliyi əldə saxlamalıyıq
Yaxud Türk dünyasının yaxın gələcəyi və süni intellekt
-
Ümidlərimiz... görə bilmədiklərimiz... və...
İstedadına güvəndiyim bir rejissor haqqında tərəddüdlərimin səbəbləriniə cavab axtarışı
-
Murdar ənənənin davamçısı
Filosof və səlibçi liderin yeni qlobal planları və BİZ...
-
“Qarabağ” niyə uduzdu?
Çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, amma ...
-
Əsas qələbə deyil, iştirakdır
AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
Məğlub ediləcək “Malmö”
Gücləri yetərincədir, civə kimidirlər
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
ABŞ Nəsrullahın ölümünə sevinib
Yaxın Şərqdə və onun hüdudlarından kənarda “yanğın riskinin artdığı” bildirilib
-
Nəsrullahın vəliəhdi ...
Haşim Seyfəddin kimdir?
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
Nəsrullaha hücum necə həyata keçirilib?
Yaxud baş terrorçunun yeraltında məhv edən “yarasalar” haqda bir neçə kəlmə
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
Dəbdəbəli və çox istiqamətli simfoniyası
QNET Bernhard H. Mayer Alto Keramika Kolleksiyasını təqdim edib
«ABŞ prezidenti Donald Tramp bircə qərarı ilə bütün dünyanı biri-birinə vurdu» – desək, mübaliğəyə varmarıq.
Nəinki bütün müsəlman ölkələri etiraz etdi və İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar toplantısını keçirdilər, hətta Avropa ölkələrinin də əksəriyyəti onlardan geri qalmadı, Avropa Birliyinin D.Trampın qərarına qarşı xüsusi qətnamə qəbul etməsinə yalnız bir ölkə - Macarıstan mane oldu.
Amma avropalılar etirazlarını davam etdirərək ilk dəfə qitə turuna çıxmış İsrailin baş naziri Benyamin Netanyahunu tamamilə məyus etdilər. Hətta Vatikan da kənarda qalmadı və elə ilk gün D.Trampı onsuz da gərgin durumda olan Yaxın Şərqi bir az da gərginləşdirməməyə çağırdı.
Əslində bunlar gündəlik həyatlarında, məişətdə belə «sionist sövdələşməsi»nin izlərini axtaran və «Müsəlman olduğumuz üçün bizi sevmir və müdafiə etmirlər!» deyərək daim gileylənən ərəb qardaşlarımıza, xüsusən də bəzi müsəlman intellektuallara ən tutarlı cavab oldu.
Çünki «sevgi» məsələsinə gələndə tarix boyu yəhudiləri sevməyənlər, onları daim təqib edənlər və sıxışdıranlar daha çox olub, nəinki ərəb qardaşlarımızı və yaxud da ki, cəmi müsəlmanları! Hətta indinin özündə belə, antisemitizmin yasaq olduğu və irqçiliyə bərabər tutulduğu vaxtda belə çoxunun yəhudilərə münasibəti heç də birmənalı deyil...
Qərəz, məsələ heç də sevgi–filan məsələsi deyil və daha mürəkkəbdir. Ona görə də dünyanın siyasi təhlilçiləri kimin daha çox sevilib–sevilməməsini bircə tərəfə qoyub D.Trampın qərarının siyasi nəticələrini araşdırırlar, çünki düşünmək və daşınmaq üçün suallar olduqca çoxdur.
Ən birincisi də budur ki, ABŞ prezidentinin qərarı, Yerusəlimin statusunun birtərəfli qaydada müəyyən olunması növbəti huquqdankənar təşəbbüslərə yol açmayacaq ki?
Məsələn, bəzi rusiyalı politoloqlar hələ də iddia edirlər ki, guya ki, Kosovo ilə bağlı qəbul edilmiş qərar sonradan Abxaziyanın, Osetiyanın və hətta Krımın anneksiyasına yol açdı!
Təbii ki, rusların imperialist siyasətini hansısa qərarla ört-basdır etmək və ona haqq qazandırmaq mümkün deyil və rus politoloqları da sadəcə, hər dəfə olduğu kimi, indi də dövlətlərinin siyasətinə bəraət qazandırmaqda mahir və səriştəlidirlər. Amma belə arqumentləri tamam kənara da qoymaq olmur.
Elə İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar toplantısında da məhz belə ruh duyulurdu. Həqiqətən də BMT və ya onun qərarları bir kimsəyə gərək deyilsə, onda bu təşkilatı saxlamağa və ona xərc çəkməyə nə ehtiyac var?..
İkincisi, belə bir sual da yaranır ki, ABŞ Yaxın Şərqdəki qapıları arxasınca həddindən bərk çırpmadımı? D.Trampın qərarı ABŞ–ın regiondakı siyasi maraqlarına nə qədər adekvatdır, axı son vaxtlaradək həmin region ABŞ siyasətinin az qala, alınmaz qalası sayılırdı!
Üstəlik, Trampın qərarı ilə bağlı deyilənlər, guya onun qəbul edilməsində prezidentin yaxın qohumunun və seçkiöncəsi vədlərinin böyük rolunun olması həqiqəti nə dərəcədə əks etdirir?
Bunlar, etiraf edək ki, daha mürəkkəb suallardır. Ən azı ona görə ki, ABŞ siyasətində indi «Tramp reallığı» deyilən fenomen də var və prezidentlə ənənəvi ABŞ «siyasət maşını» biri–birinə müxalifətdədirlər.
Bütün dövlətlərdə siyasətin formalaşması prosesi təxminən 50 faiz institutsional, 50 faiz də personal xarakter daşıyır. Hər bir ölkənin illərlə formalaşmış maraqları var və onları yenidən yönəltmək, istiqamətləndirmək elə də asan iş deyil. Amma konkret siyasi liderlər hətta həmin maraqlarda kardinal dəyişikliklər etməyə müvəffəq olmayanda belə, yenə də siyasətə öz möhürlərini vura bilirlər. D.Tramp məsələsi də belədir.
Bununla belə, yenə də düşünürük ki, hər bir şeyi D.Trampın adına yazmağa da lüzum yoxdur. ABŞ da bu məsələ, - Yerusəlim problemi çoxdan gündəmdə idi, hətta səhv etmirəmsə, 90-cı illərin ortalarında Bill Klintonun hakimiyyəti dövründə Konqresin bu haqda qərarı də olmuşdu və bir qayda olaraq bütün prezidentliyə namizədlər seçki platformalarında məsələyə xüsusi yer ayırırdılar, çünki ABŞ seçkilərində yəhudi lobbisi çox ciddi faktorlardan biridir.
Hətta Tramp özü də dedi ki, bütün prezidentlər bu xüsusda vəd verirdilər, mənsə buna əməl etdim. Həm də bu qərarı Trampın bir az da əvvəl, hələ yazda verəcəyi gözlənirdi. Amma Yaxın Şərqə ilk səfərindən sonra ABŞ prezidenti qərarını təxirə salmalı oldu.
Fəqət, yenidən məsələyə qayıtdı və Qüdsü İsrailin paytaxtı kimi tanımağa qərar verdi. Bir sözlə, Tramp sadəcə, özünün seçki dövründəki vədinə əməl edən prezident kimi yadda qaldı.
Azca irəliyə qaçmaq olsa da, deyək ki, böyük ehtimalla ərəblərin, ələlxüsus da Səudiyyə Ərəbistanın ABŞ-dan Fələstindən daha vacib xahişi olub, ən azı ona görə ki, indi Ər-Riyadı daha çox Yəmən məsələsi və regional liderlik qayğıları düşündürür, nəinki hansısa Qüds və yaxud da Fələstin...
Yaxın Şərqdəki siyasi tendensiyaları və prosesləri ciddi izləyəndə görürsən ki, Trampın qərarında elə bir təsadüfilik və ya gözlənilməzlik yoxdur və bir daha deyirik ki, qərarı onun yəhudilərlə qohumluq əlaqələrinin nəticəsi kimi yozmağa da lüzum yoxdur.
Hər şey illərdir ki, dəqiq ssenari üzrə gedir. Baxın, daha əvvəlki İraq, Suriya və ya Liviya, həmin ölkələrin diktatorları Səddam Hüseyn, Hafiz Əsəd və Müəmmar Qəzzafi yoxdur! Bəli, bu adamlar diktatorlar idi və biz hətta onların adını çəkmək belə istəmirik. Amma bir siyasi təhlilçi prizmasından baxanda bunu etməyə məcburuq.
Sadaladığımız ölkələr və onların diktatorları ABŞ-ın regiondakı siyasətinin qarşısında maneə idi, bu adamlar Fələstin hərəkatına dəstək verir, onu maliyyələşdirirdilər və diktator olsalar da, onlara panərəbizm və ərəb birilyi ideyaları heç də yad deyildi.
Ən əsası isə, bir daha bu fikri qabardırıq ki, onlar ABŞ-ın regionda təsirinin artması qarşısında, xüsusən Vaşinqtonun daha birmənalı siyasi kurs aparmaq və birmənalı seçim etmək yolunda ən böyük maneə idilər.
ABŞ illərlə nə etdi? «Şahmat taxtası»ndan həmin fiqurları bir–bir götürdü! Artıq ABŞ-ın Yaxın Şərqdə daha birmənalı siyasət aparmaq və birmənalı seçim etmək üçün imkanı yaranmışdı və o, da bunu etdi.
Üstəlik, kiçik İsrail də regionda o qədər güclənib ki, ona birmənalı «stavka» etmək olar. O ki qaldı ərəb müttəfiqlərini itirmək məsələsinə, belə təhlükə də yoxdur. Ərəb dünyasının «nəhəngi», Dünyada neft ehtiyatlarına görə ikinci yerdə olan Səudiyyə yenə də ABŞ-ın yanında hərlənib–fırlanır, hətta o qədər fırlanır ki, Qərb mətbuatı artıq Səudiyyə- İsrail–ABŞ üçbucağından yazır...
Vallah, adam heç bilmir, ağlasın, ya gülsün, amma Ər-Riyad da regionun lideri olmaq fikrinə düşüb, hər şey qalıb bir tərəfdə, o da özünə təhlükə kimi İranı və Türkiyəni görür. İranla Səudiyyənin məzhəb savaşı da var. Öz işləridir, amma istərdik ki, Türkiyəyə toxunmasınlar...
O ki qaldı Azərbaycanın D.Trampın qərarına münasibətinə, artıq rəsmi açıqlama da verilib.
Bilirsinizmi, bizim bütün məsələlərdə BMT müstəvisindən və beynəlxalq hüquq çərçivəsindən kənara çıxmağa haqqımız və həm də imkanımız yoxdur, çünki BMT yoxdursa və onun qərarları bir heçdirsə, deməli Azərbaycanın işğal olunmuş rayonları ilə bağlı qəbul edilmiş 4 qətnamə də, beynəlxaıq hüquq və nizam-tərəzi də heçdir!..
Ona görə də, İsrail bizə əzizdir, amma hüquq və prinsip daha əzizdir! Təbii, biz «ərəblərdən daha artıq ərəb olmağa» can atmamalı, İsraillə əlaqələrimizi saxlamalı və genişləndirməliyik. Onsuz da bizim hələki İsraildə səfirliyimiz yoxdur və onun harada, Təl-Əvivdə, yoxsa Qüdsdə açılması məsələsi də bizim üçün indi aktual deyil.
Bir daha deyirik ki, bizim istinadgahımız BMT və onun qərarları, bir də bunun əsasında formalaşan beynəlxalq hüquqdur.
Nə vaxtsa Dünya bundan tamam imtina edərsə, hər şey birmənalı və açıq şəkildə gücə və hərbə bağlanarsa, onda biz də seçimimizi edər, Dünyadakı güc mərkəzlərindən birilə ittifaq qurarıq. Hələ BMT və onun qərarları var və biz də onun tərəfində olmalıyıq...