vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
22:38 | 2 fevral 2019 | Şənbə Məqaləyə 1593 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Duqin, yoxsa Mnatskanyan…

Kim yalan danışır?

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ən adi insani qüsurların, hətta naqisliklərin belə ən çox təzahür etdiyi sfera hələ də siyasətdir. Təəssüflər olsun ki, siyasətdə hələ də yalansız, şişirtməsiz ötüşmür. Odur ki, həmişə və hər yerdə siyasətçilər bu və ya digər dərəcədə yalan danışmalı olurlar.

Ermənistanda isə yalan artıq məişət hadisəsinə çevrilib, təkcə siyasət və diplomatiya adamları deyil, hamı yalan danışır: jurnalistlər və ictimai xadimlər, alimlər, sənət və mədəniyyət adamları...

Amma qonşularmızın bu xüsusiyyəti üzərində çox da dayanmayacağıq. Bir daha onu qeyd etməklə kifayətlənəcəyik ki, bu ölkədə hər şey yalana bürünüb: yalnız bu gün yox, həm də keçmiş və hətta gələcək də.

Bizi hamıya, hətta uşağa da bəlli olan bu detala müraciət etməyə isə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın son açıqlamaları vadar etdi.

Əgər ona inansaq, hələki Dağlıq Qarabağ məsələsində hansısa bir irəliləyiş yoxdur və guya ki, Ermənistan özünün əvvəlki tələblərindən bir qarış belə uzaqlaşmayıb: həm Dağlıq Qarabağın statusu məsələsində, həm də onun təhlükəsizliyilə bağlı məsələlərdə İrəvan yenə də əvvəlki siyasi xəttini davam etdirir...

Əlbəttə, bizim bu cür bəyanatları inkar etmək iqtidarında olan hansısa dəqiq informasiyamız yoxdur.

Amma Rusiya mənbələrinə, xüsusən də rusiyalı politoloqların açıqlamalarına inansaq, tərəflər Qarabağ problemi ilə bağlı “Böyük saziş” imzalamağa çox yaxındırlar.

Prinsipcə, erməni nazri başa düşmək mümkündür. Əgər dərhal bəyan etsən ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanın beş rayonunu, daha sonra isə iki rayonunu da qaytarmağa hazırlaşır, o halda Dağlıq Qarabağ siyasi klanının qalıqlarının hansı oyunlardan çıxacağını təsəvvür etmək elə də çətin iş deyil; onlar dərhal hay-küy salacaqlar ki, N.Paşinyan Bakı ilə sövdələşərək Qarabağı Azərbaycana qaytarır...

Amma digər bir tərəfdən də, axı nə vaxtsa düzgün və səmimi bəyanatların da vaxtı çatmalıdır, deyilmi? Əgər Ermənistan əvvəllərdə olduğu kimi Dağlıq Qarabağın müstəqil olmasında israr edəcəksə, onda problem “ölü nöqtə”dən tərpənməyəcək və tərəflər dalan vəziyyətindən çıxa bilməyəcəklər.

Hələ demirik ki, burada bundan başqa daha bir vacib məqam da var; dalan vəziyyətində olan təkcə Dağlıq Qarabağ problemi deyil, həm də Ermənistanın özüdür. Fevral ayında yeni hökumətinin formalaşmasının detalları başa çatacaq. Amma dərhal sual yaranır: Sonra nə olacaq? Ölkə özü “ölü nöqtə”dən tərpənə biləcəkmi?

Bəli, ermənilər Dağlıq Qarabağ müharibəsinin cəlladlarına nəinki Gürcüstanda, hətta uzaq Antarktidada və yaxud da ki, Ayın görünməyən tərəfində “abidə”lər ucalda bilərlər. Amma, dostlar, doğrudanmı bundan erməni uşaqlarının, qadınlarının və ya qocalarının qarnı tox olacaq?..

Axı Dağlıq Qarabağ nizamlanma prosesi yenidən süni şəkildə uzadılmağa başlayanda Ermənistan ətrafındakı izolyasiya həlqəsi də bir az da daralmağa başlayacaq. Bu isə o deməkdir ki, ölkədə sosial-iqtisadi vəziyyət daha da pisləşəcək, işsizlik artacaq, inflyasiya çoxalacaq, ölkədən mühacir axını bir az da güclənəcək...

Üstəlik, regional geosiyasi müstəvidə də işlər qaydasında deyil – ermənilər hələ də Qərblə Rusiya arasında sərfəli və təhlükəsiz vəziyyət tutmaq istəyən N.Paşinyanın inqilab zamanı vəd etdiyi geosiyasi və geoiqtisadi “şpaqat”ın intizarındadırlar. Alınacaqmı? Əlbəttə ki, yox! O səbəbdən ki, Kreml artıq N.Paşinyana “diş”lərini göstərir.

Ermənistanın baş nazirinin Rusiyaya son səfəri onun üçün biabırçı şəkildə bitdi. Belə ki, N.Paşinyanı yüksək qəbulla xoşbəxt etmək üçün Rusiya prezidentinin iş qrafikində yarım saatlıq vaxt tapılmadı, onu Moskvada yalnız baş nazir D.Medvedyev qəbul etdi.

Bu, Paşinyanın Moskvaya düz dördüncü səfəri idi və elə əvvəlki səfərlərdə də xüsusi bir diqqət olmamışdı, əksinə hər səfər Kremllə İrəvan arasındakı uçurumu bir az da artırmışdı. Sözsüz, burada çox vacib olan bir detal da var: Rusiya ikibaşlı oyun aparır.

Bir tərəfdən deyirlər ki, rayonların qaytarılması üçün hər şey hazırdır. O biri tərəfdən də guya bilmirlər ki, Paşinyanı sülhə getməkdən çəkindirən əsas amillərdən biri də Dağlıq Qarabağ siyasi klanının mümkün təzyiqləridir. Bu klanın “ip”ləri Kremlin əlindədir, istədiyi vaxt onları öz yerində oturda bilər. Amma nə edirlər? R.Koçəryana təbrik teleqramaları göndərirlər! Bunu isə yalnız belə yozmaq olardı ki, Kremlin məqsədi heç də Qarabağ problemini həll etmək, hətta rayonları qaytarmaq da deyildir, yalnız Paşinyana təzyiq etməkdir...

Belə ehtimal var ki, Qarabağın işğal olunmuş rayonlarının tezliklə Azərbaycana qaytarılacağı haqqında xəbərləri intensiv şəkildə gündəmə gətirməklə də Kreml əslində Ermənistanın daxili auditoriyasına işləyir və məqsədi də kriminal Dağlıq Qarabağ siyasi klanını N.Paşinyana qarşı qızışdırmaqdır.

Odur ki, təkcə Z.Mnatsakanyan üçün deyil, elə N.Paşinyan cənablarının özü üçün də düşünməli məqamlar çoxdur.

Dağlıq Qarabağ mirajı hələ üfüqlərdə çox görünəcək (həm də Rusiyanın sayəsində!) və erməni diplomatlarının, siyasətçi və hərbçilərinin beynini, təsəvvürlərini çox dumanlandıracaq.

Bu baxımdan, daha realist və ayıq siyasi qərarların vaxtı çatıb. Axı elə anlar olur ki, siyasətçilərin özlərinin də həqiqəti söyləməkdən savayı çıxış yolu qalmır. Müdrik insanlar adamlara həmişə həqiqəti deməyi tövsiyə ediblər, çünki onların fikrincə, məhz həqiqətdə xeyirxahlıq və xoş məram qərar tapır.

Əks təqdirdə N.Paşinyan baş nazirliyin bircə müddətinin axırına ayaqlarını sürüyə-sürüyə, zorla çatacaq – özü də ən yaxşı halda! Sonra isə “siyasi Olimpi” başqa demaqoqa güzəşt etmək lazım gələcək - əgər buna qədər ölkə tamam sosial - iqtisadi uçuruma və ya iqtisadi kollapsa yuvarlanmazsa...

Belə siyasi tərsliyin finalı aydındır – bu, tamam uğursuzluq və hətta siyasi biabırçılıq olacaq. Odur ki, yüzə - yüz siyasi məğlubiyyətə aparan yolun ağını çıxarmağa heç dəyərmi? Bəlkə artıq dayanmağın və yaxşıca düşünməyin vaxtıdır?..

Elə bu günlərdə N.Paşinyan maraqlı açıqlama ilə çıxış etdi. Dedi ki, ölkəsi çox istərdi ki, neft-qaz xətləri onun da ərazisindən keçsin. Bizə elə gəldi ki, onun bu açıqlamasında bir az təəssüf notu vardı.

Ən əvvəl onu deyək ki, güman, erməni baş nazir bilməmiş deyildir ki, vaxtilə Bakı bunu İrəvana dəfələrlə təklif etmişdi, amma təəssüf ermənilər eşitmək istəmədi.

O ki qaldı məsələnin digər tərəflərinə, belə deyilir ki, Paşinyan fevralda İrana səfər etməyi planlaşdırır. Bəziləri qarşıdakı bu səfəri belə yozur ki, guya erməni baş naziri müəyyən dəstəyin müqabilində Qərblə bir olmaq və hətta bunun üçün İranla sərhədi bağlamaq əzmindədir. Amma bizə bu elə də ehtimallı görünmür, ən azı ona görə ki, Avropa ABŞ-ın tələblərinə rəğmən İranla ticari-iqtisadi əlaqələri saxlamaqda israrlıdır.

Ermənistanı da tamamilə başqa məsələlər cəlb edir. İran qazını öz ərazisindən Avropaya nəql etmək İrəvanın çoxdankı arzusudur. Üstəlik, hələ S.Sərkisyan vaxtında bunların ölkələrini Avrasiya İqtisadi Birliyilə İranın arasında körpüyə çevirmək, Şimal-Cənub tranzit dəhlizini Ermənistandan keçirmək planları var idi. Əlbəttə ki, daha bir məqamı da unutmaq olmaz: Paşinyan çox çalışdı, amma ABŞ-dan isti münasibət görə bilmədi. Odur ki, fevral ayında İrana nəzərdə tutulan səfər də ABŞ-a qarşı demarş və yaxud da ona incə bir işarə ola bilər.

Qərəz, indi biz ziddiyyətli siyasətin və bəyanatların məngənəsində qalmışıq – bilmirik ki, hansı doğru, hansı yalandır. Bu arada ABŞ prezidentinin müşaviri C.Boltonun da Azərbaycan prezidentinə telefon açdığı deyildi. Bundan bir az əvvəl isə onun Paşinyanla (sonuncu Davosda olarkən) da telefon söhbətinin olduğu bildirilmişdi.

O səbəbdən də ümidliyik. Bütün hallarda isə, həmişə doğru olan bir fikir var: o da budur ki, zaman özü hər şeyi yerbəyer edir və bütün gizlinlərə işıq salır. Odur ki, gözləyək...