vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
09:11 | 12 fevral 2022 | Şənbə Məqaləyə 903 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nələr çəkmiş başın sənin...

Tanınmış vəkil və fikir adamı Səlahəddin Arpaçının vəfatının ildönümü münasibətilə

İlqar Cəmiloğlu, sənətşünaslıq elmləri doktoru

Yazının başlığındakı sözlər Xalq şairimiz Səməd Vurğundan bizlərə yadigar qalmış məşhur misralardandır. Azərbaycan haqda yazılmış bu kəlam bu gün anım gününü andığımız əfsanəyə dönmüş, şəxsiyyəti və həyatı ilə əfsanə bir ömür yaşamış Anadolunun tanınmış vəkili Səlahəddin Arpaçıya (1953-2020) aid edilməsinə haqq qazanmışdır. Başına gələn müxtəlif olaylarla bir keşməkeşli, enişli-yoxuşlarla zəngin ömür yaşamış qüdrətli insanımız Səlahəddin Arpaçının haqq dünyasına qovuşması onu tanıyanların, sevənlərin xatirəsində həkk olmuşdur. Allah rəhmət eləsin, qəlbi köksünə sığmayan, xəyalları yerə-göyə dar gələn xeyirxah-xeyriyyəçi əməlləri ilə hər kəsin qəlbində taxt-tac qurmuş Türk dünyası amalı ilə yaşayan qeyrətli Vətən övladımıza.

Yanlışlıqla olayların girdabına düçar olmuş bu insanımızı gözümdə əfsanələşdirən cəhət Orta Doğu (Şərq) Texniki Universitetinin Kimya mühəndisliyi bölümündən xaric edilsə də, özündə yeni güc-qüvvə tapıb İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olmasıdır. Özü də necə? Məhbəsdə olduğu dönəmdə (məhkəmənin obyektiv qərarı ilə sonradan bəraət almışdır) birgünlüyə azad olub imtahanlarını verməklə. O, təzədən məhbəsə dönür və qiyabi təhsil alıb məzun olur. Cəsarətə, qüdrətə bax, əzmə, dözümə bax. Gələcək kitablarının məqalələrini burada yazdı və “Daş mədrəsədən məktublar”, “Daş mədrəsə söhbətləri” adı ilə ömrün qürub çağında yayınlamağa imkan tapdı ki, gələcək nəsil onun həyatından, fəaliyyətindən ibrət ala bilsin.  

Səlahəddin Arpaçı böyüklük üçün, yönəltmək, istiqamət vermək üçün gəlmişdi bu cahana. Və uğurla bu əməllərini yaşatdı, sadiq qaldı ömrünün sonunadək. Beləcə, isbatladı öz adını xeyirxahlıqlarla dolu ülvi xidmətlərini Türkiyəmizdə. Ləyaqətin, doğruluğun, düzgünlüyün simvoluna çevrildi, örnək hərəkətləri ilə, insanlara olan səmimi rəftarı ilə. Həqiqət amalı, ədalət məramı, doğruluq-dürüstlük bir yaşam oldu bu qeyrətli Vətən oğlumuza.

Nə iş gördüsə, təqdirlə qarşılandı, örnək oldu əməlləri ilə onu tanıyanların xəyalında, düşüncəsində. Həyata baxışında bir mayak oldu hər bir kəsə, işıq saldı, günəş kimi nurlandırdı Osmaniyyə-Adana elini və Güney Doğu Anadolunu. Səsi-sədası Türkiyənin hər bölgəsindən gəldi, möhtəşəm əməlləri ilə anıldı. Zəngin təcrübəyə əsaslanan diqqətəşayan fəaliyyəti ilə sevindirdi el-obasını, yurdunu-yuvasını. Türk təbiri ilə heç kimdən “bəkləmədi”, öz çalışmasıyla Fərhad kimi önünə çıxan dağı, qayanı çapıb irəlilədi amalı uğrunda. Ona dəyər verənləri də öz arxasınca apara bildi – son nəfəsinə kimi xalqın rifahı uğrunda, xoşbəxt gələcəyi naminə. 

Əlindən tutdu, kömək etdi, xeyriyyəçilik işlərinə başladı. Neçə-neçə qəlbi sevindirdi, könüllərində Səlahəddin Arpaçı adında heykəl ucaltdı. İnsanlığından vaz keçmədi bircə an da olsun. Çörək verdi, “nanu-nəmək” bəxş etdi, uğurlu yol göstərdi gənclərimizə. Doğru yolun müqəddəsliyini, mənasını, şərəfini anlatdı hər kəs üçün. Şam kimi əritdi ömür nurunu. Səxavətlə, sevərək, məşəl kimi alışıb-yandı yorulmadan, usanmadan bu Vətən oğlumuz. Nəhayət, özüm üçün bir həqiqəti kəşf etdim. Amalı böyük olanın təbiəti də böyük olurmuş – Səlahəddin Arpaçı adlı nurlu, əməlisaleh insanın timsalında. Ağac əkdirdi, neçə min fidan yetişdirdi Osmaniyyənin dağlarında, düzənlərində. Qəlbimizdə gültək bitdi bu xoşməramlı xidmətləri ilə. 

Evinin alt qatını xeyir məramla istifadəyə verdi gənclərimiz, ziyalılarımız üçün. Bu səxavəti ilə möhtəşəm bir imza atdı könül dəftərimizə. Otağın birini kitabxanaya çevirdi ki, gənclər mütaliə etsin, bilgi alsın, şərəfli bir məqama, şöhrətli bir ada çatsın.

Şənbə-bazar günləri isə saz (bağlama), ney kursu üçün təşəbbüs göstərdi. Neçə-neçə yeniyetmə və gənc ifaçılığın sirlərini öyrəndi dəvət etdiyi xeyriyyəçi pedaqoqlardan. Osmaniyyə Türk Ocaqlarının başqanı Mehmet Çətinqayanın iştirakı ilə 15 gündən bir toplantıları olardı. Məmləkət üçün nə iş görmək lazımdırsa, bu minvalla idarə heyəti ilə plan tutardı Səlahəddin bəy.

Xeyriyyəçilik məramı ilə bu cahana gəldiyi üçün öz ömründən mutlu idi, özünü xoşbəxt hiss edirdi. Xalqa xidmət amalı onu mənən yaşadırdı, ruhunu təzələyirdi. Örnək, sözübütöv, əsilzadə bir bəndə idi – gözü-könlü tox bir bəndə...

Səlahəddin bəy ömrünün son illərində ən savab xidmətlərinin başında duran “Arpaçı Ali Gözəl Əxlaqi və Milli Dəyərləri Qoruma və Yaşatma Dərnəyi” yaradaraq Osmaniyyə elinin xidmətinə verdi. Bununla yanaşı, Osmaniyyədə Oxçuluq klubunun qurucusu və başqanı idi. Yeni oxçular nəsli yetişdirməkdən ilham alardı. 

Bir tikə çörəyini nuşcanlıqla hər kəslə bölüşər, özünü rahat, bəxtəvər sanardı bu  amalı pak insan. Çünki atadan-babadan gördüyünü yaşadırdı özünün şəxsi keyfiyyətlərində. O, əsil atanın, Arpaçı Əli kişinin əsilzadə övladı idi. 

***

Səlahəddin bəy dəfələrlə Osmaniyyədə Novruz bayramının keçirilməsinin təşəbbüskarı və təşkilatçılarından olmuşdu. Hər dəfə də bu tədbirdə Xalq şairimiz Osman Sarıvəllinin oğlu, fəlsəfə elmləri doktoru, professor mərhum Babək Qurbanovu bu mərasimlərdə görməyi arzu edərdi. Axı Babək müəllim onun qəlbinə yatmışdı. Hətta çəkdiyi orijinal rəsmləri ilə Babək müəllimdən bu barədə rəy qismində məqalə də yazmağı arzu edərdi. Babək Qurbanov kimi fikir və qələm sahibinin sanballı düşüncələri Səlahəddin bəy üçün önəmli idi.

Novruz şöləninində təqdim olunacaq musiqi nömrələrinə bu sətirlərin müəllifi də cavabdeh idi. Hər dəfə də yeni-yeni musiqiçilərimizi, səs sənətçisi öyrəncilərimi bu xoş bahar təranəli Novruz tədbirinə aparmaq üçün günlərlə məşq edərdik. 10 il ərzində Yasəmin Zəngini, Fatma İşığı, Özgəni, Öznur Gökü, Əminə Asmanı, Zişan Türkməni, Öznur Əkincini, Səda Mandollunu, Səmiha Şahini, Sərkan Erfemi, Məlik Özdəmiri, Ahmet Başı götürərdim ki, osmaniyyəlilər yeni səslərə aşina olsunlar, heyrətlənsinlər. Bu musiqi qrupumda tar olmaq üzrə bu sətirlərin müəllifi, Qaziantep Konservatoriyasının kamança müəllimi Ersin Yıldırımər, bağlama müəllimi Hüseyin Qaynak, ney müəllimi Bayram Kurt da yer alırdı. Tədbirə əlvanlıq qatan qonaqları heyrətləndirmək üçün yeni-yeni musiqi proqramları üzərində böyük həvəslə, coşqu ilə məşqlər edərdik. Osmaniyyə sakinlərinin ən çox sevdiyi isə ədəbiyyat tariximizdə adı əfsanələşmiş qüdrətli şairimiz Əhməd Cavadın sözünə dahi Üzeyir Hacıbəylinin bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı əsəri idi. Repertuarımızda təkcə bu şahanə musiqi əsəri dəyişməz qalırdı. Sonuncu dəfə görüşümüz 2018-ci il 3 may – Türkçülər günündə Qorqud Ata Universitetinin “15 İyul” şəhidlər konfrans salonunda gerçəkləşdirdiyimiz möhtəşəm konsertlə yekunlaşdı. Etiraf etməliyəm ki, bu konsertin maliyyə xərclərini də öz üzərinə götürmüşdü Səlahəddin bəy. 

***

Çox səmimi rəftarı ilə Osmaniyyədə, türk təbiri ilə desək, hər kəsin sayğı duyduğu bir şəxsiyyət idi Səlahəddin Arpaçı. Müqəddəs, ülvi xidmətləri ilə də hamımıza örnək olurdu. Və gənclər də ona bənzəməyə, bu şəxsiyyətin amallarını əməllərində yaşatmağa çalışardılar. Osmaniyyədə durna qatarının başçısının adı Səlahəddin Arpaçı idi. Hər görüşdüyümüz zaman ərənlərimiz gözlərimin önünə gəlirdi: Mustafa Kamal Atatürk, Nuru paşa, Ənvər paşa, Kazım Qarabəkir paşa... 

Qərarlaşdırdığı, əmin olduğu arzuya heç kimsənin gücü yetməzdi fikrindən daşındırmağa. İnandığı işin xeyrini sonradan anlayardılar. Buna görə də sözünün önündə ikinci bir söz demək yanlış olardı. Nə qədər çalışsa da, yenə az olduğunun fərqində idi. Təmənnasız xidmətlər silsiləsinin sonu görünmürdü. Çünki təbiəti belə idi. Olduğu kimi görünərdi. O, belə yaşadı. Mərdi-mərdanə, ağayana fəaliyyəti ilə yaddaşımıza həkk oldu. 2020-ci il yanvarın 27-də vəfat etdi.  

Onun Haqq dərgahına qovuşması ilə xəyallarım bir anda yerlə yeksan oldu, çox sarsıldım. Çox işlərimiz yarımçıq qaldı. Nə edəsən? Fani həyatın məyusedici finalı belə imiş sən demə. Allah rəhmət eləsin. Atam şair Cəmil Əkbər bu misraları sanki Səlahəddin Arpaçı üçün deyibmiş.

Dünyanın qəribə işdəkləri var,

Verəndə gözəldir, alanda pisdir,

Hər gülün çiçəyin ətirləri var,

Açanda gözəldir, solanda pisdir.