Ərdəbilli molla öldürülən məktəblini təhqir edib
Şəhərdə yeni etiraz mitinqlərinin keçirilməsi gözlənilir
Ərdəbil şəhərinin İran parlamentindəki nümayəndəsi höccətül-islam Seyid Kazım Musəvi Əsra Pənahi Xanqah barədə təhqir edici ifadələr işlədib. Seyid Kazım Musəvi təmsil etdiyi dairədə yeniyetmə qızın ölümü ilə bağlı qəribə iddialar səsləndirib.
O, orta məktəbdə oxuyan yeniyetmə şagirdin ölümü barədə xəbərləri rədd edib və onun intihar etdiyini iddia edib.
“Əsra Pənahi dərman içərək özünü öldürüb. Ümumiyyətlə, cəhənnəmə ki, o dərman içib intihar edib”, – deyə Musəvi İranın “Dideban” saytına müsahibəsində bildirib.
Qeyd edək ki, İran futbolunun ərdəbilli əfsanəsi Əli Dayi sosial mediada paylaşım edərək Əsra Pənahi Xanqahın öldürüldüyünə dair xəbərin doğru olduğunu yazıb.
O, Ərdəbilin İran parlamentindəki nümayəndəsinin çıxışına münasibət bildirib və onu xalqın deyil hakimiyyətin maraqlarını qoruduğunu deyib.
Əli Dayi yeniyetmə məktəblinin ölümü ilə bağlı İran mediası və rəsmilərinin ziddiyyətli məlumatlarına toxunaraq, onların bir-birini təkzib etdiklərini söyləyib.
“Mən doğulduğum torpaqdan aldığım etibarlı xəbərlərin doğruluğuna inanmasam yaymaram. Əsra Pənahi Xanqah öldürülüb. Bununla bağlı faktlar var.
Sizlər isə bir yalanı yaymadan öncə ən azından bir-birinizlə uzlaşdırın”, – deyə dünyanın keçmiş futbolçu bildirib.
Qeyd edək ki, Ərdəbilin İran parlamentindəki nümayəndəsinin çıxışı xüsusilə ərdəbillilər arasında qəzəb doğurub.
Sosial media istifadəçilərinin paylaşımları və məsələ ilə bağlı yazılan minlərlə yorum və statusdan Ərdəbildə daha böyük etiraz aksiyalarının keçirilməsinə, hökumətə və onun yerli nümayəndələrinə kəskin cavab verilməsinə çağırışlar edilib.
Qeyd edək ki, oktyabrın 13-də Ərdəbilin “Şahid” orta məktəbinin şagirdləri məmurların hökumət lehinə mitinq tələbini rədd edərək hökumət əleyhinə şüarlar səsləndiriblər.
Hökumət qüvvələrinin sərt müdaxiləsi, şagirdlərin döyülməsi nəticəsində Əsra Pənahi Xanqah, Aytək Mikayili və Hana Duzduzani adlı üç qız şagird həyatını itirib.
Hökumət rəsmiləri Əsra Pənahi Xanqahın ölümünü təsdiqləsə də, başqa iki şagirdin ölümü barədə hər hansı açıqlama verməyiblər.