«Qarsda Azərbaycan mədəniyyəti hakimdir»
Yeni bələdiyyə sədri Mürtəza Qaraçanta: «Qarsla qardaş Azərbaycan şəhərlərinin sayını artıracağıq»
Qarsın azərbaycanlı bələdiyyə sədri Mürtəza Qaraçantanın APA TV-yə eksklüziv müsahibə verib. Söhbəti Vaxt.az oxucularına təqdim edirik.
- Qarsda bələdiyyə seçkilərində azərbaycanlı namizədin qalib gəlməsi Azərbaycanda hər kəsi sevindirdi. Siz özünüz seçkilərin nəticələrini necə dəyərləndirirsiniz?
- İlk öncə sizə «xoş gəldiniz» deyirəm
və sizi burada qonaq etməyə nə qədər şad olduğumu ifadə etmək istəyirəm.
Qarsdan Azərbaycana, Azərbaycandakı dostlarımıza sizin vasitənizlə qucaq dolusu
sevgilər, salamlar göndərirəm. Seçki bir yarışdır. İğdırdakı seçkiləri
uduzmağımız bizi də üzdü. Təbii ki, istərdik ki, Milliyyətçi Hərəkat
Partiyasının 3 hilallı bayrağı Türkiyənin hər yerində dalğalansın. Amma nə edə
bilərik, bəzən insan belə bir yarışdan məğlub da çıxa bilir. Bu bir seçki
atmosferidir. Allaha şükür ki, Qarsda 3 hillalı bayrağımızı ay ulduzlu al
bayrağın yanında dalğalandırmaq şərəfinə nail olduq. Buna görə ilk olaraq
Qarsdakı həmyerlilərimə, Qarsdan kənarda yaşayan qarslılara, Azərbaycanda olan
dostlarımıza, mənəvi dəstəklərini bizdən əsirgəməyən hər kəsə səmimi qəlbdən
təşəkkür edirəm. Bu gün biz bu sevinci, bu qüruru yaşayırıq, amma bu hissləri
bizə yaşadan insanlar var. Mənəvi dəstəklərini bizdən heç zaman əsirgəməyən,
telefonla zəng edib hal-əhvalımızı soruşanlar, Qarsdan kənarda yaşayan qarslı
həmyerlilərimiz həmişə yanımızda oldu və nəticədə uğur qazandıq. Qarsın
yerləşdiyi coğrafi mövqe, Qarsın önəmi, şəhərimizin Qafqaza, türk dünyasına
açılan qapı olması, türklərin Anadoluya keçdiyi qapı olması baxımından
Milliyyətçi Hərəkat Partiyasının bayrağı burada ya dalğalanmalı, ya da
dalğalanmalı idi.
- Seçkiləri dəyərləndirənlər Qarsda
MHP-nin qalib gəlməsini bir möcüzə sayırlar. Hər şey sizin əleyhinizə idi.
Müxalif partiyadan namizəd olmağınız, şəhərin etnik tərkibi, əvvəlki seçkilərdə
buraxılan səhvlərin təkrarlanması ehtimalı və sair. Bu çətinliklərə rəğmən
qalib gəlməyi bacardınız. Sözsüz ki, bura da bir insan faktoru, Mürtəza
Qaraçanta kimliyi də var.
- Çalışmadan qalib gəlmək mümkün deyil.
Bir şeyi əldə etmək üçün əvvəlcə onun üçün əmək sərf etmək lazımdır. Qarsdakı
seçkilərdə ilk namizədliyi açıqlanan şəxs mən oldum. 2013-cü ilin 8 dekabrında
namizədliyim açıqlandı. O zaman hələ heç bir namizədin adı açıqlanmamışdı.
Bəlkə də bu, mənim üçün bir şans oldu. Təbliğat aparmaq üçün üç ay yarımlıq bir
vaxt qazandıq ki, bu, çox böyük müddətdir. Həmyerlilərimin demək olar ki, hər
birinin əlini sıxma şansım oldu. Döymədiyim qapı qalmadı. Hər kəsə özümüzü,
partiyamızı tanıtdıq. Partiya təşkilatımız da, qadınlar təşkilatımız da eyni
şəkildə çalışdı. Hətta bir evə səs almaq üçün 2-3 dəfə belə getdik. Şükür ki,
bu əməyin bəhrəsini gördük. Dediyiniz kimi, Qarsda mənim qalib gəlmək şansım
zəif görünürdü. Üstəlik etnik kimlik və digər məsələlər qaldırılırdı. Amma biz
heç zaman etnik ayrı-seçkilik etmədik. Qalib gəlməyimiz də məhz buna görə oldu.
Çünki biz insanı yaradandan ötrü sevirik.
- Yanılmıramsa, seçkilərdə 11 min 275
səs topladınız. Nə qədər səs toplayacağınızı düşünürdünüz və nə qədər səs
aldınız? Təxminlərinizdən az, yoxsa çox səs topladınız?
- Açığı, biz qədər az oldu. Mən bir az
artıq rəqəm gözləyirdim. Təxmini ala biləcəyim səs 14 minə yaxın idi. Seçki elə
bir şeydir ki, çalışırsan, təxmini statistik rəqəmlərə görə, nə qədər səs
toplaya biləcəyini ehtimal edirsən. Amma seçkilərə bir həftə qalmış, bir də
görürsən ki, hər şey tərsinə dönüb. Bu müddət ərzində təbii ki, bizi zəif hesab
edənlər də oldu. Amma mən gəzdiyim yerlərdə, təbliğat apardığım ərazilərdə hər
kəsə əl uzatdım, amma əlimi sıxmayan bir adam görmədim. Bu da məni ruhlandırdı.
Bu əhval-ruhiyyənin seçkilərin nəticələrinə təsir edəcəyini düşündüm. Və təsir
etdi də. Doğrusu, aldığım səsin miqdarı gözlədiyimdən bir qədər aşağı oldu.
Amma Allaha şükür ki, qalib gəldik.
- Seçkilərdən sonra verdiyiniz ilk açıqlama
belə idi - Bələdiyyə sədri seçildikdən sonra MHP kimliyimi bir kənara
qoyacağam. Bu təbii ki, partiyadan və ya ideologiyadan imtina etmək deyil. Amma
bunu yeni seçilmiş bələdiyyə sədri üçün çox uğurlu açıqlama hesab edirəm. Yəni,
Qarsın bələdiyyə başqanı hər kəsin bələdiyyə başqanı olmalıdır, tək ona səs
vermiş 11 min 275 insanın deyil...
- Türkiyədə sistem belədir ki,
seçkilərdə iştirak etmək üçün prosesə mütləq bir siyasi partiyanın adı altında
qoşulmalısan. Mənim hələ gənclik illərindən gələn bir MHP-çilik ruhum var. Bu
mövqeyim olub və bələdiyyə sədri olduğum müddətdə də həmişə qalacaq. Amma
üzərimə götürdüyüm vəzifə elə bir işdir ki, burada xidməti yalnız MHP-lilərə
deyil, bütün Qarsa göstərəcəyəm. Məsələn, bir yol salacağıq və bu yoldan yalnız
Milliyyətçi Hərəkat Partiyasının üzvləri keçməyəcək, bütün Qars keçəcək.
Beləliklə, mənim xidmət sahəm bütün Qarsı əhatə edəcək. Bu halda bir partiyanın
kimliyi altında xidmət etməyin doğru olmadığını düşünürəm. Mən bu gün tək
Milliyyətçi Hərəkat Partiyasının üzvü deyil, həm də Qars bələdiyyəsinin
sədriyəm. Yəni, Qars insanına xidmət göstərmək üçün buradayam. Ona görə də
partiya kimliyim vəzifəni yerinə yetirəcəyim 5 il müddətində mənimlə olmayacaq.
- Siz bu seçkilərdə qalib gəlsəniz belə,
etiraf edək ki, çətin bir bələdiyyəyə rəhbərlik edəcəksiniz. Yəni Qarsın
problemləri saymaqla bitməz. Dərhal hiss olunur ki, Qarsın görüləcək işləri var
və bu işləri həll etmək üçün 5 il azdır...
- Biz bu yola bir inamla çıxdıq. Bu
inamımız daimidir. Biz həmişə deyirik ki, bizim vətən sevgimiz insana xidmətin
gücü ilə eyni dəyərdədir. Bu niyyətin də həyata keçirilə biləcəyi ən gözəl yer
yerli idarəçilikdir, yəni bələdiyyələrdir. Biz işimizin nə qədər çətin,
məşəqqətli olduğunu anlayırıq. Amma çətin olduğu qədər də, müqəddəs olduğunu
bilirik. Çünki insana xidmət etmək haqqa xidmət etmək kimi bir şeydir. Bu
fikirlə yola çıxdığımız üçün Qarsda görüləsi işlərin çox olduğunu bilirdik. Bu
daşın altına kimsə əlini qoymalı idi. Biz bu missiyanı öz üzərimizə götürdük.
Bələdiyyə Məclisinə üzvlərimizi də bu prinsipə əsasən seçmişik. Çünki
şəhərimizə xidmət göstərmək istəyirik. Buna görə də komandamızın üzvləri
bilikli, dünyagörüşlü, ləyaqətli, güvənə biləcəyimiz insanlardır. Komanda yaxşı
qurulduqdan sonra öhdəsindən gələ bilməyəcəyimiz iş yoxdur. Düz deyirsiniz,
Qarsda problemlər var. Yol, su, təmizlik problemləri daha çox gözə çarpır. Amma
biz özümüzdə bunların öhdəsindən gələ biləcək gücü görürük. Siz 5 il kifayət
etməz deyirsiniz. Amma 5 il sonra gələndə fərqli bir Qarsla qarşılaşacağınıza
əmin olun.
- Üç problemdən danışdınız. Amma bundan
başqa bəzi şəhər problemləri də var. Amma yeni seçilmiş bələdiyyə sədrinin
dilindən eşitmək istəyirəm – Qarsın ən böyük problemi nədir?
- Qarsda ən böyük problemimiz budur -
əhalinin asudə vaxtını səmərəli keçirə biləcəyi, rahat yaşaya biləcəyi bir
atmosferə ehtiyacı var. Bu ehtiyacı yaşıllıq sahəsi, park, bağça, insanların
otura biləcəyi, alış-veriş edə biləcəyi yerlər qurmaqla təmin etmək olar. Şəhər
idarəetməsi dedikdə ağla bu kimi şeylər gəlir. Qarsın inanc, qış, təbiət
turizmi önə çıxarmalıyıq. Qarsın tanınmasını reallaşdırmaq üçün Türkiyənin
deyil, dünyanın diqqətini buraya yönəltmək lazımdır. Bu həm iqtisadi cəhətdən
şəhərimizə güc qazandıracaq, həm də məşğulluq baxımından daha yaxşı nəticələr
əldə edəcəyik. Bunlar vacib işlərdir. Ciddi layihələrimiz var. Allah qismət
etsə, həyata keçirəcəyik.
- Qars müxtəlif mədəniyyətlərin birgə
yaşadığı şəhərdir. Hətta deyərdim ki, bu şəhərin xüsusi mədəniyyəti var. Həm
siz, həm ailəniz bu mədəniyyətə bağlı insanlarsınız. Təəssüfedici məqam odur
ki, Qarsda reportaj hazırladığım insanlarda sanki bu mədəniyyətdən bir qədər
uzaqlaşma gördüm. Bələdiyyələrin də ən çox önəm verdiyi işlərdən biri mədəni
fəaliyyət olmalıdır. Bu mədəniyyətin qorunması, təşviq olunması, həmçinin
Qarsın bir mədəniyyət mərkəzi olaraq tanınması üçün hansı layihələriniz var?
- Bizim önəm verdiyimiz məsələlərdən
biri də buradakı tarixi gözəllikləri qorumaq, köhnə Qarsı yenidən
canlandırmaqdır. Bu ya olmalı, ya da olmalıdır. Sizin də bəhs etdiyiniz
Qarsdakı mədəniyyət məsələsi belədir. Sizin dediyiniz şəkildə mədəniyyətin
mövcudluğuna ən böyük səbəb burada yaşayan əhalinin böyük bir hissəsinin
Azərbaycan köklü ailələrdən olmasıdır. Yəni, bu insanlar Azərbaycan
mədəniyyətini eyni şəkildə buraya daşıyıblar. Azərbaycan musiqisi oradan buraya
hansı formada gəlibsə, illərdir ki, burada eyni şəkildə yaşayır. Uzun illərdir
Qarsdan insanlar köçür. Yəni Türkiyənin hansı şəhərinə getsəniz, bu mədəniyyət,
bu musiqi ilə qarşılaşacaqsınız. Çünki uzun illərdir insanlar bu şəhərdən
köçərək Türkiyənin başqa şəhərlərində məskunlaşırlar. Mədəniyyətimiz burada
assimilyasiya olsa da, hələ də öz xüsusiliyini, özəlliyini qoruyur. Biz də
yerli idarəetmə orqanı olaraq bu mədəniyyətin canlanması üçün görəcəyimiz işləri
son dərəcə həssaslıqla yerinə yetirəcəyik. Bu mədəniyyət yox olmamalıdır. Çünki
bu mədəniyyət özlüyündə bir türk mədəniyyətidir.
- Mədəniyyətdən danışarkən köç ifadəsi
işlətdiniz. Özünüzün də dediyiniz kimi, Qars ən çox köçə məruz qalan
vilayətdir. Bunun müsbət və mənfi tərəfləri var. Mənfi tərəfi insanların toplu
şəkildə köçüb başqa şəhərə köçüb getməsidir. Müsbət tərəfi isə odur ki,
insanlar sahib olduqları mədəniyyəti də özləri ilə köçdükləri yerə aparırlar.
Amma Qarsda köçün dayanması, əksinə, geriyə köçün başladılması üçün önəmli
işlər görülməlidir...
- Təbii ki, bu mümkündür. İnsanlar
Qarsdan niyə köç edir? Burada iş sisteminin olmaması, gənc nəslin axtardığı
şeyi burada tapmaması səbəbindən. Köçlər həmişə bu şəkildə olub. Bayaq dediyim
kimi, bir də Qarsın coğrafi mövqeyi çox önəmlidir. Qars onsuz da sərhəd qapısı
olması səbəbi ilə türklərin Anadoluya keçdiyi qapıdır. Bura İpək Yoludur. Yəni
gələn burdan keçib gedər. Onsuz da əgər hamı Qarsda qalsaydı, Türkiyənin türk
dünyasına töhfəsi deyə bir şey olmazdı. Şübhəniz olmasın ki, zaman keçdikcə
burada yeni iş yerləri yaradılacaq və o zaman Qarsdan köçən həmyerlilərimiz
getdikləri kimi də geri dönəcəklər.
- Azərbaycanın Qarsda Baş Konsulluğu
fəaliyyət göstərir. Yəni Azərbaycanda həm də Qarsa xüsusi münasibət var. Bu da
təbii ki, əlaqələrimizə çox müsbət təsir edir. Amma əlaqələrimiz istədiyimiz
səviyyədə deyil. Siz bu münasibətləri nə cür görürsünüz? Münasibətləri inkişaf
etdirmək üçün hansı addımları atmalıyıq? Azərbaycandan gözləntiləriniz nədir?
- Yaxın keçmişə qədər Qars əhalisinin 80
faizi Azərbaycan əslli ailələrdən ibarət idi. Bu səbəbdən Qarsa Azərbaycanın
baxışı daha fərqli olmalıdır. Qarsın da Azərbaycana həmçinin. Təbii ki, Türkiyə
üçün Azərbaycan çox önəmlidir. «İki dövlət bir millət» sözü həqiqətdir. Amma
Qarsla Azərbaycan daha başqa bir şeydir. Türkiyə ilə münasibətlə bərabər Qarsla
münasibət də var. Çünki Qarsa tam şəkildə Azərbaycan mədəniyyəti hakimdir. Aşıq
sənəti, musiqisi Qarsda çox yayılıb. Azərbaycan konsulluğunun burada olması
Qars üçün gözəl bir şeydir. Biz buna çox şadıq. Konsulluq Qarsla Azərbaycan
arasında körpü rolunu oynayır. İnşallah yerli idarəçilik orqanı olaraq bu
körpünün bir ayağı da biz olarıq. Qars Gəncə və Mingəçevirlə qardaşlaşmış
şəhərdir. Biz qardaşlaşacağımız Azərbaycan şəhərlərinin sayını artıracağıq. Bu
sözlər kağız üzərində qalmayacaq. Oradakı iş adamlarını buraya dəvət edəcəyik.
Buradakı iş adamlarımızı oraya göndərəcəyik. Bizim Gürcüstan və Qazaxıstanla
bağlı da eyni planlarımız var. Biz əslində bütün iş adamlarının Qarsa kapital
yatırmasını gözləyirik. Burada Azərbaycan iş adamlarına əlimizdən gələn qədər
dəstək verəcəyik.
- Seçkilərin nəticələri açıqlandı və
Azərbaycanda hər kəs Qarsda azərbaycanlı bir namizədin qalib gəldiyini eşitdi.
Amma sizi heç kim tanımırdı. 2-3 gün keçəndən sonra hamı düşünməyə başladı -
görəsən, Mürtəza Qaraçanta kimdir?
- Mürtəza Qaraçanta Qarsda
doğulub-böyüyən, ömrünün 53 ilini Qarsda keçirən biridir. Amma əsli hazırda
Ermənistan sərhədləri çərçivəsində qalan Ağbabadan, Amasiya rayonunun Qaraçanta
kəndindəndir. Ulu babalarımız oradan gəlib Qarsda məskən salıblar. Babam 6 oğlu
ilə birlikdə 1928-ci ildə Qarsa gəlib. Qardaşları isə Ermənistanda qalıb.
Mürtəza Qaraçanta Qarsa köçən o ailənin bir üzvüdür. Mən 1961-ci ildə Qarsda
doğulmuşam. İlk orta lisey təhsilimi Qarsda tamamladım. Təhsilimi Anadolu
Universitetində davam etdirdim və İdarəçilik fakültəsini bitirdim. Qarsda
Sosial Sığorta İdarəsində məmur işlədim. Məmurluqdan baş mühasib vəzifəsinə
kimi yüksəldim. 2008-ci ildə bu vəzifədən təqaüdə çıxdım. 2009-cu ildə
bələdiyyə seçkilərində MHP-dən bələdiyyə məclisi üzvü seçildim. Və 5 illik
üzvlük fəaliyyətimdən sonra bu il keçirilən seçkilərdə bələdiyyə sədri oldum.
- APA TV vasitəsi ilə Azərbaycan
xalqına, sizi sevənlərə, sizi tanıyan və tanımayanlara mesajınızı almaq
istərdim...
- Təşəkkür edirəm. Mən sizin vasitənizlə Azərbaycana, dünya azərbaycanlılarına, böyük türk dünyasına bol-bol salam, sevgi və sayğılarımı göndərirəm. Dünya durduqca onların var olmasını istəyirəm. Xüsusilə Azərbaycandakı bütün dostlarıma, orada yaşayan qohumlarıma çoxlu salam göndərirəm. Sizləri də burada qonaq etməkdən çox şad oldum. Təkrar xoş gəldiniz deyirəm. Hər zaman başımın üzərində yerinizin olduğunu unutmayın.