«Gedirəm Azərbaycana, nə olur olsun»
Keçmiş erməni məmur: «Burada məni və ailəmi incidirlər, ona görə ...»
MÖVZU İLƏ ƏLAQƏLİ
Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətinin qubernatorunun keçmiş müşaviri Lyubik Çubuxçuyan siyasi sığınacaq almaq üçün sərhədin bu tayına keçmək niyyətinin qəti olduğunu təsdiqləyib. Virtualaz.org saytı xəbər verir ki, L.Çubuxçuyan news.am saytına açıqlamasında Azərbaycandan siyasi sığınacaq almaq barədə müraciətinə cavab gözlədiyini bildirib.
«Keçəcəyəm Azərbaycana, qoy orada nə olursa olsun. Mən qorxaq adam deyiləm. Burada məni incidirlər, ailəmi incidirlər, ona görə də Ermənistandan getmək istəyirəm» - deyə Çubuxçuyan şikayətlənib.
Keçmiş erməni məmur deyib ki, o, Ermənistan hakimiyyəti tərəfindən təhqir olunub: «Çünki bu hakimiyyət mənim istedadıma və zəhmətimə qiymət vermir».
Çubuxçuyan «dünyada tayı-bərabərinin olmadığını», buna baxmayaraq işdən çıxarıldığını və bu zaman cüzi haqq aldığını əlavə edib.
Xatırladaq ki, Çubuxçuyanı Tavuş rayonunun bu yaxınlarda təyin edilmiş yeni qubernatoru işdən azad edib. Buna cavab olaraq keçmiş məmur Azərbaycandan siyasi sığınacaq istəyib. O, müraciətini BBC-nin Ermənistan müxbiri, keçmiş Azərbaycan vətəndaşı Aleksey Manvelyan vasitəsilə çatdırıb.
Azərbaycan tərəfinin Çubuxçuyanın müraciətinə reaksiyası məlum deyil. Bu ilin əvvəllərində Azərbaycanda təqib olunduğunu iddia edən Cavid Orucov erməni mənşəli arvadını və azyaşlı uşaqlarını da götürərək Ermənistana keçmişdi.