MKİ-nın kölgəsinin bölgə haqda proqnozu
«Stratfor»: «Rusiya parçalanacaq, ABŞ Türkiyə və Azərbaycanı özünə müttəfiq edəcək, qoşun göndərəcək...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
“Bu hadisə Çini yavaşladacaq”
Peyk görüntüləri Pekinin nüvə sirrini açıb
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
İfrat sağçılar parlamenti işğal edib
Almaniyada Türingiya əyalət məclisinin ilk iclası gərgin başlayıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Tokiodan Pekinə tarixi hədə-qorxu
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
Dünyaca məşhur «Stratfor» Analitik Mərkəzi (onu çox vaxt «kölgə MKİ» adlandırırlar) 1996-cı ildən başlayaraq, planetdəki siyasi-iqtisadi-hərbi proseslər haqda onillik proqnozlar hazırlayır.
Mərkəz öz ənənəsinə sadiq qalaraq, 2015-2025-ci illərin mümkün potensial gedişatını da ortalığa qoyub. Bir müddət əvvəl, newstimes.az saytı bu proqnozları qısa şəkildə oxucularla təqdim etmişdi və strateq.az da onlara istinadən, həmin materialı təqdim etmişdi. Yazıya böyük ictimai marağın olduğunu və sosial şəbəkələrdə hələ də müzakirələrin davam etdiyini nəzərə alaraq, qərara gəldik ki, «Stratfor»un ABŞ və Avrasiya üzrə 10 illik proqnozlarının əks olunduğu və kifayət qədər ciddi geopolitik dəyişiklik planlarından bəhs edən həmin materialın tam mətnini Azərbaycandilli oxucuların diqqətinə çatdıraq:
Biz bütövlükdə öz səylərimizlə fəxr edirik: Avropanın iqtisadi böhrandan keçmək iqtidarsızlığını, Çinin tənəzzülünü və ABŞ-ın cihadçılarla savaşının gedişini öncədən xəbər vermişdik.
Həmçinin bir neçə səhv buraxdıq: biz 11 sentyabr hadisələrini gözləmirdik və daha önəmlisi, Amerikanın cavab hərəkətlərinin vüsətini öncədən görə bilmədik. Lakin Amerkanın üzləşəcəyi çətinlikləri və İslam dünyasındakı hərbi kampaniylarından imtina edəcəyini 2005-ci ildə öncədən görə bildik.
Biz hər şeyi proqnozlaşdırmırıq. Diqqətimizi dünyada meydana çıxan mühüm tendensiya və trendlərə yönəldirik. Hesab edirik ki, ABŞ-ın cihadçılarla müharibəsi yatmağa doğru gedəcək. Bu, islamçı hərəkatın məhv ediləcəyini bildirmir. Terakt cəhdləri davam edəcək, bəziləri uğurlu olacaq. Lakin bölgədəki iki böyük müharibə 2020-ci ilə doğru tam dayanmasa da, zəifləyəcək, həm də ciddi şəkildə. Həmçinin İranda durumun necə nəzarətedilən olduğunu görürük. Bunun necə ediləcəyi hələlik aydın deyil: hərbi fəaliyyət nəticəsində, İranın təcrid edilməsi hesabına və yaxud indiki və yaxud gələcək rejimlə hansısa siyasi razılaşma vasitəsilə - lakin bu, ümumi siyasi planda xüsusi əhəmiyyət kəsb etmir. İranı cilovlamaq mümkün olacaq, çünki ən yaxın coğrafi çevrəsindən kənar bölgədə böyük oyunçu olmağa, sadəcə, gücü yetməyəcək.
Avropadakı sistem müxtəlifliyi və demoqrafik şərait üzündən Avropa Birliyinin institutları güclü stressə məruz qalacaq. Hesab edirik ki, bu institutlar yaşayacaq. Onların effektivcəsinə işləyəcəyinə şübhəmiz var. Başlıca siyasi tendensiya müxtəlifyönlü iqtisadi, sosial və mədəni güclərlə hərəkətləndirilmiş millətçiliyə doğru meyllənib çoxtərəfli həllərdən uzaq olacaq. AB elitası əhali tərəfdən artmaqda olan basqını öz üzərində hiss edəcək. Avropanın təyinedici cizgiləri iqtisadi maraqlarla mədəni sabitlik arasındakı ziddiyyətlər olacaq. Buna görə də Avropadaxili münasibətlər getdikcə daha çox dayanıqsız və gözlənilməz olacaq.
Rusiya bütün onillik boyu möhkəmlənməyə və öz təhlükəsizliyini təmin etməyə çalışacaq, lakin demoqrafik tənəzzül sonra ona əsl zərbə vuracaq. O, xammal ixracatından emal edilmiş xammal ixracatına keçməyə cəhd edəcək. Rusiya həmçinin öz demoqrafik problemlərini sonraya keçirmək, bazarını genişləndirmək və hər şeydən əvvəl bəzi bufer əraziləri bərpa etmək üçün keçmiş sovet respublikalarını hansısa rabitəli bir ümumilikdə birləşdirməyə səy göstərəcək. Rusiya görür ki, hədəfə götürülüb, buna görə də tələsir. Bu səbəbdən perspektivdə, əslində olduğundan daha təcavüzkar və təhlükəli görünməyə çalışacaq. Lakin qarşıdakı illərdə Rusiyanın fəaliyyəti qonşularında həm milli təhlükəsizlik, həm də sürətlə dəyişən iqtisadi siyasət planında təşviş doğuracaq.
Bu, Rusiyanın Mərkəzi Avropadakı keçmiş satellit ölkələrini daha çox rahatsız edəcək. Rusiya üçün başlıca diqqət zonası Mərkəzi Avropa düzənliyi olacaq. Onun bu bölgəyə diqqəti güclənəcək, çünki Avropa siyasi planda getdikcə daha gözlənilməz olur. Rusiya Mərkəzi Avropaya dəfedilməz hərbi təzyiq göstərməyəcək, lakin mərkəzi avropalıların psixologiyası təhlükəyə qarşı çox incə şəkildə köklənib. Hesab edirik ki, bu daimi və artan təzyiq Mərkəzi Avropada iqtisadi, sosial və hərbi inkişafa təkan verəcək.
Artım tempini kapitaldan gəlir norması ilə sinxronlaşıdrmaq və ÇXR-in maliyyə sistemini tarazlaşdırmaqdan ötrü Çin, Yaponiya və Şərqi Asiyanın iqtisadiyyatlarında artım tempi əhəmiyyətli şəkildə azalacaq. Çin bu cü addım atmaqla sosial və siyasi gərginliyin yüksəlişi ilə üzləşəcək.
Amerikaya gəlincə, onun bir əsrdən qabaq başlanmış uzunmüddətli iqtisadi artımı və hərbi qüdrəti davam edəcək. Birləşmiş Ştatlar çox güclü (lakin ən qüdrətli yox) hərbi dünya dövləti olaraq qalmaqdadır və hər il ümumdünya sərvətinin 25 faizini istehsal edir.
Onillik perspektiv
Rusiya hələ 2008-ci ildə Gürcüstana müdaxilə edəndə və maliyyə böhranı qopanda dünya dəyişilməyə başladı. O vaxtdan üç qanunauyğunluq aydınlaşdı: birincisi, Avropa öhdəsindən gələ bilmədiyi və intensivliyi güclənməkdə olan böhrana girdi. Avropa Birliyi bir də heç vaxt əvvəlki bütövlüyə qayıtmayacaq və yaşayarsa, növbəti onillikdə daha məhdud və parçalanmış formada mövcud olacaq. Hesab etmirik ki, azad ticarət zonası proteksionzim artmadan əvvəlki formada qalacaq. Biz Almaniyada ağır iqtisadi problemlər və nəticə kimi bölgədə Polşanın rolunun artacağını gözləyirik.
Rusiyanın Ukrayna uğrunda indiki münaqişəsi yaxın bir neçə il ərzində beynəlxalq sistemin mərkəzində qalacaq, lakin düşünmürük ki, Rusiya indiki görkəmdə daha bir neçə on il mövcud ola bilər. Karbohidrogen ixracatından böyük asılılıq və neftin gözlənilməz qiymətləri Moskvaya Rusiya Federasiyasının geniş ərazisindəki dövlət institutlarını saxlamağa imkan vermir. Biz Moskva hökumətinin hiss olunacaq dərəcədə zəifləyəcəyini gözləyirik ki, bu da Rusiyanın formal və qeyri-formal şəkildə parçalanmasına səbəb olacaq. Bu proses onilliyin sonuna doğru sürətləndikcə, Rusiyanın nüvə cəbbəxanasının təhlükəsizliyi getdikcə daha önəmli problemə çevriləcək.
Biz Avropanın Quzey Afrikada və Yaxın Şərqdə yaratdığı milli dövlətlərin tənəzzülü dövrünə daxil olmuşuq. Bu ölkələrin əksəriyyətində hakimiyyət dövlətə məxsus deyil və bir-birinə qalib gəlməyə iqtidarsız olan silahlı partiyalara keçib. Bu, gərgin daxili mübarizə törədib. ABŞ aviasiya vasitəsilə və yerdə məhdud müdaxilə ilə bu münaqişələrə qatılmağa hazırdır, lakin etibarlı həlli təmin etməyi bacarmır və istəmir. Güney sərhədlərini bu müharibələrin zəiflətdiyi Türkiyə tədricən münaqişəyə cəlb ediləcək. Türkiyə onilliyin sonuna doğru iri bölgəsəl dövlətə çevriləcək və nəticədə İranla onun arasında rəqabət güclənəcək.
İkincisi, Çin sürətli artım və az maaş ölkəsi olmağı tərgidib və yeni norma olası növbəti mərhələyə daxil olub. Bu mərhələ daha çox zəif və ləng artımın doğurduğu müxtəlifyönlü qüvvələri cilovlayan sərt diktaturanı nəzərdə tutur. Çin böyük iqtisadi güc olmağı davam etdirəcək, lakin kürəsəl artımın mühərriki olmağı tərgidəcək. Bu rol «16 Postçin ölkəsi» termini il müəyyən etdiyimiz pərakəndə ölkələrə - Güney-Şərqi Asiyanın böyük hissəsi, Şərqi Afrika və Latın Amerikasının bir hissəsinə keçəcək. Bundan başqa, Çin hərbi təcavüz qaynağı olmayacaq. Şərqi Asiyada üstünlüyə əsas namizəd Yaponiya olaraq qalır.
Üçüncüsü, ABŞ böyük iqtisadi, siyasi və hərbi güc olaraq qalacaq, lakin onun müdaxiləsi əvvəlkindən daha zəif olacaq. İxracatın aşağı səviyyəsi, artan energtik müstəqillik və ötən on ilin təcrübəsi planetin işlərinə daha ehtiyatlı iqtisadi və hərbi müdaxiləyə səbəb olacaq. Amerikalılar alıcıların məhsularını ala bilmədikləri və ya almaq istəmədikləri fəal ixracatçıların başına nələrin gəldiyini əyani şəkildə gördülər. ABŞ anlayır ki, dünyanın başqa hissələrinə seçmə müdaxilə şərtilə Quzey Amerika inkişaf üçün kifayətdir. Amerika böyük strateji təhdidləri uyğun qüvvə ilə qarşılayacaq, lakin dünya yanğınsöndürmə dəstəsi rolundan imtina edəcək.
Bu, xeyli bölgənin gözətçinin dəyişilməsini gözlədiyi xaotik dünya olacaq. Yalnız Birləşmiş Ştatların hakimiyyəti dəyişilməz qalacaq.
Avropa
Deyəsən, Avropa Birliyi özünün təməl problemini həll etmək iqtidarında deyil və bu, avrozona yox, azad ticarət zonasıdır. Almaniya AB-nin cazibə mərkəzidir; almanlar öz ÜDM-in yarıdan çoxunu ixrac edirlər və bu ixracatın yarısı AB-nin başqa ölkələrinə gedir. Almaniya öz tələbatını dəfələrlə üstələyən istehsalat bazası yaradıb. Artım, tam məşğulluq və sosial sabitlik bütövlükdə ixracatdan asılıdır.
Bu, onsuz da parçalanmış Avropanı, ən azı, iki hissəyə ayırır. Aralıq dənizi bölgəsi Avropasının və Almaniya və yaxud Avstriya kimi ölkələrin tamamilə müxtəlif davranış forma və tələbatları var. Bütün Avropaya uyğun gələsi vahid siyasət yoxdur. Bu, lap əvvəldən əsas problem idi, lakin indi dönüş məqamı yaxınlaşır. Avropanın bir qisminə xeyir verən məsələ digər hissəsinə zərər verir.
Millətçilik artıq xeyli yüksəlib. Ukrayna böhranı və Şərqi Avropa ölkələrinin Rusiya tərəfdən təhlükə gözləntisi əndişəsi onu ağırlaşdırır. Ruslar qarşısında Şərqi Avropa vahiməsi daha bir Avropa yaradır – Skandinaviya ölkələri ayrıca götürülsə, bu ayrı-ayrı Avropa cəmi dörddür. Bu tendensiya davam edəcək. Avropa Birliyi hansısa formada yaşaya bilər, lakin Avropa iqtisadiyyatı, siyasəti və hərbi əməkdaşlığı əsasən ikitərəfli və dar təyinatlı, iştirakçılar bağlamayan məhdud çoxtərəfli tərəfdaşlıqla idarə ediləcək.
Bunun əvəzinə Avropanı qitədə siyasi həyatın əsas forması qismində milli dövlətin dönüşü müəyyən edəcək. Ehtimal ki, müxtəlif çeşidli separatçı hərəkatlar uğura çatdıqca, ölkələr tərkib hissələrə bölünmə və yaxud birbaşa ayrılma nəticəsində milli dövlətlərin sayı artacaq. Bu milli dövlətlər yığınında Almaniya həm siyasi, həm də iqtisadi mənada daha nüfuzlu olacaq. Lakin Almaniya son dərəcə dişbatandır. O, dünyanın dördüncü iqtisadiyyatıdır, lakin bu durum ixracatın hesabına yaranıb. İxracatların həmişə təbii zəifliyi var: alıcıların onların məhsullarını almaq imkanı və istəyindən asılıdırlar. Başqa sözlə, Almaniya öz çevrəsinin iqtisadi rifahının girovluğundadır. Bu mənada Almaniyada bir neçə qüvvə fəaliyyətdədir. Birincisi, artan Avropa millətçiliyi iqtisadiyyatda və əmək bazarında proteksionizmə getdikcə daha çox üstünlük verəcək. Ehtimal ki, zəif ölkələr kapital üzərində nəzarət üçün çeşid-çeşid mexanizmlərə əl atacaq, güclülər isə əcnəbilərin, o cümlədən AB vətəndaşlarının onların sərhədlərini keçməyini məhdudlaşdıracaq.
Kürəsəl mənada gözləyirik ki, Avropa ixracatı getdikcə daha güclü rəqabət və olduqca dayanıqsız tələblə üzləşəcək. Bu qayda ilə, Almaniyada daxili siyasi və sosial böhrana səbəb olacaq və yaxın 10 ildə Almaniyanın Avropaya təsirini zəiflədəsi sürəkli iqtisadi tənəzzül proqnozlaşdırırıq.
İqtisadi artım və yüksələn siyasi təsir mərkəzi Polşa olacaq. O, Almaniya və Avstriyadan sonra həmişə ən təəssürat yaradan artım tempini saxlayıb. Almaniyanı kürəsəl iqtisadi və populyasiya dəyişiklikəri silkələdikcə Polşa öz xarici ticarətini şaxələndirir və nəticədə Quzey Avropa düzənliyinin üstün gücünə çevriləcək. Hətta gözləyirik ki, Polşa onilliyin ikinci yarısında Rumıniyanın qoşulacağı yeni antirus koalisyasının lideri olacaq. Bu ittifaq onilliyin ikinci yarısında (2020-ci ildən sonra) Rusiya sərhədlərinin yenidən nəzərdən keçirilməsində və itirilmiş ərazilərin formal və qeyri-formal üsullarla qaytarılmasında aparıcı rol oynayacaq. Moskva zəiflədikcə, bu ittifaq təkcə Belorusiya və Ukrayna üzərində yox, həm də şərqə doğru üstünlük təşkil edəcək.
Rusiya
Rusiya Federasiyasının indiki biçimdə bütöv qalacağı az ağlabatandır. Rusiyanın enerji resurslarının ixracatından gəlirləri dayanıqlı iqtisadiyyata çevirmək qabiliyyətsizliyi onu karbohidrogen qiymətlərinin tərəddüdünə dözümsüz edir. Rusiyanın bu bazar proseslərindən qorunmaq üsulu yoxdur. İxracatdan gəlirin əvvəlcə Moskvaya və yalnız sonra yerli hökumətlərə yönəldildiyi federasiyanın strukturu nəzərə alınsa, bölgələrə bu gəlirin ən müxtəlif miqdarı çatacaq. Bu, Moskvanın dövlət infrastrukturunu saxlamaq qabiliyyətini itirdiyi 1980-1990-cı illər sovet təcrübəsinin təkrarına gətirib çıxardacaq. Bütün bunlar formal və qeyri-formal muxtar birləşmələr yaratmaqla bölgələri problemlərdən müstəqil şəkildə qurtulmağa məcbur edəcək. Moskva ilə əyalətlər arasında iqtisadi əlaqələr zəifləyəcək.
Rusiya tarixən bu cür problemləri xüsusi xidmətlərin – DTK və onun varisi FTX-nin köməyi ilə həll edib. Lakin xüsusi xidmətlər 1980-ci illərdəki kimi bölgələri ayıran mərkəzdənqaçma güclərini cilovlamağa qadir deyil. İndiki halda milli iqtisadiyyata aludəçilik FTX-nin imkanlarını zəiflədir. Vahimə təlqin edən FTX-siz Rusiyanın parçalanmasını dəf etmək mümkün olmayacaq.
Rusiyadan qərbdəki Polşa, Macarıstan və Rumıniya ruslarla mübarizədə nə zamansa itirilmiş əraziləri geri qaytarmağa cəhd edəcək. Rusiya güneydə Quzey Qafqaza nəzarət qabiliyyətini itirəcək, Orta Asiyada sabitsizləşmə başlanacaq. Quzey-qərbdə Kareliya Finlandiyanın tərkibinə qayıtmağa çalışacaq. Uzaq Şərqdə Moskvadan çox Yaponiya, Çin və ABŞ-la bağlı olan dənizyanı bölgələr müstəqil siyasət aparmağa başlayacaq.
Başqa bölgələr hökmən muxtariyyət axtarmayacaq, lakin bunu öz iradələrindən kənar əldə edə bilər. Əsas ideya: Moskvaya qarşı üsyan olmayacaq, əksinə, zəifləyən Moskva özündən sonra boşluq buraxacaq. Keçmiş Rusiya Federasiyasının ayrı-ayrı fraqmentləri bu boşluqda mövcud olacaq. Bu, növbəti onlliyin ən böyük böhranına səbəb olacaq. Rusiya ölkəyə səpələnmiş nəhəng nüvə cəbbəxanasına sahibdir. Moskva hakimiyyətinin iflası bu raketlətə nəzarət və onların tətbiqindən imtinanı necə zəmanətləşdirmək haqda məsələni qoyur. Bu, ABŞ üçün çox böyük sınaq olacaq.
Onilliyin birinci yarısının məsələsi yeni Baltik-Qara dəniz birliyinin uzanacağı ərazilər olacaq. Onu Azərbaycana və Xəzər dənizinədək genişləndirmək məntiqli olardı.
Yaxın Şərq və Quzey Afrika
Yaxın Şərq, xüsusən də şərqi Aralıq dənizi bölgəsi ilə İran arasındakı rayon, həmçinin Quzey Afrika dövlətçiliyin iflası dövrünü yaşayır. Biz bunu nəzərdə tuturuq ki, Avropa dövlətlərinin XIX-XX əsrlərdə qohumluq bağları əsasında yaratdığı, dinlər və dəyişən iqtisadi maraqların müəyyən etdiyi dövlətlər dağılır. Liviya, Suriya və İraq kimi ölkələrdə bir-biri ilə vuruşan və bu ölkələrin ərazicə köhnəlmiş sərhədlərinə uyğun gəlməyən fraksiyalara bölünməklə dövlətin aşındığını müşahidə edirik.
Bu proses 1970-1980-ci illərdə mərkəzi hökumətin funksiyasını dayandırdığı, hakimiyyətin isə öz aralarında vuruşan qruplaşmaların əlinə keçdiyi Livan hadisələrinin biçim və obrazı üzrə gedəcək. Başlıca qruplar qalanlarına qalib gələ bilmədi, elə özləri də qalib qaldı. Onlardan sui-istifadə edir, xaricdən dəstək verirdilər, bəzən isə ehtiyacsız olurdurlar. Aralarındakı mübarizə bu gün sakitləşdi, lakin bitməmiş vətəndaş müharibəsinə keçdi.
Bütün bölgədə hakimiyyət boşluğu saxlandığından cihadçı qruplaşmalar fəaliyyət üçün yetərincə məkan tapacaq, lakin yekunda daxili ziddiyyət onların qabağını alacaq. Xarici güclər bu cür durumu boğa bilməz. Tələb olunan güc və vəsait, həmçinin onların fəaliyyətinin sürəkliliyi hətta Amerikanın hərbi potensalı əsaslı surətdə genişlənsə də, ABŞ-ın imkanlarını üstələyir. Dünyanın başqa hissələrində, xüsusən də Rusiyada bu cür şəraitin biçimləndiyi nəzərə alınmaqla Birləşmiş Ştatlar istisnasız olaraq ancaq bu bölgəyə diqqətini cəmləyə bilməz.
Türkiyə
Ərəb dövlətlərinin təkamülü – xüsusən də Türkiyədən güneyə sarı yerləşənlər – bölgə sabitliyinə təhdiddir. ABŞ məhdud güc müdaxiləsi yoluyla ayrı-ayrı qruplaşmalardan qaynaqlanan təhlükəni aradan qaldıracaq, lakin bölgəyə çoxsaylı hərbi kontingent yeritməyəcək. Coğrafiyadan çıxış etməklə Suriya və İraqın sabitləşdirilməsində həqiqi mənada maraqlı olan yalnız bir ölkə bu yöndə sərbəst şəkildə hərəkət imkanına malikdir və bölgəyə, ən azı, məhdud çıxış əldə edə bilər. Bu ölkə Türkiyədir. Türkiyə hazırda hər tərəfdən ərəbdaxili, Qafqaz və Qara dəniz bölgəsi münaqişələri ilə çevrələnib. Türkiyə hələlik Yaxın Şərqdə tam müstəqil siyasətə hazır deyil və ABŞ-la əməkdaşlığa dördəlli gedər. Bu əməkdaşlıq önləyici xətti Gürcüstana və Azərbaycana qədər irəlilətmək imkanı verər.
Yaxın on ildə ərəb aləmində sabitsizliyin güclənəcəyini gözləyirik. Bundan başqa, ehtimal edirik ki, Türkiyə güneydə türk sərhədlərinin yanındakı müharibənin və bu müharibənin siyasi nəticələrinin tələb etdiyi qədər münaqişəyə cəlb olunacaq. Türkiyə nə qədər istəməsə də, sərhədlərinin yanındakı xaosa etinasız yanaşmağı özünə münasib bilməz və yaxınlıqda elə bir ölkə yoxdur ki, bu ağırlığı öz üzərinə götürsün.
Hərbi və coğrafi səbəblər üzündən İran müdaxilə edə bilməz. Eyni sözü Səudiyyə Ərəbistanı haqda da demək olar. Çox ehtimal ki, türklər durumu sabitləşdirməkdən ötrü dəyişkən koalisiyalar quracaq və son nəticədə nüfuzlarını Quzey Afrikayadək genişləndirəcəklər.
Yaxın Şərq Türkiyənin diqqətini tələb edən yeganə bölgə deyil. Rusiya zəiflədikcə, avropalılar ənənə üzrə türk maraqlarına daxil olan bölgələrə, məsələn, Qara dənizin quzey yaxasına gələcəklər. Hətta Avropa Birliyi parçlandıqca və Avropanın ayrı-ayrı iqtisadiyyatları zəiflədikcə bəzi ölkələr şərqə yönələ bilər və Türkiyə bölgədə yeganə böyük qüvvə kimi, Balkanlarda öz varlığını gücləndirmək imkanı əldə edər.
Türkiyə daxili-siyasi balansı tapmalıdır. O, eyni zamanda həm dünyəvi, həm də müsəlman ölkəsidir. İndiki hökumət bu uçurumu dəf etməyə cəhd edir, lakin çox vaxt ölkədə xeyli olan dünyəvi hökumət tərəfdarlarından uzaqlaşır. Söz yox, qarşıdakı illərdə bu ölkədə yeni hökumət meydana çıxacaq. Bu, çağdaş Türkiyə üçün daimi bölünmə xəttidir. Bir çox ölkələrdəki kimi daxili qeyri-müəyynlik şəraitində onun nüfuz və hakimiyyəti möhkəmlənəcək. Daxili siyasi münaqişələr fonunda qarşıdakı illərdə Türkiyənin ordunun, kəşfiyyatın və diplomatik xidmətin sayını artırması və funksiyalarını genişləndirməsi lazım gələcək. Gözləyirik ki, növbəti on ildə Türkiyə sürətləndirilmiş templərlə böyük bölgəsəl dövlətə çevriləcək.
Şərqi Asiya
Çin yüksəkartımlı və azmaaşlı iqtisadiyyat olmağı tərk edəcək. Çin iqtisadiyyatının artımı zəiflədikcə aşağı maaşlı işçi qüvvəsinə iş yerləri verməkdən ötrü iqtisadi infrastrukturların yaradılması zərurəti meydana çıxacaq. Bunu liman şəhərlərində sürətlə etmək mümkündür, lakin iç Çində xeyli vaxt tələb edir. Bir zamanlar Yaponiya, Tayvan və Güney Koreyanın etdiyi kimi, Çin də öz iqtisadiyyatını normallaşdırır. Əzəmətli genişlənmə həmişə öz məntiqi sonluğuna çatır və iqtisadiyyatın strukturu dəyişilir. Növbəti onillikdə Çinin əsas problemi bu dəyişikliklərin iqtisadi nəticələri olacaq. Sahilyanı rayonlar hazırda yüksək artım tempini və avropalı, amerikalı istehlakçılarla əlaqələri saxlayır. Bu əlaqələr iflasa uğradıqca siyasi və sosial çağırışlar meydana çıxacaq. Eyni zamanda bölgənin daxili rayonlarının da sahilboyu kimi inkişaf edəcəyinə ümid yoxdur. Növbəti onillik bu problemlərin həllinə həsr ediləcək.
Pekin diktaturasının güclənməsi və əslində, hakimiyyətin mərkəzlşdirilməsi cəhdini ifadə edən irimiqyaslı antikorrupsiya kampaniyası Çinin növbəti onilliklərdə necə görünəcəyini göstərir.
Çin partiyanın ordu üzərində hakimiyyətinin gücləndirilməsi ilə siyasi və iqtisadi hakimiyyətin mərkəzləşdirilməsini və buna qədər pərakəndələşmiş sahələri, məsələn, kömür və poladı konsolidasiya etməyi, eyni zamanda dövlət sənayesində və bank sektorunda ehtiyatlı islahatları nəzərdə tutan hibrid yol seçib. Yüksək ehtimalla, nəticə əvvəlkindən daha təvazökar iqtisadi iddialarla lap sərt diktatura olacaq. Başqa ssenari az ehtimallıdır, lakin siyasi sabitliyi saxlamaq üçün sərvətin mərkəzi vilayətlərin xeyrinə bölünməsinə qarşı çıxış edən sahilboyu siyasi elitaların Pekinə qarşı üsyanı mümkündür. Çində artıq bu cür olub və bu ən ehtimallı nəticə olmasa da, yadda saxlamaq lazımdır.
Bizim proqnoz: kommunist diktaturasının qurulması, yüksək dərəcədə iqtisadi və siyasi mərkəzləşmə, millətçiliyin güclənməsi.
Çin millətçiliyi asanlıqla xarici təcavüzə çevirə bilməz. Çinin coğrafiyası quruda bu cür cəhdləri tam mümkünsüz olmasa da, mürəkkəbləşdirir. Proqnozumuz düzgündürsə və Rusiya parçalanacaqsa, burada Rusiya sahillərinin nəzarətə götürülməsi istisna ola bilər. Çin bu məqamda, yəqin ki, Yaponiya tərəfdən əks-fəaliyyətlə üzləşəcək. Çin böyük donanma inşa edir, lakin dəniz müharibəsində Amerikanınkı da daxil olmaqla, daha təcrübəli donanmalara meydan oxumağa təcrübəsi və hazırlıqlı zabitləri yoxdur.
Daha güclü donanma qurmaq üçün Yaponiyanın yetərincə resursları və hərbi-dəniz ənənələri var. Eyni zamanda Yaponiya güclü şəkildə Güney-Şərqi Asiyadan və Fars körfəzindən xammal idxalatından asılıdır. Beləliklə, yaponlar donanmanı gücləndirəcəklər.
Ucuz və gəlirsiz yanacaq hasil edilən kiçik adalar uğrunda müharibələr olmayacaq. Əvəzində bölgədə üç tərəf arasında oyun başlanacaq. Zəifləyən güc – Rusiya öz dəniz maraqlarını qorumaq qabiliyyətini tədricən itirəcək. Çin və Yaponiya onu ələ keçirməkdə maraqlı olacaq. Ehtimal edirik ki, Rusiya ölgünləşdikcə, bu münaqişə bölgənin əsas dartışmasına çevriləcək və Çin-Yaponiya düşmənliyi güclənəcək.
Birləşmiş Ştatlar
ABŞ iqtisadiyyatı əvvəlki kimi dünya iqtisadiyyatının 22 faizini təşkil edir. Amerikanın dənizdəki üstünlüyü davam edir və yeganə qitələrarası önəmli orduya malikdir. Çağdaş beynəlxalq sistem Amerikanın güc artımının ətrafında düzülüb və hesab edirik ki, bu, maneəsiz davam edəcək.
ABŞ-ın başlıca üstünlüyü qapalılıqdır. Amerika ÜDM-in cəmi 9 faizini ixrac edir və bu ixracatın 40 faizi Meksika və Kanadaya gedir. ÜDM-in yalnız 5 faizi kürəsəl tələbin tərəddüdlərinə məruz qalıb. Avropa, Rusiya və Çində şiddətlənən xaos şəraitində Amerika ixracatın yarısının itirilməsinə gedə bilər, lakin hətta bu cür itki də tamamilə həll edilə bilən problem olacaq.
ABŞ idxalat problemindən də tam etibarlı şəkildə müdafiə olunub. Ümumdünya böhranı amerikalıları uduşda buraxdı. Kürəsəl kapital Amerikaya axışır – Çindən, Rusiyadan və Avropadan qaçan pullar faiz tarifini azaltmaqla daxili səhm bazarını canlandırıb Amerikada qərarlaşır.
Çin pullarının Amerika bazarlarından gedəcəyi vahiməsinə gəlincə, bu, onsuz da olacaq – lakin Çin iqtisadiyyatının artımı ləngidikcə və daxili yatırımın həcmi artdıqca ləng şəkildə baş verəcək. Kəskin gediş mümkünsüzdür – böyük pulu, sadəcə, qoymağa yer yoxdur. Əlbəttə, növbəti onillikdə artım və bazarlar tərəddüd edəcək, lakin ABŞ dünya maliyyə sisteminin mərkəzi olaraq qalacaq.
Amerika bütün əsr boyunca Avropa hegemonluğunun, xüsusən də Rusiya və Almaniya arasında mümkün ittifaqın meydana çıxması və yaxud bu ölkələrdən birinin digərini işğal etməsi təhlükəsinə məruz qalmışdı. Bu cür ittifaq – alman kapitalı və texnologiyası rus resursları və canlı qüvvəsi ilə çulğaşmaqla Amerikanın maraqlarına təhdid imkanı yarada bilərdi. I, II dünya savaşlarında və soyuq müharibədə bunun qabağını almaq mümkün oldu.
Amerikalılar Baltikyanından Bolqarıstana qədər NATO-ya paralel müttəfiqlər sistemi quraşdırmağa və bura daha çox ölkə cəlb etməyə cəhd edirlər. Türkiyəni müttəfiqliyə cəlb etmək və bunu Azərbaycana yaymaq istəyirlər. Bu ölkələrə yaranacaq təhlükəyə uyğun, qoşun göndəriləcək.
Bu, onilliyn birinci yarısının əsas məzmunu olacaq. Vaşinqton ikinci yarıda Rusiyanın dağılacağı halda diqqətini nüvə fəlakətindən yayınmağa cəmləyəcək. ABŞ Avropa problemlərinin həllinə girişməyəcək, Çinlə vuruşmayacaq və Yaxın Şərqin işlərinə mümkün qədər az qarışacaq. (Strateq.az)