vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
11:33 | 21 iyun 2017 | Çərşənbə Məqaləyə 2902 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa Birliyi qurur, Avroparlament sökür

Azərbaycanın həssas bir dönəmdə hədəf alınması yalnız Avropa qaz bazarında yeni oyunçuya qarşı çıxan Kremlin marağındadır

Analitik xidmət

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın həssas bir dönəmdə hədəf alınması yalnız Avropa qaz bazarında yeni oyunçuya qarşı çıxan Kremlin marağındadır; konfrontasiya kursu deyil, siyasi dialoq və anlaşma dili ortaq maraqlara zəmanət verə bilər...

Avropa Birliyinin (AB) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohanes Hanın Bakı səfəri başa çatdı. Əksər siyasi müşahidəçilər bu səfəri yetərincə həssas və mürəkkəb bir dönəmdə Bakı ilə Brüssel arasında münasibətlərə müsbət dinamika verilməsi baxımından mühüm hesab edirlər.

Bu, həqiqətən belədir və cənab İ.Hanın prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı maraqların mövcudluğuna şübhə yeri saxlamır. Başqa sözlə, bu gün Azərbaycanın AB-yə ehtiyacı qədər, AB də Azərbaycana qarşılıqlı ehtiyac duyur.

Söhbət ən əvvəl Qərbin Rusiyaya qarşı sanksiyaların sərtləşməsi fonunda Avropa qaz bazarında Rusiyanın monopoliyasına son qoymaq, Rusiya təbii qazından asılılığı minimuma endirməkdən gedir. Bu isə həm də Azərbaycan («Şahdəniz-2») qazı hesabına, Cənub Qaz Dəhlizinin (CQD) qurulub başa çatdırılması sayəsində mümkün ola bilər.


***


Sözsüz ki, belə bir meqa-layihə reallaşarsa, bundan Azərbaycan da udacaq, böyük gəlir götürəcək. Nəticədə həm ölkəmizin müstəqilliyi daha da möhkəmlənəcək, həm də Rusiya qarşısında Avropanın enerji təhlükəsizliyi güclənəcək. Yəni Avropa da udacaq - istər iqtisadi anlamda olsun, istərsə də siyasi anlamda.

Təsadüfi deyil ki, Moskva inşası demək olar, qrafik üzrə, uğurla gedən CQD-nin işə düşməsinə qarşı illərdir gizli-açıq mübarizə aparır. Çünki Rusiya Avropa qaz bazarında Azərbaycan timsalında yeni bir oyunçu, rəqib qazanmaq, Avropanın ondan qaz asılılığının azalmasını istəmir. Bunun üçün də Kreml SDQ-nin sonuncu seqmenti olan TAP-ın inşasına müxtəlif üsullarla maneə yaratmağa çalışır. İtaliyada rusiyayönlü qüvvələrin son zamanlar xeyli fəallaşaraq, TAP-ın tikintisinə əngəllər yaratmasının arxasında məhz deyilən motiv durur.


***


Bu arada rəsmi Brüssel İohann Hanın Bakı səfərinin ardınca Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan CQD layihəsinin Orta Asiyaya qədər uzadılmasına nail olmaq niyyətində olduğunu bəyan edib (APA). Bu barədə AB-nin bəyanatında deyilir. «Avropa Birliyi həmçinin Orta Asiyada bərpa olunan enerji mənbələrinin və enerji effektivliyinin inkişafını davam etdirəcək», - deyə təşkilatın açıqlamasında bildirilir.

Bir daha qeyd edək ki, CQD layihəsi regionun ən mühüm layihələrindən biridir. Bu kəmər (TANAP seqmenti) üzrə Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə nəzərdə tutulur. Yəni əslində kiçik bir müddət qalır. Eyni zamanda SDQ-yə maraq göstərən başqa ölkələr var. Məsələn, İran və İsrail də öz qazının Avropaya nəqlində maraqlı olduğunu ortaya qoyub. Orta Asiya ölkələri də kəmərə qoşulsa, o zaman boru xəttinin rentabelliyinin artması ilə yanaşı, Avropanın Rusiya qazından asılılığı daha da azalacaq ki, bu da Kremlin «ən pis röyası» ola bilər.

Bundan əlavə, TANAP layihəsi nəinki «Şahdəniz» yatağından, həmçinin Azərbaycan ərazisindəki digər qaz yataqlarından hasil ediləcək təbii qazın nəqli potensialına görə də əhəmiyyətli siyasi və iqtisadi dəyərə malikdir. TAP isə Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayacaq.

Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında «Hökumətlərarası Saziş» 2013-cü ilin fevral ayında imzalanıb. Tikinti işləri kiçik ləngimə nəzərə alınmazsa, qrafik üzrə gedir.


***


Bakı ilə Brüssel arasında son vaxtlar başqa sahələr (viza məsələsinin qaldırılması və s.) üzrə də danışıqlar aparılır. Ancaq bu fonda Avropa Birliyinin mühüm orqanı olan Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı sərt qətnamənin qəbul edilməsi, sübhəsiz ki, ümumi işin xeyrinə olmayacaq. Çünki bu kimi qərarlar özündə qarşılıqlı etimadı zəiflətmək potensialı daşıyır. AB ilə Azərbaycan isə yuxarıda deyildiyi kimi, indi bir-birinə daha çox lazımdır.

Bu xüsusda Avropa Parlamentinin məlum qərarı açıq səmada şimşək effekti təsiri bağışlayır. Əlbəttə ki, Azərbaycanın həssas bir məqamda hədəf alınması yalnız Avropa qaz bazarında yeni oyunçu, rəqib istəməyən Rusiyanın marağına işləyə bilər. Buna oturduğun budağı baltalamaq cəhdi də demək olar.

Düzdür, belə fikirlər də səslənib ki, Avropa Parlamentinin mövqeyi hələ yüzdə yüz AB-nin mövqeyi deyil, daha çox qurumdakı Azərbaycan qarşı daim qərəzli yanaşma sərgiləyən bəlli qrupun mövqeyidir. İstənilən halda konkret qərar ortadadır və ondan rəsmi Bakı ilə yanaşı, Avropa Birliyi rəhbərliyi də nəticə çıxarmalıdır. Həm də bacardıqca tez...

Hazırkı mürəkkəb dönəmdə konfrontasiya kursu, sərt ritorika yox, yalnız siyasi dialoq və anlaşma dili ortaq maraqlara zəmanət verə bilər...