vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
10:41 | 28 dekabr 2017 | Cümə axşamı Məqaləyə 2666 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«2018-də 5 rayonu qaytarmaq lazımdır»

Kremlin ideoloqu: «Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərimizdə sualtı daş ola bilməz»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rusiya Ermənistan adlı lokal quruma görə öz qlobal geosiyasi maraqlarını qurban verməməlidir». Bu sözləri Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqlarından biri kimi tanınan, ictimai-siyasi xadim Aleksandr Duqin «Report»a müsahibəsində deyib.

Duqinin sözlərinə görə, 2017-ci ildə dünya birqütblü olmaqdan çıxıb, yeni oyunçular peyda olub. «Rusiya sübut elədi ki, çoxqütblü dünyanın qütblərindən biridir. Bakı ilə münasibətlərin yeni formatı da bununla müəyyənləşir. Azərbaycan rəhbərliyi dünyadakı qüvvələr nisbətində dəyişikliyi olduqca diqqətlə və dərindən dərk edir. 2017-ci ildə prezident İlham Əliyev sübut elədi ki, o, siyasətdə obyekt yox, subyektdir. O sırada Rusiyanın Türkiyə və İranla yaxınlaşmasında, yeni strateji oxun yaradılması məsələsində o, böyük rol oynadı», - deyə Duqin qeyd edib.

Duqinin sözlərinə görə, xaba, Azərbaycan Moskva-Ankara-Tehran konfiqurasiyasında geosiyasi nəzarət qütbünə çevrilir və regional siyasətdə onun rolu artır: «Ermənistan isə periferiyada qalacaq. İrəvan təcili şəkildə artıq çıxıb getməkdə olan qatara minməlidir. O zaman o, bölgənin geosiyasətində layiqli yerini tuta bilər».

Dağlıq Qarabağla bağlı gözləntilərdən danışan politoloq xüsusi qeyd edib ki, 2018 həm də Qarabağ münaqişəsinin nizamlanması baxımından çoxqütblü dünyanın qurulub qurtarmasında həlledici il olmalıdır: «Fikrimcə, Azərbaycan buna - bölgədə öz statusunu qaldırmağa hazırdır. Burada ilk növbədə Dağlıq Qarabağ problemini həll eləmək lazımdır - hansı problem ki, müəyyən mənada Azərbaycanın potensialını əngəlləyir. Bu, Rusiya-Azərbaycan əlaqələrində yeni bir yüksəliş olacaq».

Duqinə görə, istənilən konfliktin həllində iki mərhələ vacibdir: «Nəzəri həllin tapılması və ardınca implementasiya. Yəni həllin həyata keçirilməsi. Əslində nəzəri cəhətcə sıçrayış bir ildən çoxdur ki, baş verib. 5 rayonun Azərbaycana verilməsi haqda qərar 2016-cı ildə işlənib. Bu həllin nəzəri paradiqması bütün tərəfləri qane edir. Digər regional dövlətlər, hətta Qərb də ona qarşı deyil. Bunun həyata keçməsini isə yalnız erməni tərəfi ləngidir. Serj Sərkisyan hər dəfə bu implementasiyanı uzadır».

Daha sonra rusiyalı politoloq etiraf edir ki, Rusiya Ermənistanı ata bilməz: «Ermənistan bizim müttəfiqimizdir və buna şübhə yox. Ancaq məsələ ondadır ki, biz  Ermənistan adlı lokal quruma görə öz qlobal geosiyasi maraqlarımızı qurban verməməliyik. Ermənistan bizim Türkiyə və Azərbaycanla münasibətlərimizdə sualtı daş ola bilməz».

Gələn il həm Azərbaycanda, həm də Ermənistanda prezident seçkilərinin keçiriləcəyini xatırladan Duqin deyib ki, 5 rayonun qaytarılmasının tarixi dəyəri qat-qat böyükdür, nəinki hansısa seçki debatları.

Onun əminliyinə görə, münaqişənin həllinin uzanması halında situasiya geridönməz şəkildə kəskinləşə bilər. «Ona görə də hesab edirəm ki, 2018-də Azərbaycanın 5 rayonunu qaytarmaq lazımdır... Əgər real nizamlama prosesi işə düşərsə, o zaman Rusiya ilə Azərbaycan arasında inteqrasiya güclənəcək. Bu heç də Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və KTMT-yə birbaşa daxil olması prosesi demək deyil. Bu, Rusiyanın regionda  Azərbaycana və Ermənistana münasibətinin tarazlaşması demək olacaq».

Politoloqa görə, Moskva bölgədə sərbəst və tamhüquqlu oyunçu olacaq müstəqil və suveren Azərbaycanda maraqlıdır. «Biz hətta rusiyayönlü Azərbaycanda yox, azərbaycanyönlü Azərbaycanda maraqlıyıq. Azərbaycanın güclənməsi - Rusiyanın Türkiyə və İranla əlaqələrinin güclənməsi üçün imkan deməkdir. Bütün hallarda Bakı Moskva-Ankara-Tehran üçbucağı üçün strateji qapıdır. Bu ittifaqda Azərbaycan əsas konstruksiyaya çevrilməkdədir. Bu gün geosiyasi stavkalar olduqca böyükdür. Odur ki, hamımız ardıcıl hərəkət eləməliyik», - sonda o əlavə edib.

Siyasət şöbəsi